Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3086/2025 26.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinin Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi, pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsi (açar sözlər: mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinin Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi, pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyi (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “müqavilənin ləğvi və pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 25 dekabr 2023-cü il tarixli müqavilənin ləğv edilməsi, 2024-cü ilin 29 yanvar və 26 fevral tarixlərində ödənilmiş 277300 manat vəsaitin və 55460 manat cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 15 sentyabr tarixli 781s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə X3”nın 8.4.3.2.1-ci yarımbəndi ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı və İqtisadiyyat nazirlikləri ilə birgə “Orqanik Naxçıvan” publik hüquqi şəxsin fəaliyyətinin təkmilləşdirilməsi və aqroklasterinin yaradılması tapşırığı verilmişdir. 2023-2024-cü illər üzrə X1 8.4.3.2.1-ci yarımbəndi üzrə verilmiş tapşırığın icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “İlkin infrastrukturunun qurulması üzrə layihə-smeta sənədlərinin tərtib olunması üçün xidmətlərin satınalınması” ilə bağlı tender elanı verilmişdir. Sözügedən tenderdə Cavabdeh (bundan sonra - Cəmiyyət) qalib olmuşdur. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.5-ci maddəsinin tələblərinə uyğun olaraq keçirilmiş tender barədə yekun protokol qeydiyyata alınması üçün Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə göndərilmiş və 2023-cü il 21 dekabr tarixdə 3946/2023 nömrə ilə qeydiyyata alınmışdır. Bundan sonra Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Cəmiyyət arasında 2023-cü il 25 dekabr tarixdə 554600 manat miqdarında müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilənin 2.3-cü bəndinə görə Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların (işlərin və ya xidmətlərin) Cəmiyyətdən qəbul edilməsini, dəyərinin hissələrlə və 30% olmaqla avans ödənilməsini öhdəsinə götürmüşdür. Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi müqavilə üzrə götürdüyü öhdəliyi icra etmək üçün 2024-cü ilin 29 yanvar tarixində 141000 manat (25380 manat ƏDV), 26 fevral tarixində isə 94000 manat (16920 manat ƏDV), ümumilikdə 277300 manat vəsaiti Cəmiyyətin hesabına köçürmüşdür. Muqavilənin 5.1-ci bəndinə görə İcraçı malların göndərilməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib malları (işləri və xidmətləri) Sifarişçiyə müəyyənləşdirilmiş qaydada təhvil verməlidir. Cəmiyyət götürdüyü öhdəliyə görə 2024-cü ilin yanvar ayında işə başlamalı və 120 təqvim günü ərzində yəni, 2024-cü il 1 may tarixində işləri tam yekunlaşdırmalı idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Lakin, Cəmiyyət hazırki vaxtadək qanunvericiliyin tələbini pozaraq müqavilə üzrə götürdüyü öhdəliyi icra etməmişdir. Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Cəmiyyət tərəfindən işlər 2024-cü il 1 may tarixinədək yekunlaşmalı olduğu halda həmin tarixdən hazırki vaxtadək yekunlaşmamışdır. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 443.4-cü maddəsinə uyğun olaraq əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Müqavilənin 19.1-ci bəndinə görə Cəmiyyət müqaviləni (və ya onun hər hansı hissəsini) tenderin əsas şərtlər toplusunda müəyyən olunmuş qaydada və müddət ərzində yerinə yetirmədikdə (gecikdirdikdə), Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi digər hüquqlara ziyan vurmadan müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş cərimə sanksiyaları (qarşısıalınmaz qüvvənin təsiri istisna olmaqla) tətbiq edir. Cərimələrin məbləğinin yuxarı həddi müqavilənin xüsusi şərtlərində göstərilir və bu məbləğ müqavilənin qiymətinin 10 faizindən çox olmamalıdır (hər gecikən gün, müqavilənin qiymətinin 0,1 faizi qədər). Cərimələrin məbləği müəyyənləşdirilmiş maksimuma çatdıqdan sonra Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi müqaviləni ləğv edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi lazımınca yerinə yetirmədiyi üçün cərimə ödəməlidir. Cərimənin yuxarı həddi müqavilə qiymətinin 10 %-dən çox olduğundan cavabdehə müqavilənin ümumi qiymətinin 10 %-i miqdarında cərimə hesablanmışdır. Müqavilənin ümumi qiymətinin məbləği 554600 manat olduğunu nəzərə alsaq onun 10 %-i 55460 manat edər. Müqavilə üzrə götürülmüş öhdəliyin icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dəfələrlə Cəmiyyətə yazılı və şifahi qaydada müraciət olunmuşdur. Lakin, Cəmiyyət hazırki vaxtadək müqavilə üzrə götürdüyü öhdəliyi tam şəkildə icra etməmişdir. Sonuncu dəfə Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2025-ci il 6 yanvar tarixli 3-22-24/2- 01/2025 nömrəli pretenziya məktubu ilə Cəmiyyətə müraciət edilərək Nazirlik tərəfindən 2024-cü ilin 29 yanvar və 26 fevral tarixlərində ödənilmiş ümumilikdə 277300 manat vəsaitin, həmçinin hər gecikdirilmiş gün üçün müqavilə qiymətinin 0,1 faizi miqdarında cərimənin ödənilməsi xahiş edilmiş, əks təqdirdə tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi və ödənilmiş vəsaitin geri qaytarılması ilə bağlı Nazirlik tərəfindən məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin, Cəmiyyət tərəfindən Nazirliyin məktubuna münasibət bildirilməmişdir.
3. Cavabdeh xx.xx.2025-ci il tarixdə qarşılıqlı iddia ərizəsi verərək, 25 dekabr 2023cü il tarixli, T-02/2023 nömrəli müqavilə üzrə ödənilməli olan 277300 manat pul vəsaitinin, layihədənkənar həyata keçirilmiş işlərə görə 332400 manat pul vəsaitinin, 900 manat dövlət rüsumunun, cəmi 609700 manat pul vəsaitinin Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyindən tutularaq Cavabdehnə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (bundan sonra Nazirlik) tərəfindən 2023-cü ildə “İlkin infrastrukturun qurulması üzrə layihə-smeta sənədlərinin tərtib olunması üçün xidmətlərin satınalınması” adlı tender elan olunmuşdur və Cavabdeh (bundan sonra MMC) tenderin qalibi olmuşdur. 25 dekabr 2023-cü il tarixdə Nazirliklə MMC arasında dəyəri 554600 (beş yüz əlli dörd min altı yüz) manat olan T-02/2023 nömrəli müqavilə bağlanmışdır. 29 yanvar və 26 fevral 2024-cü il tarixlərində Nazirlik tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş məbləğdən ümumilikdə 277300 (iki yüz yetmiş yeddi min üç yüz) manat MMC-nin bank hesabına ödənilmişdir. 28 dekabr 2023-cü il tarixdə Nazirliklə görüş keçirilmişdir. Görüşdə Cavabdeh MMC-nin rəhbəri Qanuni nümayəndə, MMC-nin baş mütəxəssisi və Naxçıvan MR-in Kənd Təsərrüfatı Nazirliyində nazir vəzifələrini müvəqqəti icra edən Xəyalə Dadaşova iştirak etmişdir. Görüşdə təqdim edilən konsepsiyalar üzrə MMC layihəni hazırlamağa başlamışdır. Lakin layihənin icrası müddətində zəruri olan məlumatların təqdim edilməsi ilə bağlı MMC adından edilmiş müraciətlərə lazımi qaydada cavab verilməmişdir. Bildiririk ki, MMC müqavilə üzrə öhdəliklərini icra edərkən, layihədənkənar öhdəlikləri də icra edərək müqavilədə nəzərdə tutulan bütün tələbləri öz növbəsində həyata keçirmişdir. 06 iyun 2024-cü ildə MMC tərəfindən layihə sənədləri Nazirliyə təhvil verilməsi üçün Naxçıvan Muxtar Respublikasına gətirilmiş, lakin bu zaman Nazirlik təhvil-təslim aktını imzalamaqdan və işi təhvil almaqdan imtina etmişdir. Bundan sonra 02 iyul 2024-cü il tarixdə və 23 avqust 2024-cü il tarixdə görülmüş işlər MMC tərəfindən Nazirliyə təqdim olunmuşdur. 22 iyul 2024-cü il tarixdə Səlahiyyətli Nümayəndəlikdə keçirilən iclasda MMC-nin aldığı tapşırığa əsasən, layihə-smeta sənədlərində nəzərdə tutulan məsələlər İbrahim Sancı ilə müzakirə edilməli və onunla razılışdırılmalıdır. İbrahim Sancıya görülmüş layihə-smeta sənədləri və torpaq analizlərinin cavabları elektron versiyada (mail vasitəsilə) və çap formatında təhvil verilmişdir. İbrahim Sancı ilə müzakirə aparılmış və müzakirə zamanı ərazidə aparılmış torpaq analizlərinin nəticələri onu qane etmədiyi üçün təkrar torpaq analizlərinin aparılmasına zərurət yarandığını bildirmişdir. Bu zaman MMC tərəfindən bildirilmişdir ki, torpaq analizləri Türkiyə Respublikasında yerləşən laboratoriyada aparılmış və tələb olunan bütün sertifikatlar İbrahim Sancıya təqdim edilmişdir. Buna baxmayaraq, İbrahim Sancı MMC ilə razılaşmamış və bildirmişdir ki, təkrar analizə ehtiyac var. İbrahim Sancı tərəfindən bildirilmişdir ki, o və mütəxəssis heyəti tərəfindən yenidən layihə sənədlərinin hazırlanmasınadək layihənin icrası MMC tərəfindən dayandırılmalıdır. 10 sentiyabr 2024cü il tarixdə Nazirliyin əməkdaşları ilə ərazidə təkrar görüş keçirilmiş, müzakirələr aparılaraq layihənin davam etdirilməsinə tapşırıq verilmişdir. 13.23-25 sentyabr 2024-cü il tarixdə X2 Agentliyi ilə MMC arasında görüş həyata keçirilmiş, görüşdə icra olunmuş layihə Agentliyin nümayəndələrinə təqdim edilmiş və bəyənilmişdir. 14.Nazirliyin tapşırığına əsasən, Bakı şəhərində yerləşən Kənd Təsərrüfatı Nazirliyinin “Aqroservis” İdarəsinə bütün layihə-smeta sənədləri elektron formatda, elektron ünvanlarına göndərilmişdir. 25 noyabr 2024-cü il tarixdə görüş keçirilmişdir və təqdim etdiyimiz sənədlərə dair heç bir irad tutulmamışdır. 15.02 dekabr 2024-cü il tarixdə yekun layihəsmeta sənədlərini təhvil vermək üçün MMC-nin əməkdaşı 5 iş günü ərzində Nazirlikdə olmağına baxmayaraq, təhvil-təslim üçün əməkdaş ayrılmamışdır. 16.25 dekabr 2023-cü il tarixli, T-02/2023 nömrəli müqavilənin 5.4-cü bəndinə əsasən, Sifarişçi müqavilə üzrə göndərilmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin təxirəsalınmadan qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür. 17.2024-cü ilin iyun ayında Nazirlik tərəfindən Naxçıvan Muxtar Respublikasının Prokurorluğuna müraciət edilərək MMC-nin müqavilə üzrə verilən pul vəsaitlərini guya şəxsi məqsədlər üçün istifadə etməsini, müqavilə şərtlərinin icra edilmədiyini və layihənin icra edilmədiyini bildirmişdir. Nazirliyin şirkət haqqında Prokurorluğa müraciəti tamamilə böhtan xarakteri daşıyan məlumatlarla əks olunmuşdur və tərəflər arasında bağlanmış müqavilə üzrə Nazirlik tərəfindən ödənilməli olan qalıq xidmət haqqının ödənilməsindən yayınmaq məqsədi daşımışdır. Araşdırmanın gedişatında MMC-nin rəhbəri Qanuni nümayəndə və layihə üzrə digər səlahiyyətli nümayəndələr və Nazirliyin nümayəndəsi izahatlar vermiş, MMC-nin müqavilə üzrə və müqavilədənkənar gördüyü işlər Prokurorluğa təqdim olunmuşdir. İş üzrə hər hansı qanun pozuntusu olmadığına görə cinayət işinin başlanılması rədd edilmişdir. Həmçinin, prokurorluq tərəfindən MMC-nin layihədənkənar tələblərin də həyata keçirməsi faktı da müəyyən olunmuşdur. Belə ki, ümumi tikinti sahəsi müqavilə üzrə 49.000 m2 olsa da, ümumilikdə 122.000 m2 sahədə layihə həyata keçirilmiş, ayrılmış sahə müqavilə üzrə 2069 ha olmuş, lakin layihə ümumilikdə 3543.92 ha sahədə icra edilmiş, pivot və müasir suvarma layihə tapşırığında 963 ha göstərilmiş, lakin 2562 ha ərazidə yerinə yetirilmişdir. 21.06 yanvar 2025-ci il tarixdə Nazirlik tərəfindən pretenziya məktubu göndərilərək, MMC tərəfindən müqavilə üzrə götürülmüş öhdəliyin icra edilməməsi və layihənin hazırki vaxtadək təqdim edilmədiyi göstərilmişdir və bu hal əsas gətirilərək 29 yanvar və 26 fevral 2024-cü il tarixlərdə müqavilə üzrə ödənilmiş pul vəsaitlərinin geri qaytarılması tələb edilmişdir. Hazırda ilkin iddiaçı və qarşılıqlı cavabdeh Nazirlik tərəfindən iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət olunaraq tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi, ödənilmiş 277300 (iki yüz yetmiş yeddi min üç yüz) manat məbləğinin və 55460 (əlli beş min dörd yüz altmış) manat cərimə məbləğinin MMC-dən tutulması əsassız olaraq tələb edilmişdir. Aşağıdakı hallara görə ilkin iddia tələbi rədd edilərək, qarşılıqlı iddianın tam təmin edilməsi barədə qətnamə qət edilməlidir.
5. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3086/2025 saylı, 10 aprel 2025-ci il tarixli qərardadı ilə Cavabdeh MMC tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir.
6. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia ərizəsinə yazılı etiraz təqdim edərək, qarşılıqlı iddia ərizəsinin rədd olunmasını xahiş etmişdir.
7. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 15 sentyabr tarixli 781 s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial- iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün 'Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə X4’nm 8.4.3.2.1-ci yarımbəndinə (“Orqanik Naxçıvan” publik hüquqi şəxsin fəaliyyətinin təkmilləşdirilməsi və aqroklasterinin yaradılması) əsasən “İlkin infrastrukturunun qurulması üzrə layihə-smeta sənədlərinin tərtib olunması üçün xidmətlərin satınalınması” ilə bağlı iddiaçı tərəfindən tender elanı verilmişdir. Həmin tenderin əsas şərtlər toplusunda aqroklasterin (aqroparkın) ilkin infrastrukturun üçün 2069 hektar torpaq sahəsində 109900m2 tikinti sahəsi, müasir suvarma (pivot, damla, çiləmə) sisteminin qurulması 963 hektarda, meliorativ tədbirlərin görülməsi, torpaqların yuyulması və drenaj şəbəkəsinin qurulması 796 hektarda, torpaq sahəsinin münbitləşdirilməsi və ərazidə müasir suvarma (pivot, damla, çiləmə) sisteminin qurulması 796 hektarda müəyyənləşdirilmişdir. Tərəflər arasında 2023-cü il 25 dekabr tarixli T-02/2023 nömrəli müqavilə yuxarıda qeyd edilən işlərin görülməsi məqsədilə bağlanmışdır. Hazırki vaxtadək qeyd olunan müqavilənin şərtlərində dəyişiklik edilməsi ilə bağlı tərəflər arasında rəsmi qaydada razılaşma olmamış və müqavilədə müvafiq dəyişiklik edilməmişdir. Bu səbəbdən cavabdeh müqavilədə və tenderin əsas şərtlər toplusunda müəyyən edilmiş müddəalar üzrə işləri görərək təhvil verməli idi. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 15 sentyabr tarixli 781 s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Təfsilatlı Tədbirlər PlanTnın 8.4.3.2.1-ci yarımbəndi (“Orqanik Naxçıvan” publik hüquqi şəxsin fəaliyyətinin təkmilləşdirilməsi və aqroklasterinin yaradılması) üzrə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti əsas icraçı (Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi) qismində müəyyən edilmişdir. Həmin bəndin icra müddəti isə 2023-2024-cü illəri əhatə etmişdir. Cavabdeh bağlanmış müqaviləyə etinasız yanaşaraq öhdəliklərinin icrasını uzun müddət gecikdirmişdi. Layihəndirmə aparılarkən ilk növbədə ərazinin kommunikasiya (qaz, su, elektrik, rabitə, yol, süni göl və s) xətləri müəyyən edilməlidir. Cavabdeh ərazinin layihələndirilməsini apararkən ilk növbədə həmin ərazidə olan koomunikasiya xətləri ilə bağlı texniki şərtləri əldə etməli idi. Lakin, cavabdeh 2024-cü ilin İİİ rübünədək bu işləri görməmiş, iddiaçının layihənin icrasının qısa müddətdə yekunlaşdırılması məqsədilə etdiyi çoxsaylı müraciətləri nəticəsində sözügedən məlumatların alınması üçün cavabdeh tərəfindən iddiaçıya müraciət edilmişdir. Qeyd olunan məlumatların alınması iddiaçının vəzifə səlahiyyətlərinə aid olmasa da layihələndirmə işlərini sürətləndirmək məqsədilə iddiaçı müvafiq məlumatları Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən, Naxçıvan Muxtar Respublikasının X6 Agentliyindən, Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətindən, Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidmətindən alaraq 2024-cü ilin 5 və 30 sentyabr tarixlərində 4-22-680/2025 və 4-22/2-754/2025 nömrəli məktublarla cavabdehə təqdim etmişdir. Bu onu göstərir ki, cavabdeh həmin ərazidən keçən koomunikasiya xətlərinə dair məlumatı olmadığından 2024-cü ilin sentyabr ayınadək ya layihələndirmə işini aparmamış və yaxud yanlış aparmışdı. Bu səbəbdən cavabdeh tərəfindən tərtib edilmiş təhvil-təslim aktının qəbul edilməsi məqsədəuyğun hesab edilməmişdir. Eyni zamanda cavabdeh layihələndirmə ilə bağlı sənədləşməni də qanunvericiliyin tələbinə uyğun həyata keçirməmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi tikinti layihələrini müvafiq bölmələrə bölür: mühəndisaxtarış işləri;tikinti ərazisinin baş planı; memarlıq-planlaşdırma və konstruksiya bölməsi; mühəndis-kommunikasiya təminatı bölməsi; texnologiya bölməsi (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda); ekologiya bölməsi (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda); tikinti işlərinin təşkili bölməsi; smeta bölməsi (tikintisi dövlət vəsaitləri hesabına maliyyələşdirilən obyektlər üçün). Cavabdeh tərəfindən layihə üzrə görülmüş işlərin təqdim edilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada deyil pərakəndə şəkildə həyata keçirilmişdir. Həmin pərakəndəlik nəticəsində cavabdeh iddiaçıya təqdim etdiyi sənədlərdə yanlışlığa yol vermişdi. Belə ki, cavabdeh iddiaçıya ünvanladığı 2024-cü il 29 aprel tarixli məktubunda layihə sənədlərini 2 (iki) ay sonra yəni 6 iyun tarixində iddiaçıya təqdim edildiyini bildirmişdi. Aprel ayında yazılan məktuba layihə sənədlərinin iyun ayında iddiaçıya təqdim edilməsi absurddur. Cavabdeh layihə smeta sənədlərini hazırlayarkən ilk növbədə tikinti ərazisinin baş planını təqdim etməli olduğu halda bunu etməmişdir. Baş plan olmadan isə layihə ilə əlaqədar hər hansı bir qərarın qəbul edilməsi mümkün deyil. Eyni zamanda cavabdeh tərəfindən iddiaçıya təqdim edilən layihə sənədlərinə baxış keçirilərkən həmin sənədlərin natamam hazırlandığı məlum olmuşdur. Belə ki, tenderin əsas şərtlər toplusunun 7 nömrəli əlavəsində istehsal zonası üzrə 3000 başlıq 2 ədəd (damazlıq və əmtəəlik) hinduşka təsərrüfatı, kəsim və məhsulların ilkin toplanması və saxlanması üçün qapalı yerlər, işçilərin geyinib soyunması, qidalanması, istirahəti, texniki təminat və mühafizə otaqları və nəqliyyat vasitəsinin saxlanması üçün talvar layihələndirilməli idi. Cavabdeh 2024-cü il 19 dekabr tarixli məktubla iddiaçıya təqdim etdiyi təhvil-təslim aktında isə quş fermasının damazlıq və yaxud əmtəəlik olması bilinmir. Halbuki, damazlıq və əmtəəlik təsərrüfatı bir-birindən həm ərazi həm də avadanlıq baxımından fərqlənir. Qeyd edilən çatışmazlıqlar 1000 başlıq 2 ədəd iribuynuzlu avtomatlaşdırılmış heyvandarlıq təsərrüfatında və digər sahələrdə də mövcuddur. Eyni zamanda cavabdehin hazırkı vaxtadək layihənin natamam işlənməsi faktını həmin təhvil-təslim aktı sübut edir. Belə ki, tenderin əsas şərtlər toplusunun 7 nömrəli əlavəsinin “Tədarük, təchizat, logistika və digər yardımçı zonalar” bölməsinə 6000 m2-lik 3 bölməli soyuducu anbarın layihələndirilməsi qeyd olunmuşdur. Lakin təqdim edilmiş təhvil-təslim aktlarında 6000 m2-lik 3 bölməli soyuducu anbarla və layihənin smetası ilə bağlı məlumat olmamışdır. Həmçinin cavabdeh 2024-cü il 15 iyun tarixdə iddiaçıya məktub ünvanlayaraq torpaq üzərində aparılmış analizlərə dair sənədləri Türkiyə Respublikasına göndərdiyini, oradan isə cavab gəlmədiyindən layihə-smeta sənədlərinin təhvil verilmə müddətinin gecikdirilməsinin nəzərə alınmasını xahiş etmişdir. Lakin 2024-cü il 29 aprel və 2 iyul tarixli məktublarla “Orqanik Naxçıvan” Aqroklasterin (Aqroparkın) ilkin infrastrukturunun qurulmasına dair təhvil-təslim aktlarını təqdim etmişdi. Torpağın göstəriciləri ilə bağlı məlumat olmadan layihə üzrə obyektin memarlıq hissəsinin hazırlanması düzgün deyil. Bu onu göstərir ki, cavabdeh hazırki vaxtadək müqavilə üzrə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir. Qeyd edilən məsələlər təhvil-təslim aktlarında göstərilən digər bölmələr üzrə də layihələndirmənin mövcud normativlərin tələbinə uyğun hazırlanmasına şübhə yaradır. Bu səbəbdən cavabdeh tərəfindən hazırlanmış layihə sənədlərin mütəxəssis tərəfindən ekspertizasının keçirilməsi məqsədəuyğun hesab edilir. Cavabdehin qarşılıqlı iddia ərizəsində vəsaitin ödənilməsi məsələsi ilə əlaqədar bildiririk ki, 7 nömrəli əlavənin 2-ci bəndində satınalma müqaviləsinin icrası tam başa çatdıqdan, dövlət ekspertizasına təqdim edildikdən sonra (texniki təminat müddəti daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra (qüsurların aradan qaldırılmasını nəzərə almaqla) 15 bank günü ərzində müqavilə dəyərinin 50 faizinin (avans tələbinə uyğun 80 faizə kimi) ödənilməsi, 3-cü bəndində isə layihə-smeta sənədləri dövlət ekspertizasından keçirildikdən sonra (qüsurların aradan qaldırılmasını nəzərə almaqla) 15 bank günü müddətində satınalan təşkilatla malgöndərən (podratçı) arasında son haqq-hesab aparılır və həmin müddət ərzində yekun məbləğ malgöndərənə (podratçıya) ödənilməsi qeyd olunmuşdur. Sözügedən bənddən aydın başa düşülür ki, layihə tam başa çatdıqdan sonra cavabdeh layihə-smeta sənədlərini dövlət ekspertizasına təqdim etməlidi. Layihə-smeta sənədləri dövlət ekspertizasından keçdikdən sonra 15 bank günü müddətində satınalan təşkilatla malgöndərən (podratçı) arasında son haqq-hesab aparılır və həmin müddət ərzində yekun məbləğ malgöndərənə (podratçıya) ödənilməsi müqavilə dəyərinin 50 faizinin (avans tələbinə uyğun 80 faizə kimi) ödənilməsi mümkündür. Bu proseslər həyata keçmədiyindən cavabdehə maliyyə vəsaitinin ödənilməsi bağlanmış müqavilənin tələbinə ziddir. II. Tərəflərin mövqeləri:
8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi V.İbrahimov ilk iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddianın təmin edilməsi, qarşılıqlı iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə ilk iddia ərizəsinə etiraz edib yazılı etirazlarının məzmununa uyğun izahat verib ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 ilk iddia ərizəsinə etiraz edib yazılı etirazlarının məzmununa uyğun izahat verib ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
12. Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi “Orqanik Naxçıvan” publik hüquqi şəxsin Aqroklasterin (Aqroparkın) yaradılması məqsədilə ilkin infrastrukturun qurulması üzrə Layihə-smeta sənədlərinin tərtib olunması üçün xidmətlərin satınalınması (Açıq Tender) 02 nömrəli əsas şərtlər toplusuna əsasən tenderin predmeti Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu, Böyükdüz massivində Aqroklasterin (Aqroparkın) yaradılması məqsədilə ilkin infrastrukturun layihə-smeta sənədlərinin hazırlanması üzrə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun satın alınmasından ibarətdir.
13. Əsas şərtlər toplusunun 2-ci bəndinə əsaən tenderin məqsədi Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu, Böyük Düz massivində Aqroklasterin (Aqroparkın) yaradılması məqsədilə ilkin infrastrukturun layihə-smeta sənədlərinin hazırlanması üzrə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tender proseduru ilə icraçının seçilməsini təmin etməkdən ibarətdir.
14. Əsas şərtlər toplusunun 26.1-ci bəndinə əsasən tender məbləğinin ödənilməsi işin icra mərhələlərinə müvafiq olaraq, satınalan təşkilatla qalib gəlmiş iddiaçı arasında imzalanmış satınalma müqaviləsinə əsasən həyata keçiriləcəkdir.
15. İddiaçı (bundan sonra-sifarişçi) ilə cavabdeh (bundan sonra-icraçı) arasında xx.xx.2023-cü il tarixli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi “Orqanık Naxçıvan” Aqroklasterının (Aqroparkın) ilkin infrastrukturunun qurulması ilə bağlı layihəsmeta sənədlərinin satınalınması ilə bağlı Naxçıvan şəhərində bağlanmışdır.
16. Müqavilənin 2.1-ci bəndinə əsasən Tərəflər təsdiq edirlər ki, Sifarişçi “Orqanık Naxçıvan" Aqroklasterinin (Aqroparkın) ilkin infrastrukturunun qurulması ilə bağlı layihə smeta sənədlərinin satınalınması uçun İcraçının 554 600 manat (beş yüz əlli dörd min altı yüz) məbləğində tender təklifini qəbul etmişdir.
17. Müqavilənin 2.2-ci bəndinə əsasən Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların (işlərin və ya xidmətlərin) icraçıdan qəbul edilməsini, dəyərinin hissələrlə və 50% olmaqla avans ödənilməsini öhdəsinə götürür.
18. Müqavilənin 12.3-cü bəndinə əsasən müqavilə uzrə ödəmələr (avans ödənişi istisna olmaqla) Sifarişçi tərəfindən həmin müqavilədə nəzərdə tutulmuş işlərin görülməsinə mütənasib olaraq müqavilənin xüsusi şərtlənndə nəzərdə tutulmuş qaydada və müddətdə İcraçıya ödənilir. Satınalma müqaviləsinin icrası tam başa çatdıqdan (texniki təminat müddəti də daxıl olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra (qüsurların aradan qaldırılması nəzərə alınmaqla) 15 bank günü müddətində Sıfanşçı ilə İcraçı arasında son haqq-hesab aparılır və həmin müddət ərzində yekun məbləğ İcraçıya ödənilir.
19. Müqavilənin 19.1-ci bəndinə əsasən İcraçı müqaviləni (və ya onun hər hansı hissəsini) tenderin əsas şərtlər toplusunda müəyyən olunmuş qaydada və müddət ərzində yerinə yetirmədikdə (gecikdirildikdə) Sifarişçi digər hüquqlara ziyan vurmadan müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş cərimə sanksiyaları (qarşısıalınmaz qüvvənin təsiri istisna olmaqla) tətbiq edir. Cərimələrin məbləğinin yuxarı həddi müqavilənin xüsusi şərtlərində göstərilir və bu məbləğ müqavilənin qiymətinin 10 faizindən çox olmamalıdır ( hər gecikən gün müqavilənin qiymətinin 0,1 faizi qədər). Cərimələrin məbləği müəyyənləşdirilmiş maksimum çatdıqdan sonra Sifarişçi müqaviləni ləğv edə bilər.
20. Müqavilənin 23-cü maddəsinə əsasən tərəflərin müqavilədə nəzərdə tutulmuş digər öhdəliklərinin yerinə yetirməməsi əsaslı pozuntudur, sifarişçi və ya icraçı 30 gün əvvəl yazılı xəbərdarlıq etmək şərti ilə müqaviləni bütövlükdə və ya qismən ləğv edə bilər.
21. 29 yanvar 2024-cü il tarixli, 2 nömrəli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən cavabdehə 25380 manat məbləğində ödəniş olunmuşdur.
22. 29 yanvar 2024-cü il tarixli, 1 nömrəli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən cavabdehə 141000 manat ödəniş olunmuşdur.
23. İddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixdə göndərilmiş xəbərdarlıqda müqavilənin ləğv edilməsi və ödənilmiş vəsaitin geri qaytarılması tələb olunmuşdur.
24. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, ilk iddia qismən təmin olunmalı, qarşılıqlı iddia təmin edilməməlidir.
25. İşin mübahisəsiz halları olaraq müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə satınalma müqaviləsi bağlanmış, cavabdeh iddiaçının sifarişi əsasında “Orqanik Naxçıvan" Aqroklasterinin (Aqroparkın) ilkin infrastrukturunun qurulması ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehə 2024-cü ilin yanvar və fevral aylarında ümumilikdə 277300 manat vəsait ödənilmişdir.
26. Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi “Orqanik Naxçıvan” publik hüquqi şəxsin Aqroklasterin (Aqroparkın) yaradılması məqsədilə ilkin infrastrukturun qurulması üzrə Layihə-smeta sənədlərinin tərtib olunması üçün xidmətlərin satınalınması (Açıq Tender) 02 nömrəli əsas şərtlər toplusunun 1 saylı Əlavəsində görülməli olan işlər, onların texniki göstəriciləri və standartları, miqdarı müəyyən edilmişdir.
27. İddiaçı xx.xx.2023-cü il tarixli müqavilə üzrə işlərin görülməsi məqsədi ilə 277300 manat avansın cavabdehin bank hesabına ödənildiyini, lakin cavabdeh tərəfindən müqavilə öhdəliklərinin icra edilmədiyini iddia edir.
28. Cavabdeh iddiaya etiraz edərək müqavilə üzrə razılaşdırılmış işlərin tərəfindən icra edildiyini, müqavilə üzrə hazırlanmalı olan layihə-smeta sənədlərinin tam şəkildə hazırlanaraq iddiaçıya təhvil verildiyini, lakin iddiaçı tərəfindən təhvil alınmasından imtina edildiyini bildirir.
29. Belə ki, iddia tələblərinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsi təşkil edir.
30. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
31. Lakin hazırkı işdə həmin maddənin dispozitiv şərtlərinin mövcud olması sübut olunmur.
32. Belə ki, qeyd olunan maddədən də görünür ki, podrat müqaviləsi üzrə öhdəlik ilk növbədə podratçının üzərinə düşür və o, yalnız müqavilədə nəzərdə tutulan işi icra etdikdən sonra sifarişçinin muzd ödəmək öhdəliyi yaranır.
33. Lakin cavabdeh bununla bağlı heç bir mötəbər sübutu (təhvil-təslim aktı, forma 2 arayışı və s.) məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi üzrə öz üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
34. Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi “Orqanik Naxçıvan” publik hüquqi şəxsin Aqroklasterin (Aqroparkın) yaradılması məqsədilə ilkin infrastrukturun qurulması üzrə Layihə-smeta sənədlərinin tərtib olunması üçün xidmətlərin satınalınması (Açıq Tender) 02 nömrəli əsas şərtlər toplusunun 1 saylı Əlavəsinə əsasən cavabdeh topoqrafik işlərin aparılması, xəritənin elektron çap edilməsi, geoloji tədqiqat işlərinin aparılması, habelə heyvandarlıq və hinduşka təsərrüfatları, bitkiçilik məhsullarının emal müəssisəsi, süd və yağ emalı müəssisəsi, ət və ət emalı müəssisəsi, qablaşdırma və tara istehsalı, yem istehsalı və saxlanması sahəsi, orqanik gübrə istehsalı və saxlanması sahəsi, quru anbar (3 ədəd), soyuducu anbar (3 bölməli), tədarük anbarı, zərərsizləşdirmə məntəqəsi, logistika, tır parkı, texnika parkı, avtoyuma, yanacaq doldurma məntəqəsi (50 tonluq) ilə bağlı eskiz-vizualizasiya 3D memarlıq işçi layihəsi, konstruksiya mühəndis kommunikasiya – işçi layihə (su təchizatı və kanalizasiya, isitmə və ventilyasiya, elektrik təchizatı, rabitə və yanğın siqnalizasiya, vido müşahidə) işlərinin icra edilməsi öhdəliyini üzərinə götürsə də, həmin işlərin müqavilə ilə razılaşdırılmış şərtlərə və tələblərə uyğun şəkildə icra edildiyini təsdiq edən hər hansı mötəbər və təkzibedilməz sübutu məhkəməyə təqdim edə bilməmişdir.
35. Cavabdeh tərəfindən məhkəməyə 02 ədəd fləş diskdə təqdim edilən sənədlər, habelə görülmüş işlərlə bağlı iddiaçıya ünvanladığı məktublar bu halı təsdiq edən mötəbər sübut kimi dəyərləndirilə bilməz.
36. Belə ki, xx.xx.2023-cü il tarixli müqavilənin 7-ci bəndinə əsasən göstərilən xidmətlər tenderin əsas şərtlər toplusunda nəzərdə tutulmuş keyfiyyət xüsusiyyətlərinə, texniki reqlamentlərə, standartlara uyğun olmalıdır. İcraçı (yəni cavabdeh) xidmətlərin tələb edilən keyfiyyət xüsusiyyətlərinə uyğunluğunu müvafiq sənədlərlə təsdiq etməlidir.
37. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin:
38. 20.1-ci maddəsinə əsasən ərazi planlaşdırılması sənədləri aşağıdakılardır: 20.1.1. Azərbaycan Respublikası ərazisinin və ya ərazi hissələrinin (regionların, rayon ərazi vahidlərinin) ümumi ərazi planlaşdırılması çərçivəsində hazırlanan ümumi planları (bundan sonra - ümumi planlar); 20.1.2. şəhərlərin və digər yaşayış məntəqələrinin ərazidən istifadənin planlaşdırılması çərçivəsində hazırlanan Baş planları; 20.1.3. yaşayış məntəqələrinin ərazilərinin və ya ərazi hissələrinin müfəssəl ərazi planlaşdırılması çərçivəsində hazırlanan müfəssəl planları.
39. 20.2-ci maddəsinə əsasən baş planlar ümumi, müfəssəl planlar isə baş planlar əsasında hazırlanır. Qonşu inzibati ərazi vahidlərinin ərazi planlaşdırılması sənədləri birbirilə razılaşdırılmaqla hazırlanmalıdır. Razılaşdırma qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
40. 22.1-ci maddəsinə əsasən baş plan şəhərlər və ya digər yaşayış məntəqələri səviyyəsində hazırlanır. Baş planda şəhər və ya digər yaşayış məntəqələrinin ərazisi üçün nəzərdə tutulan torpaqlardan şəhərsalma məqsədləri baxımından istifadənin növü proqnozlaşdırıla bilən ehtiyaclara əsasən ümumi şəkildə təsvir edilməlidir.
41. 22.4-cü maddəsinə əsasən baş plana izahat əlavə edilməlidir. İzahatda baş planın məqsədləri və mühüm təsirləri təsvir olunmalıdır.
42. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli müqavilə üzrə podrat işlərinin görülməsi və iddiaçıya təqdim edilməsi heç bir yazılı sənəd və sübutla təsdiq olunmur.
43. Bununla bağlı məhkəmə bildirir ki, hüquqi şəxs olan cavabdeh tərəfindən böyük həcmli və yüksək dəyərdə olan podrat işlərinin görülməsini təsdiq edən heç bir yazılı sübutun təqdim edilə bilməməsi inandırıcı və ağlabatan deyildir.
44. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən podrat işlərinin yerinə yetirilməsi və bununla da, podrat müqaviləsi üzrə onun öz öhdəliyini icra etməsi sübut olunmur. Belə olan halda iddiaçının podrat müqaviləsi üzrə muzd ödəmək öhdəliyi, cavabdehin isə Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən muzd tələb etmək hüququ yaranmamışdır.
45. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, ilk iddia tələbi ödənilmiş avansın qaytarılması hissəsində əsaslıdır və təmin edilməlidir.
46. Məhkəmə ilk iddianı, xx.xx.2023-cü il tarixli müqavilənin ləğv edilməsi hissəsində də əsaslı hesab edir.
47. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
48. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
49. Həmin Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.
50. İddiaçı xx.xx.2025-ci il tarixdə cavabdehə ünvanladığı bildirişdə müqavilənin ləğvi ilə bağlı iradə ifadəsini bəyan etmişdir.
51. İşin məhkəmə tərəfindən araşdırılan hallarından cavabdehin xx.xx.2023-cü il tarixli müqavilə üzrə üzərinə düşən öhdəliklərini lazımınca icra etmədiyi, müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozması müəyyən edildiyi üçün məhkəmə hesab edir ki, ilk iddiaçı müqavilənin ləğvini tələb etməkdə haqlıdır.
52. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə ləğv edilməlidir.
53. Məhkəmə iddianı üçüncü, 55460 manat dəbbə pulunun tələb edilməsi hissəsində isə qismən əsaslı hesab edir.
54. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
55. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliyini lazımınca icra etmədiyi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
56. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
57. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 13000 manat məbləğində müəyyən edilməlidir.
58. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
59. Belə ki, qarşılıqlı iddia ərizəsində xx.xx.2023-cü il tarixli müqavilə üzrə ödənilməli olan qalan 277300 manat pulun ödənilməsi tələbi irəli sürülmüşdür.
60. Məhkəmə araşdırması zamanı qarşılıqlı iddiaçının xx.xx.2023-cü il tarixli müqavilə üzrə öz öhdəliyini lazımınca icra etmədiyi, bu səbəbdən ilk iddiaçı tərəfindən ona avans olaraq ödənilmiş vəsaitin geri qaytarılmalı olması müəyyən edildiyi üçün məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi bu hissədə əsassızdır, məhkəmə bu hissədə əlavə əsaslandırma aparılmasına zərurət görmür.
61. Məhkəmə qarşılıqlı iddianı ikinci, layihədənkənar həyata keçirilmiş işlərə görə 332400 manat pulun tutulması hissəsində də əsassız hesab edir.
62. Belə ki, Mülki Məcəllənin 753.3-cü maddəsinə əsasən əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir.
63. Həmin Məcəllənin 753.4-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır.
64. Qarşılıqlı iddiaçı tərəfindən məhkəməyə ümumiyyətlə ona müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsinin sifariş edildiyini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.
65. Qarşılıqlı iddiaçı məhkəməyə əlavə işlərin nədən ibarət olması, 332400 manat vəsaitin hansı qaydada hesablanması barədə məlumat verə bilməmiş, həmin xərcin çəkilməsini, habelə həmin dəyərdə işlərin görülməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
66. Bu səbəbdən məhkəmə hesab edir ki, qarşılıqlı iddia əsassızdır və təmin edilməməlidir.
67. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə ləğv edilməli, cavabdehdən 277300 manat əsas borc, 13000 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, ilk iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia rədd edilməlidir.
68. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
69. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
70. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, ilk iddia qismən təmin edildiyindən 580,30 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməli, qarşılıqlı iddia təmin edilmədiyindən qarşılıqlı iddiaçı tərəfindən ödənilmiş 900 manat dövlət rüsumu qarşılıqlı iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
71. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinin Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi, pulun tutulması” tələbinə dair ilk iddiası qismən təmin edilsin. İddiaçı Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyi və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi ləğv edilsin. Cavabdeh MMC-dən 277300 manat əsas borc, 13000 manat dəbbə pulu, ümumilikdə 290300 (iki yüz doxsan min üç yüz) manat məbləğində pul tutularaq iddiaçı Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinə ödənilsin. İlk iddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh MMC-dən 580,30 (beş yüz səksən manat otuz qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddiaçı Cavabdeh MMC-nin cavabdeh Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş 900 (doqquz yüz) manat dövlət rüsumu qarşılıqlı iddiaçı Cavabdeh MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
X8