Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3069/2023 16.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə ödənilmiş 46.581,50 manat məbləğində vəsaitin cavabdehdən alınaraq iddiaçıya qaytarılması, 2022-ci ilin dekabr ayı üzrə hesablanmış 12.660 manat məbləğində borcun silinməsi, Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsinə görə 46.581,50 manat məbləğindən 9 % faiz məbləği, yəni ki, 4.192,33 manat faiz məbləğinin cavabdehdən tutularaq iddiaçıya qaytarılması, ödənilmiş 410 manat dövlət rüsumu və 200 manat vəkil xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Azəriqaz İB arasında 2020-ci il 23 iyun tarixində bağlanmış AMX-3603/20 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin surətindən görünür ki, cavabdeh iddiaçını keyfiyyətli qazla təmin etməyi, iddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq cavabdehin hesabına ödəməyi öhdələrinə götürmüşlər. Müqavilənin 3.3. maddəsinə əsasən “Paylayıcı İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın Paylayıcı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur”. Müqavilənin 3.5. maddəsinə əsasən “İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin ödənilməsini Paylayıcı İstehlakçıdan tələb edə bilməz”. Qaz Təchizatı üçün 11 iyul 2016-cı il tarixli 1014 saylı Texniki Şərtin 2.1. maddəsinə əsasən qaz təchizatının mənbəyi Lənkəran QPS-də quraşdırılan orta təzyiqli sənaye kollektorundan qəbul edilməsi müəyyən olunmuşdur. X1 2.3. maddəsinə uyğun olaraq 25 sentyabr 2017-ci il tarixli ******* saylı akta əsasən mənbədə Lənkəran QPS-də G400 markalı 80116833 saylı sayğac quraşdırılmışdır. 25 sentyabr 2017-ci il tarixli 29/1040 arayışa əsasən quraşdırılmış sayğac yararlı olmuşdur. Qaz təchizatının aylıq hesabatı həmin sayğacın göstəricisinə uyğun aparlır və hər ayın sonu cavabdeh tərəfindən hesab-faktura təqdim edilir. Qeyd olunan hallar onu deməyə əsas verir ki, balans mənsubiyyətinin və sayğacın qaz paylayıcının ərazisində quraşdırılması, nəzərə alaraq ki, həmin ərazi mühafizə olunan ərazidir və nəzarət qaz paylayıcının üzərində olmuşdur, bu halda istehlakçının həmin sayğaca hər hansı şəkildə müdaxilə etməsi, qanunsuz istifadə etməsi və ya qanunsuz qoşulması hallarını istisna edir. Buna baxmayaraq, cavabdehin aşağıda göstərilən qanunsuz hərəkətləri nəticəsində iddiaçıdan 46581,50 manat artıq ödəniş alınmış və 2022-ci ilin dekabr ayına görə əsassız 15466,39 manat borc hesablamışdır. Belə ki, qaz paylayıcı qanunsuz olaraq 29 iyul 2022-ci il tarixində təbii qazın uçotunun pozulması barədə L-00001 Q saylı Akt tərtib etmişdir. Həmin aktda guya sayğacın xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qaz sərfiyyatını qeyd etmədiyi və buna görə də, 186326 kub.m. sərfiyyatın hesablandığı qeyd olunur. Həmin akt iddiaçı tərəfindən qəbul edilməmiş və imzalanmasından imtina edilmişdir. Birincisi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalarına” və alqı-satqı müqaviləsinə əsasən ödəniş qaz sərfiyyatının göstəricilərinə əsasən hesablanmlıdır. İkincisi, aktın məzmunundan da göründüyü kimi bü cür aktlar yalnız qanunsuz qazdan istifadə hallarına şamil edilir. Məlum olmur ki, istehlakçı hansı qanunsuz istifadə hallarına yol vermişdir?. Üçüncüsü, sayğac sərfiyyatı qeyd etməyibsə bəs onda nəyə görə xx.xx.2022-ci il tarixində 9674 kub.m. sərfiyyat hesablanmış və ödəniş üçün 2418,50 MANAT dəyərində hesab-faktura təqdim edilmiş və xx.xx.2022-ci il tarixində 19265 kub.m. sərfiyyat hesablanmış və ödəniş üçün 4816,25 MANAT dəyərində hesab-faktura təqdim edilmişdir. Göründüyü kimi, cavabdeh hesabat aylarından xeyli vaxt keçdikdən sonra akt tərtib etmiş və həmin akta görə istehlakçını məcburi qaydada borclandırmışdır. Dördüncüsü, 31 iyul 2022-ci il tarixli hesab-fakturadan görünür ki, rəqəmlər sayğacın göstəriciləri ilə üst-üstə düşmür. Belə ki, iyul ayında sərfiyyat 24455 kub. m. olmuşdur. (iyun ayında ******* kub. m.- iyul ayında ******* kub. M.). İyul ayında qaz sərfiyyatı 24455 kub.m. olduğu halda cavabdeh yuxarıda qeyd edilən akta əsasən hesabladığı 186326 kub. m. qazın sərfiyyatını iyul ayının hesabatına salmışdır. İyul ayında 24455 kub. m. sərfiyyata görə 6113,75 manat məbləğində hesab-faktura təqdim edilməli olduğu halda qaz paylayıcı akta əsasən hesabladığı 46581.50 manat borcu (186326 kub.m*0,25) iyul ayının hesabatına salmışdır. Beləliklə, 2022-ci ilin iyul ayı üçün normadan artıq 46581.50 manat borc hesablanmışdır. Cavabdeh tərəfindən 10 avqust 2022-ci il tarixində 683815 saylı elektron qaimə-faktura təqdim edilmiş və avtomotik olaraq sistem tərəfindən təsdiq edilmişdir. Təbii ki, həmin vaxt təqdim edilmiş qaimədə qazın dəyəri düzgün hesablanmadığı üçün qaimənin dəyəri ödənməmişdir. Hər dəfə elektron qaimə-fakturaya düzəliş edilməsini şifahi qaydada cavabdehdən xahiş edilməsinə baxmayaraq elektron qaimə fakturaya düzəliş edilməmişdir. Yalnız 19 yanvar 2023-cü il tarixində cavabdeh iddiaçıya pretenziya göndərmiş və iyul ayında hesablanmış borcun ödənilmədiyi təqdirdə qaz təchizatını dayandıracağını bildirmişdir. Qazın verilişi 22-23 yanvar tarixlərində qısa müddətli dayandırılmışdır. İddiaçının otelçilik sahəsində fəaliyyət göstərməsini nəzərə alaraq qaz təchizatını bərpa etməkdən ötrü iyul ayında qanunsuz hesablanmış borcun ödənilməsinə məcbur olmuşdur. Beləliklə, iddiaçı 25 yanvar 2023-cü il tarixində 006AZ**********6 ödəniş tapşırığı ilə 2022-ci ilin iyul ayında əsassız hesablanmış ƏDV daxil 52695,25 manat borc məbləğini məcburi qaydada cavabdehə ödəmişdir. Bundan başqa yuxarıdakı qanunsuz hesablamanın aparılmasını təsdiq etməkdən ötrü aşağıdakı sənədlərə nəzər yetirmək yerinə düşmüş olar. Belə ki, xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən G400 markalı 80116833 saylı sayğac çıxarılaraq laboratoriya yoxlanışına göndərilmişdir. Azəriqaz İB-nin Metrologiya Depatamentinin xx.xx.2022-ci il tarixli 02784 saylı qüsur Aktına əsasən sayğacın batareyasının sıradan çıxması qeyd olunmuşdur. Azəriqaz İB-nin xx.xx.2023-cü il tarixli müraciətə baxılmasının nəticəsi barədə məktubuna əsasən qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında 24 sentyabr 2022-ci il tarixli SS №29/1640-02002 saylı Akt təqdim olunmuşdur. Həmin aktın məzmunundan göründüyü kimi, yoxlama nəticəsinə görə xətalar normaya uyğundur, sayğacın mexaniki hissəsi işləkdir, batareya tələb olunur. Laboratoriya yoxlama nəticəsində sayğacın düzgün işləməməsi, qanunsuz müdaxilə halları və ya düzgün sərfiyyatın aparılmadığı halları öz təsdiqini tapmamışdır. Belə olduğu halda, cavabdehin 2022-ci ilin iyul ayında 46581.50 manat dəyərində artıq borc hesablaması öz təsdiqini tapmış olur. Bundan başqa, cavabdeh 2022-ci ilin dekabr ayı üçün iddiaçının üzərinə yanlış olan borc məbləğini hesablamışdır. Cavabdehin təqdim etdiyi xx.xx.2023-cü il tarixli hesabfakturaya əsasən 2022-ci ilin dekabr ayında qaz sərfiyyatı 63002 kub.m. olduğu müəyyən olunur və buna görə də ƏDV daxil 15750,50 manat borc hesablanmışdır. Lakin cavabdeh iddiaçıya məxsus 80116833 saylı qaz sayğacına əlavə olaraq əsassız 50642 kub.m. qaz sərfiyyatını hesablamışdır. Cavabdeh iddiaçıya ümumilikdə, 28411 manat dəyərində elektron qaimə-faktura təqdim etmiş, lakin iddiaçı həmin elektron qaimə-fakturanın sərfiyyata uyğun gəlmədiyi üçün ödəməkdən imtina etmişdir. Cavabdeh 10 aprel 2023-cü il tarixli Pretenziya ilə müraciət edərək 28411 manat dəyərində borcun ödənilməsini tələb etmiş və borc ödənilmədikdə qazın dayandırılacağını bildirmişdir. Göründüyü kimi, cavabdeh iddiaçıdan həm artıq pul almış, həm də cavabdehə əlavə olaraq əsassız borc hesablamışdır. İddiaçı 2022-ci ilin iyul ayına görə məcburi qaydada ödətdirilmiş borc məbləğinin geri qaytarılmasını və 2022-ci ilin dekabr ayında əsassız hesablanmış 50642 kub.m. sərfiyyata görə yaranmış 12660 borc məbləğinin abonent saldosundan silinməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. 10 avqust 2022-ci il tarixində 683815 saylı elektron qaimə-fakturanın 46581.50 manat məbləğində hesablanan borc hissəsi etibarsız hesab edilməli və həmin məbləğ cavabdehə ödənildiyi üçün ondan tutularaq iddiaçıya geri qaytarılmalı, 29 iyul 2022-ci il tarixində təbii qazın uçotunun pozulması barədə L-00001 Q saylı akt etibarsız hesab edilməli və 2022-ci ilin dekabr ayında hesablanmış 12660 manat borc iddiaçının abonent saldosundan silinməlidir. İddiaçı haqlı olaraq artıq ödənilmiş 46581.50 manat məbləğin üzərinə Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsinə əsasən 9 % faiz hesablamışdır. Beləliklə, cavabdeh iddiaçının pulunu qanunsuz saxladığına görə 9 % yəni ki, 4192,33 manat məbləğində faiz ödəməlidir
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, iddiaçı məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir.
9. İşin müəyyən edilmiş halı ondan ibarətdir ki, Cavabdeh ilə "xxxx" MMC arasında AMX-3603/20 saylı, 2020-ci il 23 iyun tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir.
10. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin ödənilməsini paylayıcı istehlakçıdan tələb edə bilməz.
11. Müqavilə hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
12. Məhkəmə qeyd edir ki, hazırkı iddia şərti olaraq 2 hissədən ibarətdir: 1-ci hissə ödənilmiş 46.581,50 manat pulun geri qaytarılması, 2-ci hissə isə 2022-ci ilin dekabr ayı üzrə hesablanmış 12.660 manat məbləğində borcun silinməsi.
13. Məhkəmə iddianın ödənilmiş 46.581,50 manat pulun geri qaytarılması ilə bağlı aşağıdakıları qeyd edir.
14. İddiaçı tərəf 46.581,50 manat pulun əsassız olaraq hesablandığını və qeyd edilmiş pulun məcburiyyət qarşısında qalaraq otelə qaz verilməsinin dayandırılmaması üçün ödədiklərini bildirir.
15. İş materiallarına əlavə olunmuş abonentin saldosundan görünür ki, qeyd edilmiş məbləğdə borc iddiaçıya 2022-ci ilin iyul ayı üçün akt əsasında hesablanmışdır.
16. iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli təbii qazın uçotunun pozulması haqqında aktdan görünür ki, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə sayğacın sərfiyyatı qeyd etmədiyi, sayğacın işlətdiyi dövrdə sərfiyyatın Qs-146 kub metr/s olduğunu nəzərə alsaq: 146x(54x24)=189216 kub metr-2890 kub metr (sayğacın qeyd etdiyi)=186326 kub metr sərfiyyatın hesablandığı qeyd olunmuşdur.
17. xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən G400 markalı 80116833 saylı sayğac çıxarılaraq laboratoriya yoxlanışına göndərilmişdir.
18. İşdə olan xx.xx.2022-ci il tarixli rəydən görünür ki, qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında aktda xətaların normaya uyğun olduğu, sayğacın mexaniki hissəsinin işlək olduğu, batareya tələb olunduğu qeyd olunmuşdur.
19. 31.07.2022-ci il tarixli hesab-fakturaya əsasən həmin tarixə (iyul ayına) borc məbləği 52.695,53 manat hesablanmışdır.
20. Məhkəmə abonent saldosunun və hesab-fakturanın müqayisəli təhlilindən belə nəticəyə gəlir ki, cavabdeh xx.xx.2022-ci il tarixli akta əsasən hesabladığı sərfiyyatı (186326 kub metr x 0,25=46.581,5) iyul ayının hesabatında qeyd etmişdir.
21. İş materiallarına əlavə olunmuş ödəniş sənədlərindən və abonentin saldosunun 2023-cü ilin yanvar ayı üçün ödəniş qrafasından görünür ki, iddiaçı 52.695,2 (6.114 manat hissəsi ilə iddiaçı razıdır) manat məbləğində pulu ödəmişdir.
22. Məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixli aktda xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə sayğacın sərfiyyatı qeyd etmədiyi nəzərdə tutulsa da, qeyd edilən hal inandırıcı deyildir. Belə ki, əgər sayğac işlək vəziyyətdə olmasa idi, sayğac hətta 17-30 may, iyun və iyul ayları üzrə də, sərfiyyatı qeyd etməmiş olardı. Ancaq göründüyü kimi, həmin vaxtlarda normal olaraq sayğac sərfiyyatı qeyd etmiş və ancaq bundan sonra 10 avqust tarixində sayğac çıxarılaraq laboratoriya yoxlanışına göndərilmişdir.
23. Həmçinin də Məhkəmə qeyd edir ki, abonentin saldosunda aprel ayı üçün “0” göstəricinin olması məhz həmin ay üçün cavabdehin iddiaçıya hesab-faktura verməməsi yəni, hesablama aparılmadığı səbəbindəndir.
24. Bundan başqa da, qeyd edilməlidir ki, cavabdeh tərəf Məhkəmə iclaslarına gəlməmiş və ümumiyyətlə iddiaya etirazını belə bildirməmişdir.
25. Ona görə də, Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış və iddiaçı tərəfindən ödənilmiş olan 46.581,50 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir.
26. Məhkəmə iddianın Mərkəzi Bankının uçot dərəcəsinə görə 46.581,50 manat məbləğindən 9 % faiz məbləği, yəni ki, 4.192,33 manat faiz məbləğinin tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
27. İddiaçı tərəf qeyd edilən pulu Mülki Məcəllənin 449.1-ci maddəsinə istinad edərək tələb edir.
28. Həmin maddənin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
29. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur.
30. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı sübut etməlidir ki, cavabdeh onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir.
31. Hazırkı halda, isə iddiaçı tərəf cavabdehin onun vermiş olduğu puldan faydalanması halını sübut edə bilməmişdir. Ancaq cavabdeh tərəf iddiaçının pulunu əsassız olaraq qaytarmadığından iddiaçı kreditor, cavabdeh isə borclu olmuş və ona görə də, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbləri baxımından pul hesablanmalı və iddiaçının xeyrinə tutulmalıdır.
32. İş materiallarında olan ödəniş sənədlərindən görünür ki, cavabdeh tərəfindən hesablanmış 46.581,50 manat məbləğində pul tam olaraq iddiaçı tərəfindən son olaraq 2023-cü ilin yanvar ayında ödənilmişdir.
33. 46.581,50 manat pulun tam olaraq 2023-cü ilin yanvar ayında ödənməsi və iddia ərizəsinin də məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olması nəzərə alındığında görünür ki, təxmini 4 aya yaxın vaxt keçmişdir. Ancaq Məhkəmə hesab edir ki, məbləğin ağlabatan hesablanması üçün 1 ay üçün illik 5 faiz məbləğində pul hesablanmalı və cavabdehdən tutulmalıdır.
34. Ona görə də, 46581,50 manat borca illik 5 faiz hesablanmaqla 194,08 (46581,50x5/100=2329,075 (1 il üçün), 2329,075/12=194,08 (1 ay üçün) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
35. Məhkəmə iddianın 2022-ci ilin dekabr ayı üzrə hesablanmış 12.660 manat məbləğində borcun silinməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir.
36. İş materiallarına əlavə olunmuş abonentin saldosundan görünür ki, qeyd edilmiş məbləğdə borc iddiaçıya 2022-ci ilin dekabr ayı üçün akt əsasında hesablanmışdır.
37. Ancaq bu barədə Cavabdeh İB tərəfindən hər hansı bir ayrıca akt tərtib edilməmişdir. Sadəcə olaraq Lənkəran XS-üzrə rəis muavini Feyziyev Telman tərəfindən imzalanmış “sənaye tipli qaz sayğaclarında uçotaalınmayan qaz həcminin müəyyən olunması haqqında” bir sənəd imzalanmışdır. Ancaq qeyd edilən sənədin akt və yaxud qərar və yaxud məktub olması belə anlaşılan deyildir.
38. Qeyd edilmiş sənəddə də, hətta İddiaçınə məxsus Elster G-400 TRZ EK-230 markalı 80116833 nömrəli qaz sayğacında 50642 kub metr uçota alınmayan qazın həcmi müəyyən edilməsinin nə ilə bağlı olması, iddiaçı tərəfindən hansı pozuntunun edilməsi və yaxud bu kimi heç bir hal qeyd edilməmiş və əsassız olaraq iddiaçıya 12.660 manat borc hesablanmışdır.
39. Belə olan halda məhkəmə hesab edir ki, 2022-ci ilin dekabr ayı üzrə hesablanmış 12.660 manat məbləğində borc artıq hesablanmışdır və silinməlidir.
40. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan və xx.xx.2023-cü il tarixli ödəniş sənədindən görünür ki, İddiaçı tərəfindən Bakı 01 saylı Mediasiya Təşkilatına 410 manat məbləğində pul ödənilmişdir.
41. Ona görə də, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 410 (dörd yüz on) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir.
42. Bundan başqa,iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ödəniş sənədindən görünür ki, İddiaçı tərəfindən Gəncə şəhər 01 saylı Vəkil Bürosunun hesabına 200 manat məbləğində pul ödənmişdir.
43. Ona görə də, hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir.
44. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
45. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. 46.581 (qırx altı min beş yüz səksən bir) manat, 50 (əlli) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. 2022-ci ilin dekabr ayı üzrə hesablanmış 12.660 (on iki min altız yüz altmış) manat məbləğində borc silinsin. 46.581,50 manat pula illik 5% hesablanmaqla 194 (bir yüz doxsan dörd) manat, 08 (səkkiz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 410 (dörd yüz on) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov