Məhkəmə qərarları › İş №e-2-2(113)-234/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-234/2025

16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-234/2025 16.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, avans ödənişinin lizinq ödənişlərinə daxil edilməsi, lizinq obyektinin saz və işlək saxlanılmasına məsuliyyət, öhdəliyin pozulması nəticəsində dəyən zərər) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsinə əsasən 4271,25 manat lizinq ödənişinin, nəqliyyat vasitəsinə dəymiş zərərə görə 2500 manat, nəqliyyat vasitəsinin qiymətləndirilməsi üçün ödənilmiş 50 manat məbləğində pulun və ödənilmiş 107 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli İF/06080 saylı 36 ay müddətli daxili maliyyə lizinq müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən “Chevrolet Cruze” minik markalı XXXX dövlət qeydiyyat nişanlı avtomobil lizinq alan kimi cavabdehin istifadəsinə verilmişdir. Bir müddət ödəniş olunduqdan sonra, cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Cavabdeh müqavilə müddəti ərzində 1500 manat ödəniş etmişdir. İşə əlavə olunmuş ödəniş cədvəlindən də göründüyü kimi, cavabdeh 20 mart 2023-cü il tarixindən başlayaraq 10 noyabr 2023-cü il tarixinə qədər hər ay 641,25 manat olmaqla 5771,25 manat ödəniş etməli olduğu halda cəmi 1500 manat ödəniş etmişdir. Cavabdehin qalıq borcu 4271,25 manatdır. Avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi aktından göründüyü kimi, avtomobilə dəymiş ziyan 2500 manat həcmindədir. Qiymətləndirmə zamanı iddiaçı tərəfindən 50 manat müstəqil ekspertə xidmət haqqı ödənilmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 748-7-ci və s. maddələri göstərilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3865/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehə iddia ərizəsinə dair yazılı etirazın və etiraza dair sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, “Chevrolet Cruze” minik markalı XXXX dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabeh tərəfindən iddiaçının razılığı olmadan üçüncü şəxslərin idarəetməsinə verilmişdir. Nəqliyyat vasitəsi təmir müəssisəsində olmuş, onu cavabdehdən deyil, ustadan götürmüşlər. Nəqliyyat vasitəsinə zərər dəymişdir. Bu zərər nəqliyyat vasitəsinə vaxtı-vaxtında xidmət göstərilməməsi nəticəsində yaranmış zərər olmuşdur. Nəqliyyat vasitəsi 27 dekabr 2023-cü il tarixdə yenidən lizinqə verilmiş, yeni lizinq alanın təmir üçün çəkəcəyi xərc ilkin ödənişə çıxılmışdır.

7. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi bildirdi ki, cavabdeh tərəfindən 4500 manat avans ödənişi edilmiş, həmin məbləğ iddiaçı tərəfindən satıcıya ödənilmişdir.

8. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdehin yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvanına göndərilməklə (çatdırılmaqla), mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

12. İddiaçı (alıcı qismində), cavabdeh (lizinq alan qismində) və X3 (satıcı qismində) arasında bağlanmış xx.xx.2023-cü il tarixli İF/06080 nömrəli lizinq obyektinin alqı-satqısı müqaviləsinin şərtlərindən görünür ki, müqaviləyə əsasən Satıcı, Lizinq alan tərəfindən seçilmiş və bu müqavilədə təsvir edilən nəqliyyat vasitəsini Alıcı – Lizinq verənə satır. Alıcı – Lizinq verən isə həmin nəqliyyat vasitəsini Lizinq alana lizinq vermək üçün əldə edir və razılaşdırılmış məbləği Satıcıya ödəyir. Nəqliyyat vasitsinin təsviri: “Chevrolet Cruze” minik (marka və modeli), sedan (tip), XXXX (ban nömrəsi), 2013 (buraxılış ili), 1600 kub sm (mühərrik həcmi), ağ (rəngi). Lizinq alan bu müqavilənin 1.1-ci bəndində təsvir edilən nəqliyyat vasitəsinin onun sifariş etdiyi lizinq obyekti olduğunu təsdiq edir və həmin əmlakı lizinqə almağı öz öhdəsinə götürür (1.1). Tərəflər nəqliyyat vasitəsinin qiymətini 18500 manat məbləğində müəyyən edirlər (1.3).

13. İddiaçı (lizinq verən qismində) və cavabdeh (lizinq alan qismində) arasında bağlanmış xx.xx.2023-cü il tarixli İF/06080 nömrəli daxili maliyyə lizinqi müqaviləsinin şərtlərindən görünür ki, Lizinq verən Liziııq alan tərəfindən seçilmiş və onun istəyinə əsasən alınmış əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi öhdəsinə götürür. Lizinq obyektinin təsviri aşağıdadır: “Chevrolet Cruze” minik (marka və modeli), sedan (tip), XXXX (ban nömrəsi), 2013 (buraxılış ili), 1600 kub sm (mühərrik həcmi), ağ (rəngi) (2.1). Lizinq alan bu müqavilədə müəyyən edilmiş şərtlərlə lizinq obyektini lizinqə qəbul etməyi və bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə №1-ə («Lizinq ödənişləri cədvəli») müvafiq olaraq lizinq ödənişlərini Lizinq verənə mütəmadi olaraq ödəməyi öhdəsinə götürür (2.2). Lizinqin müddəti bitdikdən və lizinq ödənişləri Lizinq alan tərəfindən tam ödənildikdən sonra Lizinq alan lizinq obyektinin qalıq dəyərini (əgər varsa) ödəmək şərti ilə Lizinq verən lizinq obyeKtinə mülkiyyət hüququnu Lizinq alana verməyi, Lizinq alan isə mülkiyyət hüququnu əldə etməyi öhdəsinə götürür (2.3). Bu müqavilə imzalandığı və lizinq obyekti lizinq alana təhvil-aktına əsasən təhvil verildiyi gündən qüvvəyə minir. Lizinq obyekti 36 (otuz altı) ay müddətinə lizinqə verilir (3.1). Lizinq obyekti Alqı-Satqı Müqaviləsi əsasında Lizinq verən tərəfindən Lizinq alanın müəyyən etdiyi lizinq obyektinin Satıcısından alınır (5.1). Lizinq obyektinin qiyməti: 18500 (on səkkiz min beş yüz) manat (5.2). Avans məbləğ: 4500 (dörd min beş yüz) manat (5.3). Lizinq məbləği: 14000 (on dörd min) manat (5.4).

14. Adıçəkilən müqaviləyə 5 nömrəli əlavədən görünür ki, 14000 manat əsas məbləğ və 9085,11 manat mükafat məbləği olmaqla ümumilikdə 23085,11 manat məbləğində lizinq ödənişinin 20 mart 2023-cü il tarixdən 20 fevral 2026-cı il tarixədək 36 ay müddətində hər ay üçün 641,25 manat ödənilməsi razılaşdırılmışdır.

15. İş materiallarında olan 20 fevral 2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, “Chevrolet Cruze” minik markalı, XXXX ban nömrəli, buraxılış ili 2013-cü il olan ağ rəngli nəqliyyat vasitəsi cavabdehə təhvil verilmiş, cavabdeh bəyan etmişdir ki, lizinq obyektinin texniki göstəriciləri və keyfiyyəti xx.xx.2023 tarixli İF/06080 nömrəli daxili lizinq müqaviləsinin şərtlərində göstərilənlərlə tam uyğundur, lizinq obyektində nasazlıq yoxdur və istismara tam yaralıdır, lizinq obyekti bütün ləvazimatları, ehtiyat hissələri və texniki sənədləri ilə birlikdə qəbul edilmiş və onlarda hər hansı çatışmazlıq aşkar edilməmişdir.

16. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il – xx.xx.2023-cü il tarixlərinə əhatə edən hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə 221,25 manat və 28,75 manat, xx.xx.2023-cü il tarixdə 650 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 400 manat olmaqla cavabdeh tərəfindən ümumilikdə 1500 manat məbləğində ödəniş edilmişdir.

17. İş materiallarına əlavə edilən xx.xx.2023-cü il tarixli təhvil-təslim aktında görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, “Kia Service”in yaxınlığında yerləşən avtotəmir mərkəzindən **-AL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi təhvil alınmış, təhvil alan zaman təmir mərkəzinin ustası akta imza etməkdən imtina etmişdir.

18. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli müstəqil ekspert rəyindən və qiymətləndirmə aktından görünür ki, “Chevrolet Cruze” minik markalı, XXXX ban nömrəli **-AL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1900 manat ehtiyat hissələri, 600 manat işçilik haqqı olmaqla ümumilikdə 2500 manat zərər dəymişdir. Aktda göstərilmişdir ki, həmin avtomobilin real dəyəri 10 000 manat məbləğində təşkil edir, avtomobilin qalıq hissəsinin qiymətləndirilməsinə dair müvafiq tədbirlər görülmüş, bütün zəruri araşdırmalar aparılmış və nəticədə avtomobilin qalıq hissəsinin dəyəri 7500 manat məbləğində müəyyən olunmuşdur.

19. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, **-AL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün qüsur aktının tərtib edilməsinə görə 50 manat məbləğində xidmət haqqı hesablanmışdır.

20. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı və icra qeydindən görünür ki, iddiaçı tərəfindən 700 manat xidmət haqqı müstəqil ekspertə ödənilmişdir.

21. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli İF/06080 nömrəli daxili maliyyə lizinqi müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdeh tərəfindən seçilmiş “Chevrolet Cruze” minik markalı, XXXX ban nömrəli, buraxılış ili 2013-cü il olan ağ rəngli nəqliyyat vasitəsini öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində cavabdehə müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, cavabdeh isə lizinq obyektini lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür. Qeyd edilən lizinq müqaviləsi üzrə lizinq obyektinin qiyməti 18500 manat təşkil etmiş, həmin məbləğin 4500 manatı avans qaydasında ödənilmiş, lizinq obyekti 14000 manat qalıq dəyəri, 9085,11 manat lizinq verənin mükafat məbləği olmaqla 36 ay müddətinə cavabdehə lizinqə verilmişdir. Lizinq obyekti iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə geri götürülmüşdür. Lizinq obyektinə dəymiş zərər xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş, zərər 1900 manat ehtiyat hissələri, 600 manat işçilik haqqı olmaqla ümumilikdə 2500 manat müəyyən edilmiş, qiymətləndirilmənin aparılması üçün iddiaçı tərəfindən 50 manat məbləğində pul ödənilmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli İF/06080 nömrəli müqavilə üzrə ümumilikdə 1500 manat məbləğində lizinq ödənişi edilmişdir.

22. İddiaçı xx.xx.2023-cü il tarixli İF/06080 nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə 10 noyabr 2023-cü il tarixə hesablanmış 4271,25 manat məbləğində lizinq ödənişlərinin, 2500 manat avtomobilə dəymiş zərərin əvəzinin, ekspertə ödənilən 50 manat xərcin cavabdehdən tutulmasını tələb edir.

23. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

24. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

26. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

27. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

28. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

29. Mülki Məcəllənin 747.1-ci maddəsində göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

30. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.

31. Həmin Məcəllənin 748-11.1 və 748-11.1.2-ci maddələrində təsbit olunmuşdur ki, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər lizinq ödənişlərinin ümumi məbləğinə daxildir.

32. Məhkəmə aylıq lizinq ödənişinin 641,25 manat olduğunu nəzərə alaraq təqdim edilən ödəniş cədvəlinə və hesabdan çıxarışa əsasən qeyd edir ki, iddiaçının hesablama apardığı 10 noyabr 2023-cü il tarixə ödənilməli lizinq ödənişlərinin ümumi məbləği 5564,4 (8 ayın ödənişi: 641,25 manat x 8 ay + 21 günün ödənişi: 641,25 manat : 31 gün x 21 gün) manat təşkil edir. Bu məbləğdən cavabdeh tərəfindən 1500 manat ödəniş edilmişdir.

33. Belə olan halda 10 noyabr 2023-cü il tarixə cavabdeh tərəfindən ödənilməmiş lizinq ödənişlərinin ümumi məbləği 4064,4 (5564,4-1500) manat təşkil edir.

34. Digər tərəfdən, Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

35. Həmin Məcəllənin 443.1 – 443.4-cü maddələrinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (443.2). Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır (443.3). Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır (443.4)

36. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

37. Mülki Məcəllənin qeyd edilən normalarının müqayisəli təhlilindən aydın olur ki, borclu tərəfindən öhdəliyin pozulması nəticəsində dəymiş zərərin ödənilməsi tələblərində 1) zərərin mövcud olması; 2) zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqə; 3) zərər vuran şəxsin təqsiri müəyyən olunmalıdır.

38. Lakin mülki qanunvericliklə müəyyən edilmiş sübutetmə qaydasında görə müqavilə münasibətləri zamanı öhdəliyin pozulmasından irəli gələn zərərin ödənilməsi tələblərində təqsir prezumpsiya edilir, əksini borclunun sübutetməsi gözlənilir ("borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur").

39. Bu səbəbdən hazırkı iş üzrə zərərin və zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin müəyyən olunması iş üzrə nəticəyə gəlinməsi üçün kifayətdir.

40. Mülki Məcəllənin 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.

41. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.

42. xx.xx.2023-cü il tarixli İF/06080 nömrəli daxili maliyyə lizinqi müqaviləsinin 7.2.1 – 7.2.3-cü bəndlərinə əsasən, lizinq predmetindən yalnız təyinatı üzrə istifadə etmək, lizinq obyektindən istifadə edərkən yanğın təhlükəsizliyi, texniki təhlükəsizlik qaydalarına, sanitariya-gigiyena normalarına əməl etmək və lizinq obyektini daim saz vəziyyətdə saxlamaq və öz hesabına cari təmir etmək lizinq alanın vəzifəsidir.

43. Məhkəmə təqdim edilən qəbul aktı, qiymətləndirmə aktı və rəyə əsasən qeyd edir ki, cavabdeh nəqliyyat vasitəsini saz və işlək vəziyyətdə saxlamalı olduğu halda, bu vəzifəsinə riayət etməmiş, nəticədə ehtiyat hissələri və işçilik haqqı daxil olmaqla ona 2500 manat zərər dəymişdir. Həmçinin zərər bilavasitə nəqliyyat vasitəsinin iddiaçı tərəfindən təhvil alınmasından sonra müəyyən edilmiş, bu isə zərərin nəqliyyat vasitəsi cavabdehin istifadəsində olarkən yarandığını təsdiq edir.

44. Zərərin məbləği ilə bağlı isə məhkəmə göstərir ki, buraxılış ili 2013-cü il olan “Chevrolet Cruze” minik markalı **-AL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər üzrə iş materiallarında olan xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktı və müstəqil ekspert rəyində əks olunan təmir-bərpa işlərinin (avtomobilin buraxılış ili nəzərə alınmaqla, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə) görülməsi üçün nə qədər vəsaitin (ehtiyat hissələrinin dəyəri ilə işçilik haqqı ayrılıqda göstərilməklə) tələb olunduğunun müəyyən olunması üçün Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3865/2024 nömrəli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 noyabr 2024-cü il tarixli 3-16-16/2- 9/7516/2024 nömrəli məktubu ilə 2013-cü il buraxılışı “Chevrolet Cruze” minik markalı avtomobilin ehtiyat hissələrinin həmin tarixə satışı və qiymətinə dair yerli internet saytlarında məlumat olmadığından tədqaiqatın aparılması mümkün olmamış, ekspertizanın keçirilməsindən imtina edilmişdir.

45. Belə olan halda məhkəmə iş materiallarında olan xx.xx.2023-cü il tarixli müstəqil ekspert rəyi və qiymətləndirmə aktını cavabdehin mübahisələndirmədiyini nəzərə alaraq hesab edir ki, nəqliyyat vasitəsinə dəyən zərər məhz 2500 manat olaraq müəyyən edilməlidir. Həmçinin qiymətləndirmənin aparılması üçün 50 manat məbləğində pul da nəzərə alınmalıdır.

46. Bununla yanaşı, cavabdeh lizinq obyekti üzrə 4500 manat məbləğində avans ödənişi etmiş, lakin iddiaçı hazırkı tələblə müraciət edərkən həmin ödənişləri nəzərə alınmamışdır. Halbuki Mülki Məcəllədə lizinq müqaviləsi bağlanarkən lizinq alanın avans ödəmək öhdəliyi nəzərdə tutulmasa da, tərəflər sərbəst iradə ifadələrinə uyğun olaraq müəyyən etdikləri müqavilə şərtləri ilə lizinq alan tərəfindən avansın ödəniləcəyinə dair razılıq əldə etmişlər.

47. Mülki Məcəllənin 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.

48. Lizinq müqaviləsinə mülki qanunvericilikdə verilmiş anlayışdan göründüyü kimi, lizinq verən lizinq obyektini öz vəsaiti hesabına əldə etməli olduğundan lizinq alan tərəfindən lizinq obyektinin əldə edilməsi üçün ödənilmiş avans məbləği lizinq müqaviləsi əsasında əmlakdan istifadə ilə bağlı ödəniş deyil, əmlakın alqı-satqı müqaviləsi əsasında əldə edilməsi üçün satıcıya ödənilmiş məbləğdir. Yəni hazırkı halda lizinqə verilmiş obyekt yalnız lizinq verənin deyil, eyni zamanda lizinq alanın vəsaiti hesabına əldə edilmişdir. Qanunun tələbinə əsasən lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz və tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Belə olan halda, lizinq müqaviləsi ləğv edilərkən qarşılıqlı hesablaşmalar zamanı avadanlığın əldə edilməsi ilə bağlı cavabdehin çəkdiyi xərclər, yəni avans kimi ödədiyi məbləğ lizinq ödənişlərinin ümumi məbləğinə daxil edilməlidir.

49. Əks yanaşma Mülki Məcəllənin müddəalarına ziddir. Çünki lizinq obyekti qaytarıldıqdan sonra iddiaçı onu özgəninkiləşdirmək, icarəyə və ya yenidən lizinqə vermək imkanı əldə edir. Halbuki onun iddiaçının mülkiyyətinə əldə edilməsi ilə bağlı xərclərin müəyyən hissəsini cavabdeh çəkmişdir. Həmçinin iddiaçının lizinq obyektini yenidən lizinqə veridiyi iddiaçı tərəfindən təsdiq edilmişdir.

50. Digər tərəfdən, xx.xx.2023-cü il tarixli İF/06080 nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən, bu müqavilə vaxtından əvvəl ləğv edildikdə tərəflər arasında hesablaşma bütün haqlı tələblərin ödənilməsi prinsipi ilə aparılır. Bütün hallarda lizinq obyekti geri verilən günə qədər müqavilə ilə müəyyən edilmiş lizinq ödənişləri tam məbləğdə ödənilməlidir (6.6).

51. Göründüyü kimi, müqavilə birtərəfli qaydada ləğv edildikdən sonra hesablaşmanın bütün haqlı tələblərin ödənilməsi prinsipi ilə həyata keçiriləcəyi bilavasitə müqavilədə də razılaşdırılmışdır.

52. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, lizinq ödənişi, dəymiş zərər və ekspertə ödənilən məbləğin cəmini təşkil edən 6821,25 (lizinq ödənişi 4064,4 + zərər 2500 + ekspertə ödənilən məbləğ 50) manat məbləğində puldan avans məbləği olan 4500 manat çıxılmalı, lizinq ödənişinin tutulması barədə iddia tələbi 2321,25 manat (6821,25- 4500) hissəsində təmin edilməlidir.

b) Məhkəmə xərcinin tutulması ilə bağlı

53. İddiaçı eyni zamanda ödənilmiş 107 manat dövlət rüsumunun tutulmasını tələb edir.

54. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən ********** nömrəli mədaxil qəbzi əsasında 107 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsinə görə dövlət büdcəsinə ödənilmişdir.

55. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

56. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

57. Beləliklə, məhkəmə iddia tələbinin qismən təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.

V. Nəticə:

58. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli İF/06080 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə 2321,25 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar