Məhkəmə qərarları › İş №e-2-2(113)-6717/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6717/2025

23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6717/2025 23.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (avans ödənişinin qaytarılması, dəbbə pulu) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Bağırov Ramiz Rauf oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış 42/XM/24 nömrəli, 03 oktyabr 2024 il tarixli müqavilənin ləğv edilməsi, həmin müqavilə üzrə İddiaçı MMC tərəfindən ödənilmiş 10.620 manat məbləğində pul vəsaitinin, müqavilənin 4.2-ci bəndinə əsasən hesablanmış 31,19 manat məbləğində dəbbə pulunun, 100000 manat məbləğində dəymiş zərərin, cəmi 110651,19 manat pul vəsaitinin, 400.65 dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq, İddiaçı MMC-nin hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 03 oktyabr 2024-cü il tarixli 42/XM/24 nömrəli Xidmət Müqaviləsinə əsasən, İcraçı, Sifarişçinin tapşırığına uyğun olaraq, hazırkı Müqavilənin 1-2-ci bəndində göstərilmiş xidmətin icrasını öhdəsinə götürmüş, Sifarişçi isə həmin xidməti qəbul etməyi və xidmətin dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. İcraçı müqavilənin 1 saylı Əlavəsinə uyğun olaraq, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsinin ərazisində Sifarişçi tərəfindən inşa olunması nəzərdə tutulan X3 ərazisində layihələndirilməsi nəzərdə tutulan Dərman avadanlığı istehsalı binasının, o cümlədən layihələndirmə nəticəsində tərtib edilmiş sənədlərin AR Fövqəladə Hallar Nazirliyinin nəzdində olan müvafiq qurumda ekspertizadan keçirilməsini öhdəsinə götürür. Görüləcək Xidmətin həcmi müqavilənin 2 saylı Əlavəsində müəyyən olunmşdur. Göründüyü kimi xidmət müqaviləsi üzrə cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəliklər vaxtında yerinə yetirilməmişdir. İddiaçı MMC tərəflər arasında bağlanmış müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək, ödəniş etmişdir. Lakin Cavabdeh MMC hazırki müqavilə üzrə öhdəsinə götürdüyü müqavilənin 1-ci və 4-cü bəndində göstərilən vəzifələrini icra etməmişdir. Müqavilədə nəzərdə tutulmuş layihənin vaxtında və şərtləşdirilmiş qaydada təhvil verilməməsi nəticəsində İddiaçı MMC-nin İnvestorlar qarşısında götürdüyü öhdəliklərin də vaxtında yerinə yetirilməməsinə səbəb olmuş, nəticədə MMC-yə zərər dəymişdir. Göründüyü kimi, İddiaçı MMC tərəflər arasında bağlanmış müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək ödəniş etmiş, lakin Cavabdeh MMC hazırki müqavilə üzrə öhdəsinə götürdüyü müqavilənin 1 və 4.3-cü bəndində göstərilən vəzifələrini icra etməmiş, müddətin keçməsinə baxmayaraq, müxtəlif bəhanələrlə layihəni təhvil verməmişdir.

3. 01.10.2025-ci il tarixində EMİS vasitəsi ilə cavabdehin etirazı daxil olmuşdur.

4. Etiraz onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin 1 nömrəli əlavəsində görüləcək işlər və qiymətlər qeyd edilmişdir. Cavabdeh tərəfindən şəhərsalma əsaslandırılması layihə hazırlanmış, həmin layihə Dövlət şəhərsalma və arxitketura komitəsi tərəfindən təsdiq edilmişdir. Eyni zamanda, qeyd edilən əlavənin 4-8-ci sətirlərində qeyd edilən layihələr hazırlanıb iddiaçıya həm kağız formatda, həm də elektron versiyada təqdim edilmişdir. Hətta konsturksiya cizgiləri hər dəfə iddiaçı tərəfindən dəyişdirildiyi üçün ümumilikdə 5 versiyada hazırlanmış və təqdim edilmişdir. Həmin layihələrin həcmi böyük olduğu üçün elektron kabinet vasitəsilə sistemə yükləmək mümkün olmamışdır. Təkcə bu layihələrin əlavədə göstərilən qiymətlərini hesabladıqda məlum olur ki, nəinki iddiaçı tərəfindən ödənilən avans məbləğinə uyğun, hətta həmin məbləğdən daha çoxuna uyğun gələn xidmətlər göstərilmiş, layihələr hazırlanıb təqdim edilmişdir. Qeyd edilən 1 nömrəli əlavənin “Texnologiya layihəsinin yerli normalara uyğunlaşdırılması” sətrində qeyd edilmişdir ki, texnologiya üçün yerləşmə sxemləri və istehsalın izahat yazısı Sifarişçi tərəfindən verilməlidir. Həmin bu sxemlər və izahat yazısı indiyə qədər Sifarişçi, yəni iddiaçı tərəfindən təqdim edilməmişdir. Məhz iddiaçının öz öhdəliyini yerinə yetirməməsi səbəbindən iddiaçı tərəfindən digər layihələr hazırlana bilməmişdir. Çünki digər 1 nömrəli əlavədə göstərilən layihələrin hazırlanması üçün məhz texnologiya üçün yerləşmə sxemləri və istehsalın izahat yazısında göstərilən məlumatlar mühüm rol oynayır. Həmin məlumatlar əsasında digər layihələr işlənib təhvil verilir. Qeyd olunduğu kimi cavabdeh tərəfindən müvafiq layihələrin təqdim edilməməsi birbaşa iddiaçının hərəkətsizliyi ilə bağlı olmuşdur. Buna görə də iddia tələbi həmin hissədə də əsaslı hesab edilə bilməz. Son olaraq, iddiaçı 100 000 manat miqdarında dəymiş zərər tələb etməklə, cavabdehin hərəkətləri nəticəsində ziyana məruz qaldığını bildirmişdir. Lakin, iddiaçıya hər hansı zərər dəyməsi, eləcə də bu zərərlə cavabdehin hərəkətləri arasında birbaşa əlaqə müəyyən olunmur. İddiaçı tələb üzrə istinad etdiyi halları sübuta yetirə bilməmişdir.

5. Daha sonra iddiaçının nümayəndəsi vəkili Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 42/XM/24 nömrəli, 03 oktyabr 2024 il tarixli müqavilə üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilmiş 10.620 manat məbləğində pul vəsaitinin, müqavilənin 4.2-ci bəndinə əsasən hesablanmış 31,19 manat məbləğində dəbbə pulunun, 100000 manat məbləğində dəymiş zərərin, cəmi 110651,19 pul vəsaitinin, 400,65 ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq, İddiaçı MMC-nin hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.

İİİ. Məhkəmə baxışının hədləri:

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. - IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. X1 Agentliyi(icarəyəverən) ilə İddiaçı MMC(icarəçi) arasında bağlanmış xx.xx.2024-cü il tarixli PSP-001240120**-İM-***4 saylı “X2 ərazisində dövlət mülkiyyətində olan torpaq sahəsinin” icarə müqaviləsinə əsasən icarəyəverən dövlət mülkiyyətində olan və Sənaye Parkının ərazisində yerləşən 5633 kv.m. torpaq sahəsini icarəçinin müddətli istifadəsinə verməyi, icarəçi isə həmin torpaq sahəsinin istifadəsinə görə bu icarə müqaviləsi ilə müəyyən edilmiş məbləğdə icarə haqqı ödəməyi öhdəsinə götürür.

10. İddiaçı MMC (sifarişçi) ilə Cavabdeh MMC (icraçı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 42/XM/24 nömrəli xidmət müqaviləsinin: 1.1-ci bəndinə əsasən, icraçı sifarişçinin tapşırığına uyğun olaraq hazırkı Müqavilənin 1.2-ci bəndində göstərilmiş xidmətin icrasını öhdəsinə götürür, sifarişçi isə həmin xidməti qəbul etməyi və xidmətin dəyərinin ödənilməsini öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən, icraçı müqavilənin 1 saylı əlavəsinə uyğun olaraq, Bakı ş., Pirallahı rayonu, Pirallahı qəsəbəsinin ərazisində (bundan sonra “ərazi”) Sifarişçi tərəfindən inşa olunması nəzərdə tutulan X3 ərazisində layihələndirilməsi nəzərdə tutulan Dərman avadanlığı istehsalı binasının, o cümlədən layihələndirmə nəticəsində tərtib edilmiş sənədlərin AR Fövqəladə Hallar Nazirliyinin nəzdində olan müvafiq qurumda ekspertizadan keçirilməsini (bundan sonra “Xidmət” adlandırılacaq) öhdəsinə götürür. Görüləcək Xidmətin həcmi Müqavilənin 2 saylı Əlavəsində müəyyən olunur. 2.1-ci bəndinə əsaəsən, hazırkı müqavilə üzrə xidmətin ümumi dəyəri ƏDV-siz 30000 manat təşkil edir. Müqavilə üzrə tərtib olunacaq layihə sənədlərinin ekspertizadan keçirilməsi ilə bağlı müvafiq qurumlara ödənilməli xidmət haqqı xidmətin dəyərinə daxil deyil və Sifarişçi tərəfindən ödənilir. 2.2-ci bəndinə əsasən, sifarişçi bu müqavilənin 2.1 bəndində göstərilən məbləği mərhələli şəkildə İcraçıya ödəyi öhdəsinə götürür. 2.3-cü bəndinə əsasən, bu müqavilənin imzalanmasından sonra sifarişçi 5 bank günü ərzində Müqavilə dəyərinin 30% (ƏDV-siz 9000 manat) məbləğində avansı icraçıya ödəyir. 2.4-cü bəndinə əsasən, müqavilə üzrə layihələndirmə işlərinin Şəhərsalma mərhələsi başa çatdıqdan sonra və bununla bağlı Tərəflər arasında müvafiq aralıq təhviltəslim aktı imzalandıqdan sonra icraçının təqdim etdiyi hesab-faktura əsasında Müqavilə dəyərinin 30% (ƏDV-siz 9000 manat) məbləğində 5 bank günü ərzində 2-ci ödəniş həyata keçirilir. Layihələr tam formada sifarişçiyə təqdim edildikdən sonra 30% ƏDV-siz 9000 manat məbləğində 5 bank günü ərzində 3-cü ödəniş həyata keçirilir. 2.5-ci bəndinə əsasən müqavilə dəyərinin qalan hissəsi isə, müqavilə üzrə tərtib edilmiş layihə sənədləri tam formada müvəffəqiyyətlə müvafiq qurumda ekspertizadan keçdikdən və Tərəflər arasında müvafiq yekun təhvil-təslim aktı imzalandıqdan sonra, icraçının təqdim etdiyi hesab-faktura və e-qaimə əsasında 5 (beş) bank günü ərzində ödənilir. 3.1-ci bəndinə əsasən Sifarişçinin hüquqları: 3.1.1-ci bəndinə əsasən, icraçıdan yerinə yetirilmiş xidmətin nəticələrini bu Müqavilə ilə müəyyən edilmiş müddətdə və şərtlərlə təhvil verilməsini tələb etmək. 3.1.2-ci bəndinə əsasən, icraçı bu Müqavilə ilə müəyyən edilmiş öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə, xidmət üzrə İşləri dərhal dayandırmaq icraçıya ödənişləri həyata keçirməkdən imtina etmək. 3.4-cü bəndinə əsasən, icraçının öhdəlikləri: 3.4.1-ci bəndinə əsasən müqavilənin predmetini təşkil edən xidməti Azərbaycan Respublikasının ərazisində qüvvədə olan layihələndirmə norma və qaydalarının tələblərinə uyğun yerinə yetirmək və bu barədə sifarişçiyə zəmanət vermək; 4.1-ci bəndinə əsasən, icraçı bu müqavilənin predmetini təşkil edən xidməti tərəflər arasında razılaşdırılmış təqvim qrafikinə uyğun olaraq yerinə yetirib, sifarişçiyə təhvil verməlidir. Müqavilə üzrə layihə sənədlərinin hazırlanması müddəti 85 təqvim günü təşkil edir. Layihə sənədlərinin müvafiq qurumda ekpertizadan keçirilməsi bu müddətə daxil deyil. 4.2-ci bəndinə əsasən, icraçı tərəfindən yerinə yetirilən xidmətin nəticələrinin/xidmətin hər hansı mərhələsinin təhvil verilməsinin/icrasının müddəti pozulduqda hər bir gecikdirilən gün üçün Müqavilənin ümumi dəyərinin 5%-dən çox olmamaq şərti ilə yerinə yetirməli olduğu Xidmət dəyərinin 0.1%-i həcmində sifarişçiyə cərimə ödəməlidir. Bu cərimə sifarişçinin 2 icraçıya ödəyəcəyi məbləğdən çıxılır. 5.1-ci bəndinə əsasən xidmət üzrə layihələndirmə işləri başa çatdıqdan və layihə sənədəri sifarişçiyə təsdiq üçün təqdim olunduqdan sonra, tərəflər arasında bununla bağlı aralıq təhvil-təslim aktı imzalayır. 5.2-ci bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş xidmətin icrası tamamilə başa çatdıqdan sonra tərəflər arasında kompleks şəkildə təhvil-təslim aparılır və yekun təhvil təslim aktı imzalanır.

11. xx.xx.2024-cü il tarixli, 42/XM/24 nömrəli xidmət müqaviləsinə 1 saylı əlavəyə əsasən görüləcək işlərin qiyməti 35400 (30000+5400 manat ƏDV) manat müəyyən edilmişdir.

12. 05.11.2024-cü il tarixli A formatlı ödəniş tapşırıqlarına əsasən iddiaçı tərəfindən cavabdehin hesabına xx.xx.2024-cü il tarixli müqavilə üzrə 9000 manat və 1620 manat olmaqla, cəmi 10620 manat məbləğində ödəniş həyata keçirilmişdir.

13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi X1 Agentliyinin İddiaçı MMC-yə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-21-6/2085/2025 saylı məktubundan görünür ki, Falck MMC tərəfindən tikinti-quraşdırma işlərinə başlanması üçün əlavə 1 ay müddətin müəyyən edildiyi və bu müddətdə müvafiq işlərə başlanılmayacağı təqdirdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqaviləyə xitam veriləcəyi və İddiaçı MMC-nin X2 rezidenti kimi qeydiyyatının və qeydiyyat şəhadətnaməsinin ləğv ediləcəyi bildirilmişdir.

14. İş materiallarına cavabdehin nümayəndəsi və vəkili tərəfindən “whatsapp” proqram təminatı üzərindən ***-***-**-** nömərsi aparılmış xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək aparılmış yazışmalar təqdim edilmişdir.

15. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanan xx.xx.2025-ci il tarixli 7 nömrəli məktubdan görünür ki, layihələndirilən binanın konstruksiya həllinin Falck MMC tərəfinizdən olunan müdaxilələrə görə gecikdirildiyi, layihə prosesində Storm Building MMC tərəfindən heç bir gecikmə olmadığı, Storm Building MMC-nin xx.xx.2025-ci il tarixdən layihənin icrasını dayandırdığı göstərilmiş və müqavilənin davam edilməsi və ya sonrakı addımlar barəsində məlumat verilməsi xahiş olunmuşdur.

16. Cavabdeh MMC və "xxxx" MMC arasında bağlanan xx.xx.2024-cü il tarixli xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən, Sifarişçi xidmətlərin göstərilməsini sifariş edir və İcraçı ilə razılaşdırılmış xidmət haqqını ödəməyi öz öhdəsinə götürür; İcraçı isə Sifarişçinin müəyyən etdiyi Bakı ş., Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, cənub-qərb hissəsi, Bakıətrafi qəsəbə X2 ərazisində, inşası nəzərdə tutulan tibbi avadanlıq istehsalı binalarının Şəhərsalma Əsaslandırılması layihəsinin hazırlanmasını öz öhdəsinə götürür. Həmin müqaviləyə müvafiq olaraq imzalanmış xx.xx.2024-cü il tarixli qiymətlərin razılaşdırılması protokolundan görünür ki, şəhərsalma əsaslandırılmasının layihəsi 2950 manat müəyyən edilmişdir.

17. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı Şəhəri Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, cənub-qərb hissəsi, X2 ərazisində layihələndirilən tibbi avadanlıqlar istehsalı binalarının şəhərsalma əsaslandırılması layihəsi onlar tərəfindən Storm Building MMC-yə təqdim olunmuşdur.

18. Cavabdeh tərəfindən dəftərxana vasitəsi ilə təqdim edilmiş diskdə işçi layihəsi, layihə konstruksiya hissəsi, şəhərsalma əsaslandırması və tibbi avadanlıqların istehsalına dair versiyalar əks olunmuşdur.

19. 20.08.2025-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı tərəfindən 400,65 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

20. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının cavabdeh qarşısında müqavilə üzrə ödənilmiş avans məbləğinin geri qaytarılması ilə bağlı tələbi tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 42/XM/24 nömrəli xidmət müqaviləsindən irəli gəlir. Cavabdehin müqavilə üzrə öhdəliyini lazımınca icra etməməsi iddiaçıya müqavilə və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir, 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

23. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 42/XM/24 nömrəli xidmət müqaviləsinə əsasən Storm Building MMC (icraçı) Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsinin ərazisində Falck MMC (sifarişçi) tərəfindən inşa olunması nəzərdə tutulan X3 ərazisində dərman avadanlığı istehsalı binasının, o cümlədən layihələndirmə nəticəsində tərtib edilmiş sənədlərin AR Fövqəladə Hallar Nazirliyinin nəzdində olan müvafiq qurumda ekspertizadan keçirilməsi üzrə xidmət göstərməyi, sifarişçi isə həmin xidməti qəbul edərək dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Müqaviləyə 1 saylı əlavəyə əsasən görüləcək işlərin ümumi dəyəri ümumilikdə 35400 manat (30000 manat + 5400 manat ƏDV) nəzərdə tutulmuş, həmçinin iddiaçı tərəfindən müqavilənin 2.3-cü bəndi əsasında 10620 manat məbləğində avans ödənilmişdir. İddiaçı hazırda cavabdehin müqavilə üzrə öhdəliklərini icra etmədiyinə istinad edərək avans ödənişinin geri qaytarılması, 100000 manat zərərin və dəbbə pulunun tutulması tələbi ilə çıxış edir. Cavabdeh isə iddia tələbinə etiraz edərək icra olunmayan işlərin iddiaçının hərəkətsizliyi ilə əlaqədar olmasına istinad edərək iddianın rədd olunmasını xahiş edir.

24. Məhkəmə ilkin olaraq tələbin avans ödənişinin geri qaytarılması hissəsinə hüquqi qiymət verilməsini məqsədəmüvafiq hesab edir və bununla bağlı aşağıdakıları qeyd edir:

25. AR MM-in: 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 491.3-cü maddəsinə əsasən, müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.

26. Məhkəmə qeyd edir ki, avans digər tərəfin qarşılıqlı öhdəliyin icra edilməsi üçün aparılan ödənişdir. Öhdəlik icra edilmədikdə bütün hallarda avans geri qaytarılmalıdır. Avansın öhdəliyi icra etməyən tərəfdə qalması əsassız varlanma kimi qiymətləndirilir.

27. Belə ki, tərəflər arasında sifarişçinin tapşırığına uyğun olaraq xidmətlərin göstərilməsi və həmin xidmətlərin qəbul edilərək dəyərinin ödənilməsi məzmununda xidmət müqaviləsi bağlanmış, razılaşmanın 1.2-ci bəndinə əsasən, bu xidmətin göstərilməsi müəyyən bir nəticəyə - layihələndirilməsi nəzərdə istehsal binasının, o cümlədən layihələndirmə nəticəsində tərtib edilmiş sənədlərin AR Fövqəladə Hallar Nazirliyinin nəzdində olan müvafiq qurumda ekspertizadan keçirilməsi üzrə xidmətlərin göstərilməsinə yönəldilmişdir. Beləliklə, xidmət müqaviləsinin pedmetini müəyyən hərəkətlərin və ya fəaliyyətin həyata keçirilməsi təşkil etmişdir.

28. Bağlanmış müqavilədən çıxış edərək məhkəmə qeyd edir ki, AR MM-in 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər müqavilələrin məzmununu öz istəyi ilə müəyyənləşdirə bilmək hüququna malikdirlər və xidmət müqaviləsi üzrə icraçının vəzifəsi yalnız müəyyən hərəkətlərin icrası ilə məhdudlaşmır, həmçinin həmin hərəkətlərin nəticəsinin sifarişçiyə təqdim edilməsini də əhatə edir. Bu halda göstərilən xidmət müəyyən məqsədə (hazırkı işdə layihələndirmə nəticəsində tərtib edilmiş sənədlərin təqdim edilməsi) yönəlir. Eyni zamanda, xidmət müqaviləsinin hüquqi mahiyyəti ondan ibarətdir ki, sifarişçi icraçıya konkret maddi nəticəyə görə deyil, göstərilmiş xidmətin dəyərinə görə ödəniş edir.

29. Əlavə olaraq qeyd edilməlidir ki, yuxarıda sadalanan hallar (hərəkətlər) AR Vergi Məcəlləsində də xidmətin növü olaraq müəyyən olunmuşdur. Belə ki, AR VM-in 13.2.11-ci maddəsinə əsasən, xidmət (iş) - malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət. ƏDV-nin məqsədləri üçün pul vəsaitinə və torpağa mülkiyyət, habelə torpaqdan istifadə hüququnun başqasına verilməsi, torpağın icarəyə verilməsi, həmçinin işəgötürənə muzdlu işçi kimi xidmət göstərilməsi istisna olunur. Xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istifadə olunan mallar ayrıca təqdim edilmirsə və ya xidmətin (işin) dəyərinə daxil edilməyən kompensasiyalı xərclər müqavilədə və ya ödəniş sənədlərində ayrıca göstərilmirsə, həmin mallar və ya xərclər xidmətin (işin) ayrılmaz tərkib hissəsi hesab edilir.

30. Bundan əlavə, mübahisələndirilən müqavilənin şərtlərinin təhlili nəticəsində müəyyən olunur ki, icraçı tərəfindən xidmətlərin razılaşdırılmış təqvim qrafikinə uyğun olaraq yerinə yetirilərək sifarişçiyə təhvil verilməli, müqavilə üzrə layihə sənədlərinin hazırlanması müddəti 85 təqvim günü təşkil etməlidir (4.1). xidmət üzrə layihələndirmə işləri başa çatdıqdan və layihə sənədəri sifarişçiyə təsdiq üçün təqdim olunduqdan sonra, tərəflər arasında bununla bağlı aralıq təhvil-təslim aktı imzalanmalıdır (5.2).

31. Məhkəmə qeyd edir ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Digər tərəfdən qüvvədə olan müki qanunvericilik öhdəliyin icrası ilə bağlı iki prinsip müəyyən etmişdir: lazımı şəkildə icra edilməsi prinsipi və real icra prinsipi. Mülki Məcəllənin 425.1-ci maddəsində öhdəliyin lazımı şəkildə icra edilməsi prinsipi müəyyən edilərək göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yəni, lazımı şəkildə öhdəliyin icrası prinsipi müəyyən edir ki, öhdəlik lazımı subyektlər tərəfindən, lazımı yerdə, lazımı vaxtda, lazımı predmet ilə və lazımı şəkildə icra olunmalıdır.

32. Hazırda iddiaçı sözügedən müqavilə üzrə xidmətlərin göstərilməməsinə istinad edərək avans ödənişini geri tələb etdiyindən, cavabdeh isə müqavilə üzrə öhdəliklərini icra etdiyinə istinad etdiyindən, AR MPM-in 77.1-ci maddəsinə əsasən müqavilə üzrə layihələrin nəzərdə tutulmuş müddətdə təhvil verilməsini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Məhkəmə cavabdehin etirazında qeyd etdiyi “layihələrin iddiaçıya həm kağız formatındada, həm də elektron formada təqdim edilməsi, xidmətin gecikdirilməsinin iddiaçının öz öhdəliklərini yerinə yetirməməsi (hərəkətsizliyi) ilə bağlı olması” barədə dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh həmin halları təsdiq edən sübutları (təhvil – təslim aktı) məhkəməyə təqdim edə bilməmiş, bununla da sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir.

33. Əlavə olaraq məhkəmə qeyd edir ki, Cavabdeh MMC və "xxxx" MMC arasında bağlanan xx.xx.2024-cü il tarixli xidmət müqaviləsi əsasında icraçı (Auro Archichect MMC ) Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, cənub-qərb hissəsi, Bakıətrafi qəsəbə X2 ərazisində, inşası nəzərdə tutulan tibbi avadanlıq istehsalı binalarının Şəhərsalma Əsaslandırılması layihəsinin hazırlanmasını öz öhdəsinə götürmüşdür. Halbuki hazırkı mübahisə predmeti olan xidmət müqaviləsində sözügedən layihənin hazırlanmasının digər hüquqi şəxsə həvalə edilməsi nəzərdə tutan hər hansı şərt nəzərdə tutulmamışdır.

34. Cavabdeh tərəfindən təqdim olunmuş elektron daşıyıcıya (diskə) münasibətdə məhkəmə qeyd edir ki, həmin daşıyıcıda işçi layihəsi, layihə konstruksiya hissəsi, şəhərsalma əsaslandırması və tibbi avadanlıqların istehsalına dair versiyalar yer alsa da, onların müqaviləyə müvafiq olaraq iddiaçıya təqdim edilməsi faktı məhkəmə tərəfindən müəyyən olunmamışdır. 35.Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixli qərardad əsasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə sorğu göndərilərək Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi ərazisində inşa edilməli olan X2 ərazisində layihələndirilməsi nəzərdə tutulan dərman avadanlığı istehsalı binası, o cümlədən layihələndirmə sənədlərin təqdim edilib-edilməməsinə dair məlumatın təqdim edilməsi xahiş olunmuş, xx.xx.2025-ci il tarixdə məhkəməyə Mərkəz tərəfindən şəhərsalma əsaslandırılması layihəsinin təsdiq edilmiş surəti göndərilmişdir, plan və ona əlavə olunmuş sənədlərin tədqiqi nəticəsinə müəyyən olunmuşdur ki, həmin layihə xx.xx.2025-ci il tarixdə (85 günlük müddət keçdikdən sonra) təsdiq edilmişdir. Buna baxmayaraq layihənin iddiaçıya təqdim edilməsini faktı məhkəmə araşdırmasının gedişində təsdiq olunmamışdır.

36. Beləliklə məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh tərəfindən öz öhdəliklərinin icra edilmədiyini, belə olan halda isə iddiaçının ödənilmiş avans məlbəğini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-dən 10620 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.

37. İddiaçı həmçinin 100000 manat məbləğində dəymiş zərərin cavabdehdən tutulması tələbi ilə çıxış edir, həmin hissədə tələbin əsası olaraq müqavilədə nəzərdə tutulmuş layihənin vaxtında və şərtləşdirilmiş qaydada təhvil verilməməsi nəticəsində iddiaçının investorlar qarşısında götürdüyü öhdəliklərin də vaxtında yerinə yetirilməməsinə istinad edir.

38. Məhkəmə həmin hissədə iddia tələbini əsaslı hesab etmir və bununla bağlı aşağıdakıları qeyd edir:

39. Azərbaycan Respublikası Mülki Məcəlləsi zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1). AR Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə (21.2-ci maddə) hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

40. Yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, Mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün aşağıdakı şərtlər tələb olunur: (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və hüquqa zidd əməli, (3) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu.

41. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərəin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.

42. Beləliklə zərərin mövcudluğu və onun cavabdehin hüquqazidd əməlləri nəticəsində yaranması faktı öz təsdiqini tapmır. Belə ki, maddi zərər, zərərə məruz qalmış şəxsin əmlakında zərər vurulduqdan sonra meydana gələn vəziyyətlə bu zərər vurmadan əvvəl mövcud olan vəziyyət arasındakı fərqi ifadə edir. Maddi zərərin mövcudluğu üçün zərər vurmadan əvvəlki vəziyyətə nəzərən zərər vurmadan sonra şəxsin əmlakında bir azalmanın meydana gəlməsi tələb olunur (MM-in 21 və 1096-cı maddələr). Bir sözlə, maddi zərər şəxsin əmlak vəziyyətində hüquqa zidd əməl nəticəsində yaranmış itkini nəzərdə tutur və maddi zərərin əvəzinin ödənilməsi məhz bu itkinin aradan qaldırılmasına istiqamətlənməklə şəxsin əmlak vəziyyətində zərər vurulan anadək mövcud olmuş vəziyyətin bərpasına xidmət edir.

43. Belə ki, iddiaçı cavabdeh tərəfin müqavilədə nəzərdə tutulmuş layihənin vaxtında və şərtləşdirilmiş qaydada təhvil verilməməsi nəticəsində ona zərər dəydiyini iddia etdiyindən, AR MPM-in 77-ci maddəsinə əsasən, ona zərər dəyməsi faktını və dəymiş zərərin məbləğini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı qeyd edilən halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, bununla da zərər faktını məhkəmədə sübuta yetirə bilməmişdir və bu səbəbdən iddia tələbi həmin hissədə əsaslı deyildir.

44. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən məhkəməyə lazımı sübutların əsli və ya lazımı qaydada təsdiq olunmuş sürəti təqdim edilir. Belə ki, iddia ərizəsi yazılı sübutlara (sənədlərə) işarə edilməsini özündə ehtiva etməlidir. Qeyd olunanlara riayət edilməyibsə, məhkəmənin iddianın təmin edilməsi barədə qərar qəbul etmək üçün sübut etmə bazasının olmaması deməkdir.

45. İddiaçı həmçinin müqavilənin 4.2-ci maddəsinə əsasən cavabdehdən 31,19 manat məbləğində cərimənin tutulması tələbi ilə çıxış edir.

46. Məhkəmə ilkin olaraq qeyd edir ki, dəbbə pulunun növlərindən biri olan “cərimə” öhdəliyin icra edilmədiyi və ya lazımi qaydada icra edilmədiyi hallarda birdəfəlik sabit pul məbləği, digər növü olan “penya” isə öhdəliyin icra edilməməsinə və ya lazımi qaydada icra edilməməsinə görə pozuntunun davam etdiyi müəyyən vaxt dövrü üçün faiz (və ya sabit məbləğ) formasında müəyyən edilir və pozuntu davam etdikcə penyanın məbləği də artır. Odur ki, tərəflər arasında bağlanmış müqaviləin şərtlərində nəzərdə tutulmuş dəbbə pulu “cərimə” adlandırılsa da, gecikdirmənin hər günü üçün əsas borc məbləğinə faiz kimi müəyyən edildiyindən hesablanma üsuluna görə dəbbə pulunun penya növünə aiddir.

47. Məhkəmə bununla bağlı bildirir ki, AR Mülki Məcəlləsi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir (462.1-ci maddə). Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır.Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi).

48. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyi icra edilmədiyinin təqsirinin dərəcəsini, İddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını vurğulayaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə təmin olunaraq Cavabdehdən İddiaçının xeyrinə 31,19 manat məbləğində dəbbə pulu tutulmalıdır.

49. İddiaçı tələbində eyni zamanda ödənilmiş 400.65 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir.

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

51. İş materiallarına əlavə edilmiş qəbz iddiaçı tərəfindən dövlət rüsumunun ödənildiyini təsdiqləyir.

52. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, dövlət rüsumunun məbləği iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq müəyyən edilməli və cavabdehdən iddiaçının xeyrinə 122 manat dövlət rüsumun tutulmalıdır. V. Nəticə:

53. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış 42/XM/24 nömrəli, 03 oktyabr 2024 il tarixli müqavilə üzrə Cavabdeh MMC-dən 10620 manat pul məbləği, 31.19 manat dəbbə pulu olmaqla cəmi 10651.19 manat (on min altı yüz əlli bir manat on doqquz qəpik) və 122 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar