Məhkəmə qərarları › İş №e-2-2(113)-1524/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1524/2025

25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1524/2025 25.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: pul tələbi) X10 Rövşən qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh QSC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh QSC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 6110 (altı min yüz on) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının hazırda müəyyən etdiyi manat məzənnəsi ilə) məbləği – 10387 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 1200 manat məbləğində xərcin və dövlət rüsumu kimi ödənilmiş 122 (yüz iyirmi iki) manat, ümumilikdə 11709 (on bir min yeddi yüz doqquz) manat məbləğinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə “CLEANTECH” LTD arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 01 №-li Çatdırılma müqaviləsinə və təqdim olunan hesab fakturaya əsasən xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-nin Cavabdeh QSC-də olan bank hesabından 6000 (altı min) USD məbləğində vəsait “CLEANTECH” LTD-nin hesabına (JSC TERABANK) ödənilməsi üçün ödəniş tapşırığı verilmişdir. xx.xx.2023-cü il tarixdə əldə olunan SWİFT-ə əsasən vəsait bank hesabımızdan çıxmışdır. Lakin sonradan məlum olmuşdur ki, vəsait “CLEANTECH” LTD-nin bank hesabına köçməmişdir. Buna səbəb Rusiya Federasiyasına münasibətdə tətbiq edilən maliyyə sanksiyaları səbəbi ilə və X2 X5 Ofisinin (OFAC) qaydalarına uyğun olaraq köçürmənin həyata keçirildiyi müxbir bank olan Deutsche Bank TCA tərəfindən dayandırılmış və əməliyyat OFAC-a yönləşdirilmişdir. Eyni zamanda cavabdeh tərəfindən beynəlxalq köçürməyə görə 110 ABŞ dolları məbləğində komissiya haqqı tutulmuşdur. Dəfələrlə edilmiş şifahi və yazılı müraciətlər ilə ödənişin tələb edilməsinə və cavabdeh tərəfdən borcun etiraf olunmasına baxmayaraq, iddiaçıya ödənilməli olan məbləğ ödənilməmiş olaraq qalmaqdadır. Cavabdeh və İddiaçı arasında imzalanmış 29 aprel 2021-ci il tarixli X7 əsasən bankın təklif etdiyi bank əməliyyatlarını müvafiq qanunlara, təlimatlara və bank praktikasına uyğun olaraq Hesab üzrə aparmağı öhdəsinə götürür. Həmçinin Bank hesabda olan pul vəsaitinə dair Müştərinin maneəsiz sərəncam vermək hüququna qarantiya verməklə həmin pul vəsaitindən istifadə etmək hüququna malikdir. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanunun 5.3-cü maddəsinə əsasən Ödəniş təşkilatı və elektron pul təşkilatı (ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidməti və (və ya) hesab üzrə məlumat xidməti istisna olmaqla) “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Hədəfli maliyyə sanksiyaları haqqında” və “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası qanunlarının və onlara uyğun olaraq qəbul olunan normativ xarakterli aktların tələblərinə əməl etməlidirlər. Azərbaycan Respublikası Mərkəzi X6 “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”nın təsdiq edilməsi barədə № 12/3, “13” mart 2024-cü il tarixli Qərarının 1.4-cü bəndinə əsasən ödəniş xidməti təchizatçısı (bundan sonra-təchizatçı) tərəfindən ödəniş əməliyyatlarının aparılması zamanı ödəyicinin və vəsait alanın, habelə benefisiar mülkiyyətçilərin müştəri uyğunluğu tədbirləri və bununla bağlı digər məsələlər “Cinayət yolu ilə əldə edilmiş əmlakınleqallaşdırılmasınavə terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqına” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməklə həyata keçirilir..

3. Cavabdeh iddia ərizəsinə etiraz edərək,ərizənin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "CLEANTECH" LTD arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 01 №-li Çatdırılma müqaviləsinə və təqdim olunan hesab fakturaya əsasən xx.xx.2022-ci il tarixdə İddiaçının "xxxx" QSC-də olan bank hesabından 6000 (altı min) USD məbləğində vəsait "CLEANTECH" LTD-nin hesabına ödənilməsi üçün ödəniş tapşırığı verilmişdir. Lakin 6000 USD məbləğində vəsaitin köçürülməsinə dair xx.xx.2022-ci il tarixli, FT22056QKW56 nömrəli əməliyyatın icrası Rusiya Federasiyasma münasibətdə tətbiq edilən maliyyə sanksiyaları səbəbilə və X2 X5 Ofisinin (OFAC) qaydalarına uyğun olaraq köçürülmənin həyata keçirildiyi müxbir bank olan X11 Company Americas tərəfindən dayandırılmış və əməliyyat OFAC-a yönləndirilmişdir. Əməliyyatın nəticəsi barədə məlumat əldə etmək məqsədilə Cavabdeh tərəfindən müxtəlif tarixlərdə ərizə ilə OFAC- a müraciət edilsə də, OFAC tərəfindən köçürmənin statusu barədə məlumat verilməmişdir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

6. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

9. İddiaçı MMC ilə Cavabdeh QSC arasında xx.xx.2021-ci il tarixli cari hesab müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən Bank "Müştəriyə" Hesab açmağı, Hesaba daxil olan pul vəsaitini qəbul etməyi və Hesaba salmağı, Hesabdan müvafiq məbləglənn köçürüimesinə № verilməsinə. Hesab üzrə digər əməliyyatiann aparılmasına dair Müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. - 3.1.3-cü bəndinə əsasən Bank pul vəsaitini Müştəridən qəbul etməyi, ona və ya onun sərəncamı ilə də üçüncü şəxslərə verməyi, qanunla müəyyən dunmuş hallar istisna olmaqla, öz öhdəsinə götürür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. Cavabdeh QSC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, 6000 USD məbləğində vəsaitin "CLEANTECH" LTD-nin hesabına köçürülməsinə dair müraciətin Bank tərəfindən xx.xx.2022- ci tarixində icra edilmişdir. 6 000 USD məbləğində vəsaitin köçürülməsinə dair xx.xx.2022-ci il tarixli, FT22056QKW56 nömrəli əməliyyatın icrası Rusiya Federasiyasına münasibətdə tətbiq edilən maliyyə sanksiyaları səbəbi ilə və X2 X5 Ofisinin (OFAC) qaydalarma uyğun olaraq köçürmənin həyata keçirildiyi müxbir bank olan Deutsche Bank TCA tərəfindən dayandırılmış və əməliyyat OFAC-a yönləndirilmişdir.

11. Cavabdeh QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən 11 saylı vəkil bürosunun hesabına 1200 manat köçürülmüşdür.

12. Cavabdeh QSC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xarici valyutada köçürmə orderi ilə təsdiq edilir ki,”Top Trade” MMC tərəfindən "xxxx" LTD Şirkətinə 6000 ABŞ dolları məbləğində pulun kpçürülməsi ilə bağlı tapşırıq verilmişdir.

13. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2025-ci il tarixli məktubuna əsasən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə əsasən ödəniş xidməti təchizatçısı ödəniş sərəncamı qüsurlu olmadıqda, habelə ödəyici ilə bağlanılmış müqavilə ilə müəyyən edilmiş bütün şərtlər yerinə yetirildikdə avtorizə edilmiş ödəniş sərəncamını icraya qəbul edir. Eyni zamanda Qanunun 27.4-cü maddəsinə əsasən ödəyicinin ödəniş hesabına xidmət göstərən ödəniş xidməti təchizatçısı qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla ödəniş sərəncamını yerinə yetirməkdən imtina edə bilməz. Bununla əlaqədar qeyd edirik ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa görə ödəniş xidməti təchizatçıları, o cümlədən banklar müvafiq sahə üzrə öhdəlik daşıyan şəxslər qismində şübhəli və risk daşıyan digər əməliyyatları dayandırmalı və qanunda nəzərdə tutulmuş digər tədbirləri görməlidir. Həmçinin bildiririk ki, banklar ödəniş xidməti istifadəçilərinin ödəniş sərəncamlarını icra edərkən özlərinin müxbir münasibətlərdə olduqları maliyyə institutlarının xidmətlərindən istifadə edirlər və ödəniş xidməti istifadəçiləri müxbir bankların seçim hüququna malik deyillər. Azərbaycan Respublikası Mərkəzi X6 20 dekabr 2023-cü il tarixli 62/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə”nin 7.5-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasından kənara xarici valyutanın köçürülməsi əməliyyatlarına dair məlumatlarda vəsait alanın adı və digər məlumatlar qeyd olunsa da, onların riskli olub-olmaması barədə məlumatların sistemə ötürülməsi nəzərdə tutulmur.

V. Tətbiq edilən hüquq:

14. AR Mülki Məcəlləsinin: - 6.1.8-ci maddəsinə əsasən pozulmuş hüquqların bərpasının təmin edilməsi mülki qanunvericiliyin prinsiplərindən birini təşkil edir. - 4.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 973.1-ci maddəsinə əsasən ödəniş tapşırığı ilə hesablaşma zamanı bank ödəyicinin tapşırığı ilə onun hesabında olan vəsait hesabına müəyyən pul vəsaitini bu və ya başqa bankda ödəyicinin göstərdiyi şəxsin hesabına qanunla nəzərdə tutulmuş və ya qanuna uyğun təyin edilmiş müddətdə köçürməyi öhdəsinə götürür, bu şərtlə ki, bank hesabı müqaviləsində daha qısa müddət nəzərdə tutulmasın və ya bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri ilə daha qısa müddət müəyyənləşdirilməsin. - 975.1-ci maddəsinə əsasən ödəyicinin ödəniş tapşırığını qəbul etmiş bank müvafiq pul məbləğini tapşırıqda göstərilmiş şəxsin hesabına salınmaq üçün vəsait alanın bankına bu Məcəllənin 973.1-ci maddəsi ilə müəyyənləşdirilmiş müddətdə köçürməlidir. - 975.2-ci maddəsinə əsasən bank müştərinin tapşırığında göstərilmiş hesaba pul vəsaitinin köçürülməsi əməliyyatlarının yerinə yetirilməsi üçün digər bankları cəlb edə bilər. - 976.1-ci maddəsinə əsasən müştərinin tapşırığı icra edilmədikdə və ya lazımınca icra edilmədikdə bank bu Məcəllənin 23-cü fəslində nəzərdə tutulmuş əsaslar üzrə və miqdarda məsuliyyət daşıyır. - 976.2-ci maddəsinə əsasən tapşırığın icra edilməməsi və ya lazımınca icra edilməməsi ödəyicinin tapşırığının icrası üçün cəlb olunmuş bank tərəfindən hesablaşma əməliyyatlarının aparılması qaydalarının pozulması ilə əlaqədar baş verdikdə bu Məcəllənin 976.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti məhkəmə həmin bankın üzərinə qoya bilər.

15. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”

17. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X4rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

18. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

19. Belə ki, tərəflər arasında bank hesab müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə ünvanlanan 6000 ABŞ dolları məbləğinin "xxxx" hüquqi şəxsinə köçürülməsi üzrə ödəniş tapşırığının verilməsi işin mübahisəsiz hallarını təşkil edir. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı "xxxx" Şirkətinin hesabına köçürülməyən, eləcə də iddiaçıya qaytarılmayan 6000 ABŞ dolları vəsaitin cavabdeh tərəfindən ona qaytarılmalı olduğunu, cavabdeh isə tapşırığı icra etdiyindən həmin məbləğin ondan tələb edilməli olmadığını bildirmişdir.

20. Cavabdeh QSC 6 000 USD məbləğində vəsaitin köçürülməsinə dair xx.xx.2022-ci il tarixli, FT22056QKW56 nömrəli əməliyyatın icrası Rusiya Federasiyasına münasibətdə tətbiq edilən maliyyə sanksiyaları səbəbi ilə və X2 X5 Ofisinin (OFAC) qaydalarma uyğun olaraq köçürmənin həyata keçirildiyi müxbir bank olan Deutsche Bank TCA tərəfindən dayandırılmış və əməliyyat OFAC-a yönləndirdirildiyini qeyd etmişdir.Cavabdeh bu halı fors-major hal adlandıraraq, öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirdiyini qeyd etmiş və mövcud vəziyyətin onların iradəsindən asılı olmadan yarandığını bildirmişdir.

21. Məhkəmə hesab edir ki, iddia əsaslıdır. Belə ki, nəticədə iddiaçı məhrumiyyətə məruz qalmışdır, belə ki, ona məxsus olmuş 6000 ABŞ dolları məbləğində pul vəsaiti təyinatı üzrə çatdırılmamış və iddiaçıya geri qaytarılmamışdır və məhkəmənin qənaətinə əsasən iddiaçı hazırkı tələbi cavabdehə qarşı irəli sürməkdə haqlı sayılmalıdır.

22. Məhkəmənin qənaətinə əsasən üzərindən 3 ildən artıq müddət keçməsinə baxmayaraq, cavabdeh hesab üzrə əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını lazımınca yerinə yetirməmişdir. Belə ki, 6000 ABŞ dolları məbləğinin “Cleantech LTD hüquqi şəxsinə köçürülməsi təmin edilməmiş, eyni zamanda pul vəsaiti iddiaçıya geri qaytarılmamışdır.

23. Tərəflər arasında bağlanmış müqavilənin 3.1.3-cü maddəsinə əsasən müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir.

24. Cavabdeh etiraz ərizəsində xx.xx.2022-ci il tarixli, FT22056QKW56 nömrəli əməliyyatın icrası Rusiya Federasiyasma münasibətdə tətbiq edilən maliyyə sanksiyaları səbəbilə və X2 X5 Ofisinin (OFAC) qaydalarına uyğun olaraq köçürülmənin həyata keçirildiyi müxbir bank olan X11 Company Americas tərəfindən dayandırılmış və əməliyyat OFAC-a yönləndirildiyini qeyd etmişdir.

25. İlk növbədə qeyd olunmalıdır ki, həmin halla bağlı müvafiq sübutlar məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən istənilən halda həmin halın mövcudluğu fərqli nəticəyə gəlmək üçün əsas ola bilməz.

26. .Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən 6000 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir.

27. Məhkəmə 110 ABŞ dolları məbləğinin cavabdehdən tutulması hissəsində iddianı əsaslı hesab etmir.Həmin tələbə dair sübutlar məhkəməyə təqdim edilməmişdir.

28. İddiaçı vəkil xidmətinə xərclənmiş 1200 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması təşkil edir.

29. Məhkəmə hesab edir ki, hüquqi yardım xərci ağlabatan məbləğdə müəyyən edilməli, cavabdehdən 200 manat hüquqi yardım xərci tutularaq iddiaçıya ödənilməlidir.

30. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 121 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 6000 (altı min) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının hazırda müəyyən etdiyi manat məzənnəsi ilə) hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat və dövlət rüsumu kimi ödənilmiş 121 manat, iddiaçının xeyrinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar