Məhkəmə qərarları › İş №e-2-2(113)-835/2020

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-835/2020

25.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-835/2020 25.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı müqaviləyə xitam verilməsi və pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx xxxxxx 2012-ci il tarixli, 01-SL nömrəli sublizinq müqaviləsinə xitam verilməsi, sublizinq müqaviləsinin predmeti olan avadanlığın Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə verilməsi, Cavabdeh MMC-dən 222.150,00 manat məbləğində pul və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx xxxxxx 2012-ci ildə 01-SL nömrəli sublizinq müqaviləsi bağlanmışdır. Müqavilənin predmetini 232.150 manat məbləğində olan avadanlıqlar təşkil edir və qeyd edilən avadanlıqların dəyəri 2 nömrəli əlavəyə uyğun olaraq ödəniş qrafikində göstərilən müddətdə ödənməli idi. Ümumilikdə lizinq müqaviləsi 8 il müddətinə bağlanmışdır. Müqaviləyə uyğun olaraq lizinq verən İddiaçı MMC avadanlığın lizinq alana Cavabdeh MMC-yə verilməsini, lizinq alan isə avadanlığın dəyərinə uyğun hesablanmış bütün xərcləri, o cümlədən respublika daxili daşınma, saxlanma, boşaltma və digər xərclərinin ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilə bağlanan zaman lizinq alan Cavabdeh MMC ilkin ödəniş üçün İddiaçı MMC-yə 10.000 manat ödəmişdir və geri qalan məbləğ isə 8 il boyunca ödəniləcək qrafik üzrə 222.150 manat məbləğində müəyyən edilmişdir. Müqaviləyə uyğun olaraq Cavabdeh MMC ödənişləri vaxtında və tam həcmdə “xxxx” ASCyə ödəməli idi. Lakin müqavilə bağlandığı vaxtdan etibarən ilkin ödəniş istisna olmaqla lizinq alan Cavabdeh MMC avadanlıqların dəyərini“xxxx” ASC-yə ödəməmişdir. Həmçinin qeyd etmək istəyir ki, AR Mülki Məcəlləsinin 784-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Cavabdeh MMC qanunvericilikdə təsbit olunduğu kimi müqavilə ilə müəyyən olunmuş lizinq ödənişlərini İddiaçı MMC-yə ardıcıl olaraq iki dəfədən artıq ödəməmişdir. Bununla da müqavilə şərtləri kobud şəkildə pozularaq müqaviləyə xitam verilməsinə əsas yaranmışdır. 01-SL nömrəli sublizinq müqaviləsinin 5.1-ci bəndinə görə lizinq alan (Cavabdeh MMC) avadanlıqdan istifadə üçün ödəniş qrafikində nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə bir dəfədən artıq ödəmədikdə müqavilənin pozulması hesab edilir. 5.2-ci bəndinə görə isə müqavilənin şərtlərinin pozulması hallarından biri mövcud olduqda lizinq verən lizinq alanı yazılı sürətdə xəbərdarlıq etməklə, avadanlığı saz vəziyyətdə geri götürür, onun əvvəllər ödədiyi bütün məbləği özündə saxlayır və vurulmuş zərərin tam ödənilməsini tələb edir. Bu səbəbdən hesab edir ki, iddia tələbi tam əsaslıdır və tam həcmdə təmin olunmalıdır. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək iddia ərizəsinin xahiş etdi hissəsinin 3-cü bəndində 222.150 manat məbləğini 217.150 manat məbləği ilə əvəz edib iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında dəqiqləşdirilmiş iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC (lizinq verən) ilə Cavabdeh MMC (lizinq alan) arasında xx.xx.2012-ci il tarixdə 01-SL sublizinq müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən lizinq verən 232.150 manat məbləğində bu müqavilənin tərkib hissəsi sayılan 1 nömrəli əlavədə göstərilən avadanlıqları dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 8 il müddətədək lizinqə vermişdir. Lizinq alan avadanlığın dəyərini ödəniş qrafikində göstərilən qaydada ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 3.1-ci bəndinə əsasən avadanlıq üzərində müstəsma mülkiyyət hüququ onun dəyəri lizinq alan tərəfindən tam ödənilənədək “xxxx” ASC-yə məxsusdur. 3.5-ci bəndinə əsasən avadanlığın dəyərini tam ödədikdən sonra mülkiyyət hüququ lizinq alana keçir. 4.1-ci bəndinə əsasən lizinq alan avadanlğın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir. 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1% həcmində cərimə tələb edir. 5.2-ci bəndinə əsasən müqavilənin şərtlərinin pozulması hallarından biri mövcud olduqda lizinq verən lizinq alanı yazılı sürətdə xəbərdarlıq etməklə, avadanlığı saz vəziyyətdə geri götürür, onun əvəllər ödədiyi bütün məbləği özündə saxlayır və vurulmuş zərərin tam ödənilməsini tələb edir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx xxxxxx 2012-ci il tarixli akta əsasən İddiaçı MMC tərəfindən ümumi dəyəri 1.070.504 manat olan fındıq emalı avadanlığının bir hissəsi: 160.951,6 manat dəyərində olan 2 komplekt Chiler EWAPC10AJYNN, Daikin EUROPE NV, SD Doc. 3461424, 1106kW ; 41.600 manat dəyərində olan 8 komplekt AHU – mərkəzi kondisioner, FDR Türkiyə, 180 kW-20000 m3/h ; 21.600 manat dəyərində olan 6 komplekt AHU – mərkəzi kondisioner, FDR Türkiyə, 100 kW – 10000 m3/h və 7.998,40 manat dəyərində olan 2 komplekt elektrik şiti, FDR Türkiyə adlı avadanlıqlar Cavabdeh MMC-yə tam işlək vəziyyətdə təhvil verilmişdir. Akt müqavilə tərəfləri və “xxxx” ASC-nin nümayəndəsi tərəfindən imzalanmışdır. xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən həmin tarixə Cavabdeh MMC tərəfindən sublizinq müqaviləsinə əsasən verilmiş texnoloji avadanlığına görə Cavabdeh MMC-nin borcu 217.150 manat təşkil edir. İddiaçı MMC tərəfindən Cavabdeh” MMC-yə pretenziya məktubu ilə müraciət edilərək müraciət edilərək lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələb edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı MMC (lizinq verən) ilə Cavabdeh MMC (lizinq alan) arasında xx.xx.2020-ci il tarixdə 01-SL sublizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC müqavilə üzrə öhdəlikləri icra edərək sublizinq predmeti olan avadanlıqları Cavabdeh MMC-yə təhvil versə də, cavabdeh müqaviləyə ödəniş qrafikinə uyğun olaraq lizinq ödənişlərini ödəməmiş, nəticədə xx xxxxxx 2020-ci il tarixə iddiaçıya sublizinq müqaviləsi üzrə 217.150 manat borcu yaranmışdır. Digər tərəfdən ödəniş qrafikindən də göründüyü kimi Cavabdeh MMC mübahisəli lizinq müqaviləsi üzrə rübdə bir dəfə (2013-cü ildə hər rübdə 7.500, 2014-cü ildə hər rübdə 7.400, 2015-ci ildə hər rübdə 7.200, 2017-ci ildə hər rübdə 7.100, 2018-ci ildə hər rübdə 6.900, 2020-ci ildə hər rübdə 6.850 manat olmaqla) lizinq ödənişləri İddiaçı” MMC–yə ödəməli olduğu halda həmin müddət ərzində cəmi 15.000 manat məbləğində ödəniş etmiş, yəni lizinq obyektindən istifadə üçün haqqı ardıcıl olaraq iki dəfədən artıq ödəməmişdir. Mülki Məcəllənin 385.1, 386, 442 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.12-ci maddəsinə görə lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-1.12.4-cü maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Göründüyü kimi lizinq alan Cavabdeh MMC lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədiyindən lizinqə verən İddiaçı MMC Mülki Məcəllənin 748-1.12-ci maddəsinin tələblərinə əsasən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli, 01-SL nömrəli sublizinq müqaviləsi ləğv edilməli, sublizinq müqaviləsinin predmeti olan 160.951,6 manat dəyərində olan 2 komplekt Chiler EWAPC10AJYNN, Daikin EUROPE NV, SD Doc. 3461424, 1106kW; 41.600 manat dəyərində olan 8 komplekt AHU – mərkəzi kondisioner, FDR Türkiyə, 180 kW-20000 m3/h; 21.600 manat dəyərində olan 6 komplekt AHU – mərkəzi kondisioner, FDR Türkiyə, 100 kW – 10000 m3/h və 7.998,40 manat dəyərində olan 2 komplekt elektrik şiti, FDR Türkiyə adlı avadanlıqlar Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə qaytarılmalı, Cavabdeh MMC-dən 217.150 manat (iki yüz on yeddi min yüz əlli manat) məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli, 01- SL nömrəli sublizinq müqaviləsi ləğv edilsin. Sublizinq müqaviləsinin predmeti olan 160.951,6 manat dəyərində olan 2 komplekt Chiler EWAPC10AJYNN, Daikin EUROPE NV, SD Doc. 3461424, 1106kW ; 41.600 manat dəyərində olan 8 komplekt AHU – mərkəzi kondisioner, FDR Türkiyə, 180 kW-20000 m3/h ; 21.600 manat dəyərində olan 6 komplekt AHU – mərkəzi kondisioner, FDR Türkiyə, 100 kW – 10000 m3/h və 7.998,40 manat dəyərində olan 2 komplekt elektrik şiti, FDR Türkiyə adlı avadanlıqlar Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə qaytarılsın. Cavabdeh MMC-dən 217.150 manat (iki yüz on yeddi min yüz əlli manat) məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar