Məhkəmə qərarları › İş №e-2-2(113)-543/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-543/2024

15.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-543/2024 15.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: ditribütor müqaviləsi, konsessiya müqaviləsi, elektron qaimə, dəbbə pulu, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə qiyabi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (əvvəlki “X2 Azerbaijan”) Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra İddiaçı MMC) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra "xxxx" MMC) qarşı iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 14 224,02 manat əsas borc, 800 manat cərimə məbləği olmaqla ümumilikdə 15 024,02 manat pulun və 200 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki: 2.1. tərəflər arasında xx.xx.2013-cü il tarixli distribütor müqaviləsi və həmin müqaviləyə müxtəlif tarixlərdə 13 əlavə imzalanmışdır. Həmin müqaviləyə və əlavələrə əsasən, iddiaçı müəyyən edilmiş şərtlərlə tikinti materialları, avadanlıqları və ləvazimatı, inşaatda istifadə olunan kimyəvi məhsullarını cavabdehə verməyi, cavabdeh isə iddiaçının distribütoru olaraq fəaliyyət göstərməyi və məhsulların dəyərini müqavilə və əlavələrdə nəzərdə tutulmuş müddətdə və qaydada iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. 2.2. Qeyd olunan müqavilə əsasında iddiaçı tərəfindən inşaatda istifadə olunan kimyəvi məhsullar müqavilə ilə nəzərdə tutulmuş qaydada, tam və standarta uyğun şəkildə cavabdehə təhvil verilmiş, lakin cavabdeh həmin malların dəyərini müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada iddiaçıya ödəmək öhdəliyini tam şəkildə yerinə yetirməmişdir. Belə ki, iddia ərizəsinin məhkəməyə təqdim tarixinədək "xxxx" MMC ilə aralarında olan xx.xx.2013-cü il tarixli distribütor müqaviləsi və həmin müqaviləyə əlavələr üzrə 14224,02 manat ödənilməmiş borc və cərimə borcu yaranmışdır. 2.3. Cavabdehə göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubuna baxmayaraq, sonuncu öz müqavilə öhdəliklərini tam yerinə yetirməmişdir. İddiaçı tərəfindən Mediasiya Şurasına müraciət olunmuş, xx.xx.2023-cü il tarixində ilkin mediasiya sessiyası keçirilmiş, lakin qarşı tərəf lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən 200 manat mediasiya xərci ödənilmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 425.1, 442, 445.1, 448.1-ci və s. maddələri göstərilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-543/2024 nömrəli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahatlar vermiş və məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, tərəflər arasında dövriyyə çox olduğundan üzləşmələr illər üzrə aparılıb. Buna görə də xx.xx.2023-cü il tarixli üzləşmə aktı ilə illik üzləşmə aparılaraq xx.xx.2022ci il tarixə olan borc məbləği 378 156,81 manat kimi təsbit olunub. Bundan sonra da cavabdehə mallar təqdim olunub, cavabdeh tərəfindən ödənişlər aparılıb, bir hissə mal isə qaytarılıb. Ödənilməmiş qalıq borc 14 224,02 manat təşkil edir.

6. Məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdehin və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə, cavabdehin X1 Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmiş, eyni zamanda hüquqi ünvanına çatdırılmış, cavabdehin qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildiriş göndərilmişdir. Lakin cavabdehin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 185.5-ci maddəsinə əsasən, mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Müqavilə üzrə borcun tutulması tələbi ilə bağlı

8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

10. İşin müəyyən olunan halları aşağıdakılardan ibarətdir: - “BASF X3” MMC (hazırkı İddiaçı MMC; VÖEN **********) (şirkət qismində) ilə "xxxx" MMC (distribütor qismində) arasında xx.xx.2013-cü il tarixdə distribütor müqaviləsi bağlanmış, iddiaçı istehsal və ya idxal etdiyi tikinti materiallarını və inşaatda istifadə olunan kimyəvi məhsulları cavabdehə verməyi, cavabdeh isə şirkətin məhsullarını vaxtaşırı almağı, onları şirkətin təsdiq etdiyi paylayıcı dilerlərə, dilerlərə, icraedici peşəkar dilerlərə və fərdi mağazalara satmağı və aldığı məhsulların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər xx.xx.2013-cü il tarixli müqaviləyə xx.xx.2013 – xx.xx.2021-ci il tarixlərdə 13 əlavə bağlamış, qeyd olunan əlavələrlə müqavilənin təminatı, məhsulların qiyməti, güzəşt məbləği, limit, prim və s. razılaşdırılmışdır. - Tərəflərin qarşılıqlı üzləşmə aparıb möhürləri ilə təsdiq etdiyi xx.xx.2023-cü il tarixli qarşılıqlı üzləşmə aktına əsasən xx.xx.2022-ci il tarixə cavabdehin qalıq borc məbləği ƏDV daxil 378 156,81 manat kimi təsbit olunmuş, xx.xx.2022-ci il tarixdən sonrakı tarixlərdə iddiaçı tərəfindən cavabdehə 131 713,64 manat dəyərində məhsul təqdim olunmuşdur. - Təqdim olunan məhsulların dəyərindən cavabdeh tərəfindən xx.xx.2023 – xx.xx.2024-cü il tarixlərdə 440 983,66 manat bank vasitəsi ilə köçürmə yolu ilə, 40 346,71 manat ƏDV subhesabına ödənilməklə ödəniş edilmiş, 14 316, 06 manat (6479,38+7836,68) dəyərində məhsul isə iddiaçıya geri qaytarılmışdır.

11. İddiaçı təhvil verilmiş malın dəyərindən 14 224,02 manat hissəsinin cavabdeh tərəfindən ödənilmədiyini bildirir, malın qalıq dəyərini təşkil edən 14 224,02 manat pulu tələb edir və iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları təqdim edir.

12. Cavabdeh tərəf iddiaya etiraz təqdim etmir.

13. Məhkəmə mübahisənin həlli üçün, əvvəla, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixdə distribütor müqaviləsindən irəli gələn hüquq münasibətlərinin xarakterinin şərh edilməsini zəruri hesab edir.

14. İddiaçı ilə cavabdeh arasında bağlanmış distribütor müqaviləsi sahibkarlıq fəaliyyəti ilə məşğul olan 2 hüquqi şəxs arasında imzalanmış, adıçəkilən müqavilənin hüquqi məqsədini iddiaçının mallarının cavabdeh tərəfindən üçüncü şəxslərə satılmaq üçün vaxtaşırı alınması təşkil edir. Həmin müqaviləyə əsasən, iddiaçı malları cavabdehə çatdırır, onun mülkiyyətinə verir, cavabdeh müəyyən edilmiş vaxtlarda iddiaçının təyin etdiyi minimum miqdarda və qiymətdə məhsulları alır və öz adından, öz hesabına üçüncü tərəflərə satır, Abşeron rayonu və Bakı şəhərində malların satışını həyata keçirir, cavabdeh fəaliyyət göstərdiyi ərazidə satışın artması üçün tədbirlər görür, iddiaçı cavabdehə güzəştlər tətbiq edir, cavabdeh məhhsul ehtiyatı saxlamağı öz üzərinə götürür və s.

15. xx.xx.2013-ci il tarixli distribütor müqaviləsində göstərilən şərtlər onu deməyə əsas verir ki, həmin müqavilə mahiyyəti etibarilə kommersiya konsessiyası müqaviləsidir.

16. Belə ki, Mülki Məcəllənin 800.1-ci maddəsinə əsasən, konsessiya müqaviləsi istehsalçı və ya tacir (tapşıran) ilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxs (konsessioner) arasında elə bir ümumi razılaşmadır (birtipli müqavilədir) ki, onun əsasında konsessioner aşağıdakıları öhdəsinə götürür: tapşırandan müəyyən malları (kontrakt mallarını) vaxtaşırı satın almaq; bu malları öz adından və öz hesabına başqasına satmaq; bu zaman kontrakt mallarını müəyyən ərazilərdə və (və ya) müəyyən müştərilərə (müqavilə ərazisi və müqavilə müştəriləri) satmaq. Onların barəsində tapşıran konsessionerə müstəsna satış hüququ (inhisar hüququ) verir, konsessioner isə tapşıranın mallarının onun nəzarəti altında satışına qarantiya verməlidir.

17. Həmin Məcəllənin 800.2-ci maddəsinə əsasən, əgər müqavilədə ayrı şərt qoyulmayıbsa, tapşıran barəsində konsessionerin kontrakt mallarını müqavilə ərazisinin hüdudlarından kənarda və ya müqavilə müştərilərindən savayı, başqa müştərilərə satmaq hüququ yoxdur.

18. Məhkəmə qeyd edir ki, kommersiya konsessiyası müqaviləsi tapşıran (iddiaçı) ilə konsessioner (cavabdeh) arasında alqı-satqı, icarə, saxlama, müəlliflik müqavilələrini ehtiva edən mürəkkəb xarakterli müqavilə olub mülki qanunvericiliklə xüsusi tənzimlənən xidmət müqavilələri kateqoriyasına aiddir.

19. Hazırkı müqavilə tapşıran (iddiaçı) ilə konsessioner (cavabdeh) arasında münasibətləri tənzimləyən ümumi (birtipli) müqavilə olmaqla, həm də Mülki Məcəllənin 802.2-ci maddəsinə uyğun olaraq bütün alqı-satqı əməliyyatları üçün qüvvədə olan ümumi şərtləri də ehtiva edir.

20. Belə ki, adıçəkilən müqavilənin 2.6-cı hissəsinə əsasən, məhdullar iddiaçı (şirkət) tərəfindən cavabdehin qeyd etdiyi ünvana göndəriləcək, cavabdeh (distribütor) məhsulların növünü və miqdarını, qüsur və nasazlığın olub-olmadığını yoxladıqdan sonra qəbul edəcək (4.1). Cavabdeh (distribütor) iddiaçıdan (şirkətdən) aldığı məhsulların ödənişini qaimədə göstərilən ən son vaxta kimi nağd şəkildə və hamsını birdəfəyə ödəməyi öhdəsinə götürür. Cavabdeh (distribütor) müəyyən məhdudiyyətlər çərçivəsində və zəmanət verməklə kredit vasitəsilə məhsulları ala bilər. Kreditin həcmini iddiaçı (şirkət) müəyyən edir (2.10) və s.

21. Kommersiya konsessiyası üzrə alqı-satqı münasibətlərinə isə Mülki Məcəllənin 802-ci maddəsi nəzərdə tutulmuş qaydada ümumi (birtipli) müqavilənin şərtləri nəzərə alınmaqla mülki qanunvericiliyin alqı-satqı barədə müddəaları tətbiq edilir.

22. Belə olan halda məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə alqı-satqı münasibətləri nisyə alqı-satqı müqaviləsi formasında olmuşdur (xx.xx.2013-ci il tarixli distribütor müqaviləsinin 2.10-cu bəndi nəzərə alındığında).

23. Bu halda iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

24. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

25. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.

26. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

27. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

29. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

30. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

31. Tərəflərin qarşılıqlı üzləşmə aparıb xx.xx.2022-ci il tarixə qalıq borc məbləğini ƏDV daxil 378 156,81 manat kimi təsbit etdiyini, xx.xx.2022-ci il tarixdən sonrakı tarixlərdə iddiaçı tərəfindən cavabdehə 131 713,64 manat dəyərində məhsul təqdim olunduğunu, təqdim olunan məhsulların dəyərindən cavabdeh tərəfindən 440 983,66 manat bank vasitəsi ilə köçürmə yolu ilə, 40 346,71 manat ƏDV subhesabına ödənilməklə ödəniş edildiyini, 14 316,06 manat dəyərində məhsulun iddiaçıya geri qaytarıldığını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, alqı-satqı müqaviləsi üzrə 14224,02 (378156,81+131713,64=509870,45; 509870,45-440983,66-40346,71-14316,06)) manat pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Müqavilə üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı

32. İddia ərizəsində iddiaçı həmçinin 800 manat məbləğində cərimənin cavabdehdən tutulmasını xahiş edir.

33. xx.xx.2013-cü il tarixli məhsulların distribütor müqaviləsinin 2.10-cu bəndinə əsasən, cavabdeh (distribütor) iddiaçıdan (şirkətdən) aldığı məhsulların ödənişini qaimədə göstərilən ən son vaxta kimi nağd şəkildə və hamsını birdəfəyə ödəməyi öhdəsinə götürür. Əgər cavabdeh (distribütor) bu öhdəliyi yerinə yetirə bilməsə, o, ödəməli olduğu məbləğə əlavə olaraq aylıq 2% olmaqla faiz ödəməyi öhdəsinə götürür.

34. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

35. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

36. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında və mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır.

37. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 800 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

38. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cərimənin tutulması hissəsində təmin edilməli, 800 manat məbləğində cərimə cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı MMCyə ödənilməlidir.

c) Mediasiya xərcinin tutulması tələbi ilə bağlı

39. İddiaçı həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat pulun cavabdehdən tutulması tələbini irəli sürmüşdür.

40. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/6-0501 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş, iddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiya xərcini ödəmişdir.

41. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

42. Həmin Məcəllənin 115.0 və 115.0.9.-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.

43. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən 4.6-cı maddəsinə əsasən (Məcəllənin iddia ərizəsi məhkəməyə təqdim edilərkən qüvvədə olan redaksiyasına əsasən) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

44. Göründüyü kimi, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

45. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

46. İddia tələbi tam təmin olunduğundan məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

47. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 242-244, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. “Basf X3” Məhdud Məsuliyyətli Cəmiyyəti (hazırkı İddiaçı) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış distribütor müqaviləsi üzrə 14224 (on dörd min iki yüz iyirmi dörd) manat 02 (iki) qəpik əsas borc, 800 (səkkiz yüz) manat cərimə məbləği olmaqla ümumilikdə 15024 (on beş min iyirmi dörd) manat 02 (iki) qəpik məbləğində pul cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar