Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5619/2025 24.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı “məlumatların verilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: hüquqi şəxsin fəaliyyətindən irəli gələn məlumatların verilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “məlumatların verilməsi” dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. İŞİN FAKTİKİ HALLARİ
1. İddiaçı cavabdeh Cəmiyyətin səmdarlarındadır. 2001-ci ilin noyabr ayının 5-dən 26-dək cavabdehin səhmlərinin güzəştli satışı barədə iddiaçıya yazılı məlumat verilmiş, iddiaçı həmin satışda iştirak etmiş, onun verdiyi sifariş və 12 ədəd özəlləşdirmə çeki Cəmiyyət (cavabdeh) tərəfindən qəbul edilərək, bu barədə ona xx.xx.2001-ci il tarixli qəbz verilmişdir.
2. Cavabdeh tərəfindən iddiaçının vəkili və nümayəndəsinin sorğusuna xx.xx.2025-ci il tarixdə verdiyi cavab məktbunda qeyd edilmişdir ki, iddiaçı Cəmiyyətin səhmlərinin əmək kollektivinə güzəştli satışında iştirak edərək 12 ədəd özəlləşdirmə çeki təqdim etmiş, nəticədə hər birinin nominal dəyəri 2 manat (o dövr üçün 10000 manat idi) olan 35 ədəd səhm əldə etmişdir.
3. Həmçinin, xx.xx.2018-ci il tarixdə Cəmiyyətin 286 nəfər səhmdarının iştirakı ilə Ümumi Yışığıncağı keçirilmiş, Ümumi Yışığıncaqda 4 məsələ - 2017-ci ilin maliyyətəsərrüfat fəaliyyətinin nəticəsinə dair hesabatın təsdiqi, Nizamnamənin yeni redaksiyada (2-ci redaksiyada) təsdiq edilməsi, Cəmiyyətin Ümumi Yışığıncağı, Müşahidə Şurası, Təftiş komssiyasının, İcra orqanı haqqında Əsasnamələrin təsdiqi, səhmdarlara dvidendlərin verilmə qayadalarının və Cəmiyyətin Müşahidə Şurasının, Təftiş komssiyasının, İcra orqanının formalaşdırılması müzakirəyə çıxarılmış, hər bir məsələ yekdilliklə qəbul edilmişdir.
4. 10.09.2018-ci il tarixdə Cəmiyyətin 2-ci redaksiyada yeni Nizamnaməsi təsdiq edilmişdir. Nizamnamənin: 4.1. 3.2-ci bəndinə görə Səhmdar cəmiyyətinin əsas fəaliyyət növü müxtəlif ölçülü elektrik mühərriklərinin və xalq istehlakı mallarının istehsalından ibarətdir; 4.2. 4.6-cı bəndinə görə Cəmiyyətin nizamnamə kapitalı 3 196 340 (üç milyon yüz doxsan altı min üç yüz qırx), 1 598 170 (bir milyon beş yüz doxsan səkkiz min yüz yetmiş) ədəd sənədsiz adi adlı səhmdir. Bir səhmin nominal dəyəri 2.00 manat təşkil edir; 4.3. 5.1-ci bəndinə görə Səhmdarların bu Nizamnamədə nəzərdə tutulan hallar istisna olmaqla, Cəmiyyəin işlərinin idarə olunmasında iştirak etmək; Cəmiyyətin fəaliyyətinə dair məlumat almaq və ildə bir dəfə onun mühasibat kitabları və digər sənədləri ilə tanış olmaq; mənfəət bölgüsündə iştirak etmək; müəyyən edilmiş qaydada və hallarda cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək; ümumi yığıncağın gündəliyinə dəyişikliklər edilməsini tələb etmək: ümumi yığıncaqda səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək; cəmiyyətin fəaliyyətinin Təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək; öz səhmləri ilə əlaqədar, digər səhmdarlarla razılaşdırmadan istənilən əqdi bağlamaq; cəmiyyətin ləğv edildiyi halda kreditorlar ilə hesablaşmalardan sonra əmlakdan qalan hissəni və ya onun dəyərini almaq hüquqları vardır. 4.4. 5.2, 5.3 və 5.7-ci bəndlərinə görə Hər bir səhmdarın qanunvericilikdə nəzərdə tutulmuş qaydada səhmlərini hər hansı bir formada özgəninkiləşdirmək, Səhmdarın yazılı ərizəsinə əsasən, ildə bir dəfə səhmdarların reyestrinin ona təqdim edilməsini tələb etmək, Hər bir səhmdar, cəmiyyətin fəaliyyətinə dair məlumat almaq, öz səhmləri ilə əlaqədar istənilən əqdi bağlamaq, cəmiyyət ləğv edildiyi halda əmlakın qalan hissəsini və ya onun dəyərini almaq hüquqları vardır. 4.5. 6.1, 6.2 və 6.3-cü bəndlərinə görə Cəmiyyət ildə biı dəfə səhmdarların illik ümumi yığıncağını keçirir. Növbəti illik ümumi yığıncaq maliyyə ili bitdikdən sonra 6 (altı) aydan gec olmayaraq icra orqanlarını tərəfindən çağırılır və bu barədə səhmdarlara məlumat verilir. İllik yığıncaqla yanaşı növbədənkənar yığıncaqlar da keçirilə bilər. Səhmdarların növbədənkənar yığıncaqları cəmiyyətin Müşahidə Şurası, icra orqanlarını tərəfindən və Təftiş komissiyası üzvlərinin əksəriyyətinin və ya cəmiyyətin adi səhmlərinin ən azı on faizinə malik olan səhmdarların yazılı formada verilmiş tələbi əsasında çağırılır. Tələbnaıuədə yığıncağın keçirilməsinin məqsədini əks etdirməlidir. Səhmdarların ümumi yığıncağının keçirilməsi və onun gündəliyi haqqında yığıncağın çağırılmasına ən geci qırx beş gün qalmış kütləvi informasiya vasitəsi ilə səhmdarlara məlumat verilməli, hər bir səhmdara sifarişli məktubla səhmdarların reyestrində göstərilmiş ünvana yazılı bildiriş göndərilməlidir. Bildirişdən sonra yığıncağın gündəliyi dəyişdirilə bilməz. Hər bir səhmdar ümumi yığıncağın keçirilməsinə ən geci 20 gün qalanadək gündəliyə aid təkliflərini vermək hüququna malikdir. Ümumi yığıncaqlar cəmiyyətin səsli səhmlərinin (səsvermə hüququ olan) 60 faizinə malik olan səhmdarların və ya onların qanuni nümayəndələrinin iştirak etdiyi halda səlahiyyətli sayılır. Yetərsay olmadıqda ümumi yığıncaq gündəliyi dəyişdirilmədən bu nizamnamədə müəyyən edilmiş qaydada yenidən çağırılır və səslisəhmlərin 40 faizinin sahibləri (onların nümayəndələri) iştirak etdikdə səlahiyyətlidir. Yenidən çağırılmış yığıncaqda yetərsay olmadıqda. ümumi yığıncaq gündəliyi dəyişdirilmədən təkrarən çağırılır və səsli səhmlərin 25 faizinin sahibləri (onların nümayəndələri) iştirak etdikdə səlahiyyətli olur.
MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
5. İddiaçı cavabdehin səhmləri və səhmdarların sayı, səhmlərin nominal dəyəri, 2001-ci ilin noyabr ayından 2025-ci ilin iyul ayına qədər cavabdehin illik dövriyyəsi, şirkətin mənfəəti, səhmdarlara ayrılan dvidendlərə dair məlumatların, həmçinin 2001-ci ilin noyabr ayından 2025-ci ilin iyul ayına qədər iddiaçıya verilməli olan dvidendlərin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2001-ci ilin noyabrın 05dən 26-dək cavabdehin səhmlərinin əmək kollektivinə güzəştli satışında iştirak edərək 12 ədəd özəlləşdirmə çeki təqdim etmiş və 35 ədəd səhm əldə etmişdir. İddiaçı cavabdeh hüquqi şəxsin səhmdarlarından biri olsa da 2001-ci ildən bu günə qədər şirkətin fəaliyyətində yaxından iştirak etməmiş, səhmlərin və səhmdarların sayı, səhmlərin nominal dəyəri, şirkətin illik dövriyyəsi, mənfəəti, dvidendlər barədə heç bir məlumata malik deyil. Cavabdeh şirkətə 05 aprel 2025-ci il tarixində vəkil sorğusu göndərilmiş, iddiaçıya məxsus Cavabdeh ASC-də mövcud olan səhmlərin sayı və nominal dəyərləri ilə bağlı məlumatların təqdim edilməsi xahiş edilmişdir. Cavabdehin təqdim etdiyi xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, iddiaçı cavabdehin səhmlərinin əmək kollektivinə güzəştli satışında iştirak edərək 12 ədəd özəlləşdirmə çeki təqdim etmişdir və nəticədə hər birinin nominal dəyəri 2 manat olan (o dövr üçün 10000 manat idi) 35 ədəd səhm əldə etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçının müəssisəyə müraciəti əsasında Respublika Auksion Mərkəzinin Baş direktoru tərəfindən imza və möhürlə təsdiqlənmiş Bildiriş №0016880 ona təqdim edilmişdir. Cavabdeh şirkətə 24 aprel 2025-ci il tarixində 2-ci vəkil sorğusu göndərilmiş, xx.xx.2001-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək cavabdeh tərəfindən hər təqvim ili üzrə elan edilmiş xalis mənfəət göstəriciləri və xalis mənfəətdən elan edilmiş dividendlər, o cümlədən cəmiyyətin nizamnamə kapitalı barədə ətraflı məlumatların təqdim edilməsi xahiş edilmişdir. Lakin, həmin vəkil sorğusuna cavabdeh tərəfindən bu günə qədər heç bir cavab verilməmişdir. Həmçinin, 05 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankına vəkil sorğusu göndərilmiş, cavabdehdə mövcud olan səhmlərin sayı və nominal dəyərləri ilə bağlı məlumatların təqdim edilməsi xahiş edilmişdir. AR Mərkəzi Bankının 9 aprel 2025-ci il tarixli cavab məktubuna əsasən “Qiymətli kağızlar bazarı haqqında” AR Qanununun 17.1-ci maddəsinə əsasən qiymətli kazğış mülkiyyətçilərinin reyestri Milli Depozit Mərkəzi tərəfindən aparılır. Həmçinin, 05 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə vəkil sorğusu göndərilmiş, cavabdehə məxsus illik hesabat, dövriyyə və maliyyə hesabatları ilə bağlı məlumatların təqdim edilməsi xahiş edilmişdir. Lakin, həmin vəkil sorğusuna da heç bir cavab verilməmişdir. Bundan başqa, iddiaçının Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə müraciətinə cavab olaraq bildirilmişdir ki, araşdırma zamanı aşkar olunmuşdur ki, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə əməl edilməyərək cəmiyyətin səhmdarlarının reyestrinin aparılması və ümumi yığıncaqların çağırılması təmin edilmir, öz növbəsində reyestrdən çıxarış əsasında səhmlə təsbit olunmuş hüquqlarını həyata keçirmək, səhmlərlə əqdlər bağlamaq, cəmiyyətin idarə edilməsində iştirak etmək və Mülki Məcəllənin 106-1.3-cü maddəsində əks olunmuş digər hüquqları pozulur. Bununla əlaqədar olaraq, yuxarıda qeyd olunan səhmdar cəmiyyətinə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən icrası məcburi göstəriş verilmiş və cəmiyyətin fəaliyyətində buraxılmış qanun pozuntularının aradan qaldırılması üzrə tədbirlər görülməsi tələb edilmişdir. İddiaçı cavabdehdə səhmdar olmasına baxmayaraq 2001-ci ilin noyabr ayından bu günə qədər şirkətin səhmləri və səhmdarların sayı, səhmlərin nominal dəyəri, şirkətin illik dövriyyəsi, mənfəəti, dvidendləri barədə heç bir məlumata malik olmamış və heç bir zaman dvidend almamışdır. Digər tərəfdən, iddiaçı səhmdar kimi qeyd edilən məlumatları və şirkətin fəaliyyəti nəticəsində səhmdarlar üçün ayrılan dvidendləri almaq hüququnu realizə etmək üçün zəruri olan məlumatları belə əldə edə bilməmişdir. Aidiyyəti qurumlara və cavabdeh şirkətə vəkil sorğuları göndərilməsinə baxmayaraq cavabdehin səhmləri və səhmdarların sayı, səhmlərin nominal dəyəri, şirkətin illik dövriyyəsi, xx.xx.2001-ci il tarixindən bu günə qədər şirkətin mənfəəti, səhmdarlara ayrılan dvidendləri barədə məlumatları, həmçinin iddiaçıya verilməli olan dvidendləri əldə etmək mümkün olmamışdır.
b) İddiaya qarşı etirazın dəlilləri
7. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim etməmişdir.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
8. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, cavabdehin nümayəndəsi isə işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir.
9. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək rədd edilməsini xahiş etdi.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
10. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
11. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
12. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
13. Maddə 99.1. Səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər.
14. 99.2. Açıq səhmdar cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə aşağıdakı məlumatları hamının tanış olması üçün hər il dərc etməyə borcludur: 99.2.1. hesabat dövrü üzrə maliyyə göstəriciləri; 99.2.2. aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdlər; 99.2.3. cəlb edilmiş maliyyə vəsaitləri; 99.2.4. idarəetmə orqanları və vəzifəli şəxslər, onların əsas və əlavə iş yerləri; 99.2.5. idarəetmə strukturu; 99.2.6. inkişaf siyasəti; 99.2.7. səhmdar kapitalının gəlirliyi və dividend siyasəti; 99.2.8. idarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişlər; 99.2.9. investisiyaların həcmi və mənbəyi; 99.2.10. cəmiyyətin qiymətli kağızlarının dövriyyəsi və gəlirliyi; 99.2.11. ictimai layihələr.
15. Maddə 106-1.1. Səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir.
16. Maddə 106-1.3. Səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır: 106-1.3.1. cəmiyyətin idarə edilməsində bu Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək; 106-1.3.2. qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq; 106-1.3.3. cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək; 106-1.3.4. cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək; 106-1.3.5. cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun protokolunun surətini tələb etmək; 106-1.3.6. cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək; 106-1.3.7. cəmiyyətin xalis mənfəətindən dividend almaq; 106-1.3.8. cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq; 106-1.3.8-1. icra orqanının və direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin səhlənkarlığına və səhmdar cəmiyyətə qəsdən vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək; 106-1.3.8-2. cəmiyyətin səhmlərinin satışı prosesində iştirak etmək; 106-1.3.8-3. bağlanmış əqd nəticəsində cəmiyyətə və ya səhmdarlara dəyən zərərin və bununla bağlı məsrəflərin ödənilməsi barədə məhkəməyə və ya digər səlahiyyətli quruma müraciət etmək; 106-1.3.8-4. bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq. 106-1.3.9. bu Məcəllədə və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malik olmaq. 106-1.4. Səhmdar cəmiyyətinin imtiyazlı səhminin (hər bir növ üzrə) mülkiyyətçisinin hüquqları bu Məcəllə və səhmdar cəmiyyətinin nizamnaməsi ilə müəyyən edilir. 106-1.5. Səhmdar cəmiyyətinin nizamnaməsində aşağıdakı məsələlər üzrə qərarların qəbul edilməsində imtiyazlı səhm mülkiyyətçisi səs hüququ əldə edir: 106-1.5.1. səhmdar cəmiyyətinin yenidən təşkil edilməsi; 106-1.5.2. səhmdar cəmiyyətinin ləğv edilməsi; 106-1.5.3. səhmdara məxsus olan imtiyazlı səhm növü üzrə hüquqlarmı məhdudlaşdıran dəyişiklik və əlavələrin nizamnamədə edilməsi. 106-1.6. Səhmdar cəmiyyətinin səhmdarının vəzifələri aşağıdakılardır: 106-1.6.1. qanuna və (və ya) nizamnaməyə əsasən kommersiya sirri və ya məxfi hesab olunan məlumatları üçüncü şəxslərə açıqlamamaq; 106-1.6.2. səhmdarların reyestrində ona dair daxil edilmiş məlumatların dəyişilməsi barədə mərkəzi depozitara on təqvim günü ərzində yazılı bildiriş vermək; 106-1.6.3. qanunvericiliklə müəyyən edilmiş başqa vəzifələri yerinə yetirmək.
17. Maddə 106-3.1. Səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilən məqsədlərə yönəldilə bilər. Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir.
18. Maddə 106-3.2. Səhmdar cəmiyyəti nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. Səhmdar cəmiyyətinin dividendlərin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən yaranır və 30 (otuz) gün müddətində icra edilir. Səhmdarların tərkibinin dəyişməsi dividendlərin ödənilməsi barədə qərarın bu Məcəllə ilə müəyyən edilmiş müddətdə və qaydada icra olunmasına təsir etmir.
19. Maddə 106-3.3. Adi səhm üzrə dividend səhmdar cəmiyyətinin xalis mənfəətinin səhmdarlara hər bir adi səhm üzrə hesablanmış ödənişlər şəklində bölüşdürülmüş hissəsidir.
20. Maddə 106-3.5. Dividendlər və onların ödənilməsi qaydası haqqında qərar (həmin məsələ nizamnamədə müəyyən edilmədikdə) cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və ya həmin orqanlar formalaşdırılmadıqda cəmiyyətin icra orqanının təklifi ilə ümumi yığıncaq tərəfindən qəbul edilir.21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
Azərbaycan Rüspublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
22. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
25. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
MƏHKƏMƏNİN MÖVQEYİ
27. Məhkəmə tərəfləri dinləyərək və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsassızdır.
28. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
29. İddiaçı Cəmiyyətin fəaliyyətində özünün iştirak hüququnun pozulduğunu iddia edir. İddiaçının 2001-ci il tarixdən 35 ədəd adi səhmini əldə edərək cavabdeh Cəmiyyətin səhmdarı olması işin mübahisəsiz halıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bütün səhmdarlar səhmdar cəmiyyətinin fəaliyətində birbaşa iştirak etməsələr də, onların hər birinin mənfəət əldə etməyə yönəlik maddi maraqları hər zaman mövcud olur.
30. Mülki Məcəllənin yuxarıda qeyd edilən müddəlarından da görünür ki, səhmdar cəmiyyətinin adi səhmdarlarının cəmiyyətin fəaliyyətində iştirak hüquqları əsasən iki formada həyata keçirilir. Bunlara daxildir: 1. Cəmiyyətin fəaliyyətində birbaşa iştirak etmək yoli ilə (cəmiyyətin idarə edilməsində qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək; qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq; cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək; cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək; icra orqanının və direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin səhlənkarlığına və səhmdar cəmiyyətə qəsdən vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək; cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək və s.). Bu hüquqların həyata keçirilməsi, eyni zamanda səhmdarın cəmiyyətin fəaliyyətində nəzarət funskiyasını da ehtiva edir. 2. Cəmiyyətin fəaliyyəti nəticəsində mənfəət əldə etmək yolu ilə (cəmiyyətin xalis mənfəətindən dividend almaq; cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq və s.).
31. Məhkəmə qeyd edir ki, səhmdar cəmiyyəti ilə onun səhmdarları arasındakı münasibətlər koporativ xarakter daşıdığından bu münasibətlərdən irəli gələn hüquq və vəzifələrin həyata keçirilməsi səhmdarla cəmiyyət arasında birbaşa hüquqi mexanizmlərlə (səhmdarların cəmiyyətin fəaliyyətində iştirak) tənzmlənir. Yəni, hər bir səhmdar cəmiyyətlə aralarındakı əlaqəni kənar amllərdən istifadə etmədən bilavasitə qururlar. Bu baxımdan, hər bir səhmdar yuxarıda qeyd edilən cəmiyyətin fəaliyyətində iştirakı ilə bağlı pozulan hüquqlarının müdafiəsi üçün əvvəlcə birbaşa cəmiyyətin özünə müraciət etməli, qanunvericilikdə və cəmiyyətin nizamnaməsində ona verilən hüquqi mexanizmlər yolu ilə pozulmuş hüquqlarının bərpasına bu yolla nail olmalıdır. Bu səhmdar cəmiyyəti ilə onun iştirakçıları (səmdarları) arasındakı korporativ münasibətlərin xarakterindən irəli gəlir və bu qayda Mülki Məcəllənin yuxarıda qeyd edilən müddəalarından aydın şəkildə görünür. Qanunla müyyən edilmiş bu qayda isə səhmdarın üzv olduğu cəmiyyətin fəaliyyətində daha fəal iştirakının təmin edilməsi məqsədi daşıyır. Başqa, sözlə qanun səhmdara cəmiyyətin fəaliyyətində operativliyin təmin edilməsi üçün pozulmuş hüquqlarının bərpası üçün əvvəlcə onun özünə, bu mümükün olmadıqda isə məhkəməyə müraciət etmək imkanını tanımışdır.
32. Məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, iddiaçı iddiada irəli sürdüyü tələblərlə bağlı cavabdehə rəsmi qaydada müraciət etmədən (iddiaçıya məxsus səhmlərin sayı və nominal dəyəri barədə tələblə bağlı müraciət istisna olmaqla) birbaşa iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində göstərilən “cavabdehin səhmlərinin sayı və səhmlərin nominal dəyəri” barədə tələblə bağlı məkhkəmə qeyd edir ki, bu məlumatın alınması üçün iddiaçının vəkili tərəfindən verilmiş sorğuya cavabdeh xx.xx.2025-ci il tarixli məktubla cavab verilmiş, iddiaçının 12 ədəd özəlləşdirmə çeki təqdim etməklə, hər birinin hazırkı nominal dəyəri 2 manat olan 35 ədəd səhmə sahib olması həmin məktubla bildirilmişdir.
33. Məhkəmə iddianın dvidendlərin alınması ilə bağlı hissəsi ilə bağlı isə qeyd edir ki, dvidendlərin verilməsi məsələsi birbaşa cəhmdar cəmiyətinin ali idarəetmə orqanı olan ümumi yığıncağın səlahiyyətinə aid olan məsələdir. İddiaçı ümumi yığıncağın qərarı ilə dvidentlərin verilməsindən narazı olduğu halda bununla bağlı məhkəməyə müraciət etmək hüququna malikdir.
34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Pərviz Zamanlı