Məhkəmə qərarları › İş №e-2-2(113)-4320/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4320/2024

12.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4320/2024 12.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: broker müqaviləsi, gömrük brokeri, prosessual maraq) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 27 sentyabr 2019-cu il tarixli gömrük təmsilçilik xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə 1668,31 manat xidmət haqqı, 30 manat hüquqi xidmət xərci və ödənilmiş 36,99 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında gömrük təmsilçilik xidmətinin göstərilməsi barədə xx.xx.2019-cu il tarixli müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı cavabdehə broker xidmətini göstərməyi öhdəsinə götürmüş, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Halbuki müqaviləyə görə əsasən təmsilçinin göstərdiyi bütün xidmətlərin haqqını ödəmək sifarişçinin öhdəliyidir. Nəticədə iddiaçıya 1668,31 manat borc yaranmışdır. Bundan başqa borc vaxtında ödənmədiyi üçün iddiaçı əlavə olaraq hüquqi xidmətin göstərilməsinə görə haqq ödəməli olmuşdur. 2.2. Gömrük təmsilçiliyinə dair xidmət müqaviləsinə əsasən sifarişçi onun hesabına idxal, tranzit və digər gömrük prosedurları altında olan mallara və nəqliyyat vasitələrinə aid müşayiət sənədlərində olan məlumatlar əsasında broker xidmətlərinin göstərilməsini sifariş verib təmsilçiyə razılaşdırılmış xidmət haqqı ödəməyi, təmsilçi isə sifarişçinin tapşırığı ilə broker xidmətləri göstərməyi öz öhdəsinə götürür. İddiaçı tərəfindən göstərilən xidmətlərin adları, miqdarı və qiyməti hazırkı müqavilənin tərkib hissəsi sayılan qiymətlərin razılaşdırılması protokolu 01-də göstərilir, idxal bəyannaməsi, elektron qısa bəyannamə və yük gömrük bəyannaməsinin tərtibi və gömrük rəsmiləşdirilməsi xidmətlərinin həyata keçirilməsi nəzərdə tutulmuş, qiymətlər müvafiq olaraq müəyyən edilmişdir. 2.3. İddiaçı tərəfindən cavabdehə cəmi 1668,31 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar **********-E-GB tərtibi və **********-QİSA E-GB tərtibi (əsas vərəq), 966121200-RƏSMİLƏŞMƏ, **********-QİSA E-GB tərtibi (əlavə vərəq) üçün 229 manat (xx.xx.2021-ci il tarixli Seriya: EBBO, Nömrə: 952940), **********-E-GB tərtibi və **********-QİSA E-GB tərtibi (əsas vərəq), **********-RƏSMİLƏŞMƏ üçün 194,50 manat (xx.xx.2022-ci il tarixli Seriya: EBBQ, Nömrə: 405965), **********-E-GB tərtibi və **********- QİSA E-GB tərtibi (əsas vərəq), **********-RƏSMİLƏŞMƏ üçün 194,50 manat (xx.xx.2021 tarixli Seriya: EBBO, Nömrə: 952937), **********-E-GB tərtibi və **********-QİSA E-GB tərtibi (əsas vərəq), **********-RƏSMİLƏŞMƏ, **********-QİSA E-GB tərtibi (əlavə vərəq), **********-SƏNƏDLƏRİN QƏBULU üçün 252,60 manat (xx.xx.2022-ci il tarixli Seriya: EBBP, Nömrə: 541814), **********-E-GB tərtibi və **********-QİSA E-GB tərtibi (əsas vərəq), **********-RƏSMİLƏŞMƏ, **********-QİSA E-GB TƏRTİBİ (əlavə vərəq), **********- SƏNƏDLƏRİN QƏBULU üçün 252,60 manat (xx.xx.2022-ci il tarixli Seriya: EBBP, Nömrə: 541820), **********-RƏSMİLƏŞMƏ, **********-E-GB tərtibi, **********-ÖDƏNİLMİŞ Silkway (çek əsasında) anbarlama ƏDV-siz üçün 374,23 manat (xx.xx.2021-ci il tarixli Seriya: EBBO, Nömrə: 529051, bu qaimədən cavabdeh 252,60 manat hissəsini ödəyib, 121,60 manat hissə qalıb), **********-RƏSMİLƏŞMƏ, **********-E-GB tərtibi, **********-QİSA E-GB tərtibi (əsas vərəq) üçün 194,5 manat (xx.xx.2021-ci il tarixli Seriya: EBBO, Nömrə: 952941), **********-RƏSMİLƏŞMƏ, **********-E-GB tərtibi, **********-QİSA E-GB tərtibi (əsas vərəq), **********-QİSA E-GB tərtibi (əlavə vərəq) üçün 229 manat (xx.xx.2022-ci il tarixli Seriya: EBBQ, Nömrə: 405971) elektron qaimələr təqdim olunmuşdur. 2.4. Cavabdehə mübahisənin məhkəmədən kənar həlli üçün pretenziya məktubu göndərilsə də, heç bir əməli tədbir görülməmiş, borc ödənilməmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 386, 449, 787, 788-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4320/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmənin baxış iclasının yeri və vaxtı barədə hazırlıq iclasında məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmənin baxış iclasında iştirak etməmiş, məhkəmə iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.

7. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə1 iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, iddiaçı cavabdehə gömrük bəyannamələrinin tərtib olunması, gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi və bir sıra rüsumların ödənilməsi ilə yüklərin ünvana çatdırılmasında ibarət gömrük təmsilçiliyi xidməti göstərmişdir. 2021-ci ilin dekabr ayından isə broker xidməti üzrə muzd ödənilməmişdir.

8. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi – qanuni təmsilçisi göstərdi ki, xidmətlərin göstərilməsi hesab-faktura və elektron qaimələrlə rəsmiləşdirilmişdir. Belə ki, cavabdeh tərəfindən elektron qaimələrə istinad etməklə ödənişlər edilmişdir.

9. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdehin və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilməklə, cavabdehin hüquqi ünvanına göndərilməklə, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilməklə və telefoonoqramlar ötürülməklə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Gömrük brokeri müqaviləsi üzrə muzdun tutulması tələbi ilə bağlı

11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

13. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (təmsilçi qismində) ilə cavabdeh (sifarişçi qismində) arasında bağlanmış 27 sentyabr 2019-cu il tarixli 19/0381 nömrəli gömrük təmsilçilik xidmətlərinin göstərilməsi haqqında müqavilənin şərtlərindən görünür ki, təmsilçi öz nizamnaməsinə uyğun olaraq sifarişçinin tapşırığı ilə onun hesabına idxal, tranzit və digər gömrük prosedurları altında olan mallara və nəqliyyat vasitələrinə aid müşayiət sənədlərində olan məlumatlar əsasında broker xidmətlərini göstərir (1.1). Sifarişçi təmsilçi tərəfindən göstərilən xidmətlərin haqqını bu müqaviləyə əlavə edilmiş 1 nömrəli protokolda göstərilən məbləği razılaşdırılmış müddətdə (gecikdirilmədən) köçürmə yolu ilə ödəməlidir (1.2). Göstərilən xidmətlərin adları, miqdarı və qiyməti hazırkı müqavilənin tərkib hissəsi sayılan qiymətlərin razılaşdırılması protokol №1-də öz əksini tapır (1.3). Təmsilçi sifarişçiyə müqaviləyə əlavə protokol №1-də göstərdiyi xidmət növünə əsasən hesabfaktura təqdim edir. Ödəniş növü bank köçürmə əməliyyatı zamanı hesab-fakturada göstərilən məbləğ 3 iş günü ərzində köçürmə yolu ilə Təmsilçinin hesabına ödənilməlidir (3.1). Sifarişçi hesab-faktura ona təqdim edildikdən sonra hesab-faktura üzrə tam məbləği 3 bank günü ərzində köçürmə yolu ilə My Brokerin hesabına ödəyir. Ödənişin hər gecikdirilmiş gününə görə sifarişçi mübahisəsiz ödənilməmiş məbləğin 1% həcmində dəbbə pulu ödəyir (3.2). Təmsilçinin göstərəcəyi əlavə xidmətlər sifarişçi tərəfindən əlavə tarif üzrə ödəniləcəkdir (3.3). Təmsilçi kontragent tariflər dəyişdirildiyi halda müqaviləyə edilmiş əlavədə göstərilən qiymətləri ikitərəfli razılıq əsasında dəyişdirmək hüququnu özündə saxlayır (3.4). Göstərilən xidmət və onların haqqı müqaviləyə əlavə protokol №1də öz əksini tapır (3.5).

14. Həmin müqavilənin 01 nömrəli qiymətlərin razılaşdırılması protokolundan görünür ki, konsaltinq xidməti, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, Bakı Baş Gömrük İdarəsi üzrə ayrı-ayrı xidmətlərin tarifləri razılaşdırılmışdır.

15. İş materiallarına əlavə edilmiş elektron qaimələr və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışlardan görünür ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək ümumilikdə ƏDV daxil olmaqla 20461,21 manat dəyərində xidmətin göstərilməsi üçün elektron qaimə tərtib edilərək cavabdehə göndərilmiş. Həmçinin görünür ki, iddiaçının tələbinin faktiki əsasını təşkil edən elektron qaimələr xx.xx.2021-ci tarixdən xx.xx.2022-ci il tarixədək təqdim edilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli EBBO 529051 seriya və nömrəli elektron qaimə (“təsdiqləndi”) ƏDV daxil olmaqla 374,23 manat, xx.xx.2021-ci il tarixli EBBO 952941 seriya və nömrəli elektron qaimə (“sistem tərəfindən təsdiqləndi”) ƏDV daxil olmaqla 194,5 manat, xx.xx.2021-ci il tarixli EBBO 952937 seriya və nömrəli elektron qaimə (“sistem tərəfindən təsdiqləndi”) ƏDV daxil olmaqla 194,5 manat, xx.xx.2021-ci il tarixli EBBO 952940 seriya və nömrəli elektron qaimə (“sistem tərəfindən təsdiqləndi”) ƏDV daxil olmaqla 229 manat, xx.xx.2022-ci il tarixli EBBP 541814 seriya və nömrəli elektron qaimə (“təsdiqləndi”) ƏDV daxil olmaqla 252,6 manat, xx.xx.2022-ci il tarixli EBBP 541820 seriya və nömrəli elektron qaimə (“təsdiqləndi”) ƏDV daxil olmaqla 252,6 manat, xx.xx.2022-ci il tarixli EBBQ 405965 seriya və nömrəli eleaktron qaimə (“sistem tərəfindən təsdiqləndi”) ƏDV daxil olmaqla 194,5 manat, xx.xx.2022-ci il tarixli EBBQ 405971 seriya və nömrəli elektron qaimə (“sistem tərəfindən təsdiqləndi”) ƏDV daxil olmaqla 229 manat, ümumilikdə ƏDV daxil olmaqla 1920,93 manat dəyərində xidmətin göstərilməsi üçün tərtib edilmişdir.

16. Məhkəməyə təqdim edilən iddiaçının "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan AZ48PAHA40060AZNHC********** nömrəli bank hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə 227,2 manat, xx.xx.2019-cu il tarixdə 154,67 manat, xx.xx.2019-cu il tarixdə 395,22 manat və 284,75 manat, xx.xx.2019-cu il tarixdə 243,31 manat, xx.xx.2019-cu il tarixdə 1561,21 manat, xx.xx.2021-ci il tarixdə 940,26 manat, xx.xx.2021-ci il tarixdə 1515,63 manat, xx.xx.2021-ci il tarixdə 1738,39 manat, xx.xx.2021-ci il tarixdə 494,49 manat olmaqla ümumilikdə 7555,13 manat məbləğində pul müxtəlif elektron qaimələrə istinad etməklə ödənilmişdir. Həmçinin görünür ki, iddianın faktiki əsasını təşkil edən elektron qaimələrə istinad olunmaqla ödəniş edilməmişdir.

17. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “ƏDV-nin depozit hesabı” altsistemindən çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə 169,24 manat, xx.xx.2021-ci il tarixdə 254,91 manat, xx.xx.2021-ci il tarixdə 312,91 manat və xx.xx.2021-ci il tarixdə 89,01 manat olmaqla ümumilikdə 826,07 manat ƏDV məbləği cavabdeh tərəfindən sub-hesaba köçürülmüşdür.

18. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 27 sentyabr 2019-cu il tarixli 19/0381 nömrəli gömrük təmsilçilik xidmətlərinin göstərilməsi haqqında müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı öz nizamnaməsinə uyğun olaraq cavabdehin tapşırığı ilə onun hesabına idxal, tranzit və digər gömrük prosedurları altında olan mallara və nəqliyyat vasitələrinə aid müşayiət sənədlərində olan məlumatlar əsasında broker xidmətlərini göstərməyi, cavabdeh isə göstərilən xidmətlərin haqqını – müqaviləyə əlavə edilmiş 1 nömrəli protokolda göstərilən məbləği razılaşdırılmış müddətdə (gecikdirilmədən) köçürmə yolu ilə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən ƏDV daxil olmaqla 75 elektron qaimə üzrə 20461,21 manat dəyərində xidmət göstərilmiş, cavabdeh tərəfindən 7555,13 manat əsas məbləğ, 826,07 manat ƏDV məbləği ödəniş edilmişdir.

19. İddiaçı 27 sentyabr 2019-cu il tarixli gömrük təmsilçilik xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə xx.xx.2021-ci tarixdən xx.xx.2022-ci il tarixədək göstərilən xidmətlərin dəyərini təşkil edən ƏDV daxil olmaqla 1920,93 manat xidmət haqqından 252,60 manat (374,23 manat dəyərində EBBO 529051 seriya və nömrəli elektron qaimə üzrə 252,60 manat) ödəniş edildiyini bildirir və 1668,31 manat xidmət haqqının tutulmasını tələb edir.

20. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən, məhkəmə iclaslarında iştirak etmir.

21. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

23. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

24. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, özünün və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə iddiaçı tərəfindən təqdim edilmiş bütün sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

25. Məhkəmə mübahisənin həlli üçün əvvəla 27 sentyabr 2019-cu il tarixli 19/0381 nömrəli gömrük təmsilçilik xidmətlərinin göstərilməsi haqqında müqavilənin hüquqi təbiətinin şərh edilməsini zəruri hesab edir.

26. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, hər bir şəxs gömrük orqanları ilə münasibətlərində bu Məcəllədə və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş fəaliyyəti həyata keçirmək üçün gömrük təmsilçisi təyin edə bilər. Gömrük təmsilçiliyi birbaşa (təmsil edilən şəxsin tapşırığı ilə onun adından və onun mənafeyi üçün), yaxud dolayı (təmsil edilən şəxsin tapşırığı ilə öz adından və onun mənafeyi üçün) ola bilər.

27. Həmin Məcəllənin 22.1 – 22.4-cü maddələrinə əsasən, gömrük brokeri malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması, yaxud tranziti ilə əlaqədar olaraq dolayı gömrük təmsilçiliyini həyata keçirən hüquqi şəxsdir. Gömrük brokeri öz fəaliyyətini bu Məcəlləyə və müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi normativ hüquqi aktlara uyğun həyata keçirir. Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi həyata keçirilərkən, gömrük brokeri malları gömrük sərhədindən müstəqil keçirən şəxsin bütün vəzifələrini yerinə yetirir və onun kimi məsuliyyət daşıyır. Gömrük brokerinin təmsil etdiyi şəxslərlə münasibətləri tərəflər arasında bağlanmış müqavilə ilə tənzimlənir.

28. Hazırkı müqavilənin şərtlərindən görünür ki, iddiaçının gömrük təmsilçiliyi təmsil edilən şəxsin tapşırığı ilə öz adından və onun mənafeyi üçün olmaqla dolayı təmsilçilikdir və iddiaçı malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması, yaxud tranziti ilə əlaqədar olaraq dolayı gömrük təmsilçiliyini həyata keçirən hüquqi şəxs, başqa sözlə gömrük brokeridir.

29. Mülki Məcəllənin 787-ci maddəsinə əsasən, broker müqaviləsinə əsasən brokerə muzd müqabilində sifarişçiyə vasitəçilik xidmətləri göstərmək tapşırığı verilir. Əgər bu Məcəllənin bu fəslinin aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, broker müqaviləsinə tapşırıq müqaviləsi haqqında qaydalar tətbiq edilir.

30. Broker müqaviləsi üzrə brokerin muzd almaq hüququ isə bilavasitəsi Mülki Məcəllənin 788.1-ci maddəsindən irəli gəlir.

31. Belə ki, Mülki Məcəllənin 788.1-ci maddəsinə əsasən, brokerin öz vasitəçilik xidmətləri və ya köməyi nəticəsində müqavilə həyata keçirildikdən sonra muzd almaq hüququ vardır. Əgər müqavilə təxirəsalıcı şərtlə bağlanırsa, muzd yalnız həmin şərt baş verdikdə tələb edilə bilər.

32. Qeyd olunan normanın dispozisiya şərtlərini hazırkı işin hallarına tətbiq etdikdə görünür ki, cavabdeh broker müqaviləsi üzrə öz öhdəliklərini icra etməmiş, şərtləşdirilmiş muzdu ödəməmişdir. Belə olan halda iddiaçının sifarişçidən – cavabdehdən muzdu tələb etmək hüququ yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, muzdun tutulması hissəsində iddia əsaslıdır.

33. Məhkəmə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

34. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

35. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

36. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

37. Beləliklə, məhkəmə hesab edir ki, gömrük brokeri müqaviləsi üzrə razılaşdırılmış icarə haqqının ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (sifarişçi) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

38. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, 27 sentyabr 2019-cu il tarixli 19/0381 nömrəli gömrük təmsilçilik xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə 1668,31 manat Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Məhkəmə xərcinin tutulması ilə bağlı

39. İddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36,99 manat, hüquqi yardım xərcinin 30 manat pulun da cavabdehdən tutulmasını xahiş etmişdir.

40. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı və icra qeydinə əsasən müəyyən olunur ki, 36,99 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

41. İş materiallarında olan 20 saylı vəkil bürosu ilə iddiaçı arasında bağlanmış 26 aprel 2024-cü il tarixli hüquqi xidmət göstərilməsinə dair müqavilədən görünür ki, 20 ədəd məhkəmə mübahisəsi üçün 600 manat məbləğində pulun vəkil bürosuna ödənilməsi razılaşdırılmış, xx.xx.2024-cü il tarixdə həmin məbləğ köçürülmüşdür.

42. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

43. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.

44. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

45. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36,99 manat, hüquqi xidmət xərcinin əvəzi olaraq 30 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

46. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 27 sentyabr 2019-cu il tarixdə bağlanmış gömrük təmsilçilik xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə 1668,31 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36,99 manat, hüquqi xidmət xərcinin əvəzi olaraq 30 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar