Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3317/2025 03.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, Ərizəçi İddiaçı MMC müəssisəsinin müflis elan edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: Ərizəçi İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Əmlak inzibatçısı təyin edilməklə, ərizəçi İddiaçı müflis elan edilməsi və iflas prosesinə başlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, “Müflisləşmə və İflas haqqında” Azərbaycan Respublikası Qanununun: 4-cü maddəsinin 2-ci hissəsinə əsasən İflas haqqında məhkəməyə verilən ərizədə (iddia ərizəsində) aşağıdakılar göstərilməlidir: a) ərizənin verildiyi məhkəmənin adı; b) borclunun adı (fərdi borclunun və ya onun nümayəndəsinin adı, atasının adı, soyadı) və ünvanı; c) bütün məlum kreditorların (adları, atalarının adları, soyadları), poçt ünvanı və onların borcluya qarşı irəli sürdüyü tələblərin məbləğləri; ç) borclu iflas haqqında məhkəməyə ərizə verdikdən sonra bir il ərzində onun vaxtı çatacaq borc öhdəliklərinə dair məlumat; d) bu Qanuna müvafiq surətdə borclunun ödəmə qabiliyyətsizliyinin özü tərəfindən təsdiq edilməsi və ya sübut olunması; e) borclunun ərizəsinə qoşulan sənədlərin siyahısı; ə) borclunun fikrincə, iş üzrə məhkəmə baxışı üçün məhkəməyə lazım ola bilən hər hansı başqa məlumat, o cümlədən fərdi borcluya aid halda müəyyən aktivlərin borclunun əmlakından çıxarılmasına dair onun tələbini təsdiq edən müfəssəl məlumat, habelə qanunvericiliklə nəzərdə tutulmuş digər məlumatlar. “Müflisləşmə və İflas haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş sənədlərdən başqa, borclunun iflas haqqında ərizəsinə aşağıdakıları təsdiq edən sənədlər əlavə edilir: a) iflas haqqında ərizədə borclunun məhkəmə xərclərinin ödənilməsinə möhlət verilməsini xahiş etdiyi hallar istisna olmaqla, qanunvericilikdə müəyyən edilmiş məhkəmə rüsumlarının ödənilməsini təsdiq edən sənəd; b) ödənilməli və alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və debitorlarının siyahısı; c) bu Qanunun müddəalarına uyğun olaraq tələblərin müəyyənləşdirilmiş məbləğini göstərən sənəd.
2. Borclu müəssisənin iflas haqqında ərizəsinə aşağıdakı sənədlər də əlavə edilir: a) iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində borclunun səlahiyyətli orqanının qərarının surəti; b) borclu dövlət müəssisəsidirsə, iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində müvafiq icra hakimiyyəti orqanının qərarının surəti; c) sonuncu hesabat tarixinə olan maliyyə hesabatları.
Lakin, iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə nəzər yetirdikdə müəyyən olunur ki, iddiaçı (borclu) yuxarıda sadalanan normaların tələblərinə riayyət etməmişdir, “Müflisləşmə və İflas haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində göstərilən məlumatları iddia ərizəsində əks etdirməmiş və təsdiqedici sənədləri əlavə etməmişdir. Eyni zamanda ərizəçi iddia ərizəsində hər hansı vəsaitinin və ya əmlakının olmadığını qeyd etsə də, buna dair sübutları (müvafiq qurumlardan daşınar və daşınmaz əmlaklarının olub-olmamasına dair məlumat və s.), həmçinin borclunun bütün debitor və kreditotların siyahısını, sonuncu hesabat tarixinə olan maliyyə hesabatlarını ərizəyə əlavə etməmişdir. “Müflisləşmə və İflas haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən İflas haqqında məhkəməyə verilmiş ərizənin (iddia ərizəsinin) bu Qanunun tələblərinə uyğun gəlməməsi, o cümlədən ona əlavə olunmalı sənədlərin həmin ərizə ilə birlikdə təqdim edilməməsi qanunvericilikdə nəzərdə tutulan müvafiq prosessual nəticələrə (məhkəmənin ərizəsini qəbul etməkdən imtina etməsinə, onu baxmadan saxlamasına, hərəkətsiz saxlamasına, yaxud qaytarmasına) səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 3, 10-1.3, 151-152 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə R A R A A L D İ:
İddiaçı MMC-nin müəssisəsinin müflis elan edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsi verilərkən xx.xx.2025-ci il tarixli **********45 saylı qəbzə əsasən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Günay Namazova