Məhkəmə qərarları › İş №e-2-2(113)-6562/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6562/2025

16.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6562/2025 16.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 MMC, Qanuni nümayəndə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: faktorinq müqaviləsi, dəbbə pulu) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 MMC, Qanuni nümayəndə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC (bundan sonra-iddiaçı) cavabdehlər Cavabdeh1 MMC, Qanuni nümayəndə (bundan sonra-cavabdehlər) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavadehlərdən müştərək qaydada xx.xx.2025-cü il tarixli, 005-İNF-0001-25 saylı faktorinq müqaviləsi üzrə əsas borcu 50000.00 AZN, cərimə borcu 7500.00 AZN, xx.xx.2025-cü il tarixli, 005-İNF-0021-25 saylı faktorinq müqaviləsi üzrə əsas borcu 40000.00 AZN, cərimə borcu 5933.32 AZN həmçinin iddiа ərizəsinə görə ödənilmiş 349,08 AZN dövlət rüsumunun, ümumilikdə 103.782.40 AZN məbləğində borcun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC (“Müştəri”) ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 81 saylı satınalma müqaviləsindən irəli gələn pul tələbi BOKT "xxxx" QSC (Faktor) ilə Cavabdeh1 MMC (“Müştəri”) arasında bağlanmış xx.xx.2025-cü il tarixli, 005-İNF-0001-25 saylı Faktorinq müqaviləsinə əsasən Faktora güzəşt edilmişdir. Tələbin güzəşti müqabilində Faktor - BOKT "xxxx" QSC Müqavilənin tərkib hissəsi olan Əlavədə nəzərdə tutulan 50 000,00 AZN (Əlli min manat 00 qəpik) AZN məbləğində pul vəsaitini 3 (üç) ay müddətinə qaytarılmaq şərtilə Cavabdeh1 MMC-nin (Müştərinin) təqdim etdiyi bank hesabına köçürmüşdür Həmçinin yuxarıda qeyd olunan satınalma müqaviləsindən irəli gələn pul tələbi üzrə Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Eptal Group MMC-yəxx.xx.2025-ci il tarixli 005-İNF-0021-25saylı Faktorinq Müqaviləsinə əsasən 3 (üç) ay müddətinə qaytarılmaq şərti ilə pul tələbinin güzəşt edilməsi müqabilində 40,000 AZN (qırx man manat 00 qəpik) məbləğində pul vəsaiti verilmişdir. Qeyd olunan Faktorinq Müqavilələrinin öhdəliklərinin icrasını təmin еtmək məqsədilə xx.xx.2025-ci il tarixli 005-İNF-0001-25 saylı və xx.xx.2025-ci il tarixli 005-İNF- 0021-25 Zaminlik Müqavilələrinə əsasən Qanuni nümayəndə Eptal Group MMC-nin Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC qarşısında öhdəlikləri tam yеrinə yеtirilənədək zamin durmuşdur. BOKT "xxxx" QSC tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qeyd olunan faktorinq müqavilələri üzrə “pul tələbinin BOKT Embafinans QSC qarşısında güzəşt edilməsinə” dair xx.xx.2025-ci il tarixli, 1897/25 saylı və xx.xx.2025-ci il tarixli, 1898/25 saylı sayda bildirişlər göndərilmişdir. Həmin bildirişlərdə xx.xx.2025-cü il tarixli, 005-İNF-0001-25 saylı Faktorinq müqaviləsi üzrə 50 000,00 (Əlli min manat 00 qəpik) AZN və xx.xx.2025-ci il tarixli 005-İNF-0021-25 saylı Faktorinq Müqaviləsi üzrə 40,000 AZN (qırx man manat 00 qəpik) məbləğində borcun bildirişlərdə qeyd olunan ödəniş cədvəlində göstərilən qaydada BOKT "xxxx" QSC-nin bank hesabına ödənilməsi bildirilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi qeyd olunan bildirişlərə cavab olaraq BOKT "xxxx" QSC-yə3-25-16/2-2570/25 saylı məktub ünvanlamışdır. Həmin məktubda satınalma müqavilələrinin şərtlərinə əsasən təchizatçı müəssisələr müqavilə öhdəliklərini yerinə yetirdikdən sonra müqavilədə qeyd edilən bank məlumatlarına müəssisənin təqdim etdiyi (hazırkı iş üzrə Cavabdeh1 MMC-nin təqdim etdiyi) hesablar üzrə Müdafiə Nazirliyi tərəfindən ödənişlər edildiyi nəzərimizə çatdırılmışdır. Qeyd olunan cavab məktubundan göründüyü kimi, Cavabdeh1 MMC faktorinq müqaviləsinin tələblərini pozaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə BOKT "xxxx" QSC-yə aid olmayan başqa bank hesabı təqdim etmiş, Müdafiə Nazirliyi də həmin bank hesabına ödənişlər etmişdir. Cavabdeh bununla faktorinq müqaviləsi şərtlərini əhəmiyyətli dərəcədə pоzmuş və vurduğu zərər nəticəsində Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdаr Cəmiyyətini müqаvilə bаğlаnаrkən ümid еtməyə hаqqı çаtаnlаrdаn məhrum еtmişdir. (Mülki Məcəllənin 421.2.-ci mаddəsi). Faktorinq müqaviləsinin 3.14-cü bəndinə əsasən, Borclu bu Müqaviləyə və Əlavəsinə əsasən Faktora güzəşt edilmiş vəsaitini hər hansı bir səbəbdən və ya Borcluya Faktor tərəfindən verilmiş bildirişə uyğun olaraq Müştəriyə ödədikdə, Müştəri dərhal həmin məbləği Faktora ödəməlidir. Faktorinq müqaviləsinin 3.9-cu bəndinə əsasən Müştəri tərəfindən Faktoru aldatmağa yönəlmiş hər hansı bir hərəkətin edildiyi aşkar olunduqda, o cümlədən verdiyi məlumatların və təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmadığı aşkar olunduqda Müştərinin və Borclu(lar)nun ödəməli olduğu pul vəsaitini Müştəri Faktora ödəməlidir. Faktorinq müqaviləsinin 3.6-cı bəndinə əsasən Müştəri bu Müqaviləni imzalamaqla razılığını bildirir ki, Pul tələbi güzəşt edilmiş vəsaitinin Faktora qaytarılması üçün müəyyən edilmiş son tarixdən 1 (bir) iş günü keçdikdən sonra həmin pul vəsaiti Faktora qaytarılmazsa, Faktor Pul tələbinin irəli gəldiyi müqavilədən əlavə hər gecikdirilmiş gün üçün gecikdirilən məbləğin günlük 0,5%-i həcmində Müştəriyə cərimə təyin edə bilər. Faktor qanunvericiliyin yol verdiyi istənilən üsulla, o cümlədən məhkəmə qaydasında həmin pul vəsaitini (həmçinin hesablanmış faiz və cəriməni) Müştəridən və/və ya Borcludan tələb edə bilər. Zaminlik müqaviləsinin 3.1-ci bəndinə əsasən, Zamin “BOKT” qarşısında Faktorinq müqaviləsi və həmin müqavilənin 1 saylı Əlavəsi əsasında güzəşt edilmiş pul vəsaiti məbləğində, bununla əlaqədar yaranan və yarana biləcək hər cür zərər, dəbbə pulu, mediasiya və məhkəmə xərcləri və s. üçün tam məsuliyyət daşıyır. Zaminlik müqaviləsinin 4.2.1-ci bəndinə əsasən, Borclu(lar) zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə “Zamin” “BOKT” qarşısında bu müqavilənin 3cü bəndində göstərilən məbləği “BOKT”un ilk tələbində heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür. Hal-hazırda Faktorinq Müqavilələrinin şərtlərinə əsasən,cavabdehlərin Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2025-ci il tarixə xx.xx.2025-cü il tarixli, 005-İNF-0001-25 saylı faktorinq müqaviləsi üzrəəsas borcu 50000.00 AZN (Əlli min manat 00 qəpik), cərimə borcu 7500.00 AZN (yeddi min beş yüz manat 00 qəpik) xx.xx.2025-cü il tarixli, 005-İNF-0021-25 saylı faktorinq müqaviləsi üzrə əsas borcu 40000.00 AZN (qırx min manat 00 qəpik), cərimə borcu 5933.32 AZN (Beş min doqquz yüz otuz üç manat 32 qəpik) hər iki faktorinq müqaviləs üzrə ümumi borcu 103.433.32 (bir yüz min dörd yüz otuz üç manat, 32 qəpik) təşkil edir ki, bu borcun da ödənilməsi təmin edilməlidir. Bоrcun ödənilməsi tələbi ilə cаvаbdеhlərə dəfələrlə mürаciət оlunmаsınа, tərəfimizdən məsələnin məhkəmədən kənаr qаydаdа həll еdilməsi üçün mümkün оlаn bütün tədbirlərin görülməsinə bахmаyаrаq cavabdehlər bоrcun qаytаrılmаsı üçün hеç bir təşəbbüs göstərməmişdir. Cаvаbdеhlərə xx.xx.2025-ci il tarixli, 2382/25 saylı, xx.xx.2025-ci il tarixli 2383/25 saylı, xx.xx.2025-ci il tarixli 2381/25 saylı, xx.xx.2025-ci il tarixli 2380/25 saylı хəbərdаrlıq (pretenziya) məktubları da göndərilmişdir. Lakin poçt-daşıma kuryer xidməti tərəfindən “ünvana gedildi, qapı bağlı idi” qeydləri aparılmaqla xəbərdarlıq (pretenziya) məktublarının bizdən asılı olmayan səbəbdən cavabdehlərə çatdırılması mümkün olmamışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi T.Heybətov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlərə məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə iclasının cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir. III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 005-İNF- 0001-25 saylı faktorinq müqaviləsinə əsasən müştəri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavəsində(lərində) qeyd edilən borclu(lar) ilə bağladığı müqavilə(lər)dən irəli gələn pul tələbini Faktora güzəşt edir, Faktor isə tələbin güzəşti müqabilində əlavədə nəzərdə tutulan pul vəsaitini müştərinin təqdim etdiyi pul tələbinin etibarlı olmasını təsdiqləyən sənədlər (hesab-faktura, qəbz, akt və s.) əsasında ona verməyi öhdəsinə götürür.

8. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 005-İNF- 0001-25 saylı faktorinq müqaviləsinin xx.xx.2025-ci il tarixli, 01 nömrəli əlavəsinə əsasən Cavabdeh1 MMC tərəfindən ödənilməli olan məbləğlər, ödəniş tarixləri razılaşdırılmışdır.

9. İddiaçı tərəfindən cavabdeh MMC-nin bank hesabına xx.xx.2025-ci il tarixdə 47500 manat vəsait köçürülmüşdür.

10. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 005-İNF- 0021-25 saylı faktorinq müqaviləsinə əsasən müştəri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavəsində(lərində) qeyd edilən borclu(lar) ilə bağladığı müqavilə(lər)dən irəli gələn pul tələbini Faktora güzəşt edir, Faktor isə tələbin güzəşti müqabilində əlavədə nəzərdə tutulan pul vəsaitini müştərinin təqdim etdiyi pul tələbinin etibarlı olmasını təsdiqləyən sənədlər (hesab-faktura, qəbz, akt və s.) əsasında ona verməyi öhdəsinə götürür.

11. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 005-İNF- 0021-25 saylı faktorinq müqaviləsinin xx.xx.2025-ci il tarixli, 01 nömrəli əlavəsinə əsasən Cavabdeh1 MMC tərəfindən ödənilməli olan məbləğlər, ödəniş tarixləri razılaşdırılmışdır.

12. Faktorinq müqaviləsinin 3.14-cü bəndinə əsasən, Borclu bu Müqaviləyə və Əlavəsinə əsasən Faktora güzəşt edilmiş vəsaitini hər hansı bir səbəbdən və ya Borcluya Faktor tərəfindən verilmiş bildirişə uyğun olaraq Müştəriyə ödədikdə, Müştəri dərhal həmin məbləği Faktora ödəməlidir.

13. Faktorinq müqaviləsinin 3.9-cu bəndinə əsasən Müştəri tərəfindən Faktoru aldatmağa yönəlmiş hər hansı bir hərəkətin edildiyi aşkar olunduqda, o cümlədən verdiyi məlumatların və təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmadığı aşkar olunduqda Müştərinin və Borclu(lar)nun ödəməli olduğu pul vəsaitini Müştəri Faktora ödəməlidir.

14. Faktorinq müqaviləsinin 3.6-cı bəndinə əsasən Müştəri bu Müqaviləni imzalamaqla razılığını bildirir ki, Pul tələbi güzəşt edilmiş vəsaitinin Faktora qaytarılması üçün müəyyən edilmiş son tarixdən 1 (bir) iş günü keçdikdən sonra həmin pul vəsaiti Faktora qaytarılmazsa, Faktor Pul tələbinin irəli gəldiyi müqavilədən əlavə hər gecikdirilmiş gün üçün gecikdirilən məbləğin günlük 0,5%-i həcmində Müştəriyə cərimə təyin edə bilər. Faktor qanunvericiliyin yol verdiyi istənilən üsulla, o cümlədən məhkəmə qaydasında həmin pul vəsaitini (həmçinin hesablanmış faiz və cəriməni) Müştəridən və/və ya Borcludan tələb edə bilər.

15. İddiaçı tərəfindən cavabdeh MMC-nin bank hesabına xx.xx.2025-ci il tarixdə 38000 manat vəsait köçürülmüşdür.

16. İddiaçı ilə cavabdeh Qanuni nümayəndə (zamin) arasında imzalanmış xx.xx.2025-ci il tarixli, 005-İNF-0021-25 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 MMC ilə Bank olmayan kredit təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 005-İNF-0021-25 saylı Faktorinq müqaviləsi və həmin müqavilənin xx.xx.2025-ci il tarixli, 1 saylı əlavəsində adı qeyd edilən borclunun BOKT "xxxx" QSC-yə keçmiş və onun qarşısında 50 000,00 manat məbləğində borc öhdəliklərinin icrasının təminatı olaraq zamin qeyd edilən borclunun öhdəlikləri tam yerinə yetirilənədək “BOKT” qarşısında tam məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.

17. İddiaçı ilə cavabdeh Qanuni nümayəndə (zamin) arasında imzalanmış xx.xx.2025-ci il tarixli, 005-İNF-0021-25 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 MMC ilə Bank olmayan kredit təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 005-İNF-0021-25 saylı Faktorinq müqaviləsi və həmin müqavilənin xx.xx.2025-ci il tarixli, 1 saylı əlavəsində adı qeyd edilən borclunun BOKT "xxxx" QSC-yə keçmiş və onun qarşısında 40 000,00 manat məbləğində borc öhdəliklərinin icrasının təminatı olaraq zamin qeyd edilən borclunun öhdəlikləri tam yerinə yetirilənədək “BOKT” qarşısında tam məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.

18. Zaminlik müqaviləsinin 3.1-ci bəndinə əsasən, Zamin “BOKT” qarşısında Faktorinq müqaviləsi və həmin müqavilənin 1 saylı Əlavəsi əsasında güzəşt edilmiş pul vəsaiti məbləğində, bununla əlaqədar yaranan və yarana biləcək hər cür zərər, dəbbə pulu, mediasiya və məhkəmə xərcləri və s. üçün tam məsuliyyət daşıyır.

19. Zaminlik müqaviləsinin 4.2.1-ci bəndinə əsasən, Borclu(lar) zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə “Zamin” “BOKT” qarşısında bu müqavilənin 3-cü bəndində göstərilən məbləği “BOKT”un ilk tələbində heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür.

20. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışları və hesabdan çıxarışlara əsasən cavabdehlər tərəfindən iddiaçıya göstərilən müqavilələr üzrə hər hansı ödəniş edilməmişdir.

21. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

22. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2025-ci il tarixli, 005-İNF-0001-25 saylı faktorinq müqaviləsinə əsasən iddiaçı tərəfindən 3 ay müddətinə qaytarılmaq şərti ilə 50000 AZN, xx.xx.2025-ci il tarixli, 005- İNF-0021-25 saylı faktorinq müqaviləsinə əsasən 3 ay müddətinə qaytarılmaq şərti ilə 40000 AZN pul məbləği Cavabdeh1 MMC-nin bank hesabına köçürülmüşdür. Müqavilə üzrə iddiaçı öz öhdəliklərini yerinə yetirsə də, cavabdehlər öz öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə iddiaçının hazırkı tələb hüququ yaranmışdır.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

25. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

26. Həmin Məcəllənin 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür.

27. Həmin Məcəllənin 655.5-ci maddəsinə əsasən faktorinq müqaviləsi yazılı formada bağlanır.

28. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir.

29. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

30. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

31. Həmin Məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

32. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

33. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır, xx.xx.2025-ci il tarixli, 005-İNF-0001-25 nömrəli faktorinq müqaviləsi üzrə 50000 manat əsas borc, xx.xx.2025-ci il tarixli, 005-İNF-0021-25 saylı faktorinq müqaviləsi üzrə 40000 manat əsas borc cavabdehlərdən (əsas borclu və zaminlər) birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.

34. Bundan başqa iddia ərizəsindən görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 005-İNF-0001-25 nömrəli faktorinq müqaviləsinə əsasən 7500 manat cərimə, xx.xx.2025ci il tarixli, 005-İNF-0021-25 saylı faktorinq müqaviləsi üzrə 5933,32 manat cərimə borcunun tutulmasını məhkəmədən xahiş etmişdir.

35. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

36. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

37. Belə olan halda məhkəmə tələb olunan cərimələrin əsas borc məbləğlərinə nisbətini, eləcə də həm kreditorun, həm də borcluların əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan cərimələr tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğlər azaldılaraq cavabdehlərdən tutulacaq cərimə xx.xx.2025-ci il tarixli, 005-İNF-0001-25 nömrəli faktorinq müqaviləsi üzrə 2500 manat, xx.xx.2025-ci il tarixli, 005-İNF-0021-25 saylı faktorinq müqaviləsi üzrə 2000 manat müəyyən edilməlidir.

38. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən birgə qaydada xx.xx.2025-ci il tarixli, 005-İNF-0001-25 nömrəli faktorinq müqaviləsi üzrə 50000 manat əsas borc, 2500 manat dəbbə pulu, xx.xx.2025-ci il tarixli, 005-İNF-0021-25 saylı faktorinq müqaviləsi üzrə 40000 manat əsas borc, 2000 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 373,50 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, qalan 19,99 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC-dən, Qanuni nümayəndə birgə (müştərək) qaydada xx.xx.2025-ci il tarixli, 005-İNF-0001-25 nömrəli faktorinq müqaviləsi üzrə 50000 manat əsas borc, 2500 manat dəbbə pulu, xx.xx.2025-ci il tarixli, 005-İNF-0021-25 saylı faktorinq müqaviləsi üzrə 40000 manat əsas borc, 2000 manat dəbbə pulu, 373,50 manat dövlət rüsumu, ümumilikdə 94873,50 (doxsan dörd min səkkiz yüz yetmiş üç manat əlli qəpik) manat məbləğində pul tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş qalan 19,99 (on doqquz manat doxsan doqquz qəpik) manat dövlət rüsumu iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar