Məhkəmə qərarları › İş №e-2-2(123)-429/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-429/2024

23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-429/2024 23.09.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, iddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçının vəkili və nümayəndəsi Vəkil 24 iyul 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əsas borc məbləğinin: 289426,38 AZN (iki yüz səksən doqquz min dörd yüz iyirmi altı manat, otuz səkkiz qəpik) manat borcun, məhkəmə xərcləri üzrə məbləğin: 579.43 AZN (beş yüz yetmiş doqquz manat qırxüç qəpik) dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya qaytarılması (verilməsi) barədə iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsində İddiaçı MMC ilə "xxxx" MMC arasında ticarət münasibətləri formalaşdığını və bu münasibətlərin son zamanlara kimi davam etdiyini, İddiaçı MMC-nin "xxxx" MMC ilə “05 yanvar 2023-cü il” tarixdə müqavilə bağlayaraq, ehtiyat hissələrinin təchiz olunmuş, avto nəqliyyat xidmətləri və servis xidmətləri həyata keçirdiyini, yaranmış ticarət münasibətlərində "xxxx" MMCnin İddiaçı MMC-dən çox sayda və məbləğdə ehtiyat hissələri, servis xidmətləri və avto nəqliyyat xidmətləri aldığını, 2023-cü ilin yanvar ayının 5-dən, 05 yanvar 2024-cü il tarixədək hər iki MMC arasında ticarət münasibətlərinin davam etdiyini, hal-hazırda "xxxx" MMC-nin İddiaçı MMC-yə 289426,38 (iki yüz səksən doqquz min dörd yüz iyirmi altı manat, otuz səkkiz qəpik) AZN borcu yarandığını, İddiaçı MMC ilə "xxxx" MMC arasında olan ticarət münasibətlərinin rəsmi qaydada həyata keçirildiyini, cavabdeh şirkətdən sifarişlər qəbul edildiyini, həmin sifarişlər əsasında da sifariş edilən məhsulların (hissələr) müvafiq olaraq təmirdə olan maşın mexanizmlərinin üzərinə qoyulduğunu, təmirdə olmayanlarla əlaqədar isə cavabdehə təhvil verildiyini, bundan əlavə isə satılmış malların e-qaimə formasında "xxxx" MMC-nin vergi portalındakı hesabına göndərildiyini və cavabdeh şirkətin isə həmin malların onun tərəfindən alınmasını e-qaimələri təsdiqləməklə qəbul etdiyini, malların və xidmətlərin təhvil alınmasının və buna müvafiq olaraq yaranmış mövcud borcun 12 fevral 2024-cü il tarixli və 304648,38 (üç yüz dörd min altı yüz qırx səkkiz manat otuz səkkiz qəpik) AZN məbləğdə üzləşmə aktı ilə qarşılıqlı olaraq təsdiq olunmaqda olduğunu, 3 ay ərzində ödənişlər də olunduğu üçün üzləşmə aktında göstərilən məbləğin 289426,38 AZN (iki yüz səksən doqquz min dörd yüz iyirmi altı manat, otuz səkkiz qəpik) AZN-ə endirildiyini, bundan əlavə bu borc məbləğinin qaytarılması üçün həm şifahi formada, həm də yazılı formada "xxxx" MMC-yə müraciət olunduğunu, lakin bu müraciətlərin (istər şifahi, istərsə də yazılı) heç bir nəticəsi olmadığını, xx.xx.2024-cü il tarixində elektron kargüzarlıq qaydasında "xxxx" MMC-yə pretenziya məktubu ünvanlandığını, pretenziyada qoyulan 3 günlük müddət daxilində cavab verilmədiyini, xx.xx.2024-cü il tarixdə iddia ərizəsinə əlavə olunmuş sənədlərin elektron kargüzarlıq qaydasında cavabdehə göndərildiyini, öhdəlik hüququnun hüquqi nizamasalma predmetinə daxil olan ictimai (əmlak) münasibətlərin əmlakın mülkiyyətə verilməsi ilə, əmlakın istifadəyə verilməsi ilə, xidmətlərin göstərilməsi ilə və həmçinin müqavilədənkənar hərəkətlərlə bağlı yarana biləcəyini, hazırki iddia tələbində də İddiaçı MMC-nin "xxxx" MMC-yə müxtəlif sayda ehtiyyat hissələri satdığını, servis xidmətləri və avto nəqliyyat xidmətləri göstərdiyini, yəni üzərinə düşən öhdəliyi tam və vaxtında icra etdiyini, lakin cavabdehin isə aldıqları sifariş və xidmətlərin dəyərini vaxtında ödəmədiyini, beləliklə də öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyini, hər iki MMC-nin hüquqi şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu və iqtisadi dövriyyənin iştirakçıları olduğunu, iqtisadi dövriyyə dedikdə, iqtisadi sistemin subyektləri arasında mal və xdimətlərin fasiləsiz olaraq mübadilə edilməsi prosesinin başa düşüldüyünü, əmtəə-mal mübadiləsi münasibətə görə maddi nemətlərin və iqtisadi əmtəə formalı digər nemətlərin bir şəxsdən digərinə keçdiyini, öhdəlik hüququnun da məhz maddi nemətlərin mübadilə və yerdəyişmə prosesini qaydaya saldığını, İddiaçı MMC-də özünə mülkiyyət hüququ ilə məxsus olan əmlakları "xxxx" MMC-yə satdığını və müvafiq xidmətləri göstərdiyini, bu satışın məqsədinin də gəlir əldə etmək olduğunu, lakin cavabdeh aldığı malların və gördüyü xidmətlərin pulunu ödəmədiyindən iddiaçı hüquqi şəxs göstərdiyi xidmətlərin qarşılığı olan pulları ala bilmədiyindən zərərə uğradığını (həm nisyə götürdüyü malların pullarını vaxtında qaytara bilmədiyi üçün üçüncü şəxslərlə aralarında olan kommersiya münasibətləri pozulmuş, hazırda nisyə mal götürməsi qeyri mümkün olmuşdur, həmçinin satış və göstərilən xidmətin qarşılığında alınacaq pulun ticari əlavəsinin – marjanın əldə olunmamasından yaranan əldən çıxan fayda, həm də bu vəsaitin yenidən dövriyyəyə salına bilməməsindən yaranan zərər), tərəflər arasında yazılı formada əqd (müqavilə) bağlanıldığını, bundan əlavə yuxarıda işin faktiki hallarında qeyd edildiyi kimi ticarət münasibətlərinin rəsmi qaydada həyata keçirildiyini, cavabdeh şirkətdən sifarişlərin qəbul edildiyini, həmin sifarişlər əsasında da sifariş edilən məhsulların "xxxx" MMC-yə göndərildiyini, bundan əlavə isə satılmış malların e-qaimə formasında "xxxx" MMC-nin vergi portalındakı hesabına göndərildiyini və cavabdeh şirkətin isə həmin malların onun tərəfindən alınmasını e-qaimələri təsdiqləməklə qəbul etdiyini, "xxxx" MMCyə göndərilmiş (satılmış) malların e-qaimə formasında "xxxx" MMC-nin vergi portalındakı hesabına göndərildiyi və cavabdeh şirkətin isə həmin malların onun tərəfindən alınmasını e-qaimələri təsdiqləməklə iradə ifadəsi nümayiş etdirdiyini, bununla da alqı-satqı prosesinin (müqavilə bağlanılması) hüquqi baxımdan baş tutduğunu, razılaşmaya əsasən alınmış malların cavabdeh tərəfindən ödənilməsi nəzərdə tutulsa da, cavabdehin nəzərdə tutulmuş müddətlər də öhdəliyini icra etmədiyini və ödəməni həyata keçirməkdən yayındığını qeyd edərək Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2-ci, 329.3-cü 385.1-ci və 449.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci, 115-ci, 119-cu, 220-ci, 229-cu, 260-cı və 262-ci maddələrinə istinad etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İddiaçı nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək 06 sentyabr 2024-cü il tarixdə məhkəmə hazırlıq iclasında verdiyi izahında təkcə Naxçıvan Yol Təmir Tikinti” MMC ilə deyil, bütün müəssisələrlə, idarələrlə onların yaxşı əlaqələri olduğunu, həminki vaxtın dövlət satınalma prosesinin formalaşdığı dövrə gəldiyini, Naxçıvan Muxtar Respublikasında yarım qalan yolların olduğunu, o yolların təhvil verilməli olduğunu, malları aldıqları sadəcə ödəmədə çətinliklərinin yarandığını, həmin təşkilatın üst qurumundan akt tərtib olunduğunu, onların nümayəndələrinin, qarşı tərəfində nümayəndələrinin gəldiyini, təhvil-təslim aktının imzalandığını, elektron qaiməsinin də vurulduğunu, bir ilə yaxındır ki, gecikən bir borc olduğunu, borcun miqdarının da az olmadığını, bu halın onun ticarətində geriləmələr yaratdığını, bu halın Türkiyə Respublikasındakı, Bakıdakı ticarətinə maneçilik törətdiyini, ona olan inam və etibarı itirdiyini, hal-hazırda müəssisəsində 50 nəfərdən çox işçisi olduğunu, çox sıxışdığı halda güc verdiyini, halbuki onun içilərinin sayını azalda biləcəyini, amma yenədə sərmayəsindən xərcləyərək o işçiləri işdən çıxartmadığını, bu vəsaitin alınmasına çox ehtiyacları olduğunu, artıq şirkətin sərmayesini də xərcləyib qurtardıqlarını, onun barəsində Naxçıvanda Türkiyənin səfirliyinə məktub ünvanlayan şirkətlərin olduğunu, onun konsulluğa dəvət olunduğunu, Türkiyənin Naxçıvandakı konsulluğu Asif müəllimlə görüşüb bu məsələləri müzakirə etdiklərini, hətta onun Asif müəllimə verdiyi məlumatlar əsasında Asif müəllimin Naxavtoyol dövlət agentiyi ilə danışdığını, onun mal aldığı şəxslərə izah edib onlardan aldığı malları təşkilatlara satdığını göstərdiyini, bununla özünə bəraət və vaxt qazandıra bildiyini, bu vaxt artıq çox gecikdiyindən onların da qısa müddətdə borclarının ödənilməsini tələb etdiklərini, bu səbəbdən də sahibkarlıq fəaliyyətində çox ciddi bir geriləmə olduğunu bildirib, məhkəmə çıxışlarında vəkilinin dedikləri ilə razılaşdığını qeyd edərək iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək 06 sentyabr 2024-cü il tarixdə məhkəmə hazırlıq iclasında verdiyi izahında qarşılıqlı olaraq münasibətlərin aydın olduğunu, tərəflər arasında hər hansı bir münaqişənin mövcud olmadığını, xidmət göstərildiyini, alqı-satqının həyata keçirildiyini, sadəcə olaraq ödəmə ilə əlaqədar müəyyən çətinliklərin yaranmasından söhbət getdiyini, onlar tərəfdən müəyyən qədər humanistlik göstərildiyini, çünki iddiaçı və cavabdeh arasında ticarət münasibətlərinin bir dəfə deyil, bir neçə dəfə olduğunu, hal-hazırda da münasibətlərin davam etdiyini, sadəcə olaraq ödəmələrin gecikməsinin baş verdiyini, sahibkarın ödəmələrin gecikməsinə bir yerə qədər dözə bildiyini, müdafiə etdiyi sahibkarın Türkiyə Respublikasından malları gətizdirdiyini, onun da nisyə gətizdirdiyini, zəncirvari bir öhdəlik yarandığını, birinin öhdəliyini icra etməyəndə avtomatik olaraq digərlərinin də öhdəyini icra edə bilmədiyini, bunun da əlavə xərclərin yaranmasına və zərərin vurulmasına səbəb olduğunu, diqqət olunarsa onların hər hansı bir müvəqqəti təminat tədbirinin tətbiq edilməsi üçün müraciət etmədiyini, qarşı tərəflə münasibətlərin normal olduğunu göstərəcək səviyyədə iddia qaldırdıqlarını, həmçinin vurulmuş zərərin də tələb edilmədiyini, məqsədlərinin pulun alınması olduğunu, sadəcə olaraq məhkəmə qərarı ilə pulun ödənilməsinin tezləşdirilməsi Maliyyə Nazirliyində növbəlikdə qabağa salınar prinsipi ilə iddia qaldırdıqlarını bildirib, məhkəmə çıxışlarında malların verildiyini, xidmətlər göstərildiyini, qarşı tərəflərin üzləşmə aktını tərtib etdiyini, iqtisadi vəziyyətlə əlaqədar qarşı tərəfin ödənişlə bağlı çətinlikləri yarandığını, bir qisminin ödənildiyini, qalan qisminin ödənilə bilmədiyini, həmin o ödənilməyən hissə ilə əlaqədar iddia qaldırmağa məcbur olduqlarını, qarşı tərəflə danışıqlar aparıldığını, iddia qaldırılsın, məhkəmə qərarı olsun, ödəmə növbəliyini tezləşdirə bilsinlər deyə onlarla bərabər belə yol tapdıqlarını qeyd edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə1 iddianı qəbul etdiklərini qeyd edərək 06 sentyabr 2024-cü il tarixdə məhkəmə hazırlıq iclasında verdiyi izahında qarşı tərəflə həmişə bir yerdə əlaqəli işlədiklərini, malı alıb vaxtı-vaxtında pullarını ödədiklərini, son dövrdə tender üsulu olduğuna görə tenderdən keçə bilmədiklərini, ona görə də iddiaçının pulunu vaxtında ödəyə bilmədiklərini, onlarda altmış altı min doqquz yüz on yeddi manat dəyərində olan malların olduğunu həmin malların istifadə olunmadığını, saxladıqlarını, həmin mallara ehtiyacları olduğunu məhkəmə çıxışlarında isə mallar alındığını lakin tender məsələsi ortaya çıxdığından pulu ödəyə bilmədiklərini bildirmişdir. İş materiallarında olan: 05 yanvar 2023-cü il tarixli, 03 saylı müqavilədən görünür ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında mal və materialların alqı-satqısına dair müqavilə bağlanmış, satıcı qismində İddiaçı MMC, alıcı qismində isə “Naxçıvan Yol Təmir Tikinti İdarəsi” göstərilmişdir. Malların qiymətlərinin isə hər iki tərəfin təsdiq etdikləri elektron qaimə fakturaya əsasən təsdiqlənəcəyi qeyd edilmişdir. Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə Elektron qaimə-fakturadan görünür ki, 304589.27 (üç yüz dörd min beş yüz səksən doqquz manat, iyirmi yeddi qəpik) manat dəyərində mal İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə təqdim edilmişdir. 12 fevral 2024-cü il tarixli “Üzləşmə akt”ından görünür ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək İddiaçı MMC-yə olan borcu 304648.388 (üç yüz dörd min beş yüz səksən doqquz manat, iyirmi yeddi qəpik) manatdır. İddia ərizəsinin əsalandırıcı hissəsindən görünür ki, 3 ay ərzində ödənişlər də olunduğu üçün üzləşmə aktında göstərilən məbləğ 289426,38 AZN (iki yüz səksən doqquz min dörd yüz iyirmi altı manat, otuz səkkiz qəpik) AZN-ə endirilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında alqı-satqı müqaviləsi bağlanaraq hər iki tərəf üzərinə müqavilədən irəli gələn öhdəliklər götürmüşdür. Müqavilə üzrə satıcı qismində çıxış edən İddiaçı MMC üzərinə düşən öhdəliyi yerinə yetirərək malları "xxxx" MMC-yə təqdim etmişdir. Belə ki, iddiaçı, yəni müqavilə üzrə satıcı qismində çıxış edən İddiaçı MMC "xxxx" MMCnin öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyini iddia edərək məhkəməyə müraciət etmişdir. Məhkəmənin 06 sentyabr 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 iddianı qəbul edərək buna uyğun izah vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə bildirir ki, cavabdehin nümayəndəsi Nümayəndə1 “Etiraf”ı məhkəmə tərəfindən yoxlanılaraq müəyyən edilir ki, Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsində göstərilən hallar mövcud deyildir. Belə ki, cavabdeh tərəfin iddianı etiraf etdiyini, iddianın etirafının qanuna zidd olmadığını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını, hımçinin etirafın iş materiallarında olan sübutlarla da öz təsdiqini tapdığını nəzərə alaraq iddianın etirafının məhkəmə tərəfindən qəbul edilərək 191.3-cü maddəsinə uyğun olaraq iddiaçının irəli sürdüyü tələbin təmin olunması qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia təmin edilməli olduğundan MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq iddiaçı tərəfindən ödənilmiş 579.43 (beş yüz yetmiş doqquz manat qırx üç qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə məhkəmə 289426,38 (iki yüz səksən doqquz min dörd yüz iyirmi altı manat, otuz səkkiz qəpik) manat məbləğində pulun və iddiaçı tərəfindən ödənilmiş 579.43 (beş yüz yetmiş doqquz manat qırx üç qəpik) manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən alınıb İddiaçı MMC-yə ödənilməsi qənaətindədir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia əsaslı olduğundan tam təmin edilsin. 289426,38 (iki yüz səksən doqquz min dörd yüz iyirmi altı manat, otuz səkkiz qəpik) manat məbləğində pul və iddiaçı tərəfindən ödənilmiş 579.43 (beş yüz yetmiş doqquz manat qırx üç qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən alınıb İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar