Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-812/2025 14.03.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sənədlərin təqdim edilməsi tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra iddiaçılar) cavabdeh «Dəzgahqayırma Zavodu” Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 2024-cü il üzrə səhmdarların reyestri və nizamnaməsinin, 2017-2024-cü illər üzrə təftiş və audit rəylərinin, 2017-2024-cü illər üzrə maliyyə hesabatları və debitor və kreditor borclarının, 2017-2024cü illər üzrə vergi bəyannamələrinin, 2017-2024-cü illər üzrə X1 protokollarının, 2017- 2024-cü illər üzrə Müşahidə Şurasının iclas protokollarının, 2017-2024-cü illər üzrə aktivlərin və öhdəliklərin inventarizasiyasının, 2017-2024-cü illər üzrə səhmdar cəmiyyətinin əsas vəsaitlərinin silinməsi aktlarının, Cəmiyyətin yerləşdiyi sahənin plan cizgisi və daşınmaz əmlak reyestrindən çıxarışının, 2017-2024-cü illər üzrə Cəmiyyət tərəfindən bağlanmış müqavilələr, aidiyyəti şəxslər ilə bağlanmış əqdlər və xüsusi əhəmiyyətli əqdlərin, Cəmiyyətin emissiya prospektində əks olunmuş əsas vəsaitlərin inventarizasiyası və qiymətləndirilməsi aktlarının surətinin iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi ilə bağlı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə öhdəlik qoyulması, hüquqi xidmət xərci üçün 100 manat pul cavabdehdən tutularaq, 50 manatı İddiaçı1, 50 manatı isə İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 və İddiaçı2 "xxxx" ASC –nin səhmdarıdırlar. AR Mülki Məcəlləsinin 106-1-ci maddəsinə əsasən səhmdarlar aşağıdakı hüquqlara malikdirlər: - cəmiyyətin idarə edilməsində Mülki Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək; - qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq; - cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək; - cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək; cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun protokolunun surətini tələb etmək; - cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək; - cəmiyyətin xalis mənfəətindən dividend almaq; - cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq; - icra orqanının və direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin səhlənkarlığına və səhmdar cəmiyyətə qəsdən vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək; - cəmiyyətin səhmlərinin satışı prosesində iştirak etmək; bağlanmış əqd nəticəsində cəmiyyətə və ya səhmdarlara dəyən zərərin və bununla bağlı məsrəflərin ödənilməsi barədə məhkəməyə və ya digər səlahiyyətli quruma müraciət etmək; - bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq. Qeyd edilməlidir ki, yuxarıda sadalanan hüquqların icra olunması Cəmiyyətin rəhbərliyinin vəzifələrinin sui istifadəsi nəticəsində mümkünsüz olmuşdur və adıçəkilən şəxs bizim hüquqlarımızı tam məhdudlaşdırılmışdır. MM-nin 49.4.6-cı maddəsinə əsasən səhmdarlara (payçılara) münasibətdə ədalətsiz və ya onlara ziyan vuran əqdlərin bağlanmasına görə hüquqi şəxslərin idarəetmə orqanları məsuliyyət daşıyır. MM-nin 1077.1-ci maddəsinə əsasən səhm mülkiyyətçisinin həmin səhmin nominal dəyərinə mütənasib surətdə səhmi buraxmış səhmdar cəmiyyətinin nizamnamə kapitalında iştirakını, mənfəətindən dividendlər, ləğvindən sonra isə qalan əmlakının hissəsini almaq hüququnu, həmçinin səhmdar cəmiyyətinin idarə olunmasında iştirak etmək hüququnu təsdiqləyən investisiya qiymətli kağızıdır. MM-nin 560-cı maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. xx.xx.2024-cü il tarixində iddiaçılar müvafiq sənədlərin onlara təqdim edilməsi ilə bağlı cavabdehə müraciət etmişlər. Lakin, bu günə qədər onların hüquqları təmin olunmayıb.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.
6. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
İddia ərizəsinə etiraz:
7. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
8. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, AA00059808 nömrəli depo hesabından çıxarışın surətindən görünür ki, İddiaçı1 nominal dəyəri 1 manat olan 1045 ədəd adi adlı səhmin mülkiyyətçisi olmaqla «Dəzgahqayırma Zavodu” ASC-nin səhmdarıdır.
9. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, AA00060706 nömrəli depo hesabından çıxarışın surətindən görünür ki, İddiaçı2 nominal dəyəri 1 manat olan 1100 ədəd adi adlı səhmin mülkiyyətçisi olmaqla «Dəzgahqayırma Zavodu” ASC-nin səhmdarıdır.
10. İşdən görünür ki, iddiaçılar cavabdeh ASC-nin idarə heyətinin sədrinə xx.xx.2024cü il tarixdə sorğu ilə müraciət edərək, 2024-cü il üzrə səhmdarların reyestri və nizamnaməsinin, 2017-2024-cü illər üzrə təftiş və audit rəylərinin, 2017-2024-cü illər üzrə maliyyə hesabatları və debitor və kreditor borclarının, 2017-2024-cü illər üzrə vergi bəyannamələrinin, 2017-2024-cü illər üzrə X1 protokollarının, 2017-2024-cü illər üzrə Müşahidə Şurasının iclas protokollarının, 2017-2024-cü illər üzrə aktivlərin və öhdəliklərin inventarizasiyasının, 2017-2024-cü illər üzrə səhmdar cəmiyyətinin əsas vəsaitlərinin silinməsi aktlarının, Cəmiyyətin yerləşdiyi sahənin plan cizgisi və daşınmaz əmlak reyestrindən çıxarışının, 2017-2024-cü illər üzrə Cəmiyyət tərəfindən bağlanmış müqavilələr, aidiyyəti şəxslər ilə bağlanmış əqdlər və xüsusi əhəmiyyətli əqdlərin, Cəmiyyətin emissiya prospektində əks olunmuş əsas vəsaitlərin inventarizasiyası və qiymətləndirilməsi aktlarının surətinin onlara verilməsini xahiş etmişlər. Lakin həmin sorğu bu günə qədər cavabdeh tərəfindən cavablandırılmamışdır.
11. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ərizədən müəyyən olunur ki, iddiaçılar ərizə ilə cavabdehə müraciət edərək, "xxxx" ASC-nin tərkibindən yenidən təşkilin ayrılma formasında "xxxx" MMC adında yeni hüquqi şəxsin yaranması, cəmiyyətin ümumilikdə 443787 manat dəyərində 443787 ədəd adi, adlı, sənədsiz səhminin ləğv edilərək dövriyyədən çıxarılması, hüquqi varis olan "xxxx" MMC-nin nizamnaməsinin, "xxxx" MMC “DƏZGAHQAYİRMA ZAVODU" ASC-nin hüquqi varisi olması haqqında qərarların dövlət qeydiyyatına alınması zamanı "xxxx" ASC –yə təqdim olunmalı yuxanda qeyd olunan məsələlər haqqında qərar qəbul edilmiş səhmdar cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılması haqqında KİV-də verilən elanın, səhmdarlara göndərilən bildirişin və səhmdar cəmiyyətin səhmdarlarının ümumi yığıncağının protokolunun, A.R.M.M.-nin 57-ci maddəsinə əsasən səhmdar cəmiyyətin səhmdarlarının ümumi yığıncağının qərarı ilə təsdiq olunan yenidən təşkil edilmiş hüquqi şəxsin öhdəlikləri üzrə hüquq varisliyi haqqında müddəalar olan Təhvil aktının, bölünmə balansının və hüquqi varis olan "xxxx" MMC-nin nizamnaməsinin, cəmiyyətin ümumilikdə 443787 manat dəyərində 443787 ədəd adi, adlı, sənədsiz səhminin ləğv edilərək dövriyyədən çıxarılması haqqında X2, Milli Depozit Mərkəzi tərəfindən həmin səhmlərin silinməsinə dair silinmə Aktının surətlərinin onlara verilməsini xahiş etmişlər.
12. Həmin ərizədən müəyyən olunur ki, iddiaçılar cavabdehə müraciət edərək cavabdehdən Vergilər qazetinin 6 sentyabr 2024-cü tarixli nömrəsində verilmiş elandan "xxxx" ASC-nin tərkibindən yenidən təşkilin ayrılma formasında "xxxx" MMC adında yeni hüquqi şəxsin yaranması, cəmiyyətin ümumilikdə 443787 manat dəyərində 443787 ədəd adi, adlı, sənədsiz səhminin ləğv edilərək dövriyyədən çıxarılması, "xxxx" MMC-nin "xxxx" ASC-nin hüquqi varisi olması haqqında məlumat almışlar.
13. İş materiallarında olan iddiaçıların cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli sorğularda tələb olunan sənədlərin 5 gün ərzində təqdim edilmədiyi halda müvafiq məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
14. İş materiallarında olan 000926 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı1 müharibə veteranı olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir.
15. İş materiallarında olan 032963 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı2 müharibə veteranı olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. b) Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
-99.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər. -99.2-ci maddəsinə əsasən açıq səhmdar cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə hesabat dövrü üzrə maliyyə göstəricilərini, aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdləri, cəlb edilmiş maliyyə vəsaitlərini, idarəetmə orqanları və vəzifəli şəxslər, onların əsas və əlavə iş yerləri, idarəetmə strukturu, inkişaf siyasəti, səhmdar kapitalının gəlirliyi və dividend siyasəti, idarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişlər, investisiyaların həcmi və mənbəyi, cəmiyyətin qiymətli kağızlarının dövriyyəsi və gəlirliyi və ictimai layihələr barədə məlumatları hamının tanış olması üçün hər il dərc etməyə borcludur. - 99.3-cü maddəsinə əsasən açıq səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağında qəbul edilir və bu barədə məlumat açıqlanır. Bu məlumatın açıqlanması qaydası səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmalıdır. Bu maddənin tələbləri banklara və xarici bankların yerli filiallarına şamil edilmir. - 106-1.1-ci maddəsinə əsasən Səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir. -106-1.3-cü maddəsinə əsasən səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin qanunvericiliklə müəyyən edilmiş qaydada qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq, cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49- 1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun protokolunun surətini tələb etmək, bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq və bu Məcəllədə və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malik olmaqhüquqları vardır. - 106-2.3-cü maddəsinə əsasən səhmdar ildə bir dəfə cəmiyyətin icra orqanından səhmdarların reyestrinin ona təqdim edilməsini tələb edə bilər. Bu halda səhmdar cəmiyyətinin icra orqanı səhmdarların reyestrini beş gün ərzində həmin səhmdara təqdim etməlidir. - 107-5.3-cü maddəsinə əsasən səhmdarların ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərarlar on beş təqvim günündən gec olmayaraq səhmdarlara elan edilməlidir. - 107-6.3-cü maddəsinə əsasən səhmdarın tələbi ilə protokolun surəti ona təqdim edilməlidir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Məhkəmə baxışının hədləri:
- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
19. Məhkəmə iddiaçıların izahatını dinləyərək, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir.
20. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh «Dəzgahqayırma Zavodu” ASC-nin səhmdarıdır. İddiaçıların həmin ASC-də İddiaçı1 1045 ədəd, İddiaçı2 1100 ədəd olmaqla, ümumilikdə 2145 ədəd adi adlı səhmi vardır. Hazırki işdə də iddiaçılar ASC-nin səhmdarı kimi iddia ərizəsində adları sadalanan və ASC-nin fəaliyyətinə dair sənədlərin onlara təqdim edilməsini xahiş etmiş, lakin həmin sənədlər onlara təqdim edilməmişdir. Bu baxımdan iddiaçılar iddia ərizəsində qeyd olunan 2024-cü il üzrə səhmdarların reyestri və nizamnaməsinin, 2017-2024-cü illər üzrə təftiş və audit rəylərinin, 2017-2024-cü illər üzrə maliyyə hesabatları və debitor və kreditor borclarının, 2017-2024-cü illər üzrə vergi bəyannamələrinin, 2017-2024-cü illər üzrə X1 protokollarının, 2017-2024-cü illər üzrə Müşahidə Şurasının iclas protokollarının, 2017- 2024-cü illər üzrə aktivlərin və öhdəliklərin inventarizasiyasının, 2017-2024-cü illər üzrə səhmdar cəmiyyətinin əsas vəsaitlərinin silinməsi aktlarının, Cəmiyyətin yerləşdiyi sahənin plan cizgisi və daşınmaz əmlak reyestrindən çıxarışının, 2017-2024-cü illər üzrə Cəmiyyət tərəfindən bağlanmış müqavilələr, aidiyyəti şəxslər ilə bağlanmış əqdlər və xüsusi əhəmiyyətli əqdlərin, Cəmiyyətin emissiya prospektində əks olunmuş əsas vəsaitlərin inventarizasiyası və qiymətləndirilməsi aktlarının surətinin iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsini tələb etməkdə haqlıdırlar.
21. Yuxarıda qeyd olunanlara və sadalanan normalara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, iddia ərizəsində qeyd olunan 2024-cü il üzrə səhmdarların reyestri və nizamnaməsinin, 2017-2024-cü illər üzrə təftiş və audit rəylərinin, 2017-2024-cü illər üzrə maliyyə hesabatları və debitor və kreditor borclarının, 2017-2024-cü illər üzrə vergi bəyannamələrinin, 2017-2024-cü illər üzrə X1 protokollarının, 2017-2024-cü illər üzrə Müşahidə Şurasının iclas protokollarının, 2017-2024-cü illər üzrə aktivlərin və öhdəliklərin inventarizasiyasının, 2017-2024-cü illər üzrə səhmdar cəmiyyətinin əsas vəsaitlərinin silinməsi aktlarının, Cəmiyyətin yerləşdiyi sahənin plan cizgisi və daşınmaz əmlak reyestrindən çıxarışının, 2017-2024-cü illər üzrə Cəmiyyət tərəfindən bağlanmış müqavilələr, aidiyyəti şəxslər ilə bağlanmış əqdlər və xüsusi əhəmiyyətli əqdlərin, Cəmiyyətin emissiya prospektində əks olunmuş əsas vəsaitlərin inventarizasiyası və qiymətləndirilməsi aktlarının surətləri iddiaçılara təqdim edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
22. Məhkəmə, iddiaçıların hüquqi yardımla bağlı ödədiyi cəmi 100 manat xərci ağlabatan hesab edərək qeyd edir ki, həmin pul vəsaiti cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir.
Məhkəmə xərcləri:
23. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur.
25. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
27. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddiaçı isə müharibə veteranı olduğu üçün dövlət rüsumunu ödəməkdən azad olunduğundan, məhkəmə xərcinə daxil olan 100 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Nəticə
28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i:
İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddia ərizəsində qeyd olunan 2024-cü il üzrə səhmdarların reyestri və nizamnaməsinin, 2017-2024-cü illər üzrə təftiş və audit rəylərinin, 2017-2024-cü illər üzrə maliyyə hesabatları və debitor və kreditor borclarının, 2017-2024-cü illər üzrə vergi bəyannamələrinin, 2017-2024-cü illər üzrə X1 protokollarının, 2017-2024-cü illər üzrə Müşahidə Şurasının iclas protokollarının, 2017- 2024-cü illər üzrə aktivlərin və öhdəliklərin inventarizasiyasının, 2017-2024-cü illər üzrə səhmdar cəmiyyətinin əsas vəsaitlərinin silinməsi aktlarının, Cəmiyyətin yerləşdiyi sahənin plan cizgisi və daşınmaz əmlak reyestrindən çıxarışının, 2017-2024-cü illər üzrə Cəmiyyət tərəfindən bağlanmış müqavilələr, aidiyyəti şəxslər ilə bağlanmış əqdlər və xüsusi əhəmiyyətli əqdlərin, Cəmiyyətin emissiya prospektində əks olunmuş əsas vəsaitlərin inventarizasiyası və qiymətləndirilməsi aktlarının surətləri iddiaçılar İddiaçı1 və İddiaçı2 təqdim edilsin və hüquqi yarımla bağlı vəkilə ödənilmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti «Dəzgahqayırma Zavodu” Açıq Səhmdar Cəmiyyətindən tutularaq 50 manatı İddiaçı1, 50 manatı İddiaçı2 ödənilsin. 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdeh "Dəzgahqayırma Zavodu” Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev