Məhkəmə qərarları › İş №e-2-2(3-6)-1018/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-1018/2026

23.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-1018/2026 23.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI (Açar sözlər: sığorta müqaviləsi, sığorta hadisəsi, sığorta ödənişinin ödənilməsindən imtinaya əsas verən hallar) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Abdullayev Elşən Uğur oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X4 iştirakı ilə iddiaçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları

1. ##.##.2020-ci il tarixli, KSK********** saylı “Avtomobil nəqliyyat vasitələrinin tam sığortası” haqqında sığorta şəhadətnaməsinə əsasən İddiaçı MMC-yə məxsus “FAW T33” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil hazırda ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən əsasında könüllü qaydada sığortalanmışdır.

2. Şəhadətnamənin 9-cu bəndinə əsasən icarə müqaviləsi əsasında sığorta olunmuş nəqliyyat vasitəsini idarə edən şəxs nəqliyyat vasitəsini ekstremal vəziyyətdə yolsuzduq, ov, balıq tutmaq və idman yarışlarında idarə edəcəyi halda sığorta təminatı verilməyəcəkdir. Əgər sürət həddi hərəkətdə olduğu yolda göstərilən sürət həddindən 30-40 kim çox olarsa sığortaçı hadisə baş verdikdə məsuliyyət daşımır.

3. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin ## ###### 2024-cü il tarixli məktubuna əsasən İddiaçı MMC-ye məxsus "FAW T33" markalı 99- PJ-546 dövlət qeydiyyat nişanlı avtomobll hazırda ləğv prosesində olan Şirkət tərəfindən “Avtomobil nəqliyyat vasitələrinin tam sığortası" haqqında ##.##.2020-ci il tarixli, KSK********** nömrəli sığorta şəhadətnaməsi əsasında könüllü qaydada sığortalanmışdır, ## ##### 2022-cl il tarixdə, saat 15:28-də Bakı şəhəri, Sabunçu rayonu, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsində saxlanılmış, “xxxx" MMC-yə məxsus, "FAW T33" markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində yanğın baş vermiş, nəticədə avtomobilin ön hissəsi yanğının təsirinə məruz qalmışdır. Qeyd olunan hadisə ilə bağlı ilkin müraciətiniz əsasında Şirkətdə araşdırma aparılarkon məlum olmuşdur ki, İddiaçı MMC-yə təqdim edilmiş sığorta şəhadətnaməsində sığortalanmış avtomobili idarə etməyə səlahiyyətli şəxs qismində yalnız X2 qeyd edilməsinə baxmayaraq, hadisə ilə əlaqədar toplanmış sənədlər əsasında aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, sığortalanmış avtomobil İddiaçı MMC llə bağlanmış alqı-satqı müqaviləsi əsasında X6 və digərlrinin Istifadəsinə verilmiş, hadisənin baş verdiyi zaman avtomobil X6 Istifadəsində olmuşdur. AR FHN-nin Əməliyyat- Istintaq Idarəsinin təhqiqatçısı X1 tərəfindən qəbul edilmiş ##.##.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda qeyd olunur ki, İddiaçı MMC ilə X6 arasında bağlanılmış ##.##.2021-ci il tarixli, 0013.A nömrəli alqı-satqı müqaviləsində göstərilmişdir ki, 2019-cu il buraxılışlı, Ağ rəngli, “FAW T33” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı minik avtomobili X6 razılaşmış qiymətə və dəyəri ##.##.2023-cü il tarixiədək olan müddətə ödəniş cədvəlinə uyğun olaraq ödənilməsi şərti ilə satılır. İddiaçı MMC sığortalanmış avtomobilin üçüncü şəxsə satışını həyata keçirib, avtomobili üçüncü şəxsin istifadəsinə verməsinə baxmayaraq bu barədə Şirkətə məlumat verməmişdir. Bu hal qanunvericiliyin və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin “xxxx” Qaydalarının tələblərinə ziddir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin “xxxx” Qaydaları 5.3-cü bəndinə əsasən, sığorta müqaviləsində yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi şərti müəyyən edilərsə, bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, başqa şəxslərin avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilmir.

4. Iddiaçı İddiaçı MMC ilə X6 arasında imzalanmış ##.##.2021-ci il tarixli alğısatqı müqaviləsinə əsasən "satıcı" tərəfər arasında razılaşmış qiymətə və dəyəri ödəniş cədvəlinə uyğun olaraq ödənilməsi şərti ilə müqavilənin 2.1 maddəsində göstərilən 1 (bir) ədəd FAW T33 Avtomobili (bundan sonra "Avtomobil") " alıcı"ya satır.

5. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən tərəflər avtomobilin qiymətini 17 260 manat miqdarında müəyyən ediblər.

6. «FAW T 33» markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində yaranmış termiki təsir izlərinin xarakterinə görə baş vermiş yanğının mənbəyi avtomobilin mühərrik bölməsində olmuşdur.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## #### 2022-ci il tarixli ekspert rəyinə əsasən hadisənin baş vermə şəraitini, yoxlama materialında avtomobilə kənar müdaxilə hallarının qeydə alınmadığını nəzərə aldıqda, yanğın, mənbə zonasında olan elektrik qurğularında yaranmış qəza hallarından (qısa qapanma, yüksək keçrici müqavimət və.s) baş verə bilərdi.

8. “xxxx” MMC tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli mütəxəssis rəyinə əsasən ## ##### 2022-ci il tarixdə İddiaçı MMC-yə məxsus, “FA W T33 ” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində baş vermiş yanğın hadisəsi nəticəsində dəymiş zərərin ümumi məbləği 32 355,48 ( otuz iki min üç yüz əlli beş manat qırx səkkiz qəpik) təşkil edir: Beləliklə, analoji təhlillərə əsasən ## ##### 2022-ci il tarixində “FA W T33 ” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin orta bazar qiyməti 26 000 (iyirmi altı min) manat təşkil edir. ## ###### 2025-ci il tarixində “FAW T33” markalı, **-PJ- *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin orta bazar qiyməti:16 000 manat təşkil edir.

9. “xxxx” MMC-nin ## #### 2025-ci il tarixli rəyinə əsasən ## ##### 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bülbülə qəsəbəsi, İ. Məmmədov küçəsində saxlanılmış, İddiaçı MMC-yə məxsus, “FAW T33” markalı, 99-PJ546 dövlət qeydiyyat nişanlı minik avtomobilində baş vermiş yanğın hadisəsi nəticəsində dəymiş zərərin məbləği - 29,327.00 manat olaraq müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

10. Iddiaçı İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Ləğvetmə Komissiyasının İddiaçı MMC-nin ümumilikdə 22.800 (iyirmi iki min səkkiz yüz) manat məbləğində kreditor tələbindən imtinasının qanunsuz sayılmasına, İddiaçı MMC-nin 22.800 manat məbləğində kreditor tələbinin qeydə alınmasına və cavabdehdən İddiaçı MMC-nin xeyrinə 22.800 manat sığorta ödənişinin və 158.4 (bir yüz əlli səkkiz manat qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-yə məxsus “FAW T33” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil hazırda ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (bundan sonra – Şirkət) tərəfindən “Avtomobil nəqliyyat vasitələrinin tam sığortası” haqqında ##.##.2020-ci il tarixli, KSK********** nömrəli sığorta şəhadətnaməsi əsasında könüllü qaydada sığortalanmışdır. Qeyd etməyi zəruri hesab edirik ki, yuxarıda sözügedən müqavilənin qüvvədə olduğu müddətdə, yəni ## ##### 2022-ci il tarixdə, saat 15:28-də Bakı şəhəri, Sabunçu rayonu, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsində saxlanılmış, İddiaçı MMC-yə məxsus, “FAW T33” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində yanğın baş vermiş, nəticədə avtomobilin ön hissəsi yanğının təsirinə məruz qalmışdır. Hadisə ilə əlaqədar Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X7 Xidmətinin 4-cü Ərazi DYNI-nin inspektoru, R Rüstəm Hüseynov tərəfindən ilkin yoxlama aparılmış və araşdırmanın davam etdirilməsi üçün toplanmış material FHN-in Əməliyyat-Istintaq Idarəsinə göndərilmişdir. Azərbaycan Respublikasının FHN-nin Əməliyyat-Istintaq Idarəsinin böyük təhqiqatçısı E.M.Əliyev tərəfindən ## #### 2022-ci il tarixdə qəbul olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla ## ##### 2022-ci il tarixdə, saat 15:28-də Bakı şəhəri, Sabunçu rayonu, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsində saxlanılmış, İddiaçı MMC-yə məxsus, müqaviləsi əsasında X6 istifadəsində olan “FAW T33” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində baş vermiş yanğında cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Hazırkı iddia ərizəsinə əlavə edilən AD ****** nömrəli X14 Şəhadətnaməsi ilə müəyyən olunur ki, 2019-cu il buraxılışlı, ağ rəngli, “FAW T33” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil, qeydiyyat ünvanı ünvan 1 olan İddiaçı MMC-yə məxsusdur. Hazırkı iddia ərizəsinə əlavə edilən İddiaçı MMC ilə X6 arasında bağlanılmış ##.##.2021-ci il tarixli, 0013.A nömrəli alqı-satqı müqaviləsi ilə müəyyən olunur ki, 2019-cu il buraxılışlı, Ağ rəngli, "FAW T33" markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili X6 razılaşmış qiymətə və dəyəri ##.##.2023-cü il tarixədək olan müddətə ödəniş cədvəlinə uyğun olaraq ödənilməsi şərti ilə satılmışdır. Sözügedən müqavilənin 5.2.3-cü bəndində göstərilmişdir ki, “Alıcının ödəniş cədvəlinə uyğun olaraq ödənişlərin gecikdirmədiyi təqdirdə, 'Alıcının" "Satıcıya” yazılı şəkildə bildirdiyi fiziki şəxsə avtomobilin idarə edilməsi məqsədi ilə etibarnamə təqdim edilir. Yuxarıda istinad olunan ## #### 2022-ci il tarixli qərarın məzmunundan görünür ki, FHN-in DYNX-in 4-cü ərazi X7 idarəsi tərəfindən tərtib olunmuş ##.##.2022-çü il tarixli yanğın haqqında aktına əsasən müəyyən edilmişdir ki, ## ##### 2022-ci il tarixdə, saat 15:28-də Bakı şəhəri, Sabunçu rayonu, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsində saxlanılmış, "xxxx” MMC-yə məxsus, müqavilə əsasında X6 istifadəsinə olan “FAW T33” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində baş vermiş yanğına avtomobilin mühərrik hissəsində yerləşən qidalandırıcı elektrik naqillərində yaranmış qəza halı səbəb olmuşdur. Qeyd etməyi zəruri hesab edirik ki, yuxarıda göstərilən yanğın hadisəsi nəticəsində İddiaçı MMC-yə 22.800.00 manat məbləğində maddi zərər dəymişdir. Belə ki, yanğın hadisəsi ilə əlaqədar aparılmış təhqiqatla bağlı ##.##.2022-ci il tarixdə FHN-nin Əməliyyat Istintaq Idarəsinə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2022-ci il tarixli, **/**** saylı saylı məhkəmə yanğın texniki ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, baş vermiş yanğın hadisəsindən əvvəlki orta bazar qiyməti təxminən 28500,00 manat olmuş 2019-cu il buraxılışlı, “FAW T33" markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 22800,00 (285500,00-20%) manat məbləğindədir. Nəzərə çatdırmağı zəruri hesab edirik ki, təhqiqat zamanı hadisə yerinə keçirilmiş baxışla, alınmış izahatlarla, ekspertiza rəyləri ilə müəyyən olunmuşdur ki, ## ##### 2022-ci il tarixdə, saat 15:28-də Bakı şəhəri, Sabunçu rayonu, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsində saxlanılmış, İddiaçı MMC-yə məxsus, müqavilə əsasında X6 istifadəsinə olan “FAWT33” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində yanğın avtomobilin mühərrik bölməsində olan elektrik qurğularında yaranmış qəza halından (qısaqapanma, yüksək keçirici müqavimət və s.) baş vermişdir. Eyni zamanda qeyd edirik ki, baş vermiş yanğın hadisəsi nəticəsində hər hansı şəxsin sağlamlığına zərər vurulmamış, hadisə ölümə və ya digər ağır nəticələrə səbəb olmamışdır. Hazırkı iddia ərizəsinə əlavə olunan sənədlərdən görünür ki, iddia ərizəsinin məzmununda göstərilən sığorta hadisəsi baş verdikdən sonra müvafiq sığorta ödənişinin verilməsi üçün tərəfimizdən cavabdeh Sığorta Şirkətinə müraciət olunmuşdur. Cavabdeh Sığorta Şirkətinin Idarə heyətinin sədrinin müşaviri Ceyhun Qurbanlı tərəfindən ünvanımıza göndərilmiş “Sığorta ödənişinin verilməsindən imtina olunması barədə” bildirişdə, sığorta müqaviləsinin bağlanması ilə əlaqədar tərəfimizdən Sığorta Şirkətinə təqdim edilmiş sığorta şəhadətnaməsində sığortalanmış avtomobili idarə etməyə səlahiyyətli şəxs qismində yalnız X3 adının qeyd edilməsinə baxmayaraq hadisə ilə əlaqədar toplanmış sənədlər əsasında aparılmış araşdırma nəticəsində sığortalanmış avtomobilin İddiaçı MMC ilə bağlanmış lizinq müqaviləsi əsasında X6 və digərlərinin istifadəsinə verildiyinə, həmçinin hadisənin baş verdiyi zaman avtomobilin X6 istifadəsində olmasına, lakin avtomobilin idarə etməyə səlahiyyətli şəxslərlə əlaqədar cavabdeh Sığorta Şirkətinə İddiaçı MMC tərəfindən hər hansı məlumatın daxil olmamasına və “xxxx” Qaydalarının 5.3-cü bəndinə, eləcə də AR Mülki Məcəlləsinin 922.2-ci və 935.1.8-ci maddələrinə istinad olunmaqla sığorta ödənişinin verilməsindən imtina edildiyi göstərilmişdir. Hazırkı iddia ərizəsinə əlavə edilən Hüquqi Şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə KSK********** nömrəli, AS seriyalı 010810 şəhadətnamənin 9-cu bəndindən görünür ki, yalnız 2 hal üzrə sığorta təminatı verilməmişdir: · Icarə müqaviləsi əsasında sığorta olunmuş nəqliyyat vasitəsini idarə edən şəxs nəqliyyat vasitəsini ekstremal vəziyyətdə, yolsuzluq, ov, balıq tutmaq və idman yarışlarında idarə edəcəyi halda; · sürət həddi hərəkətdə olduğu yolda göstərilən sürət həddindən 30-40 km çox olduğu halda Işin mübahisəsiz halıdır ki, avtomobilin digər şəxsin istifadəsinə verilməsinə görə sığorta ödənişinin verilməsi həmin şəhadətnamədə istisna olunmamışdır. Digər tərəfdən işin mübahisəsiz halıdır ki, sığorta hadisəsi sığortalanmış nəqliyyat vasitəsi hərəkətdə olan zaman deyil, ## ##### 2022-ci il tarixdə, saat 15:28-də Bakı şəhəri, Sabunçu rayonu, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsində dayanmış vəziyyətdə (bu və ya digər şəxs tərəfindən idarə olunmayan halda) olduğu vaxt avtomobilin mühərrik bölməsində olan elektrik qurğularında yaranmış qəza halından (qısaqapanma, yüksək keçirici müqavimət və s.) baş vermişdir. Yuxarıda sözügedən şəhadətnamədən həmçinin görünür ki, Təminat verilmir qrafasında (bax bölmə

2. Üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası) avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi ilə bağlı risklərin sığortalanmış hesab edilmədiyi barədə heç bir qeyd göstərilməmişdir. Sığortaçının imtinasının əsası kimi istinad etdiyi “xxxx” Qaydalarının (Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən ## ######## 2014-cü il tarixli Q- ** №-li qərarla təsdiq olunmuş) 5.3-cü bəndində göstərilmişdir ki, Sığorta müqaviləsində yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi şərti müəyyən edilərsə, bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, başqa şəxslərin avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilmir. Yuxarıda göstərilən xüsusatlardan mübahisəsiz qaydada görünür ki, cavabdeh tərəfindən müəssisəmizə təqdim olunmuş Hüquqi Şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə KSK********** nömrəli, AS 010810 şəhadətnamədə Sığorta müqaviləsində yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi şərti müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, “xxxx” Qaydalarının 5.3-cü bəndində göstərilən yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi şərti müəyyən edilmədiyi halda sığorta ödənişindən imtina etmək sözügedən qaydaların tələblərinə ziddir. Hazırkı işin mübahisəsiz halıdır ki, sığortalı ilə sığortaçı arasında yuxarıda istinad edilən qaydaların 5.3-cü bəndində təsbit edilən şərt müəyyən edilməmişdir, bu səbəbdən də hesab edirik ki, cavabdeh sığorta şirkəti, eləcə də sözügedən şirkətin ləğvedicisi “xxxx” MMC-yə sığorta ödənişini ödəməkdən imtina edərkən haqlı və əsaslı olmamışdır. Yuxarıda göstərilən xüsusatlarla yanaşı onu da qeyd etməyi zəruri hesab edirik ki, cavabdeh sığorta şirkəti ilə “xxxx” MMC arasındakı sığorta hüquq münasibətləri yalnız Hüquqi Şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə KSK********** nömrəli, AS 010810 şəhadətnamə ilə rəsmiləşdirilmişdir.

12. Cavabdeh iddia ərizəsinə etiraz verərək, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-yə məxsus “FAW T33” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil hazırda ləğv prosesində olan Şirkət tərəfindən “Avtomobil nəqliyyat vasitələrinin tam sığortası” haqqında ##.##.2020-ci il tarixli, KSK********** nömrəli sığorta şəhadətnaməsi əsasında könüllü qaydada sığortalanmışdır. ## ##### 2022-ci il tarixdə, saat 15:28-də Bakı şəhəri, Sabunçu rayonu, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsində saxlanılmış, İddiaçı MMC-yə məxsus, “FAW T33” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində yanğın baş vermiş, nəticədə avtomobilin ön hissəsi yanğının təsirinə məruz qalmışdır. Iddiaçı tərəfindən Şirkətə daxil olmuş müraciət əsasında aparılmış araşdırma nəticəsində Şirkətin iddiaçı qarşısında heç bir öhdəliyi yaranmadığı məlum olmuş və iddiaçıya sığorta ödənişindən imtinaya dair bildiriş ünvanlanmışdır. Belə ki, iddiaçı və Şirkət arasında sığorta müqaviləsinin bağlanması ilə əlaqədar iddiaçıya təqdim edilmiş sığorta şəhadətnaməsində sığortalanmış avtomobili idarə etməyə səlahiyyətli şəxs qismində yalnız X2 qeyd edilməsinə baxmayaraq, hadisə ilə əlaqədar toplanmış sənədlər əsasında aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, sığortalanmış avtomobil iddiaçı ilə bağlanmış alqı-satqı müqaviləsi əsasında X6 və digərlərinin istifadəsinə verilmiş, hadisənin baş verdiyi zaman avtomobil X6 istifadəsində olmuşdur. Həmçinin iddiaçının təqdim etdiyi alqı-satqı müqaviləsində də görünür ki, iddiaçı sığortalanmış avtomobili sığortaçıya məlumat vermədən de fakto özgəninkiləşdirmişdir. AR FHN-nin Əməliyyat-Istintaq Idarəsinin təhqiqatçısı X1 tərəfindən qəbul edilmiş ##.##.2022ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda qeyd olunur ki, İddiaçı MMC ilə X6 arasında bağlanılmış ##.##.2021-ci il tarixli, 0013.A nömrəli alqı-satqı müqaviləsində göstərilmişdir ki, 2019-cu il buraxılışlı, Ağ rəngli, “FAW T33” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı minik avtomobili X6 razılaşmış qiymətə və dəyəri ##.##.2023-cü il tarixiədək olan müddətə ödəniş cədvəlin uyğun olaraq ödənilməsi şərti ilə satılır. Bu fakt iddia ərizəsində də öz əksini tapmışdır. Göründüyü kimi iddiaçı qeyd olunan avtomobilin üçüncü şəxsə satışını həyata keçirib, avtomobili üçüncü şəxsə təqdim etməsinə baxmayaraq bu barədə Şirkətə məlumat verməmişdir. Bu hal qanunvericiliyin və Şirkətin “xxxx” Qaydalarının tələblərinə ziddir. Şirkətin qüvvədə olan “xxxx” Qaydalarının 5.3-cü bəndinə əsasən, sığorta müqaviləsində yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi şərti müəyyən edilərsə, bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, başqa şəxslərin avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilmir.

14. Iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə əsasən Azerbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirketindən 29 327 manat sığorta ödənişinin alınaraq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Iddiaçının nümayəndəsi bildirmişdir ki, avtomobilin əsas hissələri tamamilə məhv olmuşdur. Iş üzrə zərərin müəyyən edilməsi məqsədilə 2 dəfə məhkəmə ekspertizası təyin edilmişdir. Hər iki rəyə nəzər salsaq, ekspertlər tərəfindən müəyyən edilmiş zərər məbləğləri arasında çox xırda fərq olduğunu görərik. Ekspertiza rəyləri ilə razıyıq, Çin istehsalı olan avtomobillərin özlərinin satış qiyməti aşağı olsa da, ehtiyat hissələri olduqca yüksək dəyərdədir.

16. Cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat verərək, iddianın rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, ekspert rəyləri xüsusi araşdırma əsasında tərtib edilməmişdir. Belə ki, sadəcə qüsur aktları nəzərə alınaraq rəy verilmişdir. Avtomobilin utilizasiyası zamanı 1500 manata yaxın ödəniş edilir. Həmin qalıq hissələrin dəyəri sığorta məbləğindən çıxılmalıdır.

17. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh LPO Azərbaycan Respublikası Kommersiya Şirkətindən 16000 məbləğində pul vəsaiti və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 138 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı MMC-nin xeyrinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pul vəsaitinin iddiaçı və cavabdehdən müştərək qaydada tutularaq xxxx MMC-nin bank hesabına ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.

18. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır:

 Işi mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı MMC-yə məxsus “FAW T33” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil hazırda ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən “Avtomobil nəqliyyat vasitələrinin tam sığortası” haqqında ##.##.2020-ci il tarixli, KSK********** nömrəli sığorta şəhadətnaməsi əsasında könüllü qaydada sığortalanmış və KSK********** saylı sığorta şəhadətnaməsinə əsasən iddiaçı həm sığortalı, həm də faydalanan şəxs kimi göstərilmişdir. ## ##### 2022-ci il tarixdə saat 15:28-də Bakı şəhəri, Sabunçu rayonu, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsində saxlanılmış, İddiaçı MMC-yə məxsus, “FAW T33” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində (avtomobil dayanmış vəziyyətdə olarkən) yanğın baş vermiş, nəticədə avtomobilin ön hissəsi yanğının təsirinə məruz qalmışdır.  Tərəflər arasında işin mübahisələndirilən halı: iddiaçı İddiaçı MMC sığorta hadisəsi nəticəsində avtomobilə dəymiş zərərin olmasını iddia edir və cavabdehdən həmin məbləği tələb edir, cavabdeh isə iddiaçı və Şirkət arasında sığorta müqaviləsinin bağlanması ilə əlaqədar iddiaçıya təqdim edilmiş sığorta şəhadətnaməsində sığortalanmış avtomobili idarə etməyə səlahiyyətli şəxs qismində yalnız X2 qeyd edilməsinə baxmayaraq, sığortalanmış avtomobil iddiaçı ilə bağlanmış alqı-satqı müqaviləsi əsasında X6 və digərlərinin istifadəsinə verilmiş, hadisənin baş verdiyi zaman avtomobil X6 istifadəsində olmasını bildirir, həmin hal barəsində iddiaçının onları məlumatlandırlmalı olmasına baxmayarq məlumatlandırmaması əsası ilə müqavilədən birtəfəli qaydada imtina hüququnun yarandığına əsaslanaraq və həmin məbləğdə sığorta ödənişinin verilməsinə etiraz edir.  Məhkəmə qeyd edir ki, hazırkı iddia ərizəsinə əlavə olunan sənədlərdən görünür ki, sığorta hadisəsi baş verdikdən sonra müvafiq sığorta ödənişinin verilməsi üçün iddiaçı tərəfindən cavabdeh Sığorta Şirkətinə müraciət olunmuşdur. Cavabdeh tərəfindən sığorta şəhadətnaməsində Sığortalanmış avtomobili idarə etməyə səlahiyyətli şəxs qismində yalnız X3 adının qeyd edilməsinə baxmayaraq hadisə ilə əlaqədar toplanmış sənədlər əsasında aparılmış araşdırma nəticəsində sığortalanmış avtomobilin İddiaçı MMC tərəfindən X6 və digərlərinin istifadəsinə verildiyinə, həmçinin hadisənin baş verdiyi zaman avtomobilin X6 istifadəsində olmasına, lakin avtomobilin idarə etməyə səlahiyyətli şəxslərlə əlaqədar cavabdeh Sığorta Şirkətinə İddiaçı MMC tərəfindən hər hansı məlumatın daxil olmamasına və “xxxx” Qaydalarının 5.3-cü bəndinə, eləcə də AR Mülki Məcəlləsinin 922.2-ci və 935.1.8-ci maddələrinə istinad olunmaqla sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Hazırkı iddia ərizəsinə əlavə edilən Hüquqi Şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə KSK********** nömrəli, AS seriyalı 010810 şəhadətnamənin 9-cu bəndindən görünür ki, yalnız 2 hal üzrə sığorta təminatı verilməmişdir: 1) Icarə müqaviləsi əsasında sığorta olunmuş nəqliyyat vasitəsini idarə edən şəxs nəqliyyat vasitəsini ekstremal vəziyyətdə yolsuzluq, ov, balıq tutmaq və idman yarışlarında idarə edəcəyi halda; 2) sürət həddi hərəkətdə olduğu yolda göstərilən sürət həddindən 30-40 km çox olduğu halda. Beləliklə aydın olur ki, avtomobilin digər şəxsin istifadəsinə verilməsinə görə sığorta ödənişinin verilməsi həmin şəhadətnamədə istisna olunmamışdır. Digər tərəfdən işin mübahisəsiz halıdır ki, sığorta hadisəsi sığortalanmış nəqliyyat vasitəsi hərəkətdə olan zaman deyil, ## ##### 2022-ci il tarixdə, saat 15:28-də Bakı şəhəri, Sabunçu rayonu, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsində dayanmış vəziyyətdə (bu və ya digər şəxs tərəfindən idarə olunmayan halda) olduğu vaxt avtomobilin mühərrik bölməsində olan elektrik qurğularında yaranmış qəza halından (qısaqapanma, yüksək keçirici müqavimət və s.) baş vermişdir. Yuxarıda sözügedən şəhadətnamədən həmçinin görünür ki, Təminat verilmir qrafasında (bax bölmə 2. Üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası) avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi ilə bağlı risklərin sığortalanmış hesab edilmədiyi barədə heç bir qeyd göstərilməmişdir. Sığortaçının imtinasının əsası kimi istinad etdiyi “xxxx” Qaydalarının (Azərbaycan Respublikasının maliyyə Nazirliyi tərəfindən ## ######## 2014-cü il tarixli Q-** №-li qərarla təsdiq olunmuş) 5.3-cü bəndində göstərilmişdir ki, Sığorta müqaviləsində yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi şərti müəyyən edilərsə, bu Qaydaların 5.4cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, başqa şəxslərin avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilmir. Göründüyü kimi, bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulan hal mövcud deyildir, belə ki, sığorta şəhadətnaməsində sığorta olunan şəxs qismində fiziki şəxs deyil, iddiaçı hüquqi şəxsdir, həmçinin müqavilədə (şəhadətnamədə belə bir hal qeyd edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki halda, cavabdeh sğorta ödənişi verilməsindən imtina etməkdə haqlı olmamışdır. Bu səbəbdən iddia tələbi sığorta ödənişinin ödənilməli olması hissəsində əsaslıdır.  Məhkəmə cavabdehin nümayəndəsi tərəfindən verilmiş etirazın dəlillərinə münasibətdə bildirir ki, ##.##.2020-ci il tarixli, KSK********** saylı “Avtomobil nəqliyyat vasitələrinin tam sığortası” haqqında sığorta şəhadətnaməsinin 9-cu bəndinə əsasən icarə müqaviləsi əsasında sığorta olunmuş nəqliyyat vasitəsini idarə edən şəxs nəqliyyat vasitəsini ekstremal vəziyyətdə, yolsuzduq, ov, balıq tutmaq və idman yarışlarında idarə edəcəyi halda sığorta təminatı verilməyəcəkdir. Əgər sürət həddi hərəkətdə olduğu yolda göstərilən sürət həddindən 30-40 kim çox olarsa sığortaçı hadisə baş verdikdə məsuliyyət daşımır. Hazırki müqavilədə (şəhadətnamədə) imtina əsası kimi avtomobilin şəhadətnamədə göstərilən şəxs tərəfindən deyil, başqa şəxs tərəfindən idarə ediməsi göstərilməmişdir. Bu səbbəbdən məhkəmə etirazı əsassız hesab edir.  Məhkəmə xüsusilə vurğulayır ki, iddiaçı İddiaçı MMC ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti arasında müqavilə azadlığı prinsipinə uyğun olaraq müqavilə bağlanılmış və iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsi sığorta edilmişdir.  Məhkəmə tərəfindən sığorta nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş maddi zərərin məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş və “xxxx” MMC tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli mütəxəssis rəyinə əsasən ## ##### 2022-ci il tarixdə İddiaçı MMC-yə məxsus, “FAW T33” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində baş vermiş yanğın hadisəsi nəticəsində dəymiş zərərin ümumi məbləği 32 355,48 ( otuz iki min üç yüz əlli beş manat qırx səkkiz qəpik) təşkil edir: analoji təhlillərə əsasən ## ##### 2022-ci il tarixində “FA W T33 ” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin orta bazar qiyməti 26 000 (iyirmi altı min) manat təşkil edir. ## ###### 2025-ci il tarixində “FAW T33” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin orta bazar qiyməti:16 000 manat təşkil etməsi müəyyən edilmişdir.  ## ###### 2025-ci il tarixli mütəxəssis rəyinə münasibətdə məhkəmə hesab edir ki, məhkəmənin “xxxx” MMC-nin ## ###### 2025-ci il tarixli mütəxəssis rəyi ilə razlaşmaması üçün heç bir əsas yoxdur, odur ki, həmin rəy iş üzrə mötəbər sübut kimi qəbul edilməlidir.  Lakin, həm tərəflərin izahatları ilə, həmçinin işin halları ilə müəyyən edilir ki, hazırki halda ekspertiza rəyləri ilə avtomobilə dəyən zərər avtomobilin öz bazar dəyərindən kifayət qədər çox müəyyən edildiyi üçün, avtomobil tamamilə məhv olarsa belə, onun qalıqlarının da müəyyən dəyərə malik olması nəzərə alınaraq, həmçinin iddiaçının özü tərəfindən avtomobili 2021-ci ilə 17 260 manata satdığı da nəzərə alınaraq, məhkəmə hesab edir ki, avtomobilin tamamilə məhv olması nəzərə alınmalı, zərər müəyyən edilən zaman ekspertiza rəyi ilə müəyyən edilən bazar dəyəri (16000 manat) əsas götürülməlidir.  Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh LPO Azərbaycan Respublikası Kommersiya Şirkətindən 16000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı MMC-nin xeyrinə ödənilməlidir.  Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 138 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

19. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 443.1, 458.1, 883.1, 904.1, 904.2, 922.1, 922.2, 926.1, 926.2, 926.3, 1096ci maddələrinə istinad etmişdir.

20. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara, düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, işin hallarına uyğun gəlməyən qərar çıxardığını irəli sürmüş, əlavə olaraq qeyd etmişdir ki, sığorta şəhadətnaməsində avtomobili idarə etməyə səlahiyyətli şəxs kimi yalnız Ağayev Emil göstərildiyi halda avtomobil faktiki olaraq Ibrahimov Nurlana satılmış və onun istifadəsinə verilmiş, bu barədə sığortaçıya məlumat verilməmişdir. Bununla “Avtonəqliyyat vasitələrinin tam sığortası” Qaydalarının 9.3 və 7.2-ci bəndində göstərilmiş sığorta riskinin dəyişməsi və artması barədə məlumatvermə öhdəliyini pozulmuşdur.

Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)

21. Iddiaçı apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək apellyasiya şikayətinin təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Apellyasiya baxışı, izahatlar

22. Iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

23. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

25. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

26. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.

27. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

28. Maddə 934.1. Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

32. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 385.1 Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

38. Istinad edilən normaları və Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyini nəzərə alaraq kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini iddianın qismən təmin olunan hissəsi təşkil edir. Belə ki, cavabdeh faktiki olaraq qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsini mübahisələndirimiş, iddiaçı isə qətnamədən apellyasiya şikayəti verməmişdir.

Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas vermir (mübahisələndirilən hissədə).

40. Istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

41. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

42. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlı olsa da, iddia tələbinin düzgün qanuni əsasını müəyyənləşdirməklə qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.

43. Iş materialları ilə müəyyən olunur ki, iddiaçı İddiaçı MMC-yə məxsus “FAW T33” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2020-ci il tarixli KSK********** nömrəli sığorta şəhadətnaməsi əsasında cavabdeh tərəfindən könüllü qaydada sığortalanmış, sığorta riskləri sırasında yanğın hadisəsi də nəzərdə tutulmuşdur.

44. ## ##### 2022-ci il tarixdə sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə qeyd olunan avtomobil dayanmış vəziyyətdə olarkən onun mühərrik bölməsində yanğın baş vermiş və avtomobilə zərər dəymişdir. FHN-in müvafiq araşdırma materialları ilə yanğının mühərrik bölməsində olan elektrik qurğularında yaranmış qəza halından – qısaqapanma, yüksək keçirici müqavimət və sair səbəblərdən baş verdiyi müəyyən edilmişdir. Beləliklə, baş vermiş hadisənin müqavilə ilə sığortalanmış risk – yanğın hadisəsi olduğu iş materialları ilə təsdiq edilir.

45. Cavabdeh apellyasiya şikayətində sığorta şəhadətnaməsində nəqliyyat vasitəsini idarə edən şəxs kimi X2 göstərildiyini, lakin avtomobilin faktiki olaraq X6 istifadəsinə verildiyini və bu barədə sığortaçıya məlumat verilmədiyini əsas gətirərək sığorta ödənişindən imtinanın qanuni olduğunu bildirir.

46. Bu baxımdan kollegiya, sığorta hadisəsi və sığorta ödənişinin verilməsindən imtina əsasları üzrə təhlil aparılmasını zəruri hesab edir.

47. Ilk növbədə qeyd olunmalıdır ki, sığorta şəhadətnaməsində X2 kimi göstərilməsi özlüyündə nəqliyyat vasitəsinin başqa şəxs tərəfindən idarə edilməsinin bütün hallarda sığorta təminatını istisna etməsi nəticəsinə gəlməyə əsas vermir. Qaydaların 5.3cü bəndinə əsasən sığorta müqaviləsində nəqliyyat vasitəsinin yalnız konkret göstərilmiş şəxs tərəfindən idarə edilməsi şərtilə sığorta təminatının verilməsinin müəyyən edilməsi tələb olunur. Hazırkı şəhadətnamədə isə avtomobilin yalnız Ağayev Emil tərəfindən idarə edilməsi şərtilə sığortalandığını və digər şəxsin idarə etməsi halında sığorta təminatının qüvvədən düşdüyünü müəyyən edən şərt nəzərdə tutulmamışdır.

48. Əksinə, sığorta şəhadətnaməsinin 9-cu bəndində icarə müqaviləsi əsasında sığorta olunmuş nəqliyyat vasitəsini idarə edən şəxsin avtomobili ekstremal vəziyyətdə, yolsuzluqda, ov, balıq tutma və idman yarışlarında idarə etdiyi halda sığorta təminatının verilməyəcəyi, habelə müəyyən edilmiş sürət həddinin 30-40 km/saatdan artıq aşılması halında sığortaçının məsuliyyətdən azad olunacağı nəzərdə tutulmuşdur. Həmin şərtin məzmunundan başqa şəxsin avtomobili idarə etməsinin özlüyündə sığorta təminatını istisna etmədiyi, təminatın yalnız orada konkret göstərilən hallarda verilmədiyi anlaşılır. Hazırkı sığorta hadisəsinin isə həmin istisna hallardan hər hansı biri ilə əlaqədar baş verdiyi müəyyən edilməmişdir.

49. Cavabdehin Mülki Məcəllənin 911.2-ci maddəsinə istinad etməklə avtomobilin Ibrahimov Nurlanın istifadəsinə verilməsinin sığorta riskinin artmasına səbəb olması və bu barədə sığortaçıya məlumat verilməməsi barədə dəlili də qətnamənin ləğvi üçün əsas təşkil etmir. Avtomobilin başqa şəxsin istifadəsinə verilməsi faktının mövcudluğu həmin dəyişikliyin konkret sığorta hadisəsi üzrə riski artırdığını özlüyündə təsdiq etmir. Cavabdeh avtomobilin Ibrahimov Nurlanın istifadəsində olmasının yanğın riskini hansı şəkildə artırdığını və həmin halın baş vermiş sığorta hadisəsi ilə əlaqəsini təsdiq edən sübut təqdim etməmişdir.

50. Əksinə, iş üzrə müəyyən edilmiş faktiki hallardan görünür ki, yanğın avtomobil hərəkətdə və ya Ibrahimov Nurlan tərəfindən idarə edilərkən deyil, dayanmış vəziyyətdə olarkən mühərrik bölməsində elektrik qurğularında yaranmış nasazlıq nəticəsində baş vermişdir. Buna görə də avtomobilin hansı şəxsin istifadəsində olması ilə sığorta hadisəsinin baş verməsi arasında səbəbli əlaqə müəyyən edilmir.

51. Zərərin məbləğinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq tədqiqatı nəticəsində “xxxx” MMC-nin ## ###### 2025-ci il tarixli mütəxəssis rəyi ilə avtomobilə dəymiş zərərin 32.355,48 manat, avtomobilin hadisə tarixinə orta bazar qiymətinin 26.000 manat, ## ###### 2025-ci il tarixə orta bazar qiymətinin isə 16.000 manat olduğu müəyyən edilmişdir. Zərərin avtomobilin öz bazar dəyərindən artıq olması nəzərə alınmaqla birinci instansiya məhkəməsinin avtomobilin tam məhv olması halından çıxış edərək 16.000 manat məbləğində sığorta ödənişinin tutulması barədə nəticəsi iş üzrə müəyyən edilmiş hallara uyğundur.

52. Beləliklə, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

53. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDI:

Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar