Məhkəmə qərarları › İş №e-2-2(113)-3837/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3837/2024

29.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3837/2024 29.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “icarə obyektindən çıxarılma və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsinin hüquqi qüvvəsi, əqdin etibarlılığı, əqdin subyekt tərkibinə dair şərtlər) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “icarə obyektindən çıxarılma və s.” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, XXX 3 ünvanında yerləşən xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli çıxarışla iddiaçının xüsusi mülkiyyətində, ümumi sahəsi 0,7936 ha olan torpaq sahəsində yerləşən ümumi sahəsi 30 kv.m.. olan təmir sexindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılması, mülkiyyət hüquqlarına yaradılan məhdudiyyətlərin aradan qaldırılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı (VÖEN – **********) vergi ödəyicisi kimi özünün xüsusi mülkiyyətində olan və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şosesi, 3 saylı sahənin bir hissəsi ünvanında yerləşən (keçmiş “Motodrom” ərazisi) torpaq sahəsində müxtəlif obyektlər tikmiş və icarədarlara icarəyə vermişdir. Göstərilən obyektlərdən biri – ümumi sahəsi 30 kv.m.. olan təmir sexi Cavabdeh2 ilə bağlanmış 25 aprel 2023-cü il tarixli icarə müqaviləsinə əsasən 31 dekabr 2023-cü il tarixədək sonuncuya icarəyə verilmişdir. İcarə müqaviləsinin müddəti 31 dekabr 2023-cü il tarixdə bitmiş və müqavilə yenilənməmişdir. 2.2. Cavabdeh2 icarə obyektinin boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi barədə 04 mart 2024-cü il tarixli rəsmi bildiriş məktubu göndərilmiş və bildiriş qarşı tərəfə 12 mart 2024-cü il tarixdə rəsmi olaraq poçt vasitəsilə təqdim edilmişdir. Lakin buna baxmayaraq, cavabdehlər Cavabdeh2 və təmir sexini faktiki olaraq işlədən sonuncunun həyat yoldaşı Cavabdeh1 mülkiyyəti tərk etməkdən imtina etmişdir. Cavabdehlərdən Cavabdeh1 bununla da kifayətlənməmiş, servis ərazisində davamlı surətdə iddiaçının əməkdaşları ilə kobud şəkildə davranaraq, müəssisənin nizam-intizam qaydalarını pozmuş, ağır və təhqiredici ifadələrlə münasibətləri kəskinləşdirmişdir. Bu səbəbdən də iddiaçının əməkdaşları dəfələrlə rəhbərliyə yazılı və şifahi müraciətlər etmişdir. 2.3. 04 aprel 2024-cü il tarixli aktla cavabdehlərin zəbti altında olan obyekt sahəsi möhürlənmiş və kənar şəxslərin mülkiyyətçinin iradəsi əleyhinə təmir sexinə daxil olması qadağan olunmuşdur. Lakin cavabdehlərdən Cavabdeh1 bu xəbərdarlığa da məhəl qoymamış və özbaşına şəkildə möhürü sökərək yenidən təmir sexi ərazisinə daxil olmuşdur. Cavabdehlərin qanunsuz şəkildə mülkiyyətçinin hüquqlarını pozması, özbaşınalıq etməsi ilə bağlı 01 aprel 2024-cü il tarixli ərizə ilə Binəqədi Rayon Polis İdarəsinə müraciət olunmuş, eyni zamanda xx.xx.2024-cü il tarixdə “102 xidmətinə” zəng vurularaq şikayət verilmişdir. Məsələnin araşdırılması Binəqədi RPİ-nin 40-cı PB-nin baş təhqiqatçısı, polis mayoru X2 həvalə edilmiş və araşdırmanın yekunu olaraq, xx.xx.2024cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qərara əsasən, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, tərəflər arasında sözügedən məsələ ilə bağlı yaranmış mübahisə mülki xarakter daşıdığından onlara mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmalarının izah edilməsi qərara alınmışdır.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyanın 13, 29-cu maddələri, “İnsan Hüquqlarının və X1 haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 14, 152.1, 157-ci və s. maddələri göstərilmişdir.

4. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəmə iddiaya etiraz təqdim edərək, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “icarə obyektindən çıxarılma və s.” tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir.

5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki 5.1. iddiada guya İddiaçı MMC ilə Cavabdeh2 arasında 25 aprel 2023-cü il tarixdə 31 dekabr 2023-cü il tarixədək qüvvədə olan icarə müqaviləsinin bağlandığı qeyd edilmişdir. Halbuki iddiaçı tərəfindən iddia ərizəsində qeyd edilən bu məlumat həqiqəti əks etdirmir. Belə ki, Cavabdeh2 heç vaxt İddiaçı MMC-yə müraciət edərək icarə müqaviləsi bağlamamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 25 aprel 2023-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış müqavilədən Cavabdeh2 xəbəri yoxdur və həmin müqavilədə olan imza isə Cavabdeh2 məxsus deyildir. Sözügedən müqavilənin İddiaçı MMC-nin hansı əməkdaşları tərəfindən hansı məqsədlərlə tərtib edilməsi aydın deyildir. Cavabdehlər tərəfindən xətşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatət verilərək müqavilədə qeyd edilən imzanın Cavabdeh2 məxsus olmaması məhkəmə prosesinin gedişində sübut ediləcəkdir. 5.2. İddiaçı iddia ərizəsində qeyd edir ki, müqaviləyə xitam verilməsi barədə bildiriş tərəfə göndərilmişdir. Cavabdehlərə məlum olmayan və iddiaçının özü tərəfindən hazırlanaraq imzalanmış müqaviləyə xitam verilməsi barədə bildirişin heç bir əhəmiyyəti yoxdur. Əlavə olaraq, Cavabdeh1 10 ilə yaxın müddətdir ki, İddiaçı MMC-yə məxsus servisdə əvvəllər usta olaraq, daha sonralar isə sahibkar olaraq fəaliyyət göstərir. İddiaçı MMC ilə Cavabdeh1 arasında ilk dəfə 01 iyul 2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş icarə müqaviləsi bağlanmışdır. Daha sonra tərəflərin qarşılıqlı razılığı ilə 01 yanvar 2020-ci il tarixdən 01 yanvar 2025-ci il tarixədək qüvvədə olan icarə müqaviləsi bağlanmışdır. Hal-hazırda tərəflər arasında beş il müddətinə bağlanmış müqavilə qüvvədədir və iddiaçı tərəfindən qüvvədə olan müqaviləyə xitam verilməsi barədə rəsmi xəbərdarlıq göndərilməmişdir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən tərəflərin razılığı ilə müqavilənin müddəti artırıla və ya ləğv edilə bilər. 5.3. Həmçinin icarə haqqı İddiaçı MMC-nin mühasibi Cavidan Tağıyevin kart hesabına köçürülmüşdür. Baxmayaraq ki, tərəflər arasında qüvvədə olan müqavilədə 200 manat icarə haqqı göstərilsə də, icarəçidən 350 manat icarə haqqı və kommunal xərcləri tələb edilmiş və göstərilən məbləğlər isə Cavidan Tağıyevin kart hesabına köçürülmüşdür. Bu isə onu göstərir ki, İddiaçı MMC icarə haqlarını müqavilədə göstəriləndən artıq almaqla, rəsmi kassasına və ya bank hesabına mədaxil etdirməməklə vergidən yayınmışdır. Bu isə mühüm əhəmiyyət kəsb edən hal olduğu üçün Dövlət Vergi Xidmətinin əməkdaşının proseslərdə iştirakı zəruridir.

6. İddiaya etirazda hər hansı hüquq normasına istinad edilməmişdir.

II. Tərəflərin mövqeləri:

7. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianın məzmununa uyğun izahat verdi və təmin edilməsini xahiş etdi.

8. İddiaçının nümayəndəsi və vəkili “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddiaya etiraza münasibət ünvanlayaraq qeyd etmişdir ki: – İddiaçı MMC ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən cavabdehə iddiaçıya məxsus ərazidə 30 kv.m. ərazi icarəyə verilmişdir. Bundan sonra Cavabdeh1 vergi orqanına müraciət etmiş, icarə müqaviləsini təqdim edərək icarəyə götürdüyü əraziyə obyekt kodu almışdır. Daha sonra tərəflər arasındakı müqavilə münasibətləri yenilənərək xx.xx.2020-ci il tarixli icarə müqaviləsi bağlanmış və icarə müqaviləsinin müddəti 5 il müəyyən edilmişdir. Müqavilə qüvvədə olduğu müddət ərzində, 25 aprel 2023-cü il tarixdə Cavabdeh1 İddiaçı MMC-nin rəhbərliyinə yaxınlaşaraq şifahi formada bildirmişdir ki, onun dövriyyəsi kifayət qədər artmışdır və məcburi ƏDV ödəyicisi ola bilər, bunu isə istəmir. Ona görə də iddiaçıdan həmin obyektlə bağlı onun həyat yoldaşının adına yeni tarixlə icarə müqaviləsi bağlanmasını xahiş etmişdir. İddiaçı da buna etiraz etməmişdir və 25 aprel 2023-cü il tarixli yeni icarə müqaviləsi tərtib edilmişdir. Cavabdeh1 bildirmişdir ki, həyat yoldaşının servis ərazisinə gəlməsini istəmir və müqavilələri 2 nüsxədə imzaladaraq 1 nüsxəsini qaytaracağını bildirmişdir. Həmin dövrdə iddiaçı ilə cavabdeh arasında heç bir problem olmadığına görə, iddiaçı bununla razılaşmışdır. Bundan bir neçə gün sonra isə Cavabdeh1 tərəfindən Cavabdeh2 və İddiaçı MMC arasında bağlanmış müqavilənin imzalı nüsxəsi iddiaçıya təqdim edilmişdir. – Hazırda cavabdeh tərəfindən həmin müqavilənin Cavabdeh2 tərəfindən imza edilməməsi və xətşünaslıq ekspertizası təyin olunması xahiş olunmuşdur. İddiaçı buna etiraz etmir, lakin ekspertiza üçün xətt nümunələri götürülərkən hər iki cavabdehdən nümunələr götürülməlidir, çünki iddiaçıda əsaslı şübhələr vardır ki, müqavilədə Cavabdeh2 məxsus imza məhz onun həyat yoldaşı, digər Cavabdeh1 tərəfindən saxtalaşdırılmışdır. – Müqavilədən Cavabdeh2 xəbəri olmaması əsası da yalandır. Belə ki, elə Cavabdeh2 özü tərəfindən vergi ödəyicisi kimi vergi orqanına müraciət olunaraq, mübahisə predmeti olan icarə sahəsinə dair onun adına obyekt kodu verilməsi barədə xx.xx.2023-cü il tarixdə müraciət olunmuş və eyni tarixdə qeydiyyata alınmışdır. Əgər Cavabdeh2 müqavilədən xəbərsiz idisə, bəs necə olur ki, eyni tarixdə, yəni xx.xx.2023-cü il tarixdə öz “ASAN” imzası ilə vergi orqanına müraciət etmişdir?! Cavabdeh1la bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin qüvvədə olması ilə bağlı cavabdehin mövqeyi də əsassızdır. Belə ki, Cavabdeh1 özü xx.xx.2023-cü il tarixli ərizə ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə müraciət etmiş və ona məxsus olan **********-10001 kodlu təsərrüfat subyektinin (obyektinin) qeydiyyatdan çıxarılmasını xahiş etmiş və bu xahiş vergi orqanı tərəfindən icra olunmuşdur. Buradan da göründüyü kimi, Cavabdeh1 məhkəməyə yalan məlumat verməklə, guya xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin hələ qüvvədə olduğunu, Cavabdeh2 adına isə heç bir müqavilə bağlanmadığını bildirməkdədir. – Kommersiya mübahisəsi məhkəmənin icraatında olduğu dövrdə, iddiaçı tərəfindən də təkrarən sorğu ilə vergi orqanına müraciət olunmuş və yenə cavab alınmışdır ki, İddiaçı MMC-yə (VÖEN: **********) məxsus AZ1117, ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində (obyektində) icarəçi kimi qeydiyyatda olan vergi ödəyicisi Cavabdeh1 (VÖEN: **********) tərəfindən uçota qoyulmuş **********-10001 kodlu təsərrüfat subyekti (obyekti) xx.xx.2023-cü il tarixdə vergi ödəyicisi tərəfindən vergi uçotundan çıxarılmışdır. Eyni zamanda iddiaçı tərəfindən əlavə sorğu ilə vergi orqanına müraciət olunmuş və cavab alınmışdır ki, İddiaçı MMC-yə (VÖEN: **********) məxsus AZ1117, ünvan 2 ünvanında yerləşən təsərrüfat subyekti (obyekti) icarəçi Cavabdeh2 (VÖEN: **********) tərəfindən **********-10001 kodla vergi uçotuna alınmışdır. – Əlavə olaraq, Cavabdeh1 tərəfindən onunla bağlanmış icarə müqaviləsinə xitam verilərək, həyat yoldaşı Cavabdeh2 ilə yeni icarə müqaviləsi bağlanarkən, tərəflər arasında olan icarə münasibətlərinə xitam verilməsi barədə 25 aprel 2023-cü il tarixli xitam razılaşması da imzalanmışdır. Lakin iddiaçı tərəfindən buraxılmış texniki səhv nəticəsində sonuncu müqaviləyə yox, xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi göstərilmişdir. Halbuki cavabdehin özü tərəfindən məhkəməyə təqdim edilmiş 2 ədəd icarə müqaviləsindən də göründüyü kimi, birinci müqavilə xx.xx.2018-ci il tarixdə, ikinci müqavilə isə xx.xx.2020-ci il tarixdə bağlanmışdır. Aydındır ki, eyni icarə obyektinə eyni şəxslə 2 dəfə icarə müqaviləsi bağlanılmır və xx.xx.2020-ci il tarixdə yeni icarə müqaviləsi bağlanarkən əvvəlki müqavilə avtomatik xitama getmişdir. xx.xx.2023-cü il tarixdə isə xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi nəzərdə tutulmuşdur. Çünki xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin üzərindən yeni icarə müqaviləsi onsuz da bağlanmışdı və yeni müqavilənin bağlanmasından 3 il sonra, 3 il əvvəl xitam verilmiş müqaviləyə xitam verilməsi məntiqsizdir. Eyni zamanda bunu sübut edən digər hallar Cavabdeh1 tərəfindən vergi orqanına uçotdan çıxma barədə müraciət, eləcə də Cavabdeh2 tərəfindən uçota alınma barədə müraciətlərdir. Texniki səhv nəticəsində xitam razılaşmasında düzgün müqaviləyə istinad edilməmişdir. Lakin həm iddiaçının, həm də cavabdehlərin hər ikisinin sonrakı hərəkətləri, xx.xx.2023-cü il tarixdə Cavabdeh1la bağlanmış icarə müqaviləsinə xitam verilməsi və Cavabdeh2 ilə yeni müqavilə bağlanması istiqamətində olmuşdur.

9. Məhkəmə iclaslarında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 və Cavabdeh2 iddiaya etirazın məzmununa uyğun izahat verdilər və iddianın rədd edilməsini xahiş etdilər.

10. Məhkəmənin suallarına cavab olaraq Cavabdeh1 bildirdi ki, həyat yoldaşı Cavabdeh2 adına VÖEN-i o açdırmışdır. Lakin obyektin sonuncunun adına vergi uçotuna alınmasından məlumatı yoxdur. Vergi kabinetinin istifadəçi adı və kodu mühasibdə olmuşdur.

III. Məhkəmə baxışının hədləri:

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) İcarə obyektindən çıxarılma, mülkiyyət hüququnun həyata keçirilməsinə maneələrin aradan qaldırılması tələbləri ilə bağlı

12. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

13. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

14. İddiaçı Cavabdeh2 ilə 25 aprel 2023-cü il tarixli icarə müqaviləsi bağladığını, həmin müqavilənin müddətinin 31 dekabr 2023-cü il tarixdə qurtardığını və uzadılmadığını, həmçinin 04 mart 2024-cü il tarixli məktub göndərilərək icarə obyektinin boşaldılmasının tələb edildiyini, lakin Cavabdeh2 və icarə obyektindən faktiki istifadə edən Cavabdeh1 icarə obyektini təhvil vermədiyini bildirir və cavabdehlərin icarə obyektindən çıxarılmasını, mülkiyyət hüququnun həyata keçirilməsinə maneələrin aradan qaldırılmasını tələb edir.

15. Cavabdehlər iddiaya etiraz edərək, iddiaçı və Cavabdeh2 arasında 25 aprel 2023-cü il tarixli icarə müqaviləsinin bağlanmadığını, sonuncunun həmin müqavilədən məlumatlı olmadığını, Cavabdeh1 mübahisələndirilən icarə obyektindən 01 yanvar 2020ci il tarixli icarə müqaviləsi əsasında istifadə etdiyini və həmin müqavilənin 01 yanvar 2025-ci il tarixədək qüvvədə olduğunu bildirir və iddianın rədd edilməsini xahiş edirlər.

16. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, ... Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.

17. Məhkəmə tərəfindən Konstitusiya Məhkəməsinin adıçəkilən Qərarında ifadə olunan hüquqi mövqeyə uyğun olaraq, cavabdehlərin etirazına əsasən 25 aprel 2023-cü il tarixli icarə müqaviləsinin “İcarədar” sahəsindəki xətt, o cümlədən imza nümunəsinin Cavabdeh2 tərəfindən icra edilib-edilməməsi, həmçinin həmin xətt, imza nümunəsi ilə xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin “İcarəçi” sahəsindəki xətt, imza nümunəsinin eyni şəxs tərəfindən icra edilib-edilməməsinin müəyyənləşdirilməsi məqsədi ilə xx.xx.2024-cü il tarixli e-2-2(113)-3837/2024 nömrəli qərardadla iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1132 nömrəli 09 sentyabr 2024-cü il tarixli məhkəmə-xətşünaslıq ekspertizası üzrə ekspert rəyinə əsasən, ekspertizaya təqdim olunmuş 25 aprel 2023-cü il tarixli icarə müqaviləsində “İcarədar” bölməsindəki yazılar və imzanın Cavabdeh2 tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunduğu və 25 aprel 2023-cü il icarə müqaviləsində “İcarədar” bölməsindəki yazılar və imza ilə xx.xx.2020-ci il tarixli icarə müqaviləsində “İcarəçi” bölməsindəki yazılar və imzanın müxtəlif şəxslər tərəfindən icra olduğu göstərilmişdir.

18. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

19. Həmin Məcəllənin 324.3-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

20. Həmin Məcəllənin 358.1-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.

21. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

22. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqelərə əsasən, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar).

23. Əqdin etibarlı olması (arzu olunan hüquqi nəticəni yaratması) üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə, əqdin məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarı).

24. Məhkəmə qeyd edir ki, 25 aprel 2023-cü il icarə müqaviləsi Cavabdeh2 tərəfindən imza edilmədiyindən həmin müqavilənin əqdin subyekt tərkibi ilə bağlı meyara uyğun olaraq etibarlılığından söhbət gedə bilməz. Həmçinin həmin müqavilə ilə digər Cavabdeh1 ilə bağlanan xx.xx.2020-ci il tarixli icarə müqaviləsində icarəçiyə məxsus imzaların eyni olmadığı müəyyən olunduğundan Cavabdeh2 konklyudent hərəkətləri və rəftarı ilə onun tərəfindən əqdin bəyənilməsi qənaətinə gəlinməsi də mümkün deyildir.

25. Belə olan halda, iddiaçının 25 aprel 2023-cü il icarə müqaviləsinə istinad edərək cavabdehlərin icarə obyektindən çıxarılmaları və mülkiyyət hüququna yaradılan maneələrin aradan qaldırılmasını tələb etmək hüququ yoxdur.

26. Digər tərəfdən, Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

27. Həmin müqavilənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

28. Həmin Məcəllənin 697.1-ci maddəsinə əsasən, kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur.

29. İş materiallarında olan 01 iyun 2018-ci il tarixli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsindən görünür ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şosesi, 3 ünvanında yerləşən 30 kv.m. sahəsini Cavabdeh1 aylıq 200 manat məbləğində icarə haqqının ödənilməsi şərti ilə xx.xx.2020-ci il tarixədək sonuncuya icarəyə vermişdir.

30. İş materiallarında olan 01 yanvar 2020-ci il tarixli daşınmaz əmlakın icarəyə verilməsi haqqında icarə müqaviləsindən görünür ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şosesi, 3 ünvanında yerləşən 30 kv.m. sahəsini Cavabdeh1 aylıq 200 manat məbləğində icarə haqqının ödənilməsi şərti ilə xx.xx.2025-ci il tarixədək sonuncuya icarəyə vermişdir.

31. Göründüyü kimi, Cavabdeh1 mübahisələndirilən icarə obyektindən istifadəsinin əsası qismində 01 yanvar 2020-ci il tarixli daşınmaz əmlakın icarəyə verilməsi haqqında icarə müqaviləsi çıxış edir. İddiaçı isə 25 aprel 2023-cü il tarixli razılaşma təqdim edərək həmin müqavilənin xətm edildiyini göstərir.

32. Əvvəla, 25 aprel 2023-cü il tarixli razılaşmadan xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin xitam olunması görünür. Lakin hətta həmin razılaşmanın 01 yanvar 2020-ci il tarixli daşınmaz əmlakın icarəyə verilməsi haqqında icarə müqaviləsinin ləğvinə yönəldiyi nəzərə alınsa belə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1132 nömrəli 09 sentyabr 2024-cü il tarixli məhkəməxətşünaslıq ekspertizası üzrə ekspert rəyində həmin razılaşmada “Məmmədov. S.R” soyadının qarşısındakı imzanın Cavabdeh1 tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunduğu qeyd edilmişdir. Başqa sözlə, yuxarıda göstərilən əsaslarla, 25 aprel 2023-cü il tarixli razılaşma da etibarsızdır.

33. İddiaçı isə 01 yanvar 2020-ci il tarixli daşınmaz əmlakın icarəyə verilməsi haqqında icarə müqaviləsinin hüquqi qüvvəsini hər hansı digər sübutla şübhə altına ala bilməmişdir.

34. İddiaçının Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şosesi, 3 ünvanında yerləşən 30 kv.m. sahəsinin Cavabdeh1 uçotundan çıxarılaraq, Cavabdeh2 uçotuna alınması barədə arqumentləri isə qeyd edilən əqdlərin hüquqi qüvvəsinə və işin nəticəsinə təsir etməyən formal mülahizələrdir.

35. Hazırkı iş üzrə iddianın faktiki əsasını təşkil edən 25 aprel 2023-cü il tarixli icarə müqaviləsinin və xx.xx.2023-cü il tarixli razılaşmanın etibarsız olduğu müəyyən olunduğundan və xx.xx.2020-ci il tarixli icarə müqaviləsi qüvvədə olduğundan məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi rədd olunmalıdır.

b) Məhkəmə xərcləri ilə bağlı

36. İddiaçı həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

37. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

38. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. Beləliklə, iddia tələbinin rədd edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

V. Nəticə:

40. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “icarə obyektindən çıxarılma və s.” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar