Məhkəmə qərarları › İş №e-2-2(3-6)-731/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-731/2026

21.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-731/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “lizinq müqaviləsinə xitam verilməsi, pulun tutulması və lizinq obyektinin qaytarılması tələbinə dair” kommersiya mübahisəsi üzrə QƏTNAMƏ (ac ar so zlər: lizinq müqaviləsi, müqavilənin ləğvi, lizinq obyektinin qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakim Elşən Uğur oğlu Abdullayevin sədrliyi və məruzəsi ilə, hakimlər X3 və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “lizinq müqaviləsinə xitam verilməsi, pulun tutulması və lizinq obyektinin qaytarılması tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(*-**)-**/**** nömrəli ## ##### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları:

1. İddiaçı cavabdeh tərəfindən seçilmiş kənd təsərrüfatı texnikalarını və aqreqatlarını – 1 ədəd “Abollo TY DM 165 165 Drum Mower” markalı tamburlu otbiçən və 1 ədəd “Lovol TB 504 (3-cü nesil)” markalı tarktoru öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində cavabdehə müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, cavabdeh isə lizinq obyektini lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür.

2. Həmin müqavilə üzrə lizinq ödənişlərinin ümumi məbləği 26386,31 manat, avans məbləği (lizinq ödənişlərinin ümumi məbləğinə daxildir) 7482,78 manat razılaşdırılmış, müqaviləyə ** nömrəli əlavə olan ödəniş cədvəli ilə 16050,96 manat ümumi qalıq lizinq ödənişlərinin ##.##.2024-cü il tarixdən ##.##.2029-cu il tarixədək edilməsi şərtləşdirilmişdir.

3. Lizinq obyektləri ##.##.2024-cü il tarixli təhvil-təslim aktı əsasında cavabdeh tərəfindən təhvil alınmışdır.

4. ##.##.2020 – ##.##.2025-ci il tarixlərini əhatə edən hesabdan çıxarışa əsasən, cavabdeh tərəfindən qrafik üzrə cəmi 2549 manat ödəniş edilmişdir.

5. İddiaçı ilə cavabdeh cavabdeh2 arasında ##.##.2024-cü il tarixli KTA-KTT-**/*****-Z nömrəli zaminlik müqaviləsi bağlanmış, sonuncu cavabdeh cavabdeh1 iddiaçı qarşısında öz öhdəliyini icra etməsi üçün birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat:

6. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli KTA-KTT-**/***** saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən ##.##.2026-cı il tarixə 2969,98 manat əsas borc, 354,52 manat cərimə borcu olmaqla cəmi 3324,5 manat məbləğində pulun və ödənilmiş 54 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, ##.##.2024-cü il tarixli KTA-KTT-**/***** saylı daxili maliyyə lizinqi müqaviləsinə xitam verilməsi, 1 ədəd “Abollo TY DM 165 165 Drum Mower” markalı tamburlu otbiçən və 1 ədəd “Lovol TB 504 (3-cü nesil)” markalı tarktorun saz və işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh cavabdeh1 arasında ##.##.2024-cü il tarixli KTA-KTT-**/***** nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən daxili maliyyə lizinqi müqaviləsi” bağlanmış və bu müqaviləyə əsasən 1 ədəd “Lovol TB 504 (3-cü nəsil)” markalı traktor və 1 ədəd “Abollo TY DM165 165 Drum Mower” markalı tamburlu otbiçən cavabdehə 60 ay müddətinə lizinqə verilmişdir. Qeyd olunan avadanlıqlar lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. ##.##.2024-cü il tarixli KTA-KTT-**/***** nömrəli müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 37413,90 manat təşkil etmişdir. Həmin məbləğin 13880,16 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ###### tarixli *** nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən, cavabdeh tərəfindən 7482,78 manat məbləğində ilkin ödəniş iddiaçıya ödənilmişdir. Eyni zamanda cavabdeh cavabdeh1 müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Lizinq müqaviləsinin predmetini təşkil edən avadanlıq cavabdehə təhvil verildikdən sonra onun tərəfindən ödəniş qrafiki üzrə ödənişlər vaxtında həyata keçirilməmişdir və nəticədə ##.##.2025-ci il tarixinə ##.##.2024-cü il tarixli KTA-KTT**/***** nömrəli müqavilə üzrə 2167,42 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Qeyd olunan müqavilələrin 11.3-cü bəndinə görə, lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1 %-i miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən, cavabdehin ##.##.2025-ci il tarixinə qədər ##.##.2024-cü il tarixli KTA-KTT-**/***** nömrəli müqavilə üzrə 174,31 manat cərimə borcu mövcuddur. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin onlayn kargüzarlıq bölməsi vasitəsilə ##.##.2025-ci il tarixli pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Beləliklə, cavabdeh cavabdeh1 iddiaçı qarşısında ##.##.2024-cü il tarixli KTA-KTT-**/***** nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən daxili maliyyə lizinqi müqaviləsi”nə əsasən ##.##.2026-cı il tarixə 2969,98 manat əsas borc, 354,52 manat cərimə borcu olmaqla cəmi 3324,5 manat öhdəliyi vardır. ##.##.2024-cü il tarixli KTA-KTT-**/***** nömrəli müqavilə lizinq müqaviləsinin təminatı kimi cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır.

8. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 427, 445, 748-1.12.4, 748-2.3-cü və s. maddələri göstərilmişdir.

9. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2026-cı il tarixli ***/**-EC/PL nömrəli qiymətləndirmə hesabatından görünür ki, 1 ədəd “Abollo TY DM 165 165 Drum Mower” markalı tamburlu otbiçənin bazar dəyəri 1100 manat və 1 ədəd “Lovol TB 504 (3-cü nesil)” markalı tarktorun bazar dəyəri 15400 manat təşkil edir.

10. Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-**)-**/**** nömrəli qətnaməsi ilə (hakim Nərmin Əhmədova) aşağıdakılar qət edilmişdir: - İddia qismən təmin edilsin; - İddiaçı Açıq Səhmdar Cəmiyyəti və cavabdeh1 arasında bağlanmış ##.##.2024-cü il tarixli KTA-KTT**/***** nömrəli daxili maliyyə lizinqi müqaviləsinə xitam verilmiş hesab edilsin; - ##.##.2024-cü il tarixli KTA-KTT**/***** nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə buraxılış ili 2023-cü il olan, “Lovol TB 504 (3-cü nəsil)” markalı, şassi nömrəsi M305604PS, dəyəri 15400 manat olan 1 ədəd traktor, buraxılış ili 2023-cü il olan, “Abollo TY-DM165 165 Drum Mower” markalı, şassi nömrəsi 03040105, dəyəri 1100 manat olan 1 ədəd tamburlu otbiçən cavabdeh cavabdeh1 alınaraq saz və işlək vəziyyətdə iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin; - Qətnamə icra olunan vaxt alınmalı əmlaklar mövcud olmasa, həmin əmlakların dəyəri cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin; - İddia qalan hissədə təmin edilməsin; - Cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 75 manat, expertiza xərcinin əvəzi olaraq 150 manat məbləğində pul tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə, 50 manat pul tutularaq dövlət büdcəsinə ödənilsin.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədiyindən və hər iki daxili maliyyə lizinqi müqaviləsi iddiaçı tərəfindən birtərəfli qaydada ləğv edildiyindən iddia tələbi bu hissədə əsaslıdır.

12. Məhkəmə hesab etmişdir ki, ##.##.2024-cü il tarixli KTA-KTT**/***** nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə buraxılış ili 2023- cü il olan, “Lovol TB 504 (3-cü nəsil)” markalı, şassi nömrəsi M305604PS, dəyəri 15400 manat olan 1 ədəd traktor, buraxılış ili 2023-cü il olan, “Abollo TY-DM165 165 Drum Mower” markalı, şassi nömrəsi 03040105, dəyəri 1100 manat olan 1 ədəd tamburlu otbiçən cavabdeh cavabdeh1 alınaraq saz və işlək vəziyyətdə iddiaçı İddiaçı ASC-yə verilməli, qətnamə icra olunan vaxt alınmalı əmlaklar mövcud olmasa, həmin əmlakların dəyəri cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməlidir.

13. Məhkəmə ##.##.2024-cü il tarixli KTA-KTT-**/***** nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə tutulmalı pul məbləğinə münasibətdə hesab etmişdir ki, lizinq məbləğinin 16050,96 manat (avans ödənişi və digər ödənişlər çıxılmaqla ödəniş qrafiki ilə razılaşdırılan məbləğ) təşkil etdiyi, lizinq obyektinin qalıq dəyərinin 16500 manat müəyyən edildiyi, əsas məbləğdən 2549 manat ödənildiyi nəzərə alındığında cavabdehin ##.##.2024cü il tarixli KTA-KTT-**/***** nömrəli üzrə yekun borcu 0 (lizinq məbləği: 16050,96 – ödənişlərin cəmi: 2549 manat – lizinq obyektinin qalıq dəyəri: 16500 manat) manat təşkil edir. Qeyd edilənlərə əsasən, iddia lizinq müqaviləsi üzrə pulun tutulması hissəsində təmin edilməməlidir.

14. Dəbbə puluna münasibətdə məhkəmə qeyd etmişdir ki, hazırda cavabdehlərin iddiaçıya lizinq ödənişləri üzrə hər hansı borcu mövcud olmadığından ödənişin gecikdirilməsi üçün nəzərdə tutulan dəbbə pulu tətbiq edilə bilməz. Odur ki dəbbə pulunun tutulması hissəsində iddia rədd edilməlidir.

15. İddiaçı ASC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-**/**** nömrəli ## ##### 2026-cı il tarixli qətnaməsinin qismən – iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 2, 11.1 və 11.2-ci maddələrinə görə avans lizinq ödənişinin tərkibinə daxildir. Müqavilənin 14.5-ci maddəsinə əsasən, avans yalnız lizinq obyektinin əldə edilməməsi halında müəyyən tutulmalarla qaytarılır; digər hallarda isə avans qaytarılmır və lizinq verənin xərclərini, eləcə də gəlirini təşkil edir. • İqtisadi İtkilər və X1: Lizinq xüsusi maliyyələşdirmə fəaliyyətidir və lizinq şirkəti obyekti öz ehtiyacı üçün deyil, lizinq alanın istəyi ilə əldə edir. Müqavilənin ləğvi nəticəsində iddiaçıAKİA tərəfindən cəlb olunmuş kreditlərin faizləri, sığorta, vergi, bank xərcləri kimi davam edən xərclərlə yüklənir və gözlədiyi gəlirlərdən məhrum olur. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının təqdim etdiyi ödəniş qrafikinə, gecikmə müddətlərinə və müqavilədə göstərilən ləğv edilmə məbləği (maddə 10, 12, 14.2, 14.3) şərtlərinə düzgün hüquqi qiymət verilməmişdir. Tələbin mahiyyətinin lizinq obyektinin dəyəri deyil, konkret olaraq keçmiş dövr üzrə yaranmış 2969,98 manatlıq pul öhdəliyi olmasıməhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmənin bu mövqeyi mülki hüquqların müdafiəsi deyil, pozuntu törətmiş şəxsi müdafiə edərək müqavilə azadlığına müdaxilə xarakteri daşıyır. Məhkəmə lizinq predmetlərinin cavabdehin istifadəsində qaldığı konkret dövrü və həmin dövr üçün qrafik üzrə yaranmış icrası gecikdirilmiş borcun müstəqil xarakterini aydınlaşdırmamışdır. Məhkəmə hesablaşma apararkən qalıq dəyərini keçmiş borcdan deyil, yalnız lizinq muzdu üzrə faizlərin qalığını da nəzərə alaraq gələcək borcdan çıxmalı idi. Məhkəmə 3324,5 manat pul tələbini rədd edərkən əmlakların (traktor və otbiçən) geri qaytarılmasının lizinq şirkətinin bütün zərərlərini tam şəkildə bağladığını fərz etmişdir. Lakin aqrar texnikanın təkrar bazarda realizə edilməsinin çətinlikləri və şirkətin çəkdiyi layihə xərcləri fonunda bu yanaşma sübuta yetirilməmiş qənaətdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Cavabdehlər tərəfindən apellyasiya şikayətinə yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etdi.

19. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

Maddə 747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. ...

Maddə 747-1. Lizinq müqaviləsinin subyektləri 747-1.1. Lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). ...

Maddə 747-3. Lizinqin formaları 747-3.1. Lizinqin bu Məcəllə ilə tənzimlənən əsas formalarına daxili və beynəlxalq lizinq aiddir. 747-3.2. Daxili lizinq həyata keçirildikdə lizinq verən və lizinq alan Azərbaycan Respublikasının rezidentləridir. ...

Maddə 748-10. Lizinq ödənişləri 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.

Maddə 748-11. Lizinq ödənişlərinin ümumi məbləği 748-11.1. Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: 748-11.1.1. lizinq obyektinin amortizasiya ödənişləri; 748-11.1.2. lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər. Maddə 750. Lizinq alanın məsuliyyəti Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ... Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. ...

Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. ...

Apellyasiya baxışının hədləri:

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Qətnamə qismən – iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

26. İş materialları ilə müəyyən olunur ki, tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan tərəfindən öhdəliklərin lazımınca yerinə yetirilməməsi səbəbindən müqaviləyə vaxtından əvvəl xitam verilmiş, lizinq obyektlərinin iddiaçıya saz və işlək vəziyyətdə qaytarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi pul tələbinə hüquqi qiymət verərkən lizinq obyektlərinin qalıq bazar dəyərini nəzərə alaraq iddianı həmin hissədə təmin etməmişdir.

27. Lizinq müqaviləsinə vaxtından əvvəl xitam verilməsinin nəticələri Mülki Məcəllənin 750-ci maddəsi ilə tənzimlənmişdir. Həmin normaya görə, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz və tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınmalıdır.

28. Kollegiya qeyd edir ki, göstərilən normanın məzmunundan lizinq əmlakının qalıq dəyərinin yalnız müqavilənin ləğvindən sonrakı dövr üzrə yaranacaq ödənişlərdən çıxılmalı olması nəticəsi irəli gəlmir. Əksinə, qanunverici müqaviləyə vaxtından əvvəl xitam verilməsi nəticəsində lizinq verənin irəli sürə biləcəyi tələblərin yekun həcminin müəyyənləşdirilməsi zamanı qalıq dəyərin nəzərə alınmasını imperativ qaydada müəyyən etmişdir.

29. Bu səbəbdən apellyasiya şikayətinin 2.969,98 manat məbləğində borcun müqavilənin ləğvindən əvvəlki dövr üzrə yaranması səbəbindən müstəqil qaydada və qalıq dəyər nəzərə alınmadan tutulmalı olması barədə iddiaçının dəlili əsaslı sayıla bilməz.

30. İddiaçının təklif etdiyi yanaşma qəbul edildiyi halda lizinq verən həm mülkiyyətində olan lizinq obyektlərini geri əldə etmiş, həm də həmin əmlakın qalıq dəyəri nəzərə alınmadan müqavilənin vaxtından əvvəl başa çatmasının bütün maliyyə nəticələrini lizinq alanın üzərinə qoymuş olardı ki, bu da Mülki Məcəllənin 750-ci maddəsində nəzərdə tutulmuş məqsədi ilə uzlaşmır.

31. İş materiallarında olan qiymətləndirmə hesabatı ilə lizinq obyektlərindən traktorun bazar dəyərinin 15.400 manat, otbiçənin bazar dəyərinin isə 1.100 manat, cəmi qalıq bazar dəyərinin 16.500 manat olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi 16.050,96 manat məbləğində qalıq lizinq ödənişlərini, cavabdehin 2.549 manat məbləğində etdiyi ödənişləri və lizinq obyektlərinin 16.500 manat qalıq dəyərini müqayisə etməklə yekun borcun mövcud olmadığı qənaətinə gəlmişdir.

32. Apellyasiya şikayətində aqrar texnikanın təkrar bazarda satış imkanlarının məhdud olması, yüksək amortizasiyaya məruz qalması və lizinq verənin həmin əmlakı qiymətləndirmə hesabatında göstərilən qiymətə sata bilməsinin çətin olması da irəli sürülmüşdür.

33. Kollegiya həmin dəlili də əsaslı hesab etmir.

34. Belə ki, iş üzrə qalıq dəyər qiymətləndirmə hesabatı ilə müəyyən edilmiş, iddiaçı isə həmin qiymətləndirmənin düzgünlüyünü təkzib edən və əmlakların real bazar dəyərinin daha aşağı olduğunu təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Əmlakın gələcəkdə hansı qiymətə və hansı müddətdə realizə edilə biləcəyinə dair ehtimallar özlüyündə müəyyən edilmiş bazar dəyərinin nəzərə alınmaması üçün əsas təşkil etmir.

35. Cərimə tələbinə münasibətdə kollegiya qeyd edir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Hazırkı halda MM-in 750-ci maddəsinə uyğun yekun hesablaşma nəticəsində iddiaçının tələb etdiyi əsas borcun tutulması üçün hüquqi əsas müəyyən edilmədiyindən, həmin borca bağlı şəkildə hesablanmış 354,52 manat cərimənin tutulması barədə tələb də təmin edilə bilməz. Birinci instansiya məhkəməsi də bu əsasla cərimə tələbini rədd etmişdir.

36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli halları kifayət qədər araşdırmış, lizinq müqaviləsinə vaxtından əvvəl xitam verilməsinin nəticələrini Mülki Məcəllənin 750-ci maddəsinin tələblərinə uyğun müəyyən etmiş və pul tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yaratmır.

37. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

39. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan aşağı olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

40. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-**/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar