Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6649/2025 11.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Nümayəndə1 Cavabdehnə qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Süleymanova Ləman Çingiz qızının katibliyi, İddiaçı Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Nümayəndə1 Cavabdehnə qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Nümayəndə1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 22956,20 AZN (iyirmi iki min doqquz yüzəlli altı manat, iyirmi qəpik) məbləğində borcun tutulması, 159 AZN dövlət rüsumunun və məhkəmə xərclərinin cavabdehdən tutulmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı2 cavabdeh "xxxx" MMC şirkəti ilə 01 Sentyabr 2024-cü il tarixində bağlanmış 011024 nömrəli xidmət müqaviləsi əsasında bu günə qədər ödənilməyən borcun tutulması məqsədilə məhkəməyə müraciət edir. Müqaviləyə əsasən Cavabdeh MMC şirkəti “Sifarişçi”, o da fiziki şəxs olaraq həmin şirkətin sifarişlərini həyata keçirən “İcraçı” tərəf kimi xidmətlər göstərmişdir. İcraçı tərəf olaraq o, sifarişçi şirkət üçün Xızı rayonu ərazisində avtomobil yolunun çəkilməsi layihəsinə lazım olan texnikaları təmin etmişdir. Müqavilə şərtlərinə uyğun olaraq, cavabdeh şirkət hər bir texnikanın faktiki işlədiyi iş saatlarına görə hesablanmış müvafiq məbləği köçürmə yolu ilə həyata keçirməli idi. Lakin bu günə qədər cavabdeh öhdəliklərini yerinə yetirməyərək müqaviləyə əsasən göstərilmiş xidmətlər müqabilində yaranmış 22956,20 AZN (iyirmi iki min doqquz yüz əlli altı manat, iyirmi qəpik) məbləğində borcunu ödəməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edlməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qismən qəbud edərək bildirdi ki, ərəflər arasında xidmətin göstərilməsi ilə bağlı müqavilə mövcuddur. Kəsilən elektron qaimələr isə sistem tərəfindən təsdiq olunmuşdur. Müqavilənin 1.2-ci bəndinə əsasən tərəflər arasında işgüzar adətə görə elektron qaimə ilə bərabər təhviltəslim aktı ilə öz əksini tapmalıdır. İddiaçının KOBİA-ya göndərdiyi məktuba cavab məktubunda məbləğ göstərilmir. Cavabdeh MMC-nin direktoru Nazmiyyə xanımın imzası olan üzləşmə aktlarında, təhvil-təslim aktlarında olan məbləği qəbul edirlər. Bu məbləğ təxmini 15.000 manat təşkil edir. Yemək xərclərini təhvil-təslim aktı olsa belə qəbul etmirlər, çünki müqavilədə belə hal nəzərdə tutulmamışdır. Bu xərclər iddiaçının öz üzərindədir. Sürücünü özü gətirirsə, təminatını da iddiaçı etməlidir. O xidmətlə bağlı yaranmış borc hesab edilmir. Həmçinin həmin məbləğlər cavabdehlə razılaşdırılmamış və məbləğlərə dair sənədlər məhkəməyə təqdim olunmamışdır. Müqavilə bağlandıqdan sonra cavabdeh tərəfindən ümumiyyətlə heç bir ödəniş olmadığı üçün işgüzar münasibətlərin necə formalaşması da bəlli deyil.
III.Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Nümayəndə1 ilə Cavabdeh arasında bağlanmış 01 Sentyabr 2024-cü il tarixində 011024 nömrəli xidmət müqaviləsinə əsasən:
7. Müqavilənin 1.1-ci bəndinə əsasən «Sifarişçi» Azərbaycan Respublikası, Xızı rayonu ərazisində avtomobil yolunun çəkilməsi zamanı xidmətinin göstərilməsini sifariş verib «İcraçı»ya razılaşdırılmış xidmət haqqı ödəməyi, «İcraçı» isə «Sifarişçi»nin müəyyən etdiyi qaydada xidmətləri (bundan sonra “Xidmət”) göstərməyi öhdəsinə götürür.
8. Müqavilənin 1.2-ci bəndinə əsasən “İcraçi” tərəfindən göstərilən xidmət ayda 26 iş günü olaraq, hər bir texnikaya 5857.5 ( beş min səkkiz yüz əlli yeddi manat əlli qəpik ) Azn aylıq xidmət haqqı məbləği hesablanacaq və “Sifarişçi” xidmət əlavədə qeyd edilən hər bir texnikaya uyğun faktiki işlənmiş iş saatlarına görə hesablanmış müvafiq məbləği köçürmə yolu ilə həyata keçirəcəkdir. Göstərilən Xidmətlərin həcmi bu Müqaviləyə əlavə edilən Xidmət Aktı (və ya Aktları) ilə müəyyənləşdirilir. Bu Müqavilə üzrə xidmət haqqının miqdarı Müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair hesab-fakturada qeyd edilir.
9. Müqavilənin 1.3-cü bəndinə əsasən xidmətin göstərilməsi Tərəflərin hazırki Müqavilənin 5.2. bəndində göstərilən müddət ərzində həyata keçirilir.
10. Müqavilənin 2.1-ci bəndinə əsasən xidmətin göstərilməsi ilkin sifariş üzrə həyata keçirilir. Göstəriləcək xidmətin sifarişi «Sifarişçi» tərəfindən verilir.
11. Müqavilənin 2.2-ci bəndinə əsasən «İcraçı» “Sifarişçinin” sifariş verdiyi ərazidə çəkilən yolun suvarılması xidmətinin göstərilməsini həyata keçirir (işi icra edir).
12. Müqavilənin 2.3-cü bəndinə əsasən «İcraçı» Müqavilədə nəzərdə tutulan müddət ərzində xidmətləri icra etməlidir.
13. Müqavilənin 2.4-cü bəndinə əsasən «İcraçının» yerinə yetirdiyi işlər işlərin icra olunma aktı imzalanmaqla «Sifarişçi» tərəfindən təhvil alınır.
14. Müqavilənin 3.1-ci bəndi Sifarişçinin vəzifələri:
15. Müqavilənin 3.1.1 Xidmətin icra olunması üçün tələb olunan şəraiti yaramaq, lazım olan vasitələrlə təmin edib icraçının sərəncamına vermək.
16. Müqavilənin 3.1.2 İşi icrasından sonra təhvil almaq,
17. Müqavilənin 3.1.3 Göstərilmiş xidmətin dəyərini ödəmək,
18. Müqavilənin 3.1.4 Xidmətin göstəməsi ilə bağlı çəkilən zəruri xərclərin əvəzini icraçıya ödəmək.
19. Müqavilənin 3.2 İcraçının vəzifəsi.
20. Müqavilənin 3.2.1 Müqavilədə nəzərdə tutulan qaydada Sifarişçinin müəyyən etdiyi xidmətləri həyata keçirmək,
21. Müqavənin 3.2.4 Xidməti vicdanla yerinə yetirib sifarişçiyə təhvil vermək.
22. Müqavilənin 4.1-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı Müqavilənin tərkib hissəsi olan hesab-fakturada qeyd edilir.
23. Müqavilənin 4.2-ci bəndinə əsasən hazırki Müqavilə üzrə hesablaşmalar bank hesabına köçürmə yolu ilə həyata keçirilir.
24. Görülmüş işlərin qəbul edilməsi barədə 30 noyabr 2024-cü il tarixli 011024 №-li Akta əsasən 8696,13 manat məbləğində, 01 oktyabr 2024-cü il tarixli 01124 №-li Akta əsasən 2230,36 manat məbləğində, 01 oktyabr 2024-cü il tarixli 011024 №-li Akta əsasən 2410,59 manat məbləğində, 01 oktyabr 2024-cü il tarixli 011024 №-li Akta əsasən 1667,13 manat məbləğində, 01 oktyabr 2024-cü il tarixli 011024 №-li Akta əsasən 1036,33 manat məbləğində, 01 oktyabr 2024-cü il tarixli 011024 №-li Akta əsasən 1351,73 manat məbləğində işlər Nümayəndə1 tərəfindən Cavabdehnə təhvil verilmişdir. Aktlar iddiaçının imzası və cavabdehin imza və möhürü iə təsdiq edilmişdir.
25. Malların, xidmətlərin təqdim edilməsi barədə xx.xx.2024-cü il tarixli MT**********80 saylı e-qaiməyə əsasən 5384,19 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********56 saylı e-qaiməyə əsasən 14125,68 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********58 saylı e-qaiməyə əsasən 1036,33 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********23 saylı e-qaiməyə əsasən 2410 manat məbləğində iddiaçı tərəfindən cavabdehə e-qaimələr göndərilmişdir.
26. Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Kiçik və Orta Biznesin inkişafı agentliyinə ünvanladığ məktubu ilə bildirilmişdir ki, Nümayəndə1 ilə Yol Tikintiservis MMc arasında xx.xx.2024-cü il tarixdə müqavilə bağlanmışdır. Yol Tikintiservis sözügedən şirkətin nümayəndələri ilə dəfələrlə danışıqlar aparılmışdır. İşlədikləri layihə üzrə vəsaiti tam ala bilmədikləri üçün ödəmələrdə gecikmələr yarandığını izah ediblər və qısa zaman ərzində borcun ödəniləcəyi bildirilmişdir.
27. Məhkəmə tərəflərin izahatı dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
28. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
30. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
31. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
32. 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.
33. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
34. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
35. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil.
36. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
37. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
39. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
40. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.
41. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
42. İddiaçı iddia edir ki, tərəflərin razılaşması əsasında müəyyən olunmuş xidmətlər yerinə yetirilərək cavabdehə təhvil verilsə də, cavabdeh tərəfindən xidmət haqqı bugünə kimi ödənilməmişdir. Cavabdeh isə iddianı qismən, yalnız təhvil-təslim aktlarının mövcüd olduğu hissədə qəbul edərək bildirir ki, e-qaimələr işlərin təhvil-təslim sənədi deyil, imzalı təhvil-təslim aktlarında göstərilən məbləğdə ödənişlər ediləcək.
43. Məhkəmə cavabdehin bu arqumenti ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
44. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cəmi 17392,27 manat dəyərində görülmüş xidmətlər ikitərəfli təhvil-təslim aktları ilə təsdiq edilmişdir. İşgüzar münasibətlərin e-qaimələr əsasında formalaşmasını göstərə biləcək (ödənişlərin təyinatı bilavasitə e-qaimələr göstərilməklə edilməsi və s.) hər-hansı sübut iş materiallarında mövcüd deyil. İddiaçı və cavabdeh tərəfin izahatlarına əsasən müqavilə bağlanıldıqdan sonra cavabdeh tərəfindən iddiaçıya ödənişlər ümumiyyətlə edilməmişdir.
45. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən – yalnız təhvil-təslim aktları mövcüd olan hissədə təmin edilərək, 17392,27 manat məbləğində işlərin dəyəri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
46. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 159 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
47. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
48. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün iş üzrə ödənilmiş 140 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 17392,27 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 140 manat tutularaq iddiaçı Nümayəndə1 ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova