Məhkəmə qərarları › İş №e-2-2(121)-2059/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2059/2024

10.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2059/2024 10.09.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş 1 ədəd Coler SDVC markalı soyuducunun dəyərinin iki misli həcmində, yəni 2400 (iki min dörd yüz) ABŞ dolları pulun (alınan gündə manata olan məzənnəsi ilə), 120 (yüz iyirmi) manat vəkil xidmət haqqı və 61 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2021-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə uyğun olaraq, dəyəri 1200 ABŞ dolları olan 1 ədəd Coler SDVC markalı soyuducu İddiaçı MMC tərəfindən istehsal və satışı təşkil edilmiş məhsulların cavabdeh tərəfindən sərinləşdirilib satılmasının təmin edilməsi məqsədilə Cavabdeh əvəzsiz istifadəsinə verilmişdir. İstifadəyə verilmiş əmlak üçün istifadə haqqı tələb edilməmişdir. Müqavilənin 2.7-ci bəndinə əsasən, müqavilənin xitamı haqqında “İstifadəyəverən” tələb irəli sürdükdə, o, əmlakın köhnəlməsi nəzərə alınmaqla təhvilini 3 (üç) gün ərzində təmin etməlidir. “İstifadəçi” soyuducunun göstərilən müddət ərzində təhvilini təmin etmədikdə əmlakın dəyərinin 2 misli həcmində “İstifadəyəverənə” cərimə ödəməlidir. Qeyd olunan soyuducu uzun müddət cavabdehin əvəzsiz istifadəsində olmuşdur. Lakin iddiaçı tərəfindən Cavabdeh müqavilə predmeti olan soyuducunun qaytarılması tələb edilsə də, cavabdeh tərəfindən soyuducunun qaytarılması ilə bağlı hər hansı addım atılmamışdır. Bununla bağlı olaraq Cavabdeh pretenziya məktubu ilə rəsmi qaydada müraciət olunmuş, xx.xx.2021-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqaviləyə xitam verildiyi və soyuducunun 3 (üç) gün ərzində iddiaçı təşkilata qaytarılması tələb olunmuşdur. Soyuducunun qaytarılmadığı təqdirdə müqavilə üzrə nəzərdə tutulmuş cərimənin ödənilməsi ilə bağlı qanunauyğun tədbirlər görüləcəyi cavabdehin diqqətinə çatdırılmışdır. Pretenziya məktubu cavabdeh tərəfindən qəbul edilməsinə baxmayaraq bugünə qədər Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və İddiaçı MMC-nin əmlakı olan soyuducunu bu günə kimi qaytarmamış və qanunsuz olaraq özündə saxlayaraq özgəninkiləşdirmişdir. Bütün bu halları nəzərə alaraq İddiaçı MMC pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı nümayəndəsi xx.xx.2024-cü il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək, tərəflərindən bütün sübutların elektron məhkəmə sisteminə yerləşdirildiyini, işlə bağlı hər hansı əlavə sübutlarının olmadığını, xx.xx.2024 tarixə təyin olunmuş məhkəmə iclasında məsafənin uzaq olmasına görə iştiraklarının mümkün olmadığını bildirmiş, təqdim olunmuş sübutlar əsasında baxış iclasını iştirakları olmadan keçirib iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2021-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilənin: 1.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən İstifadəyəverən özünün istehsal və satışını təşkil etdiyi sərinləşdirici spirtsiz içkilərin va çaylann İstifadəçi tərəfindən üçüncü şəxslərə sərinləşdirilmiş şəkildə satılmasını, satışın həcminin artırılmasını və reklamını təşkil etmək üçün bu müqavilənin 2.1.1-ci bəndində göstərilmiş reklam xarakterli soyuducuların İstifadəçiyə əvəzsiz istifadəyə verməyi, İstifadəçi isə İstifadəyəverənin tələbi ilə həmin avadanlıqları işlək vəziyyətdə geri qaytarmağı öhdələrinə götürürlər. 2.1.1-ci bəndinə əsasən, əvəzsiz istifadəyə verilən 1 ədəd Coler SDVC markalı soyuducunun qiyməti 1200 ABŞ dolları təşkil edir. 2.1.2-ci bəndinə əsasən, İstifadəyəverən soyuducunu İstifadəçinin istifadəsinə yararlı vəziyyətdə, əmtəə görkəmli və heç bir xəsarəti olmayan formada Əlavə №1-də göstərilən təhvil-təslim aktı vasitəsi ilə təhvil verir. 2.7-ci bəndinə əsasən, müqavilənin xitamı haqqında İstifadəyəverən tələb irəli sürdükdə, İstifadəçi əmlakın köhnəlməsi nəzərə alınmaqla təhvilini 3 (üç) gün ərzində təmin etməlidir. İstifadəçi soyuducunun göstərilən müddət ərzində təhvilini təmin etmədikdə əmlakın dəyərinin 2 misli həcmində İstifadəyəverənə cərimə ödəməlidir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, həmin məktubda İddiaçı MMC Cavabdeh onun istifadəsinə verilmiş soyuducunun geri qaytarılması tələb olunmuşdur, əks halda hüquq mühafizə orqanlarına müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir. Məhkəmənin, iş materiallarında olan sənədlərə, məhkəmə iclasında tədqiq olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, iddiaçı istehsal etdiyi içkilərin satışının həyata keçirilməsi və reklamı məqsədi ilə ona məxsus olan soyuducunu cavabdehin əvəzsiz istifadəsinə verdiyini, sonradan soyuducunun geri qaytarılmasını tələb etməsinə baxmayaraq cavabdehin soyuducunu qaytarmadığını bildirir və cavabdehlə aralarında bağlanmış müqavilənin şərtlərinə əsasən soyuducunun dəyərinin iki mislinin ona ödənilməsini tələb edir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halların sübutu qismində iddia ərizəsinə əlavə olaraq məhkəməyə tərəflər arasında bağlanmış müqavilənin surətini təqdim etmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iddia tələbinə dair münasibətini bildirməmişdir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq ilk növbədə bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını əvəzsiz istifadə müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 36-cı fəslində yer alan normalar təşkil edir. Belə ki, işin faktiki hallarına Mülki Məcəllənin 732-ci maddəsində nəzərdə tutulan əvəzsiz istifadə müqaviləsinin dispozisiya şərtləri uyğun gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 732-ci maddəsinə əsasən, əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Əvəzsiz istifadə müqaviləsinə verilən leqal tərifdən göründüyü kimi qeyd edilən müqavilənin iştirakçılarının əsas öhdəlikləri kirayəyə verənə münasibətdə müqavilənin obyekti olan əşyanı kirayəçinin istifadəsinə verməkdən, kirayəçiyə münasibətdə isə həmin əşyanı kirayəyə verənə qaytarmaqdan ibarətdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilikdə sübutetmə yükünün bölüşdürülməsi prinsipinin tələblərinə görə əvəzsiz istifadə müqaviləsinin iştirakçıları arasında mübahisə yarandığı təqdirdə müqavilənin obyekti olan əşyanın qarşı tərəfin istifadəsinə verilməsini (əşyanın təhvil verilməsini) sübut etmək vəzifəsi kirayəyə verənin, əşyanın geri qaytarılmasını sübut etmək isə kirayəçinin üzərinə düşür. Məhkəmə, lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin məhkəmə iclaslarında iştirak etməməsini, həmçinin cavabdehin iddia tələbinə münasibətini bildirməməsini, zəruri sübutların tərəflərindən məhkəməyə təqdim edildiyinə dair iddiaçının ərizəsini nəzərə alaraq qeyd edir ki, mübahisə işdə olan sübut qismində təqdim edilmiş sənədlərin qiymətləndirilməsi yolu ilə həll edilməlidir. Məhkəmə onu da vurğulayır ki, tərəflər arasında yaranmış münasibətləri tənzimləyən yazılı müqavilə mövcud olduğuna, iddiaçının hazırki tələblə çıxış etməsi üçün subyektiv hüququnun həmin müqavilə üzrə cavabdehin öhdəliklərini yerinə yetirməməsi nəticəsində yarandığı iddia edildiyinə görə, iddia tələbinin faktiki əsası kimi istinad edilən hallar qeyd edilən müqavilə şərtləri əsas götürülərək qiymətləndirilməlidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli qərarında da göstərilir ki, “Konstitusiya Məhkəməsinin Plenumu göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.” Məhkəmə qeyd edir ki, tərəflər arasımnda bağlanmış müqavilənin 2.1.2-ci bəndi ilə tərəflər razılığa gəlmişlər ki, soyuducunun kirayəçinin istifadəsinə verilməsi müqaviləyə Əlavə №1-də göstərilən təhvil-təslim aktı vasitəsi ilə həyata keçirilir. İddiaçı ərizəsində mübahisə predmeti olan soyuducunu cavabdehin istifadəsinə verdiyini bildirməsinə baxmayaraq, bu faktı təsdiq edən təhvil-təslim aktını məhkəməyə təqdim etməmişdir, ümumiyyətlə müqaviləyə Əlavə №1 adlı sənədi iş materiallarına əlavə etməmişdir. Halbuki, yuxarıda şərh olunduğu kimi soyuducunun cavabdehə təhvil verilməsi iddiaçının müqavilə üzrə əsas öhdəliyini təşkil edir. Buna görə də mübahisə olduğu təqdirdə həmin xüsusatı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə onu da qeyd edir ki, işdə cavabdehin sözügedən soyuducunu təhvil almasını, onu istifadəsində olmasını təsdiq edə biləcək təhvil-təslim aktından başqa da heç bir sübut yoxdur. Halbuki, iddianın əsaslı hesab edilə bilməsi üçün mübahisə obyekti olan soyuducunun cavabdehə təhvil verilməsi, onun istifadəsində olması faktı ən başlıca sübutetmə predmetidir. Bu faktın sübuta yetirilə bilinməməsi halında heç bir şəkildə iddianın uğurluluq ehtimalından söhbət gedə bilməz. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsasını təşkil edən halı mötəbər dəlillərlə sübut edə bilməmişdir. Məhkəmə bir daha qeyd edir ki, tərəflər arasında imzalanmış müqavilədə tərəflərin qarşılıqlı razılığa gələrək şərtləşdirdikləri qaydaya əsasən, kirayə obyekti əşyanın təhvil verilməsi təhvil-təslim aktı ilə rəsmiləşdirilməli idi. Lakin iş materiallarında belə təhvil-təslim aktı mövcud deyildir və məhkəmə prosesinin gedişində iddiaçı tərəfindən adı çəkilən sənəd və ya bu faktı təsdiq edə biləcək digər dəlil məhkəməyə təqdim edilməmişdir. Məhkəmə xüsusi olaraq vurğulayır ki, iddiaçı məhkəməyə ünvanladığı ərizəsində tərəflərindən bütün sübutların elektron məhkəmə sisteminə yerləşdirildiyini, işlə bağlı hər hansı əlavə sübutlarının olmadığını bildirmiş, təqdim olunmuş sübutlar əsasında baxış iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə qeyd edilənlərin yekunu olaraq bu nəticəyə gəlir ki, əgər tərəflər arasında bağlanmış müqavilə varsa və müqavilə şərtləri onun iştirakçıları tərəfindən mübahisələndirilməmişdirsə, müqavilənin şərtlərinə əsasən mübahisənin həlli qanuni və buna görə də ədalətli hesab edilməlidir. Məhkəmə bu qənaətə gəlir ki, iddiaçı tələbini əsaslandıran halları mötəbər və yetərli dəlillərlə sübut edə bilməmişdir. Buna görə də iddia əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9-cu maddəsinə müvafiq olaraq, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (Mülki Prosessual Məcəllənin 14.1, 77, 88, 217.1 və 217.3-cü maddələri). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar