Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8088/2025 03.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən göstərilmiş tibbi xidmətə görə 8500 manat və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 106 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Tibbi Xidmət Müqaviləsi”nə əsasən Qızhong Li-yə stasionar şəraitdə müvafiq tibbi xidmətlər göstərilmiş, həmin tibbi xidmətlərin dəyəri 8500 manat olmuşdur. Göstərilmiş tibbi xidmətlərin dəyəri barədə Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixdə elektron qaimə-faktura təqdim edilməsinə baxmayaraq, həmin məbləğ bu günə qədər İddiaçı MMC-yə ödənilməmişdir. Tərəflərin qarşılıqlı razılığına və “Tibbi Xidmət Müqaviləsi”nin 3.2-ci bəndinə əsasən “Sifarişçi” göstəriləcək xidmətlərin qarşılığı olan məbləği “İcraçı” tərəfindən ona hesab-faktura təqdim edildikdən 30 təqvim günü müddətində “İcraçı”nın hesabına ödəməlidir. İddiaçı MMC tərəfindən pretenziya məktubu ilə Cavabdeh MMC-yə müraciət olunaraq göstərilmiş tibbi xidmətin dəyərinin ödənilməsi xahiş olunsa da, lakin bu günə qədər pretenziya məktubuna cavab verilməmiş, həmin məblağ İddiaçı MMC-yə ödənilməmişdir. Onu da Məhkəmənin nəzərinə çatdıraq ki, “X1 Hospital” son texnologiyanın tələblərinə cavab verən tibbi avadanlıqlarla və yüksək peşəkarlığı olan kadrlarla təchiz olunmuş tam təsərrüfat hesablı, özünü maliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən tibb müəssisəsidir. Xəstəxana dövlət büdcəsindən maliyyələşmir və göstərilən tibbi xidmətlər xəstəxanaya ödənilən vəsaitlər hesabına təmin edilir. İddiaçı MMC vergi ödəyicisidir və xəstəxanaya ödənilən hər xidmətin qarşılığı olan məbləğ üzərindən dövlət büdcəsinə Azərbaycan Respublikası Qanunvericiliyində nəzərdə tutulmuş vergilər (ƏDV və mənfəət vergisi) ödənilir. Göstərilən tibbi xidmətin qarşılığı olan məbləğin vaxtında ödənilməməsi göstərilmiş həmin xidmətlərə görə hesablanmış və dövlət büdcəsinə ödənilməli olan vergi məbləğlərinin ödənişinin xəstəxana tərəfindən də gecikdirilməsinə səbəb ola bilir. Qeyd olunan hal xəstəxananı əlverişsiz nəticə ilə üz-zə qoyur və göstərilən tibbi xidmətlərin operativliyinin ləngiməsinə səbəb olur. Göründüyü kimi İddiaçı MMC ilə cavabdeh arasında müqavilə bağlanmış, müqaviləyə əsasən cavabdeh göstərilmiş tibbi xidmətlərə görə yaranan borc məbləğini İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüş, beləliklə də tərəflərin iradə ifadəsi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olmuşdur. Nəzərə alsaq ki, mülki hüquq münasibətləri münasibətə daxil olan subyektlərin hüquq və vəzifələrindən ibarətdir, o zaman aydın olur ki, İddiaçı MMC üzərinə düşən vəzifəni (öhdəliyi) tam həcmdə yerinə yetirmişdir. Belə ki, İddiaçı MMC tibb müəssisəsi kimi sözü gedən müqavilədə tibbi yardımın icrasını üzərinə bir öhdəlik kimi götürmüş və həmin öhdəliyi icra etmişdir. Ancaq cavabdeh göstərilmiş tibbi xidmətə görə müəyyənləşdirilmiş məbləği ödəməyərək, üzərinə götürdüyü öhdəliyi icra etməmişdirlər. Belə olan halda hesab edirik ki, “X1 Hospital” tərəfindən göstərilmiş tibbi xidmətlərə görə, cavabdeh tərəfindən bu günə kimi ödənilməmiş qalan 8500 manat pul məbləği, məhkəmə qaydasında Cavabdeh MMC-dən tutularaq, İddiaçı MMC-yə ödənilməlidir. Onu da məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, cavabdehin hüquqi ünvanı Sumqayıt şəhəri olsa da, lakin, sözügedən müqavilə üzrə göstərilən tibbi xidmətlər – yəni müqavilənin icra yeri ünvan 2 ünvanda yerləşən “X1 Hospital”da olmuşdur. Qanunvericiliyin tələbinə görə də icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Bu əsasa görə də hazırki iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edirik. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.11.-ci maddəsinə əsasən-İcra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə bamayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış 14 oktyabr 2024-cü il tarixli Tibbi xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən icraçı sifarişçi tərəfindən göndərilən və bu barədə müvafiq sənədləri təqdim edən şəxslərə uyğun tibbi xidmət göstərməyi, sifarişçi isə göstəriləcək xidmətlərin haqqını ödəməyi öhdəsinə götürür.
8. Müqavilənin 2.1.1-ci bəndinə əsasən ambulator-poliklinika şəraitdə bağladığı müqaviləyə müvafiq olaraq bu müqavilənin 1.1-ci bəndində göstərilən şəxslərə məsləhət, diaqnostik və müalicə profilaktik tibbi yardım göstərmək icraçının hüquq və vəzifəsidir.
9. Müqavilənin 3.1-ci bəndinə əsasən sifarişçinin göndərəcəyi şəxslərə göstəriləcək tibbi xidmətlərin siyahısı və onların dəyəri xidmət göstərilən zaman Bona Dea-da qüvvədə olan qiymətlərlə müəyyən ediləcək. Qiymətlər ilə sifarişçinin razılığı olmadığı halda, istənilən tərəfin müqaviləyə xitam vermək hüququ yaranır. Bu halda icraçı tərəfindən həmin vaxtadək göstərilmiş xidmətlərrin dəyəri sifarişçi tərəfindən ödənilir.
10. Müqavilənin 3.2-ci bəndinə əsasən sifarişçi göstəriləcək xidmətlərin qarşılığı olan məbləği icraçı tərəfindən ona hesab-faktura təqdim edildikdən 30 (otuz) təqvim günü müddətində icraçının hesabına ödəyir.
11. Müqavilənin 3.3-cü bəndinə əsasən sifarişçi tibbi xidmətlərin dəyərini 30 (otuz) gün müddətində icraçının bank hesabına köçürmədikdə sifarişçi gecikdirilmiş hər gün üçün tibbi xidmət dəyərinin 0,5 %-i həcmində gecikmə faizini ödəyir.
12. İddiaçı tərəfindən təqdim olunmuş 547735V seriyalı faktura xidmət siyahısından görünür ki, iddiaçı tərəfindən cavabdehə ƏDV daxil olmaqla 8500 manat dəyərində xidmət göstərilmişdir.
13. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli, MT2412 10416989 nömrəli 8500 manat məbləğində elektron qaimə-faktura göndərilmişdir.
14. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli faktura xidmət siyahısından görünür ki, iddiaçı tərəfindən cavabdehə (xəstənin adı: Qızhong Lı, təvəllüdü: xx.xx.1969, həkim: uzman dr.Cabir Gülmalıyev, xx.xx.2024-cü il tarixdə edilmiş qan analizi xidmətlərinin dəyəri – 176,53 manat və 176,53 manat, sarf xidməti - 1454,35 manat, ürək əməliyyatı – 6692,59 manat) 8500 manat məbləğində tibbi xidmət göstərilmişdir.
15. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır.
16. Belə ki, məhkəmə araşdırması ilə müəyyən olundu ki, tərəflər arasında 14 oktyabr 2024-cü il tarixli tibbi xidmət müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəlikləri icra etsə də, cavabdeh tərəfindən öhdəliklər lazımınca icra edilməmiş, hazırda cavabdehin iddiaçıya göstərilmiş tibbi xidmətlərə görə ƏDV daxil 8500 manat borcu yaranmışdır.
17. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
20. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
21. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
23. Həmin Məcəllənin 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir.
24. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
25. Məhkəmə hesab edir ki, iddiaçı hazırda cavabdehdən 8500 manat borcun ödənilməsini tələb etməkdə haqlıdır.
26. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 8500 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 105 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 8500 manat məbləğində pul, 105 manat dövlət rüsumu, ümumilikdə 8605 (səkkiz min altı yüz beş) manat məbləğində pul tutularaq İddiaçı MMCyə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova