Məhkəmə qərarları › İş №e-2-2(117)-1521/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1521/2024

10.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1521/2024 10.12.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı X1nin Cavabdeh qarşı “xx.xx.2017-ci il tarixli müqavilə üzrə yaranmış 8897 manat əsas borc, 13809.53 manat cərimə borcu və hüquqi yardımla bağlı ödənilmiş 500 manat məbləğində pul olmaqla, ümumilikdə 23206.53 manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: Təsviri hissə: İddiaçı X1 Cavabdeh qarşı “xx.xx.2017-ci il tarixli müqavilə üzrə yaranmış 8897 manat əsas borc, 13809.53 manat cərimə borcu və hüquqi yardımla bağlı ödənilmiş 500 manat məbləğində pul olmaqla, ümumilikdə 23206.53 manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. "xxxx" ASC (xxxx ASC) ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli 605-GL/17 nömrəli müqavilə bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, lizinq verən ümumi məbləği 13397 manat olan və 1 nömrəli Əlavədə göstərilən kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2.2-ci bəndinə əsasən, lizinq alan texnikanın dövlət qeydiyyatına alınmasını, təyinatı üzrə səmərəli istifadəsini, saz saxlanmasını, vaxtında texniki qulluqların aparılmasını həyata keçirir. Həmin müqavilənin 2.2.5-ci bəndinə əsasən, lizinq alan texnikaya texniki qulluq və təmir xidmətlərini öz hesabına həyata keçirir. Həmin müqavilənin 2.2.10-cu bəndinə əsasən, lizinq alan texnikanın tam dəyəri ödənilənədək, onu üçüncü şəxslərə istifadəyə verilməməsini, satılmamasını, girova qoyulmamasını, özgəninkiləşdirilməməsini və təyinatının dəyişdirilməməsini öz öhdəsinə götürür. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1% həcmində cərimə tələb edə bilər. Müqavilənin 5.2-ci bəndinə əsasən lizinq verən lizinq alana xəbərdarlıq etməklə lizinq müqaviləsinə vaxtından əvvəl xitam verə bilər. Həmin Müqavilənin 9-cu bəndinə əsasən, bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən əmələ gələn öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir. xx.xx.2017-ci il tarixli 605-GL/17 nömrəli müqavilənin spesifikasiyasından görünür ki, lizinq verən "xxxx" ASC tərəfindən bir ədədinin qiyməti 33970 manat olan, Kombayn taxılyığan Niva Effekt SK-5ME-1 üzrə 6985 manat ödəniş edilmiş, güzəştdən sonrakı 13397 manat qalıq məbləği ilə 3 il ödəmə müddətinə əsasən lizinq alana verilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun Agentliyə ödənilməmiş, həmin müqavilə üzrə 8897 manat əsas borc yaranmış və iddiaçı həmin borca 13809.53 manat cərimə borcu hesablamışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh müqavilə məbləğindən cəmi 4500 manat ödəniş etmiş və onun nəticədə ödənilməmiş 8897 manat əsas borcu qalmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçı şirkətdən texnikanı qohumunun adına almışdır. Düzdür müqaviləni o imzalasa da, texnikanı qohumu Elşadın işlətməsi üçün götürmüşdür. Texnikanı aldıqları ilk mövsüm işləmişdir. Texnikanın işləmədiyini, təmiri üçün lazımi detala ehtiyac olduğunu şirkətə bildirsələr də, onlara heç bir köməklik göstərilməmişdir. Məhkəmədən köməklik göstərilməsini xahiş etdi. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara müqavilə, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-4.3. Əşya sublizinqə verildikdə satıcıya qarşı tələb hüququ sublizinq müqaviləsi üzrə lizinq alana keçir. 747-4.4. Lizinq obyektinin sublizinqə verilməsi zamanı hökmən lizinq verənin yazılı razılığı olmalıdır. 748.1. Lizinq müqaviləsi yazılı formada bağlanılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki "xxxx" ASC (xxxx ASC) ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli 605-GL/17 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən iddiaçı cavabdehə kənd təsərrüfatı texnikasını verməyi, cavabdeh isə həmin texnikanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən ödənilməmiş 8897 manat borcu qalmışdır. Məhkəmə iddia tələbinin “8897 manat əsas borcun cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə təmin edilməlidir. Belə ki, Kombayn taxılyığan Niva Effekt SK-5ME-1 adlı texnikanın bir ədədinin qiyməti 33970 manat olmuşdur. İddiaçı 40% güzəşt tədbiq edərək həmin texnikanı cavabdehə 20382 manata satmışdır. Cavabdeh qeyd olunan məbləğdən 6985 manat ilkin ödəniş etmiş və qalıq 13397 manat pulu isə ödəniş qrafikinə əsasən xx.xx.2022-ci il tarixinədək ödəyib bitirməyi öhdəsinə götürmüşdür. Bundan sonra xx.xx.2019-cu il tarixli 2436/ü nömrəli Əmr ilə xx.xx.2017-ci il tarixdə bağlanan 605-GL/17 nömrəli müqavilənin tərkib hissəsi olan Əlavə №1 ödəniş cədvəlinin 2 il uzadılması haqqında dəyişiklik edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən daha sonra müqavilə məbləğindən 4500 manat ödəniş edilmişdir. Buradan aydın olunur ki, cavabdehin hazırki tarixə 8897 manat (13397– 4500 = 8897) ödənilməmiş əsas borcu vardır. Cavabdeh tərəfindən texnikanın işləmədiyi, təmiri üçün lazımi detala ehtiyac olduğunun şirkətə bildirildiyi, lakin onlara heç bir köməklik göstərilmədiyi qeyd edilsə də, tərəflər arasında bağlanmış müqavilənin 2.2.5-ci bəndinin tələbinə görə lizinq alan texnikaya texniki qulluq və təmir xidmətlərini öz hesabına həyata keçirməyi, həmçinin müqavilənin 2.2.5-ci bəndinə əsasən lizinq alan texnikaya texniki qulluq və təmir xidmətlərini öz hesabına həyata keçirməsini öhdəsinə götürmüşdür. Bu səbəbdən qeyd edilən halla bağlı cavabdehin etirazı tərəflər arasında bağlanmış müqavilə şərtləri baxımından əsaslı deyildir. İddia tələbinin “13809.53 manat cərimə borcunun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci bəndlərində tərəflər razılaşmışlar ki, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Məhkəmə tərəflərin qanuni və əmlak mənafelərini, iddiaçının gec müraciət edərək cərimə borcunun artmasına şərait yaratmasını, cavabdehin maddi vəziyyətini, cavabdehin bildirdiyinə görə lizinq predmetinin xeyli müddət nasaz vəiyyətdə olmasını, həmçinin qanunvericiliyin tələblərini nəzərə alaraq cərimə məbləğinin 500 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, müqavilə üzrə cavabdeh Cavabdeh 8897 manat əsas borc və 500 manat cərimə borcu tutulmalıdır. Eyni zamanda, məhkəmə prosessual xərc olaraq “hüquqi yardımla bağlı ödənilmiş 500 manat pulun tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə hesab edir ki, MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə göstərilmiş hüquqi yardımla bağlı vəkilə ödənilmiş məbləği təsdiq edən ödəniş tapşırığının, nəzərdə tutulan işlə bağlı tərəfə hüquqi yardım göstərilməsi ilə bağlı elektron vəkil orderinin iş materiallarına əlavə edilməsi, məhkəmə iclaslarında tərəflərin iştirak vəziyyəti və vəkilin nəzərdə tutulan işdə fəallığı hallarını nəzərə alaraq hesab edir ki, hüquqi yardımla bağlı 250 manat pulun tutulması əsaslı və ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəf dövlət rüsumu ödəməkdən azad olunduğundan, iddianın təmin edildiyi məbləğə uyğun ödənilməli olan 65.44 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il tarixli müqavilə üzrə yaranmış 8897 manat əsas borc, 500 manat cərimə borcu və hüquqi yardımla bağlı ödənilmiş 250 manat məbləğində pul tutularaq iddiaçı X1nə ödənilsin. Ödənilməmiş 65.44 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar