Məhkəmə qərarları › İş №e-2(3-6)-2667/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2667/2026

16.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2667/2026 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı ASC-nin cavabdeh cavabdeh2 və cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, Cavabdeh cavabdeh1, Cavabdeh cavabdeh2 və onun vəkili vəkil1 iştirakı ilə, İddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İŞİN HALLARI

1. İddiaçı İddiaçı ASC cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC tərəfindən ödənilmiş 5000 manat sığorta ödənişinin məbləği və ödənilmiş 70 manat dövlət rüsumu olmaqla, cəmi 5070 manat pulun cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutularaq cəmiyyətə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Kia Ceed” minik markalı, **CT*** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2023-cü il tarixli PSS********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsinə əsasən cəmiyyətdə sığortalanmışdır. cavabdeh1 “Kia Ceed” minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobili ##.##.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində etibarnamə olmadan idarə edərkən “Ford Transit” yük markalı, **OU*** dövlət qeydiyyat nişanlı avtomobil və “İSUZU NPR 75KD” yük markalı, 99-JL497dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq ona maddi ziyan vurmuşdur. Yasamal rayon DYPŞ-nin “İnzibati Xəta Haqqında” IXP ******* saylı protokolu və “İnibati tənbeh vermə” haqqında TP ******* nömrəli qərarı ilə cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etdiyinə və yol hərərkəti qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş və 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan məlum olur ki, cavabdeh1 tərəfindən idarə edilən“Kia Ceed” minik markalı, **CT*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İsmayılov Faiq İsmayıl oğlu olmuşdur. Lakin sonuncu tərəfindən avtomobilin idarə edilməsi üçün cavabdeh2 etibarnamə verilmişdir. Zədələnmiş “Ford Transit” yük markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 5800 manat və “İSUZU NPR 75KD” yük markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 216 manat məbləğində müəyyən edilmişdir. Baş vermiş yolnəqliyyat hadisəsində iki avtomobilə dəymiş zərərin ümumi məbləği 5000 manatdan artıq olduğuna görə ödəniş mütənasib qaydada hesablanaraq ödənilmişdir. Belə ki, İ-803/23 və İ- ***/** saylı ödəniş aktlarına əsasən “İSUZU NPR 75KD” yük markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 179,52 manat və “Ford Transit” yük markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 4820,48 manat məbləğində sığorta ödənişi edilmişdir. ##.##.2023 və ##.##.2023-cü il tarixli ödəniş tapşırıqlarına əsasən müvafiq olaraq 4820,48 və 216 manat məbləğində ödəniş faydalanan şəxslərin bank hesablarına köçürülmüşür. Faydalanan şəxslərə ödənilmiş 5000 manat məbləğində vəsait cavabdeh tərəfindən cəmiyyətə qaytarılmalıdır.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, nəqliyyat vasitəsini etibarnamə olmadan, lakin mülkiyyətçinin razılığı və iradə ifadəsinə uyğun olaraq idarə edən şəxs “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüquqi olmayan şəxs” kimi qəbul edilə bilməz. Həmin şəxslərə yalnız sürücülük hüququ olmayan şəxslər və nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxslər aiddir. (məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il tarixli, * saylı Bülletenində İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 25.1.3-cü bəndinin tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair sərgilədiyi mövqeyə əsaslanmışdır.). Avtomobil etibarnamə üzrə idarəetmə hüququna malik olan X3 oğlu cavabdeh1 tərəfindən idarə edilmişdir. Həmçinin X3 özü də avtomobildə olmuş, avtomobili idarə etmək məqsədilə öz iradəsi ilə oğlu cavabdeh1 vermişdir. Beləliklə də məhkəmə hesab etmişdir ki, ##.##.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi baş verərkən sözügedən avtomobili idarə edən cavabdeh cavabdeh1 həmin avtomobilə münasibətdə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” sayılmayıb və bu səbəbdən də iddiaçının cavabdehlərə qarşı subroqasiya hüququ yaranmamışdır. Bundan başqa iş materiallarına əlavə edilmiş ##.##.2023-cü il tarixli yekun akt və ##.##.2023-cü il tarixli yekun akt iddiaçı və qiymətləndirməni tərtib edən şəxs tərəfindən imzalanmamışdır. Odur ki, həmin sənədlərin hansı şəxs tərəfindən tərtib edilməsi və göstərilən məlumatların həmin şəxs tərəfindən təsdiqlənməsini müəyyən etmək mümkün olmadığından, məhkəmə həmin sənədləri mütəbər və mümkün sübut hesab etməmişdir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 936.1, 936.2, 936.5-ci maddələrinə, “İcbari Sığortalar haqqında” Qanunun 3.4, 13.4, 25.1.3, 52.1-ci maddəsin, “Yol hərəkəti haqqında” Qanuna, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1,14.2, 88, 89.1, 89.2, 77.1, 217.1, 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ

4. İddiaçı İddiaçı ASC qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır.

6. Cavabdeh cavabdeh2 və cavabdeh1 apellyasiya şikayətinə qarşı yazılı qaydada etiraz təqdim etmişlər.

MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər iddiaçının apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etdiklərini, etirazları nəzərə alaraq apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdilər.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh2 vəkili apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

9. İş üzrə iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası, işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR

10. İddiaçı tərəfindən tərtib olunmuş İ-***/** nömrəli, ##.##.2023-cü il tarixli sığorta ödənişi aktına əsasən “xxxx” MMC-yə məxsus “İSUZU NPR 75KD” yük markalı, 99- JL-497 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 179,52 manat sığorta ödənişi edilmişdir.

11. İddiaçı tərəfindən tərtib olunmuş İ-***/** nömrəli, ##.##.2023-cü il tarixli sığorta ödənişi aktına əsasən X1 məxsus “Ford Transit” yük markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 4820,48 manat məbləğində sığorta ödənişi edilmişdir.

12. İnzibati tənbeh vermə haqqında ##.##.2023-cü il tarixli qərardan görünür ki, ##.##.2023-ci il tarixdə cavabdeh1 “Kia Ceed” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən AR İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1- ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” PHŞ- 13. nin ##.##.2026-cı il tarixli arayışına əsasən ##.##.1999-cü il təvəllüdlü cavabdeh1 ##.##.2023cü il tarixdə sərxoşluq halların bütün növlərinin təyini məqsədi ilə aparılan müayinədən keçmişdir. Müayinənin nəticəsində ayıq olduğu müəyyən edilmişdir.

14. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinə əsasən müəyyən edilir ki, İddiaçı ASC ilə X2 arasında ##.##.2023-cü il tarixində PSS********** saylı sığorta müqaviləsi bağlanmış və “Kia Ceed” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır.

15. Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli, ***** reyestr nömrəli etibarnaməyə əsasən müəyyən olunur ki, “Kia Ceed” markalı, 77- CT-432 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi İsmayılov Faiq İsmayıl oğlu nəqliyyat vasitəsini cavabdeh2 etibar etmişdir. Etibarnamə üzrə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək kimi səlahiyyətlər verilmişdir.

16. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan çıxarışa əsasən müəyyən olunur ki, cavabdeh2 insulindən asılı olmayan şəkərli diabet xəstəsidir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi xahiş edilir.

19. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, tərəflərin izahatlarını və işdə olan bütün sübutları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

20. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 936.1, 936.2, 936.5-ci maddələrini, Azərbaycan Respublikasının “İcbari sığortalar haqqında” Qanununun 3.4, 13.4, 25.1.3, 52.1-ci maddələrini nəzərə alaraq qeyd edur ki, avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 21.Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Göründüyü kimi, qanunverici sığotaçının əsaslı mənafeyinin müdafiəsini təmin etmək üçün belə bir normanı qanuna daxil etmişdir. 22.Məhkəmə kollegiyası hesab edir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsində “qanuni əsaslar” dedikdə yalnız etibarnaməni və ya digər yazılı sənədi deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığını da nəzərdə tutur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun. Hazırki halda isə avtomobil etibarnamə üzrə idarəetmə hüququna malik olan cavabdeh2 razılığı ilə onun avtomobildə olduğu vaxt oğlu cavabdeh1 tərəfindən idarə olunmuşdur. 23.Nəzərə almaq lazımdır ki, avtomobili idarə etmək hüququ olmayan şəxs tərəfindən idarə edilməsinə görə məsuliyyəti inzibati xətalar qanunverciliyi müəyyən etmişdir (İXM-nin 332ci maddəsi). Bu məsuliyyəti müəyyən etməkdə inzibati xətalar qanunverciliyinin iki məqsədi vardır: birincisi, avtomobil mülkiyyətçilərinin mənafeyi müdafiə olunsun və başqa şəxslər mülkiyyətçinin iradəsi olmadan avtomobilə sahiblənə bilməsinlər; ikincisi, yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanları gücləndirilsin, yəni qayda pozuntusu zamanı avtomobili idarə edən şəxsin (sürücünün) şəxsiyyətinin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması mümkün olsun. Göründüyü kimi, bu normanın sığortaçıların mənafeyinin qorunması ilə bağlı məqsədi yoxdur və ola da bilməz. Belə ki, əvvəla, sığorta münasibəti inzibati xətalarla bağlı münasibət deyil, mülki münasibətdir və mülki hüquqa aid qanunlarla tənzimlənir. Mülki hüququn tələbi isə ondan ibarətdir ki, əşyanın başqasının sahibliyinə verilməsi üçün istifadə müqaviləsi bağlanmalıdır. Mülki hüquqa görə avtomobil əşyadır və onun idarə edilməsi əşyadan istifadə edilməsi kimi qəbul olunur. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi mövcuddur. Eyni zamanda mülki hüquq inzibati hüququn müəyyən etdiyi avtomobilin idarə edilməsinə dair etibarnaməni tanımır. Belə ki, mülki hüquqda etibarnamə təmsilçilik münasibətlərinin yaranması üçün əsasdır (MM-nin 362-ci maddəsi). Avtomobilin idarə edilməsi isə mülki hüquqda əşyadan istifadə etmək kimi qəbul olunur. Mülki hüquqda “əşyadan istifadə etmək” deyəndə əşyanın faydalı təbii xassələrinin hasil edilməsi başa düşülür, avtomobilin təbii xassəsini nəql etməkdir, çünki o, nəqliyyat vasitəsidir. Ona görə də, şəxs avtomobildən istifadə edərkən onun nəqletmə imkanlarından yararlanır, nəqletmə zamanı təmsilçiliyin yaranması (avtomobil mülkiyyətçisinin üçüncü şəxs qarşısında təmsil edilməsi) mümkün deyil. Təmsilçilik avtomobil üzərində sərəncam verilməsi və üçüncü şəxslərlə əlaqədar digər bu kimi hərəkətlərin həyata keçirilməsi zamanı mümkündür. Bundan başqa yol hərəkəti münasibətlərində avtomobilin idarə edilməsi ilə bağlı təmsilçilik münasibətinin yaranması mümkün deyil. Çünki avtomobili idarə edən şəxs yol hərəkəti iştirakçısına çevrilir və bu münasibətdə başqa şəxsin nümayəndəsi kimi deyil, “sürücü” kimi iştirak edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 33-cü bəndində yol hərəkəti iştirakçılarının anlayışı verilib və orada “sürücü”nün nümayəndəsi anlayışı yoxdur və ümumiyyətlə “sürücü”nün nümayəndəsi institutu nəzərdə tutulmamışdır. 24.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. 25.Etibarnamə olmadan avtomobilin idarə edilməsini İnzibati Xətalar Məcəlləsinin 332.1ci maddəsi qadağan edib və buna görə məsuliyyət müəyyən edib. Lakin həmin maddədə bir istisna hal da nəzərdə tutmuşdur. Belə ki, Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halından inzibati məsuliyyət istisna edilmişdir. İş materiallarından görünür ki, cavabdeh cavabdeh1 Azərbaycan Respublikasının İXMnin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, inzibati tənbeh tətbiq edilmişdir. Lakin sığorta münasibəti inzibati münasibətlə eynilik təşkil etmir, sığorta münasibəti mülki münasibətdir. 26.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 732-ci maddəsinə istinadən qeyd edilə bilər ki, əşyanın başqasının istifadəsinə verilməsi üçün istifadə müqaviləsi bağlanır, avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu tərəflər arasında şifahi istifadə müqaviləsinin bağlanmasını təsdiq edir. Belə müqavilənin isə yazılı bağlanması kimi məcburi şərt yoxdur. Belə olan halda iddiaçının subroqasiya ilə bağlı tələb etmə hüququnun yaranması istisnadır. 27.Məhkəmə kollegiyası hesab edir ki, nəqliyyat vasitəsini etibarnamə olmadan, lakin mülkiyyətçinin razılığı və iradə ifadəsinə uyğun olaraq idarə edən şəxs “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüquqi olmayan şəxs” kimi qəbul edilə bilməz. Həmin şəxslərə yalnız sürücülük hüququ olmayan şəxslər və nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxslər aiddir. (istinad Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il tarixli, * saylı Bülletenində İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 25.1.3-cü bəndinin tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair sərgilədiyi mövqeyə əsaslanmışdır.) 28.Məhkəmə kollegiyası müəyyən edir ki, avtomobil etibarnamə üzrə idarəetmə hüququna malik olan X3 oğlu cavabdeh1 tərəfindən idarə edilmişdir. Həmçinin X3 özü də avtomobildə olmuş, avtomobili idarə etmək məqsədilə öz iradəsi ilə oğlu cavabdeh1 vermişdir. 29.Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, ##.##.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi baş verərkən sözügedən avtomobili idarə edən cavabdeh cavabdeh1 həmin avtomobilə münasibətdə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” sayılmayıb və bu səbəbdən də iddiaçının cavabdehlərə qarşı subroqasiya hüququ yaranmamışdır.

30. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1ci maddəsi subroqasiya institutunun mahiyyətini müəyyən edir. Subroqasiya nəticəsində sığortaçı zərərvuran şəxsə qarşı sığortalının malik olduğu tələb hüququna keçir. Buna görə də sığortaçının tələb hüququnun mövcudluğu üçün yalnız sığorta ödənişinin həyata keçirilməsi deyil, sığortalının həmin zərərə görə konkret şəxsdən tələb etmək hüququnun mövcudluğu da müəyyən edilməlidir.Başqa sözlə, sığortaçı sığortalının malik olmadığı və ya sübuta yetirilməmiş tələb hüququnu subroqasiya qaydasında əldə edə bilməz. 31.Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya şikayətində irəli sürülən dəlillər, iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırmasını təşkil edirdi və birinci instansiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Baxılan iş üzrə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. 32.Beləliklə, Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu MPMnin 119.2-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393 və 402.1 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar