Məhkəmə qərarları › İş №e-2-2(113)-794/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-794/2025

28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-794/2025 28.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “konsiqnasiya anbarında saxlama müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: konsiqnasiya anbarında saxlama müqaviləsi, konsiqnasiya anbarından malların götürülməsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “konsiqnasiya anbarında saxlama müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət, tərəflər arasında bağlanmış 12 avqust 2020-ci il tarixli konsiqnasiya müqaviləsi üzrə 435 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı (əvvəlki adı ilə: "xxxx" Məhdud Məsliyyətli Cəmiyyəti) ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Satılmış texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir. Göstərilən fəaliyyətlə əlaqədar fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan cavabdeh ilə iddiaçı arasında 12 avqust 2020-ci il tarixli 0281-XMİ-GM/20 saylı konsiqnasiya müqaviləsi bağlanmışdır. Müqavilənin 1.2-ci maddəsində göstərildiyi kimi, müqavilənin icra yeri Bakı şəhəri, Suraxanı rayon, Hövsan qəsəbəsidir (“Okean” restoranının yaxınlığı). Həmin müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş malları sifarişə uyğun miqdarda və çeşiddə cavabdehə satmağı və cavabdeh isə öz növbəsində bu malların əvəzini müqavilə ilə nəzərdə tutulmuş qaydada və şərtlərdə ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin mahiyyətindən görünür ki, bir tərəf (satıcı) digər tərəfə (alıcı) müqavilə və qiymətlərin qarşılıqlı razılaşdırılması və malların təhvili aktına əsasən malları anbarda saxlanca verir və həmin mallar üzərində sərəncam hüquqları yaranır. Digər tərəf isə (alıcı) öz növbəsində malları qəbul edir, anbarın (mağazanın) rəflərində yerləşdirir və həmin malların satışından müqavilə və onun əlavəsi ilə razılaşdırılmış məbləği iddiaçıya ödəyir. 2.2. Sözügedən müqavilənin əlavəsinə əsasən cavabdehə iddiaçı tərəfindən ümumi dəyəri 522,4 manat dəyərində məhsul satılmışdır. Konsiqnasiya müqaviləsinin 2.1.4-cü maddəsinə əsasən cavabdeh həftədə bir dəfə satılmış məhsulların müqaviləyə müvafiq olaraq 1 saylı əlavə ilə müəyyən edilmiş qiymətlər üzrə dəyərini iddiaçıya ödəməli və məhsulları iddiaçıdan təkrarən alaraq rəflərdə yerini doldurmalıdır. Həmçinin sözügedən müqavilənin 3.2-ci maddəsinə əsasən cavabdeh ödənişi satılan mallar barədə ilk hesabatdan sonra 10 bank günü ərzində köçürmə yolu ilə həyata keçirməlidir. 2.3. Cavabdeh qeyd olunan məbləğin yalnız 87,4 manat hissəsini ödəmiş, lakin ümumi olaraq 435 manat dəyərindəki 2 ədəd Kİ6XX ATF DX-İİİ 1L – 18 manat, 2 ədəd Kİ6XX ATF DX-İİİ 4L – 66 manat, 2 ədəd Kİ6XX ATF MULTİ6 1L – 21 manat, 2 ədəd Kİ6XX D1/C3 5W-30 1L – 20,40 manat, 2 ədəd Kİ6XX D1/RV 5W-30 5L – 95,20 manat, 2 ədəd Kİ6XX G 10W-40 SL 4L “İron Packing” – 48 manat, 2 ədəd Kİ6XX G1 10W-40 SN PLUS 1L – 17 manat, 2 ədəd Kİ6XX G1 10W-40 SN PLUS 4L “İron Packing” – 57 manat, 2 ədəd Kİ6XX G1 5W-30 SN PLUS 1L – 19,40 manat, 2 ədəd Kİ6XX G1 5W-30 SN PLUS 4L “İron Packing” – 72 manat mallarının nə dəyərini ödəmiş, nə də həmin malları iddiaçıya geri qaytarmışdır. 2.4. Yekun olaraq, 12 avqust 2020-ci il tarixli 0281-XMİ-GM/20 saylı konsiqnasiya müqaviləsi üzrə cavabdehin İddiaçı MMC-yə 435 manat dəyərində borcu mövcuddur. Müvafiq müqavilənin 2.4.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən bir ay ərzində heç bir satış və ödəniş olmadığı təqdirdə, iddiaçının rəfi və məhsulları götürərək müqaviləyə xitam vermək hüququ vardır. Həmin maddəyə və Mülki Məcəllənin ərizədə göstərilmiş maddələrinə əsaslanaraq, iddiaçı tərəfindən cavabdeh ilə 12 avqust 2020-ci ildə bağlanılan müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Cavabdehin 435 manat dəyərindəki borcu ödəməsi üçün xx.xx.2024-cü il tarixində elektron pretenziya məktubu göndərilmişdir.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 425, 427, 837-ci və s. maddələri göstərilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-8090/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehə iddia ərizəsinə dair yazılı etirazın və etiraza dair sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

6. İddiaçının nümayəndəsi X2 əvvəlki məhkəmə iclasında iştirak edərək, iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.

7. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh borcunun olduğunu qəbul etdi, lakin xəstəliyi ilə bağlı ödənişləri edə bilmədiyini bildirdi.

8. Məhkəmənin baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Konsiqnasiya anbarında saxlama müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

12. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (xx.xx.2022-ci il tarixli **********222800 nömrəli çıxarışa əsasən hazırkı iddiaçı) ilə cavabdeh arasında 12 avqust 2020-ci il tarixli 0281-XMİ-GM/20 nömrəli konsiqnasiya anbarında saxlama müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdehə sonuncunun sifarişinə uyğun miqdarda və çeşiddə malları sərəncam vermək hüququ daxil olmaqla rəfdə saxlanılmaq və satış üçün verməyi, cavabdeh isə həmin malları müqavilə şərtərində uyğun olaraq rəfdə saxlamağı və satmağı öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi haqqında akt əsasında ümumi dəyəri 522,4 manat olan mal cavabdehin konsiqnasiya anbarına qəbul edilmişdir.

13. İddiaçı 12 avqust 2020-ci il tarixli 0281-XMİ-GM/20 nömrəli konsiqnasiya anbarında saxlama müqaviləsi üzrə malların qalıq dəyəri olan 435 manat məbləğində pulun tutulmasını tələb edir.

14. Cavabdeh borc məbləğini qəbul etdiyini, lakin xəstəliyi ilə bağlı ödənişləri edə bilmədiyini göstərir.

15. Məhkəmə əvvəla konsiqnasiya anbarında saxlama müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.

16. Mülki Məcəllənin 837.1-ci maddəsinə əsasən, konsiqnasiya anbarı haqqında müqavilə hər hansı sahibkara (tapşırana) malları (konsiqnasiya mallarını) müştərilərə tez çatdırmaq məqsədilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan başqa şəxsin (tacirin) anbarında saxlamaq hüququ verir. Tacir konsiqnasiya mallarını saxlamağı öhdəsinə götürür və konsiqnasiya anbarı haqqında müqavilənin şərtlərinə əsasən bu mallara dair sərəncam vermək hüququna malikdir.

17. Həmin Məcəllənin 837.2-ci maddəsinə əsasən, əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, konsiqnasiya mallarının saxlanmasına anbarda saxlama haqqında müddəalar, konsiqnatorun konsiqnasiya anbarından mal götürməsinə isə alqı-satqı haqqında müddəalar tətbiq edilir.

18. Həmin Məcəllənin 840.1-ci maddəsinə əsasən, konsiqnasiya anbarı haqqında müqavilənin qüvvədə olduğu müddətdə tacirin öz adi ticarət fəaliyyəti çərçivəsində müştərilərinə mal göndərmək üçün konsiqnasiya anbarından mal götürmək hüququ vardır.

19. Həmin Məcəllənin 841-ci maddəsinə əsasən, ayrı razılaşma olmadıqda konsiqnasiya anbarında saxlama üçün tacirə heç bir muzd verilməməlidir.

20. Göründüyü kimi, konsiqnasiya anbarında saxlama müqaviləsi özündə saxlama və alqı-satqı müqaviləsinin müddəalarını birləşdirən mürəkkəb xarakterli kommersiya müqaviləsidir. Müqavilənin tərəfləri tapşıran (konsiqnant) və tacir (konsiqnator) olmaqla tərəflər arasında həm saxlama, həm da alqı-satqı ilə bağlı münasibətlər yaranır. Belə ki, tacir bir tərəfdən konsiqnasiya mallarını ayrıca saxlamaqla və onları tapşıranın mülkiyyəti kimi eyniləşdirməklə malın saxlanması üçün komisyonçu kimi məsuliyyət daşıyır, digər tərəfdən həmin mallar üzərində sərəncam hüququna malik olmaqla öz adi ticarət fəaliyyəti çərçivəsində müştərilərinə mal göndərmək üçün konsiqnasiya anbarından mal götürür.

21. Eyni zamanda konsiqnasiya anbarından mal götürüldükdə tacir və tapşıran arasındakı münasibətlər məhz alqı-satqı müddəaları əsasında tənzimlənir.

22. Hazırkı halda cavabdeh konsiqnasiya anbarından mal götürmədiyini, konsiqnasiya anbarını geri qəbul etmək barədə təklif etdiyini sübut edə bilməmişdir. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə X1 Sistemi vasitəsilə məktub ünvanlayaraq, borcun 5 gün ərzində ödənilməsini tələb etmişdir. Lakin cavabdeh tərəfindən malların götürülmədiyi və geri qaytarılmasının mümkünlüyünə dair iş materiallarında hər hansı sübut mövcud deyildir.

23. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh (tacir) tərəfindən konsiqnasiya anbarından mal götürülmüşdür.

24. Mülki Məcəllənin 840.2-ci maddəsinə əsasən, konsiqnasiya anbarından mal götürüldükdə tapşıran ilə tacir arasında münasibətlər həmin malın alqı-satqısı haqqında müqavilə ilə tənzimlənir. Alış qiyməti və alqı-satqının digər şərtləri iştirakçılar arasında razılaşmalara əsasən, qalan məsələlər isə bu Məcəllə ilə müəyyənləşdirilir.

25. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında nisyə alqı-satqı münasibətləri yaranıb, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

26. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

27. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.

28. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

29. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

30. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

31. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

32. Beləliklə, məhkəmə hesab edir ki, konsiqnasiya anbarında saxlama müqaviləsi üzrə anbardan götürülmüş malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (tacir) müqavilə üzrə yaranmış borcunu iddiaçıya (tapşırana) ödəməlidir.

33. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, 12 avqust 2020-ci il tarixli 0281-XMİ-GM/20 nömrəli konsiqnasiya anbarında saxlama müqaviləsi üzrə 435 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

34. İddiaçı eyni zamanda ödənilmiş 30 manat dövlət rüsumunun da tutulmasını tələb edir.

35. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, **********36 nömrəli mədaxil qəbzi ilə 30 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

36. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

37. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Beləliklə, iddia tələbinin təmin edildiyini, iddianın qiymətinə uyğun ödənilməli dövlət rüsumunun məbləğini nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

39. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 12 avqust 2020-ci il tarixdə bağlanmış konsiqnasiya müqaviləsi üzrə 435 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar