Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1611/2025 20.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X1 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı “bildirişin etibarsız hesab edilməsi və 09 fevral 2011-ci il tarixli, 97 nömrəli müqavilə üzrə üstünlük hüququnun həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən iddiaçıya təqdim edilmiş 10 oktyabr 2024-cü il tarixli, 3/27/2- 7402/2024 nömrəli və 29 noyabr 2024-cü il tarixli, 3/27/2-8783/2024 nömrəli, aparat rəhbəri Yaşar Hacıyev tərəfindən imzalanmış bildirişlərin etibarsız hesab edilməsi; İddiaçı MMC-nin AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə bağladığı 09 fevral 2011-ci il tarixli, 97 nömrəli müqavilə üzrə üstünlük hüququnun həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli qərardadı ilə, iddia ərizəsinin qəbulundan imtina edilməsi qərara alınmış, iddiaçıya inzibati məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Həmin qərardaddan iddiaçının nümayəndəsinin verdiyi şikayət məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(103)-313/2025 saylı qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1611/2025 saylı iş üzrə 08 yanvar 2025-ci il tarixli qərardadı ləğv olunması və iş, iddia ərizəsi üzrə məhkəmə icraatının başlanılmasının mümkünlüyü məsələsinin təkrar müzakirəsi (bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla) üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Belə ki, hazırda İddiaçı MMC Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən iddiaçıya təqdim edilmiş 10 oktyabr 2024-cü il tarixli, 3/27/2- 7402/2024 nömrəli və 29 noyabr 2024-cü il tarixli, 3/27/2-8783/2024 nömrəli, aparat rəhbəri Yaşar Hacıyev tərəfindən imzalanmış bildirişlərin etibarsız hesab edilməsini və İddiaçı MMC-nin AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə bağladığı 09 fevral 2011-ci il tarixli, 97 nömrəli müqavilə üzrə üstünlük hüququnun həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, “Telekommunikasiya haqqında” AR Qanununun 7.1-ci maddəsinə görə ölkənin nömrə resursu, ölkə kodu, həmçinin “az” ölkə kodlu yüksək səviyyəli domen dövlətə məxsusdur. Ölkə ərazisində nömrə resurslarının tənzimlənməsi dövlətin müstəsna hüququdur. Həmin Qanunun 7.3-cü maddəsinə görə nömrə resursu müvafiq icra hakimiyyəti orqanı ilə operator, provayder arasında bağlanan müqaviləyə uyğun olaraq ödənişli əsaslarla müddətli və ya daimi istifadəyə verilir. xx.xx.2012-ci il tarixli "Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları"na 1.3-cü maddəsinə əsasən nömrə resursları ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən telekommunikasiya operatorlarına, provayderlərinə, eyni zamanda, digər hüquqi və fiziki şəxslərə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən, mövcud qanunvericiliyə uyğun olaraq, aşağıdakı prinsiplər nəzərə alınmaqla ayrılır: 1.3.1. ərizəçinin mövcud maddi-texniki bazasının genişləndirilməsi; 1.3.2. ərizəçinin mövcud texnoloji fəaliyyət rejiminin pozulmaması; 1.3.3. sağlam rəqabətə şərait yaradılması; 1.3.4. istifadəçilərin telekommunikasiya xidmətlərindən istifadə etmək hüquqlarının məhdudlaşdırılmaması. 1.4. Nömrə resursları Nazirlik ilə ərizəçi arasında bağlanılan müqaviləyə uyğun olaraq, ödənişli əsaslarla müddətli və ya daimi istifadəyə verilir. Həmin Qaydaların 3.2-ci maddəsinə əsasən nömrə resurslarından istifadə müddətləri ərizəçinin müraciətinə əsasən nömrə resurslarının ayrılması barədə Nazirlik ilə ərizəçi arasında bağlanan müqavilə ilə müəyyənləşdirilir. Həmin Qaydaların 3.3-cü maddəsinə əsasən nömrə resursunun ilkin istifadə müddəti tamam olduqda, həmin nömrə resursunun istifadəçisi nömrə resursundan növbəti müddətə istifadə edilməsinə dair müqavilənin bağlanmasında üstünlük hüququna malikdir. Həmin Qaydaların 5.1-ci maddəsinə əsasən Nazirlik ərizəçiyə ayrılmış nömrə resurslarının geri alınması barədə aşağıdakı hallarda qərar qəbul edir: 5.1.1. nömrə resursları ayrılmış ərizəçi tərəfindən müraciət edildikdə; 5.1.2. telekommunikasiya sahəsində xidmət göstərilməsi barədə ərizəçiyə verilmiş xüsusi razılığın (lisenziyanın) müddəti başa çatdıqda və mövcud qanunvericiliyə uyğun olaraq uzadılmadıqda; 5.1.3. ərizəçiyə ayrılmış nömrə resurslarından nömrə resursları ayrıldığı vaxtdan etibarən 1 (bir) il ərzində istifadə edilmədikdə; 5.1.4. nömrə resurslarından təyinatı üzrə istifadə edilmədikdə; 5.1.5. ayrılmış nömrə resurslarına görə müqavilə üzrə müəyyən edilmiş müddətlərdə ödəniş aparılmadıqda. Həmin Qaydaların 5.2-ci maddəsinə əsasən nazirlik ərizəçiyə ayrılmış nömrə resurslarının geri alınması haqqında qəbul edilmiş qərar barədə ərizəçini dərhal məlumatlandırır və 30 (otuz) təqvim günü ərzində nömrə resurslarını geri alır. Həmin Qaydaların 5.3-cü maddəsinə əsasən ərizəçiyə ayrılmış nömrə resursları tam, yaxud qismən geri alındıqda ödənilmiş vəsait geri qaytarılmır və kompensasiya ödənilmir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının məzmunundan çıxış edərək qeyd edir ki, nömrə resursları ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən telekommunikasiya operatorlarına, provayderlərinə, eyni zamanda, digər hüquqi və fiziki şəxslərə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən, mövcud qanunvericiliyə uyğun olaraq ayrılır.Həmin nömrə resursların geri alınması barədə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müvafiq qərar qəbul edilir. Hazırda iddaçının ərizəsində qeyd etdiyi tələblərə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3.-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 6, mənzil 5,4 olan İddiaçı MMC-yə (VÖEN:**********) “✱0000-9999” nömrə resurslarının ayrılması) və istifadəsi üçün verilmiş icazə (xx.xx.2011-ci il tarixli 97 nömrəli müqavilə) xx.xx.2025-ci il tarixindən ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Daha sonra İddiaçı cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı “bildirişin etibarsız hesab edilməsi və müqavilə müddətinin uzadılması” tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-1(112)-5762/2025 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı “məktubun etibarsız hesab edilməsi və müqavilə müddətinin uzadılması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Belə ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən qəbul edilmiş 06 fevral 2025-ci il tarixli qərarın mübahisələndirilməsi və müqavilə bağlamaqda iddiaçının üstünlük hüququnun pozulması barədə tələbə inzibati icraat qaydasında məhkəmədə baxıla bilər. “İnzibati və mülki mübahisələrdən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 2-ci bəndinə görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətləin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 4-cü bəndinə görə isə inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Həmin Qərarın 15.4-cü bəndinə uyğun olaraq eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından hazırki iş üzrə icraata xitam verilməlidir. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı “qərarın ləğv olunması” tələbinə dair ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı “qərarın ləğv olunması” tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya aidiyyəti İnzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. İddia verilərkən **********31 nömrəli qəbzə əsasən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Həşimova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1611/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1611/2025
20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver