Məhkəmə qərarları › İş №e-2-2(113)-4685/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4685/2023

26.10.2023 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4685/2023 26.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Ərizəçi (kreditor) İddiaçı borclu Təhsil Texnologiyalar Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firmasına qarşı “borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: müflis elan olunma, əmlak inzibatçısının təyin edilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, ərizəçinin (kreditor) nümayəndəsi/vəkili Vəkil iştirakı ilə, borclu Təhsil Texnologiyalar Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firmasının nümayəndəsinin iştirakı olmadan, ərizəçi (kreditor) İddiaçı borclu Təhsil Texnologiyalar Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firmasına qarşı “borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. Ərizəçi (kreditor) İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Təhsil Texnologiyalar Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firmasının müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi, həmçinin 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun borcludan ərizəçi (kreditor) İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, təsisçilərdən biri olaraq ərizəçi tərəfindən Təhsil Texnologiyalar Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firmasına (bundan sonra “Firma”) müxtəlif vaxtlarda borc qismində ümumilikdə 4.851.200 manat məbləğində pul verilmişdir. Həmin pul vəsaiti təsisçi kimi məhz borc olaraq Firmaya verilmişdir (müvafiq ödəniş qəbzləri həm Firmada, həm də ərizəçidə vardır). Bununla belə, borc verilmiş pul vəsaitləri indiyədək də Firma tərəfindən geri qaytarılmamışdır. Firma artıq uzun müddətdir ki, ərizəçiyə olan borcunu geri ödəmir. Digər tərəfdən Firma öz fəaliyyətini rəsmi olaraq dayandırımışdır ki, bu da Firma tərəfindən borcun ödənilməsini faktiki olaraq mümkünsüz edir. Bununla əlaqədar, pretenziya məktubu ilə xx.xx.2022-ci il tarixində Firmaya rəsmi (onlayn kargüzarlıq vasitəsi ilə) müraciət olunmuş və ümumilikdə 4.851.200 manat məbləğində borc pul vəsaitini 3 gün müddətində ödənilməsinin təmin edilməsi tələb edilmişdir. Həmçinin həmin pretenziya məktubunda “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə borclu müəssisə olan Təhsil Texnologiyalar Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firmasına qarşı “borclunun müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət ediləcəyi haqqında məlumat verilmişdir. Lakin bundan sonra da, borclu şəxs olan Firma nəyin ki, öz borc öhdəliklərinin icrasını təmin etməmişdir, hətta qeyd olunan pretenziya məktubuna cavab belə verməmişdir. Qeyd edilməlidir ki, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununa əsasən borclu kreditorun irəli sürdüyü ödəmə tələbini tələb verildikdən sonra yerinə yetirmədiyi və öz borclarını vaxtı çatdıqca ödəməyə qadir olmadığı təqdirdə, ödəmə qabiliyyəti olmayan hesab olunur və bu halda iflas prosesinə məruz qalır. Belə ki, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə əsasən borclu ödəmə qabiliyyəti olmadığı halda, iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. Göründüyü kimi, borclu Təhsil Texnologiyalar Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firması kreditor İddiaçı qanuni ödəmə tələblərini neçə illər ərzində yerinə yetirmir. Bu səbəbdən də, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə əsasən borclu müəssisə ödəmə qabiliyyəti olmayan hesab olunmalı və iflas prosesinə məruz qalmalıdır. Qeyd olunanlara əsasən borclu Firma ödəmə qabiliyyəti olmayan hesab olunmalı və iflas prosesinə məruz qalmalıdır. Borclu müəssisənin nizamnamə fondunun 10 (on) faizindən az bir hissəsini təşkil etdiyi hallarda kreditorların borcluya qarşı əmlak iddiaları məhkəmədə əmlak mübahisələrinə baxılmasının ümumi qaydalarına uyğun həll edilir. Hazırkı halda, borclu Firmanın nizamnamə fondu 400 manat təşkil edir. Firmaya qarşı kreditor olaraq tələbin məbləği isə 4.851.200 manat təşkil edir. Göründüyü kimi, hazırkı iş üzrə kreditor olaraq ərizəçinin tələbi borclu Firmaya qarşı ümumi tələblərinin məbləği borclu müəssisənin nizamnamə fondunun 10 faizindən çox bir hissəsini təşkil edir və bu səbəbdən hazırkı mübahisəyə borclunun iflas prosesi çərçivəsində baxılmalıdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən Çıxarışından müəyyən olunur ki, Firmanın hüquqi ünvanı AZ1073, Baki şəhəri, ünvan 1alar Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firmasının kredintorları aşağıdakılardan ibarətdir: 1. İddiaçı (ünvan: ünvan 2tensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsi – tələb məbləği 4.851.200 manat; 2. Bank "xxxx" ASC (Ünvan: Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi 27, Tel: 2891817, VÖEN: **********)təsdiq olunmamış tələb məbləği xx.xx.2022-ci il tarixə 428952.81 manat əsas borc, 313597.5 manat faiz borcu və 440859.89 manat dəbbə pulu, ümumilikdə 2183410.2 manat. Təhsil Texnologiyalar Mərkəzi Hüquq- Kommersiya "xxxx" LTD Firmasının Debitorları isə yoxdur. Kreditor olaraq tələbin məbləği isə 4.851.200 manat təşkil edir, həmin məbləğ müxtəlif vaxtlarda hissə-hissə borc olaraq Firmaya verilmişdir və bütün borc məbləği 2021-ci ildə ödənilməli idi. Boclunun artıq ödəmə qabiliyyətli olmaması İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş arayışla təsdiq edilir. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş arayışa əsasən Təhsil Texnologiyalar Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firması öz fəaliyyətini xx.xx.2023-cü il tarixində dayandırmışdır. Həmin arayışın 4.5-ci bəndinə əsasən Təhsil Texnologiyalar Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firmasının aktivləri yoxdur.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən ərizəçinin/kreditorun nümayəndəsi/vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi.

4. Borclu Təhsil Texnologiyalar Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firmasına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məlumat verilməmişdir.

5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən borcu/cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İşdə olan kassa mədaxil orderləri qəbzlərindən görünür ki, 2015-2020-ci illər ərzində təsisçi İddiaçı tərəfindən Təhsil Texnologiyalar Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firmasına borc və təsisçi payı kimi pul məbləğləri mədaxil edilmişdir.

8. İddiaçı tərəfindən Təhsil Texnologiyalar Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firmasına ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziyada 4.851.200 manat məbləğində borc vəsaitinin ona ödənilmədiyini, həmin vəsaitin qaytarılmaması nəticəsində ona külli miqdarda maddi zərər vurulduğu, buna görə də həmin məbləğin 3 gün ərzində ödənilməsi tələb olunmuşdur.

9. Hüquqi şəxsin fəaliyyətinin dayandırılması haqqında arayışa əsasən Təhsil Texnologiyalar Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firması xx.xx.2023-cü il tarixdən xx.xx.2027-ci il tarixinə kimi fəaliyyətini müvəqqəti dayandırmışdır.

10. Təhsil Texnologiyalar Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firmasının kreditorlarının və debitorlarının siyahısı haqqında xx.xx.2023-cü il tarixli arayışında İddiaçı qeyd olunmuşdur.

11. Dövlət Vergi Xidmətinin Təhsil Texnologiyalar Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firmasına yüklülük barədə ünvanladığı məktubunda firmanın nizamnamə kapitalının girovda olması, üzərinə həbs qoyulması və digər qaydada yüklü olması, müflis elan olunması və qurum barəsində müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirinin tətbiq edilməsi haqqında məhkəmənin yekun qərarı barədə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində heç bir məlumat aşkar edilməmişdir.

12. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/2-129377/21 saylı məktubunda uçot bazasının məlumatlarına əsasən Təhsil Texnologiyalar Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firmasının adında nəqliyyat vasitəsinin qeydiyyatda olmadığı qeyd olunmuşdur.

13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda Təhsil Texnologiyalar Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firması xx.xx.2023-cü il tarixə vergilər və sosial ödənişlər üzrə icra edilməmiş öhdəlikləri olmadığı, eyni zamanda uçot baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən 2023-cü il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinə əsasən dövrün sonuna olan likvid avtivlərinin cəmi 19.350,93 manat (pul vəsaitləri 850,92 manat və debitor borcları 18.500) təşkil etdiyi bildirilmişdir.

14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda Təhsil Texnologiyalar Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firmasının adında hazırda respublika ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilmədiyi bildirilmişdir.

15. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır.

16. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə müflisləşmə – borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmamasıdır.

17. Həmin Qanunun 2-ci maddəsinə görə iflas haqqında işlərə başlanması və həmin işlərə baxılması qaydası bu Qanunun spesifik tələbləri nəzərə alınmaqla, qüvvədə olan prosessual qanunvericiliklə tənzimlənir. Bu Qanun bütün kommersiya (banklar istisna olmaqla) və qeyri-kommersiya təşkilatlarına şamil edilir. İflas haqqında işin qaldırılması üçün kreditorun (kreditorların) və ya borclunun məhkəməyə təqdim olunan ərizəsi əsas sayılır. Həmin ərizənin məhkəməyə təqdim edilməsi tarixi iflas prosesinə məhkəmə vasitəsilə başlanmasının məqamıdır. Məhkəməyə iflas haqqında iddia ərizəsi borclu müəssisənin idarəetmə orqanının qəbul etdiyi qərar (əgər borclu dövlət müəssisəsidirsə, müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi qərar) əsasında təqdim oluna bilər.

18. Həmin Qanunun 3-cü maddəsinə görə borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki:

19. a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir;

20. b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir;

21. c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir.

22. Qeyd olunan normaların məzmununa əsasən müflis elan olunma üçün borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmaması təsdiqini tapmalıdır.

23. Hazırkı tələb “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun “c” bəndi ilə əsaslandırıldığına görə iddiaçı tərəfindən borclunun öhdəliklərini icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməməsi və borclunun aktivlərinin tələbin ödəniləsi üçün kifayət etməməsi sübuta yetirilməlidir.

24. Ərizəçinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, müflis elan olunma üçün borclunun öz öhdəliklərini ödəmə qabiliyyətinin olmaması təsdiqini tapmalıdır. Hazırkı tələb borclunun digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməməsi ilə əsaslandırıldığına görə ərizəçi tərəfindən göstərilən hal və borclunun aktivlərinin tələbin ödənilməsi üçün kifayət etmədiyi sübuta yetirilməli idi. Lakin ərizəçi tərəfindən məhkəməyə qeyd olunan xüsusatlarla bağlı hər hansı sübut təqdim olunmamışdır. Bundan əlavə ərizəçinin nümayəndəsi məhkəmə iclası zamanı onlara verilməli olan borc məbləği 1 il ərzində qaytarılmalı olduğunu bildirmiş, lakin buna dair hər hansı sübut təqdim etməmişdir. Həmçinin, ərizəçi tərəfindən borcluya qarşı pul tələbi barədə iddia irəli sürülməmişdir ki, tələb olunan pul məbləğinin tutulub-tutulmaması məsələsi də həmin iddia üzrə araşdırmanın predmeti ola bilər. Digər tərəfdən ərizəçinin müflis elan olunmasını tələb etdiyi Təhsil Texnologiyalar Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firmasının İddiaçı 4.851.200 manat borcun olması və ya həmin 4.851.200 manat məbləğin şirkətin balans/maliyyə hesabatlarında, vergi orqanına təqdim olunan bəyannamələrində öz əksini tapmasını təsdiq edən sübutlar da iş materiallarına əlavə edilməmişdir.

25. Qanunvericilik iş üzrə tərəflərin istinad etdiyi halların onlar tərəfindən sübuta yetirilməsini nəzərdə tutduğu halda, ərizəçinin dəlilləri mötəbər sübutlarla öz təsdiqini tapmamışdır

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

27. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Belə olan halda qeyd olunan normaları və işin yuxarıda göstərilən hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, ərizəçinin tələbinin əsaslı olmasını təsdiq etmək üçün istinad etdiyi sübutlar borclu firmanın öhdəliklərini icra etməyə qadir olmaması, yəni ödəmə qabiliyyətinin olmaması barədə əsaslı nəticəyə gəlmək üçün kifayət etmir.

31. Həmçinin məhkəmə tələbin ikinci hissəsini təşkil edən “firmanın iflas prosesinin həyata keçirilməsi üçün əmlak inzibatçısı təyin edilməsi” tələbi ilə bağlı qeyd edir ki, həmin tələbin təmin edilməsi ərizənin ilkin hissəsi ilə bağlı olduğundan və ərizə ilk hissədə təmin edilmədiyindən bu tələbin də təmin olunması üçün əsaslar mövcud deyildir.

V. Nəticə:

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

Ərizəçi (kreditor) İddiaçı borclu Təhsil Texnologiyalar Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firmasına qarşı “Təhsil Texnologiyalar Mərkəzi Hüquq-Kommersiya "xxxx" LTD Firmasının müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi, həmçinin 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun borcludan ərizəçi (kreditor) İddiaçı xeyrinə tutulması” barədə ərizəsi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar