Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2110/2021 03.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, ərizəçinin nümayəndəsi Nümayəndə, maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Mənzil Tikinti Kooperativinin (MTK) iflas prosesinə başlanılması və müflis elan edilməsi barədə ərizəsinə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK ərizə ilə məhkəməyə müraciət edərək koopertaiv barəsində ifras prosesinə başlanılması və müflis elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsin nümayəndəsi X2 vəsatət verərək ərizənin baxılmamış saxlanılmasını xahiş etmiş və vəsatətini onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq ərizəyə iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində borclunun səlahiyyətli orqanının qərarının surəti əlavə edilməli olduğu halda, məhkəməyə bu barədə kooperativin sədri tərəfindən qəbul olunmuş qərar əlavə olunmuşdur. Ərizəçinin nümayəndəsi Nümayəndə vəsatəti əsassız hesab etdiyini bildirərək izahatında göstərdi ki, qanunvericilikdə və nizamnamədə kooperativin ləğvi ümumi yığıncağın müstəsna səlahiyyətlərinə aid edilmişdir. Bundan başqa nizamnaməyə əsasən koopertivin sədrinin kooperativi təmsil etməsi barədə bənd nəzərdə tutulmuşdur. Ərizəçinin nümayəndəsi göstərilənlərə əsasən vəsatətin rədd olunmasını məhkəmədən xahiş etdi. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 2-ci bəndinə əsasən borclu müəssisənin iflas haqqında ərizəsinə iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində borclunun səlahiyyətli orqanının qərarının surəti əlavə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 59.4-cü maddəsinə əsasən hüquqi şəxs müflis olma nəticəsində də ləğv edilir; - 59.5-ci maddəsinə əsasən əgər ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli deyildirsə, o yalnız müflis olma nəticəsində ləğv edilə bilər; - 111.1-ci maddəsinə əsasən kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır; - 113.3 və 111.3.5-ci maddəsinə əsasən kooperativin yenidən təşkili və ləğvi haqqında qərar qəbul etmək kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. İddiaçı MTK-nın nizamnaməsinin: - 7.3-cü bəndində nəzərdə tutulmuşdur ki, kooperativin yenidən təşkili və ləğvi ümumi yığıncağın müstəsna səlahiyyətinə aid edilmişdir; - 7.5-ci kooperativin sədri qanunvericiliklə və kooperativin nizamnaməsi ilə ümumi yığıncağın, müşahidə şurasının və təftiş komissiyasının (müfəttişin) səlahiyyətlərinə aid edilməyən digər səlahiyyətləri həyata keçirir. Məhkəmə iclasında müəyyən edildi ki, həm qanunvericiliyə, həm də MTK-nın nizamnaməsinə əsasən kooperativin ləğvi barədə qərar qəbul etmək ümumi yığıncağının müstəsna səlahiyyətinə aid edilsə də, iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində borclunun səlahiyyətli orqanı olan ümumi yığıncağın deyil, kooperativin sədri tərəfindən qəbul edilmiş qərar təqdim olunmuşdur. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən iflas haqqında məhkəməyə verilmiş ərizənin (iddia ərizəsinin) bu Qanunun tələblərinə uyğun gəlməməsi, o cümlədən ona əlavə olunmalı sənədlərin həmin ərizə ilə birlikdə təqdim edilməməsi qanunvericilikdə nəzərdə tutulan müvafiq prosessual nəticələrə (məhkəmənin ərizəsini qəbul etməkdən imtina etməsinə, onu baxmadan saxlamasına, hərəkətsiz saxlamasına, yaxud qaytarmasına) səbəb ola bilər. Məhkəmə hesab edir ki, iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində borclunun səlahiyyətli orqanı olan ümumi yığıncağın deyil, kooperativin sədri tərəfindən qəbul edilmiş qərar təqdim olunduğuna görə ərizə baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Mənzil Tikinti Kooperativinin iflas prosesinə başlanılması və müflis elan edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2110/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2110/2021
03.05.2021 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver