Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2474/2024 20.11.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı – borcun ödənilməsi barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh ASC-yə qarşı xx.xx.2022-ci il tarixli, 032/22 saylı “Gömrük Təmsilçilik Xidmətlərinin Göstərilməsi haqqında” müqavilə üzrə 1.650 manat üzrə əsas borc, pul ödənişinin gecikdirilməsinə görə 182,48 manat, 38,32 manat dövlət rüsumu daxil olmaqla, ümumilikdə 1.870,80 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 032/22 saylı Gömrük Təmsilçilik Xidmətlərinin Göstərilməsi haqqında müqavilə imzalanmışdır. Müqavilədə iddiaçı “Təmsilçi” tərəf, cavabdeh isə “Sifarişçi” tərəf adlandırılır. Müqavilənin 1-ci bəndinə əsasən, təmsilçi öz nizamnaməsinə uyğun olaraq, sifarişçinin tapşırığı ilə onun hesabına idxal, tranzit və digər gömrük prosedurlarının altında olan mallara və nəqliyyat vasitələrinə aid müşayiət sənədlərində olan məlumatlar əsasında broker xidmətləri göstərməyi öhdəsinə götürür. Belə gömrük əməliyyatlarının tərkibi, siyahısı və onlara olan tələblər beynəlxalq müqavilələrlə, Azərbaycan Respublikasının gömrük tənzimlənməsi sahəsindəki aktlarla, gömrük sahəsində dövlət siyasətinin və hüquqi tənzimlənmənin inkişaf etdirilməsi, gömrük sahəsində normativ hüquqi aktlar və həmçinin bu müqavilənin müddəaları ilə müəyyən edilir (1.1). Sifarişçi isə təmsilçi tərəfindən göstərilən xidmətlərin haqqını bu müqaviləyə əlavə edilmiş və bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan qiymətlərin razılaşdırılması protokolunda göstərilən məbləği razılaşdırılmış müddətdə (gecikdirilmədən) köçürmə yolu ilə ödəməyi öhdəsinə götürür (1.2). İddiaçı tərəfindən müqavilədə qeyd edilən öhdəliklər layiqincə yerinə yetirilmiş, lakin cavabdeh tərəfindən bu günə kimi müqavilə və onun ayrılmaz tərkib hissəsi olan əlavələr ilə müəyyənləşdirilmiş məbləğdə xidmətlərin tam dəyəri iddiaçıya ödənilməmiş, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Müqavilənin 2-ci bəndinə əsasən, təmsilçinin göstərdiyi bütün xidmətlərin haqqını bu müqavilə ilə müəyyən edilmiş müddətdə bank köçürməsi yolu ilə ödəmək sifarişçinin öhdəliyidir (2.3.1). Müqavilənin 4-cü bəndinə əsasən, təmsilçi tərəfindən müqavilənin tərkib hissəsi olan “Qiymət-razılaşdırma protokolu” və ya “Malların təhvil-təslim aktı” təqdim edildikdən və sifarişçi tərəfindən təsdiq edildikdən sonra İnvoys və ya E-qaimə təqdim edilir. İnvoys və ya E-qaimə-də göstərilən məbləğ 3 iş günü ərzində təmsilçinin kassa və ya bank hesabına ödənilməlidir (4.1). Göstərilən xidmət və onların haqqı müqaviləyə əlavə protokol № 1-də öz əksini tapır (4.2). Qeyd edildiyi kimi müqavilə və qiymətlərin razılaşdırılması protokolları üzrə xidmət iddiaçı tərəfindən lazımınca icra edilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli, 004 saylı qiymətlərin razılaşdırılması protokolu ilə razılaşdırılan 1.130 manat məbləğində və xx.xx.2023-cü il tarixli, 005 saylı qiymətlərin razılaşdırılması protokolu ilə razılaşdırılan 520 manat məbləğində xidmət iddiaçı tərəfindən cavabdehə göstərilmişdir. Müvafiq olaraq da xx.xx.2022-ci il tarixli, 004 saylı qiymətlərin razılaşdırılması protokolu ilə razılaşdırılan 1.130 manat məbləğində xidmət haqqının ödənilməsi üçün cavabdehə EBCG 580032 saylı elektron qaimə və xx.xx.2023-cü il tarixli, 005 saylı qiymətlərin razılaşdırılması protokolu ilə razılaşdırılan 520 manat məbləğində xidmət haqqının ödənilməsi üçün cavabdehə EBDE 673693 saylı elektron qaimə göndərilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçı tərəfindən müqavilə əsasında yerinə yetirilmiş və təhvil verilmiş işlərin ümumi dəyəri ümumilikdə 1.650 manat təşkil etmişdir. Yerinə yetirilmiş işlər cavabdeh tərəfindən qəbul edilmiş və heç bir etiraz təqdim edilməmişdir. İddiaçı həmin məbləğin cavabdeh tərəfindən ödənilməsini dəfələrcə tələb etməsinə baxmayaraq cavabdeh tərəfindən hər hansı bir ödəniş həyata keçirilməmişdir. Bundan başqa cavabdeh borcun ödənilməsini gecikdirdiyi üçün gecikdirilən müddətə görə həmin məbləğdən Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsinə uyğun olaraq faizlər tutulub iddiaçıya ödənilməlidir. Mərkəzi Bankın uçot faiz dərəcəsini və ona əlavə edilmiş iki faiz bəndinə uyğun olaraq gecikdirməyə görə faizlər 182,48 manat təşkil edir. Faizlərin hesablanmasına dair hesabat iddia ərizəsinə əlavə olunmuşdur. Əsas borc və hesablanmış fazilərlə birlikdə borc məbləği 1.832,48 manata bərabərdir. İddiaçı MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilən İddiaçı MMC ilə Cavabdeh ASC arasında xx.xx.2022-ci il tarixli 032/22 saylı “gömrük təmsilçilik xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, təmsilçi öz nizamnaməsinə uyğun olaraq sifarişçinin tapşırığı ilə onun hesabına idxal, tranzit və digər gömrük prosedurların altında olan mallara və nəqliyyat vasitələrinə aid müşayiət sənədlərində olan məlumatlar əsasında broker xidmətlərini göstərir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh ASC arasında xx.xx.2022-ci il tarixli 032/22 saylı “gömrük təmsilçilik xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə 1 nömrəli əlavə qiymətlərin razılaşdırılması protokolu 1 imzalanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli EBCG 580032 nömrəli və xx.xx.2023-cü il tarixli EBDE 673693 nömrəli elektron qaimə-fakturalardan görünür ki, Cavabdeh ASC-yə 1.650 manat məbləğində xidmətlər göstərilmişdir. İş materialında olan pretenziya məktubunun surətindən görünür ki, bağlanmış müqaviləyə əsasən cavabdehə 1.782 manat borcun ödənilməsinin təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunan cavabdehin xx.xx.2024-cü il tarixli ərizəsinin məzmunundan görünür ki, iddia ərizəsində də qeyd olunduğu kimi göstərilmiş xidmətlərin dəyəri ümumilikdə 1.650 manatdır. Hazırda cavabdehə xidmətlərin göstərilməsini təsdiq edən sənədləri, yəni gömrük bəyannamələrini, qısa idxal bəyannamələrini və etibarnaməni məhkəməyə təqdim edərək sübut kimi nəzərə alınmasını xahiş etmişdir. Ərizəyə əlavə olunmuş gömrük bəyannamələrinin mətnindən görsənir ki, malı göndərən (2-ci bənd) cavabdeh "xxxx" ASC, bəyannaməçi, təmsilçi (14-cü bənd) iddiaçı "Berc Logıstıcs MMCdir, iddiaçının gömrük orqanı qarşısında cavabdehlə bağladığı, iddia ərizəsində də əks olunan xx.xx.2022-ci tarixli, 032/22 №-li müqavilə əsasında hərəkət edir (50-ci bənd/vəkalət verən). Həmçinin, qısa idxal bəyannamələrinin mətnindən görsənir ki, malı qəbul edən (8-ci bənd) "AzeSteelCompany ASC, bəyannaməçi (14-cü bənd) "xxxx" MMCdir və iddiaçı gömrük orqanı qarşısında cavabdehi xx.xx.2022-ci tarixli, 032/22 №-li müqavilə əsasında təmsil edərək xidmət göstərir (50-ci bənd). Bundan başqa, iş materiallarına əlavə olunması üçün təqdim edilmiş xx.xx.2022-ci il tarixli, № 004 saylı və xx.xx.2023-cü il tarixli 005 saylı qiymətlərin razılaşdırılması haqqında protokollardan görsənir ki, həmin protokolların imzalandığı tarixədək cavabdehə faktiki göstərilmiş xidmətlərin adı, məzmunu və dəyəri barədə cavabdehin razılığının oluğu barədə iradə ifadəsinin mövcudluğu təsdiqlənir. Həmin protokolları Cavabdeh ASC-nin nümayəndəsi kimi direktor Əli İsmayılov, "xxxx" MMC-nin nümayəndəsi kimi Rahib İbrahimov imzalmışdır. Protokoldakı imzaların xx.xx.2022-ci il tarixli müqavilədəki imzalarla eyni olması da bu xüsusatı təsdiq edir. Gömrük təmsilsilçilik xidmətlərin göstərilməsi, yəni gömrük orqanına gedərək cavabdehin təmsil olunması isə həm yuxarıda göstərilin xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli protokollardan, həm də cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli etibarnamədən bəlli olur (ərizəyə əlavə olunmuşdur). İş materiallarına əlavə edilən qısa idxal bəyənnamələri və gömrük bəyənnamələrinin surətlərindən görünür ki, iddiaçı Cavabdeh ASC və İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 032/22 saylı müqavilə əsasında cavabdehə xidmətlər göstərmişdir. İş materiallarından görünür ki, Cavabdeh ASC – X2 (İddiaçı MMC-nin direktoruna) və qeyrilərinə Azərbaycan Respublikası Gömrük Komitəsində və onun tabeçiliyində olan bütün idarə və təşkilatlarda onun adından təmsil etmək üçün 1 il müddətinə qüvvədə olan xx.xx.2022-ci il tarixli etibarnamə vermişdir. Beləliklə, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə(lər)yə əsasən iddiaçı tərəfindən cavabdehə xidmətlər göstərilmişdir. Lakin, cavabdehin borcu yaranmış və borcunu ödəməmişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə(lər) üzrə cavabdeh(lər) üzər(lər)inə götürdü(kləri)yü öhdəli(klər)yi yerinə yetirməmişdir(lər). Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçının xidmətlərindən istifadə etmək hüququna malik olduğu kimi, eyni zamanda həmin xidmətlərin dəyərini ödəməsinə dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında avans almasına və iddiaçının xidmətlərindən istifadə etməsinə dair hüququndan istifadə etmiş, lakin müqavilə üzrə vəzifələrini tam yerinə yetirməmişdir. Odur ki, iddiaçı göstərilən borcun ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 21-ci maddəsinə əsasən, hər bir şəxs gömrük orqanları ilə münasibətlərində bu Məcəllədə və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş fəaliyyəti həyata keçirmək üçün gömrük təmsilçisi təyin edə bilər. Gömrük təmsilçiliyi birbaşa (təmsil edilən şəxsin tapşırığı ilə onun adından və onun mənafeyi üçün), yaxud dolayı (təmsil edilən şəxsin tapşırığı ilə öz adından və onun mənafeyi üçün) ola bilər. Gömrük təmsilçiliyi fəaliyyətini tənzimləyən qaydaları müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Gömrük təmsilçisi hansı şəxsin mənafeyi üçün fəaliyyət göstərdiyini və gömrük təmsilçiliyinin birbaşa, yaxud dolayı həyata keçirildiyini gömrük orqanına bildirməlidir. Gömrük təmsilçisi kimi fəaliyyət göstərdiyini bildirməyən, yaxud bunu bildirən, lakin müvafiq səlahiyyəti olmayan şəxs, öz adından və özünün mənafeyi üçün fəaliyyət göstərən hesab olunur. Gömrük orqanı gömrük təmsilçiliyini birbaşa, yaxud dolayı həyata keçirən şəxsdən ona müvafiq səlahiyyətin verildiyini təsdiqləyən sənədin təqdim olunmasını tələb etməlidir. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, gömrük brokeri malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması, yaxud tranziti ilə əlaqədar olaraq dolayı gömrük təmsilçiliyini həyata keçirən hüquqi şəxsdir. Gömrük brokeri öz fəaliyyətini bu Məcəlləyə və müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi normativ hüquqi aktlara uyğun həyata keçirir. Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi həyata keçirilərkən, gömrük brokeri malları gömrük sərhədindən müstəqil keçirən şəxsin bütün vəzifələrini yerinə yetirir və onun kimi məsuliyyət daşıyır. Gömrük brokerinin təmsil etdiyi şəxslərlə münasibətləri tərəflər arasında bağlanmış müqavilə ilə tənzimlənir. Müvafiq icra hakimiyyəti orqanı gömrük brokerlərinin dövlət reyestrini müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydalara uyğun olaraq aparır, onu nəşr edir, rəsmi internet saytında yerləşdirir və müvafiq məlumatların daimi yeniləşdirilməsini təmin edir. Şəxs gömrük brokerinin xidmətlərindən imtina edə bilər. Bu halda gömrük orqanının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin bu Məcəllənin 151-ci maddəsinə uyğun olaraq tərtib edilməsində, ona müvafiq düzəlişlər edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 361-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti sahəsində müqavilələr bağlanarkən sahibkarları daimi və müstəqil surətdə təmsil edən şəxs kommersiya təmsilçisi sayılır. Əqddə müxtəlif tərəflərin eyni vaxtda kommersiya təmsilçiliyinə həmin tərəflərin razılığı ilə və bu Məcəllədə nəzərdə tutulan digər hallarda yol verilir. Kommersiya təmsilçisi şərtləşdirilmiş muzdu və tapşırığın icrası zamanı çəkdiyi xərclərin əvəzini müqavilə tərəflərinin bərabər paylarla ödəməsini tələb edə bilər, bu şərtlə ki, onlar arasında razılaşmada ayrı qayda nəzərdə tutulmasın. Kommersiya təmsilçiliyi yazılı formada bağlanmış və təmsilçinin səlahiyyətlərinin göstərildiyi müqavilə əsasında, belə göstərişlər olmadıqda isə həmçinin etibarnamə əsasında həyata keçirilir. Kommersiya təmsilçisi ticarət əqdləri barəsində ona bəlli olmuş məlumatların sirrini ona verilmiş tapşırığı icra etdikdən sonra da saxlamağa borcludur. Həmin Məcəllənin 787-ci maddəsinə əsasən, broker müqaviləsinə əsasən brokerə muzd müqabilində sifarişçiyə vasitəçilik xidmətləri göstərmək tapşırığı verilir. Əgər bu Məcəllənin bu fəslinin aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, broker müqaviləsinə tapşırıq müqaviləsi haqqında qaydalar tətbiq edilir. Qeyd edilən Məcəllənin 788-ci maddəsinə əsasən, brokerin öz vasitəçilik xidmətləri və ya köməyi nəticəsində müqavilə həyata keçirildikdən sonra muzd almaq hüququ vardır. Əgər müqavilə təxirəsalıcı şərtlə bağlanırsa, muzd yalnız həmin şərt baş verdikdə tələb edilə bilər. Brokerin xərclərinin əvəzi yalnız ayrıca şərtləşdirildiyi halda ödənilir. Bu, müqavilənin bağlanmadığı hallara da tətbiq edilir. Əgər broker başqa iştirakçıya broker müqaviləsinə zidd üsulla xidmətlər göstərmişsə və ya vicdanlılıq prinsipinə zidd olaraq digər tərəfdən də muzd almağı şərtləşdirmişdirsə, onun muzd almaq və xərclərinin əvəzinin ödənilməsi hüququ istisna edilir. Göstərilən Məcəllənin 777.1 və 777.2-ci maddələrinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Yenə həmin Məcəllənin 778-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Məhkəmə iddianın “ödənişin gecikdirilməsinə görə 182,48 manat məbləğin tutulması” na dair hissəsini araşdıraraq, hesab edir ki, iddianın qeyd edilən hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının pul vəsaitini ödəməkdən boyun qaçırmaqla, habelə onun ödənilməsini gecikdirməklə iddiaçıya ziyan vurmuşdur. Buna görə də, cavabdeh ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən iddiaçıya faizlər ödəməlidir. Odur ki, iddia bu hissədə də təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdeh(lər)dən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan 38,32 manat dövlət rüsumunun cavabdeh(lər)dən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli, 032/22 №-li “gömrük təmsilçilik xidmətlərinin göstərilməsi haqqında” müqavilə üzrə 1.650 manat üzrə əsas borc, pul ödənişinin gecikdirilməsinə görə 182,48 manat faiz, cəmi 1832,48 manat məbləğində pul vəsaiti və 38,32 manat mələğində dövlət rüsumu Cavabdeh ASC-dən alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-2474/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2474/2024
20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver