Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1540/2024 02.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək 48 ay abunə borcu 288 manat və qeydiyyatdan çıxma aktı 35 manat, cəmi borcu 323 manat və mediasiya xərclərinə görə ödənilmiş 30 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xüsusi icazəsi ilə Merkuri 130 F-01 markalı nəzarət kassa aparatlarına xidmət edir. Cəmiyyətin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli 266 saylı Qərarı ilə tənzimlənməkdədir. Həmin qərarın 10.9.1-ci bəndinə əsasən Vergi ödəyicisi kassa aparatını qeydiyyata salan zaman xüsusi icazəsi olan STXM (servis texniki xidmət mərkəzi) ilə müqavilə bağlamalıdır. Bu qərara əsasən iddiaçı ilə cavabdeh (VÖEN **********), arasında da xx.xx.2019 -cu ildə 03800 nömrəli aktla müqavilə imzalanmışdır və nəzarət kassa aparatı qeydiyyata alınaraq istifadəsinə icazə verilmişdir. Həmin müqaviləyə əsasən vergi ödəyiciləri hər ay üçün 6 manat xidmət pulu ödəməyi öhdəsinə götürür. Vergi ödəyici olan cavabdehə həmin öhdəliyini xx.xx.2019-ci ilədək yerinə yetirmiş ödənişləri etmiş,sonradan xx.xx.2020-ci ildən xx.xx.2023-ci ilədək olan öhdəliyi yerinə yetirməmişdir. Beləliklə Cavabdehə tərəfindən 2020-ci ildən 12 ay,2021-ci ildən 12ay,2022-ci ildən 12ay, 2023-cü ildən 11 ay ərzində xidmət pulu ödənilməmişdir. Toplamda cavabdehin 48 ay abunə borcu 288 manat və qeydiyyatdan çixma aktı 35 manat pulməbləği ödənilməmişdir. Həmçinin tərəfimizdən cavabdehə mediasiya təklifi və mediasiyaya dəvət məktubu göndərilmişdir. Lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir .İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 30 manat məbləğində mediasiya xərci ödənilmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qanunvericiliyə əsasən İddiaçı MMC ilə cavabdeh arasında müqavilə imzalanmış və nəzarət kassa aparatı qeydiyyata alınaraq istifadəsinə icazə verilmişdir. Cavabdeh hər ay 6 manat olmaqla xidmət haqqını ödəməli idi. Bir müddət cavabdeh tərəfindən ödənişlər edilsə də, xx.xx.2020-ci ildən ödənişlər olunmayıb. Bundan əlavə, həmin kassanın qeydiyyatdan çıxarılması barədə məlumatları olmadıqları üçün hazırda iddia tələbini qeydiyyatdan çıxma ilə bağlı 35 manatın tələb edilməsi ilə bağlı hissədə müdafiə etmir.
4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsinə etiraz edib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən onlara verilmiş kassa aparatı 2019-cu ildən onlarda olmuş, sonradan kassa aparatı dəyişildiyi üçün həmin aparatı xx.xx.2021-ci ildə qeydiyyatdan çıxarmışlar. Lakin onlara iddiaçı tərəfdən hər hansı xidmət göstərilmədiyi üçün onlardan vəsait tələb edilməsi əsassızdır.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. İddiaçı (istehsalçı) və cavabdeh arasında bağalnmış xx.xx.2019-cu il tarixli 03800 nömrəli müqaviləyə əsasən istehsalçı Merkuri-130F-01 tipli zavod 00219926 nömrəli nəzarət kassa aparatına istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırır, Servis texniki xidmət Mərkəzi isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürür. STXM tərəfindən göstərilən texniki xidmət istismar qaydalarında göstərilən müddət ərzində NKA-nın fasiləsiz işləməsinə imkan yaradır. Mütəmadi və fasiləsiz xidmət göstərmək üçün istehsalçı tərəfindən STXM-ə hər ay 6 manat məbləğində vəsait ödənilir və həmin müddərdə NKA-ya göstərilən texniki xidmət və təmirinin dəyəri STXM-in üzərinə düşür.
7. İddiaçı tərəfindən verilmiş 9 saylı maliyyə arayışından görünür ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 3800 nömrəli müqaviləyə əsasən xx.xx.2019-xx.xx.2023-cü il dövrü üzrə hesablanmış aylıq 6 manat abunə üzrə xidmət haqqı 288 manat və qeydiyyatdan çıxma aktı 35 manat təşkil edir. Ümumilikdə cavabdehin borcu 323 manat təşkil edir.
8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən verilmiş 06 aprel 2024-cü il tarixli məktubdan görünür ki, cavabdehə məxsus Merkuri-130F-01 markalı, 00219926 zavod nömrəli nəzarət-kassa aparatının xx.xx.2019-cu il tarixdə qeydiyyata alınması və xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxarılması barədə məlumat müəyyən edilmişdir.
9. İddiaçı tərəfindən tərtib edilmiş nəzarət kassa aparatının qeydiyyata alınma aktından görünür ki, iddiaçıya məxsus nəzarət kassa aparatı cavabdehin ünvanında xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır.
10. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçı tərəfindən görülmüş xidmətin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
11. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
13. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
14. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
15. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Azərbacan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 28 dekabr tarixli, 266 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında nəzarət-kassa aparatlarının satışı, istismarı, servis-texniki xidmət və təmiri qaydaları haqqında əsasnamənin 1.3-cü bəndinə əsasən NKA-nın satışı, istismarı, servis texniki xidməti və təmiri qaydalarının yaradılmasında iştirak edən və bilavasitə NKA-nı satan, istismar, servis texniki xidmət və təmir edən, həmçinin göstərilən fəaliyyətlərə, o cümlədən elektron məsafədən ötürmə qurğuları vasitəsi ilə nəzarət edən təşkilat, müəssisə və idarələrə aşağıdakılar aiddir: nəzarət-kassa aparatlarının servis texniki xidmət mərkəzləri (STXM)
18. Həmin Əsasnamənin 9.1-ci bəndinə əsasən nəzarət-kassa aparatlarının istehlakçıları hüquqi və fiziki şəxsdir. O, əhali ilə pul hesablaşmasını Dövlət reyestrinə daxil edilmiş NKA tətbiq etməklə aparır.
19. Həmin Əsasnamənin 9.2-ci bəndinə əsasən nəzarət-kassa aparatlarının istehlakçısı:-NKA-nın satıcıları ilə alqı-satqı və STXM ilə alınmış NKA-nın servis texniki xidməti və təmiri barəsində müqavilələr bağlayır.
20. Həmin Əsasnamənin 9.3-cü bəndinə əsasən nəzarət-kassa aparatları istehlakçısının vəzifələri: - 9.3.1. NKA-nı vergi orqanlarında qeydiyyatdan keçirmək; - 9.3.2. Vergi orqanlarında qeydiyyatdan keçmiş və STXM-də servis texniki xidmətə götürülmüş NKA-dan istifadə etmək, texniki xidmət jurnalı və nəzarət-kassa aparatı işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabını STXM-dən almaq; - 9.3.3. NKA-nın istismara hazırlıqla əlaqədar olan işləri yalnız STXM-in nümayəndəsinin iştirakı ilə yerinə yetirmək; - 9.3.8. Vergi orqanlarında STXM-in tələblərinə uyğun NKA-nın alınması, servis texniki xidməti və təmiri ilə əlaqədar olan sənədləri və həm də bu məsələlərlə əlaqədar olan lazımi izahat, arayış və məlumatları təqdim etmək; - 9.3.9. Vergi orqanları və STXM işçilərinin NKA-nın işinə baxışa maneəsiz buraxılışını təmin etmək; - 9.3.11. NKA-nın plombu pozulduqda və ya başqa nasazlıqları yarandıqda, həmçinin vergi orqanları və ya STXM tərəfindən NKA-nın istifadəsinə qadağan qoyulduqda, NKA-dan istifadə edilməsini müvafiq qaydada dayandırmaq və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etmək; - 9.3.15. vergi orqanlarında qeydiyyatı ləğv edildikdə və ya NKA qeydiyyatdan çıxarıldıqda, elektron məsafədən ötürmə qurğusunu və ya elektron nəzarət lentini işlək vəziyyətdə vergi orqanlarına təhvil vermək;
21. Həmin Əsasnamənin 10.1-ci bəndinə əsasən nəzarət-kassa aparatlarının servistexniki xidmət mərkəzləri NKA-nın istismara hazırlanması, onların təminatlı və servis texniki xidmət təmiri üzrə fəaliyyət göstərən hüquqi şəxsdir və müvafiq qaydada qeydiyyatdan keçirilir.
22. Həmin Əsasnamənin 10.6-cı bəndinə əsasən servis texniki xidmət mərkəzi: - nəzarət-kassa aparatlarını göndərənlər, satıcılar və istehlakçılar ilə öz funksiyalarını müqavilə əsasında yerinə yetirir; - nəzarət-kassa aparatlarının modellərinin servis texniki xidməti və təmiri məqsədi ilə NKA-nı göndərənlərlə müqavilə bağlayır; - NKA-nın satıcıları ilə onların realizə etdikləri nəzarət-kassa aparatlarının servis texniki xidməti və təmiri üçün müqavilə bağlayır; - əhali ilə nağd pul hesablaşmalarını aparmaq üçün istehlakçıların istifadə etdikləri nəzarət-kassa aparatlarının servis texniki xidməti və təmiri haqqında istehlakçılarla müqavilə bağlayır;
23. Həmin Əsasnamənin 10.7-ci bəndinə əsasən STXM və malgöndərən arasındakı müqavilə ləğv olunduğu halda o NKA-nın müvafiq modellərinin servis texniki xidmət və təmir hüququnu itirir, malgöndərən isə STXM tərəfindən xidməti göstərilən nəzarət-kassa aparatlarının istehlakçılarına digər STXM-in xidmət göstərilməsini təmin etməlidir. Malgöndərən və STXM arasındakı müqavilənin ləğvindən sonrakı 24 saat ərzində STXM-i qeydiyyatdan keçmiş vergi orqanlarına yazılı məlumat verməlidirlər. Malgöndərən həmin müddət ərzində müqaviləsi pozulmuş NKA istehlakçılarına həmin NKA-lara xidmət göstərəcək digər STXM-i (STXM-in siyahısını) təqdim etməlidir.
24. Həmin Əsasnamənin 10.8-ci bəndinə əsasən servis texniki xidmət mərkəzi aşağıdakı vəzifələri yerinə yetirir: - 10.8.4. STXM-lə müvafiq müqavilə bağlamış istehlakçıların Dövlət reyestrinə daxil edilmiş NKA-ya texniki xidmət göstərmək; - 10.8.10. Nəzarət-kassa aparatı istismara verilən zaman NKA istehlakçılarını STXMin səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmiş texniki xidmət jurnalı və nəzarət-kassa aparatı işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı ilə təmin etmək. NKA-nın istehlakçılarında saxlanılan nəzarət-kassa aparatlarının texniki xidmət jurnalında işlərin görülməsini qeydiyyata almaq. - 10.9.1. Malgöndərənlə NKA-nın servis texniki xidməti və təmiri haqqında müqavilələr bağlamaq.
25. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli 03800 nömrəli müqavilə imzalanmış, iddiaçı Merkuri-130F-01 tipli zavod 00219926 nömrəli nəzarət kassa aparatına xidmət etməyi, cavabdeh isə həmin xidmətin dəyərini ödəməyi öhdəsinə götürmüş, xx.xx.2021-ci il tarixdə nəzarət kassa aparatı cavabdehin müraciəti əsasında qeydiyyatdan çıxarılmışdır.
26. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə abunə borcunun tutulması hissəsində əsaslıdır.
27. Belə olan halda aydın olur ki, iddia tələbi xx.xx.2020-xx.xx.2021-ci il tarixədək olan dövr üzrə borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, 96 manat (16 ay * 6 manat) məbləğində abunə haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
28. Belə ki, nəzarət kassa aparatı xx.xx.2021-ci il tarixdə cavabdehin özü tərəfindən qeydiyyatdan çıxarılmış, bununla bağlı iddiaçı tərəfindən cavabdehə hər hansı xidmət göstərilməmişdir.
29. Bu səbəbdən məhkəmə iddia tələbi qalan hissədə, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək abunə borcunun tutulması, habelə qeydiyyatdan çıxma xərcinin tələb edilməsi hissəsində əsassız hesab edir.
30. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 96 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 20 manat mediasiyaya dair xərc cavabdehə, qalan 10 manat xərc isə iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 96 manat məbləğində pul, ödənilmiş 20 manat dövlət rüsumu, ümumilikdə 116 (bir yüz on altı) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova