Məhkəmə qərarları › İş №e-2-2(3-6)-833/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-833/2026

15.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-833/2026 15.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: podrat müqaviləsi, işlərin faktiki icrası, sübutların qiymətləndirilməsi, sübutetmə yükü) Hakim sədrliyi ilə, hakimlər X2 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-**)-**/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxıb, müəyyən etdi: Işin halları:

1. İddiaçı (“Icraçı”) ilə Cavabdeh (“Sifarişçi”) arasında bağlanmış ##.##.2025-ci il tarixli, C-***-PRD-FEG saylı xidmətlərə dair çərçivə müqaviləsinə əsasən, müqavilənin predmeti həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrdə və/və ya X4 təsvir olunacaq xidmətlərin göstərilməsidir. Əlavə və X4 başqa qayda nəzərdə tutulmadıqda, ödəniş müvafiq fakturanın alındığı tarixdən 30 gün ərzində həyata keçirilməlidir. Icraçı iş həcmindən asılı olaraq 30-50 faizədək avans ödəniş tələb edə bilər. Xidmətlər başa çatdıqdan sonra icraçı təhvil-təslim aktı, hesab-faktura və elektron qaimə-faktura təqdim etməlidir. Tərəflər öhdəliklərini vaxtında yerinə yetirmədikdə, gecikmənin hər günü üçün ödənilmiş avans məbləğinin və ya ödənilməmiş məbləğin 0,1%-i həcmində, lakin ümumi məbləğin 30%-dən çox olmamaqla kompensasiya tələb edilə bilər. Bu müddəa ödənişin icraçının gecikməsi və ya qüsurları səbəbilə dayandırıldığı hallara şamil edilmir.

2. Müqaviləyə *** saylı Əlavə Razılaşmaya əsasən, icraçı qoşmalarda müəyyən edilmiş xidmətləri göstərməli, xidmətlərin təhvil verilməsi təhvil-təslim aktı ilə rəsmiləşdirilməlidir. Ödənişin 50 faizi xidmətlərin icrasına başlanmazdan əvvəl avans olaraq, qalan 50 faizi isə xidmətlər yekunlaşdıqdan və təhvil-təslim aktı, hesab-faktura, elektron qaimə-faktura və digər tələb olunan sənədlər təqdim edildikdən sonra 30 təqvim günü ərzində ödənilməlidir.

3. *** saylı Əlavə Razılaşmanın *** saylı Qoşmasına əsasən, dəyəri 2 500 manat olan brendinq, dəyəri 5 000 manat olan yeni veb-saytın hazırlanması, habelə 650 manat dəyərində elektron poçt üçün serverin qurulması, 30 nəfərlik hostinq və “finekspertiza.com” domeninin alınması daxil olmaqla, ümumilikdə 8 150 manat dəyərində işlərin görülməsi razılaşdırılmışdır.

4. Müqaviləyə *** saylı Əlavə Razılaşmaya əsasən, icraçı qoşmalarda müəyyən edilmiş xidmətləri göstərməli, xidmətlərin təhvil verilməsi ilə rəsmiləşdirməlidir. Avans ödənişi nəzərdə tutulmamışdır. Xidmətlər yekunlaşdıqdan sonra xidmətlərin 100 faizi, təhvil-təslim aktı, hesab-faktura, elektron qaimə-faktura və digər tələb olunan sənədlər təqdim edildikdən sonra 30 təqvim günü ərzində ödənilməlidir.

5. *** saylı Əlavə Razılaşmanın *** saylı Qoşmasına əsasən, dəyəri 650 manat olan qrafik dizayn xidmətlərinin göstərilməsi razılaşdırılmışdır.

6. Iş materiallarına “X1.” şirkəti tərəfindən “xxxx” MMC ilə əlaqəli hostinq və digər elektron xidmətlərə dair tərtib edilmiş ümumi dəyəri 177,56 ABŞ dolları olan invoys sənədləri, İddiaçı MMC tərəfindən “xxxx” MMC-yə göndərilmiş 2 500 manat məbləğində ##.##.2025-ci il tarixli elektron qaimə-faktura, habelə “Hostinger” internet platfomasının idarəetmə panelindən hostinq hesabına, domenin və elektron poçt ünvanlarının idarə edilməsinə, eləcə də hostinq xidmətləri üzrə ödənişlərə dair məlumatları əks etdirən çıxarışlar və tərəflərin nümayəndələri arasında “WhatsApp” tətbiqi vasitəsilə xidmətlərin göstərilməsi ilə bağlı aparılmış yazışmaları əks etdirən ekran görüntüləri əlavə edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

7. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4 303,20 manat məbləğində borcun, həmçinin göstərilmiş hüquqi yardıma görə ödənilmiş 330 manat və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 65 manat olmaqla cəmi 4 698,20 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdeh göstərilmiş xidmətlərin dəyərini ödəməyərək müqavilə şərtlərini pozmuş, əvvəlcədən ödəniş edilmədiyindən iddiaçının öhdəliklərini vaxtında yerinə yetirməsinə mane olmuşdur. Buna baxmayaraq, cavabdeh hazırda iddiaçı tərəfindən hazırlanmış domen üzərindən elektron poçtlarını idarə edir və loqo nümunələrindən istifadə edir. Müqaviləyə edilmiş *** saylı razılaşmaya əsasən ödənişin 50 faizi əvvəlcədən, qalan hissəsi xidmətlər başa çatdıqdan sonra ödənilməli olduğu halda, ümumi 8 150 manat xidmət haqqının heç bir hissəsi ödənilməmiş, ödənişin gecikdirilməsinə görə 228,20 manat dəbbə pulu hesablanmışdır.

9. Cavabdeh iddiaya yazılı etirazında bildirmişdir ki, iddia tələbində göstərilənlər həqiqətə uyğun deyil. Belə ki, cavabdeh iddiaçı tərəfindən hazırlanmış saytdan istifadə etməmiş və hər hansı işin görülməsini sifariş etməmişdir. Müqaviləyə edilmiş *** saylı əlavə razılaşmaya əsasən xidmətlərin ümumi dəyərinin 50 faizinin işlərə başlanılmazdan əvvəl ödənilməsi nəzərdə tutulmuşdur. Lakin iddiaçı avans ödənişi edilmədən işlərin icrasına başladığını bildirmiş, bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehin həmin işlərdən xəbəri olmamış, işlərə yalnız ödənişdən sonra başlanılmalı olduğu halda iddiaçı özbaşına hərəkət etmişdir. Bu səbəbdən iddia tələbi qanunsuz və əsassız olduğundan rədd edilməlidir.

10. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-**/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 4 303,20 manat məbləğində əsas borcun, həmçinin ödənilmiş 65 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi cavabdehə 4 333 manat dəyərində, o cümlədən 6 ədəd loqo, dizayn xidməti və domenin alınması üzrə xidmət göstərildiyini bildirmişdir. Cavabdeh yazılı etirazında hər hansı xidmətin göstərilmədiyini qeyd etsə də, bununla bağlı iddiaçıya irad bildirməsi və ya müqavilənin ləğvi barədə məlumat verməsini təsdiq edən sübut təqdim etməmişdir.

12. Cavabdeh “xxxx” MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-**/**** saylı qətnaməsinin ləğv edilməsini və işin icraatına xitam verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən halları tam, hərtərəfli və obyektiv araşdırmamış, iş üzrə təqdim edilmiş sübutlara, habelə cavabdehin etiraz və dəlillərinə lazımi hüquqi qiymət verməmişdir. Dövlət rüsumu iddiaçı tərəfindən deyil, onun nümayəndəsi (vəkili) tərəfindən öz adından ödənilmişdir. Bununla bağlı etiraz məhkəməyə təqdim edilsə də, həmin hal birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Bundan əlavə, iddiaçı tərəfindən xidmətlərin faktiki olaraq göstərilmədiyi, habelə cavabdeh tərəfindən hazırlanmış domen və saytdan istifadə edilmədiyi bildirilmişdir. *** saylı Əlavə Razılaşmanın şərtlərinə əsasən, xidmətlərin ümumi dəyərinin 50 faizinin əvvəlcədən avans olaraq ödənilməsi nəzərdə tutulduğu halda, avans ödənişi həyata keçirilmədən iddiaçının işlərin icrasına başladığı iddia edilmişdir. Eyni zamanda, xidmətlərin göstərilməsini və təhvil verilməsini təsdiq edən təhvil-təslim aktının və digər müvafiq sübutların məhkəməyə təqdim edilmədiyi qeyd olunmuşdur. Həmçinin iddiaçının təqdim etdiyi sənədlərlə tələb etdiyi 4 303,20 manat məbləğ arasında uyğunsuzluğun olduğu göstərilmişdir. Belə ki, iş materiallarına 177,56 ABŞ dolları məbləğində invoys sənədləri və 2 500 manat məbləğində elektron qaimə-faktura təqdim edilmişdir. Qeyd olunanlara əsasən, cavabdeh hesab edir ki, xidmətlərin faktiki olaraq göstərilməsi və təhvil verilməsi, ödəniş tələbinin müqavilə şərtlərinə uyğunluğu, habelə tələb olunan borcun məbləği öz təsdiqini tapmamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi qeyd olunan halları və cavabdehin etirazlarını lazımi qaydada araşdırmamış və onlara müvafiq hüquqi qiymət verməmişdir. Bu əsaslarla cavabdeh iddia tələbinin əsassız olduğunu və təmin edilməməli olduğunu bildirmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Iddiaçı İddiaçı MMC tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

15. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 441. Öhdəliklərin qarşılıqlı icrası 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur.

Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz.

Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

Maddə 753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

Maddə 760. Müqaviləyə podratçının təşəbbüsü ilə xitam verilməsi 760.2. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 69. Nümayəndə vasitəsi ilə işin aparılması 69.1. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir.

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ... Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir.

Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: ... 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; ... 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; ... Maddə 386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut olunmaması Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. ... Apellyasiya baxışının hədləri:

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia əsas hissədə (pulun tutulması hissəsində) təmin edilmiş (göstərilmiş hüquqi yardıma görə ödənilmiş 330 manat məbləğində pulun tutulması hissəsində təmin edilməmişdir), qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

22. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin olunmalıdır.

23. Işin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında ##.##.2025-ci il tarixli, C-***-PRD-FEG saylı xidmətlərə dair çərçivə müqaviləsi bağlanmış, həmin müqaviləyə edilmiş 001 və *** saylı Əlavə Razılaşmalarla iddiaçı tərəfindən brendinq və qrafik dizayn işlərinin görülməsi, yeni veb-saytın hazırlanması, elektron poçt serverinin qurulması, domenin alınması və hostinqin təmin edilməsi razılaşdırılmışdır.

24. Mübahisənin düzgün həlli üçün tərəflər arasında yaranmış münasibətin hüquqi təbiətinin müəyyən edilməsi prinsipial əhəmiyyət daşıyır. Müqavilənin tərəflər tərəfindən necə adlandırılması deyil, onun predmeti, tərəflərin üzərinə götürdükləri öhdəliklərin məzmunu və müqavilə ilə qarşıya qoyulmuş məqsəd tətbiq edilməli maddi hüquq normalarını müəyyən edir.

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Podrat müqaviləsindən irəli gələn mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” # #### 2026-cı il tarixli ** nömrəli Qərarının 1.3–1.6-cı bəndlərində ifadə edilmiş hüquqi mövqeyə əsasən də podrat münasibətlərini xidmət münasibətlərindən fərqləndirən əsas əlamət icraçının fəaliyyətinin özünün deyil, həmin fəaliyyət nəticəsində konkret nəticənin yaradılmasının və sifarişçiyə təqdim edilməsinin müqavilənin məqsədini təşkil etməsidir.

26. Hazırkı müqavilənin və ona edilmiş əlavə razılaşmaların məzmunundan görünür ki, iddiaçı brendinq və qrafik dizayn nəticələri yaratmağı, yeni veb-sayt hazırlamağı, elektron poçt infrastrukturunu qurmağı və yaradılmış nəticələri sifarişçiyə təqdim etməyi öhdəsinə götürmüşdür. Tərəflərin görülmüş işlərin yekunlaşmasını və təhvil verilməsini təhvil-təslim aktı ilə rəsmiləşdirməyi nəzərdə tutmaları da müqavilənin nəticəyə yönəlmiş xarakterini göstərir.

27. Domenin alınması və hostinqin təmin edilməsi də müqavilədə nəzərdə tutulmuş elektron infrastrukturun yaradılmasına xidmət edən hərəkətlərdir. Podrat nəticəsinin yaradılması üçün zəruri materialların, texniki vasitələrin və ya digər resursların podratçı tərəfindən əldə edilməsi həmin hərəkətlər müqavilənin müstəqil məqsədini deyil, razılaşdırılmış nəticənin yaradılması vasitəsini təşkil etdikdə müqavilənin podrat xarakterini dəyişmir.

28. Buna görə kollegiya hesab edir ki, tərəflər arasında yaranmış münasibətlər müqavilənin adından asılı olmayaraq mahiyyət etibarilə podrat münasibətləridir və mübahisənin həlli zamanı podrat müqaviləsinə dair xüsusi hüquq normaları tətbiq edilməlidir.

29. Birinci instansiya məhkəməsi isə tərəflər arasındakı münasibətə xidmət münasibəti kimi yanaşmış və mübahisəni əsasən öhdəlik hüququnun ümumi normaları əsasında həll etmiş, podrat münasibətlərini xüsusi olaraq tənzimləyən hüquq normalarını tətbiq etməmişdir. Nəticədə hansı işlərin konkret nəticə kimi yaradılıb təqdim edildiyi, avansın ödənilməməsinin podratçının icrasına hüquqi təsiri, müqavilə münasibətlərinin hansı səbəbdən davam etdirilmədiyi və həmin anda faktiki yerinə yetirilmiş işlərin həcmi podrat münasibətlərinə dair xüsusi normalar əsasında qiymətləndirilməmişdir.

30. MPM-in 386-cı maddəsinə əsasən tətbiq edilməli olan qanunun və ya digər normativ hüquqi aktın tətbiq edilməməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi hesab olunur. Buna görə birinci instansiya məhkəməsinin münasibətlərin hüquqi təbiətinin müəyyən edilməsində və tətbiq edilməli hüquq normalarının seçilməsində yol verdiyi səhv MPM-in 385.1.1-ci maddəsinə əsasən qətnamənin ləğv edilməsi əsaslarından biridir.

31. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.

32. Tərəflər arasında müqavilənin lazımi qaydada və səlahiyyətli şəxslər tərəfindən bağlanması, *** saylı Əlavə Razılaşma üzrə nəzərdə tutulmuş işlərin həcmi, habelə ayrı-ayrı işlər üçün müəyyən edilmiş qiymətlər mübahisələndirilmir. Mübahisə iddiaçı tərəfindən hansı işlərin faktiki yerinə yetirilməsi və həmin işlərə görə cavabdehin ödəniş öhdəliyinin yaranıbyaranmaması ilə bağlıdır.

33. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə müqavilə üzrə müəyyən işləri yerinə yetirdiyini və onların dəyərini tələb etdiyini bildirən iddiaçı həmin işlərin faktiki icrasını sübut etməlidir.

34. Iş materiallarında olan “WhatsApp” yazışmalarından müəyyən olunur ki, Röyanə Cəfər cavabdehin əməkdaşı olmuş və tərəflər arasındakı müqavilə münasibətlərinin icrası ilə bağlı iddiaçı ilə əlaqəni həyata keçirmişdir. Cavabdehin nümayəndəsi də apellyasiya baxışı zamanı həmin şəxsin onların əməkdaşı olduğunu və iddiaçı ilə münasibətləri onun yaratdığını təsdiq etmiş, yazışmaların həqiqiliyi və məzmunu mübahisələndirilməmişdir.

35. Cavabdeh Röyanə Cəfərin hüquqi şəxsi təmsil etmək səlahiyyətinin olmadığını bildirsə də, hazırkı işdə həmin yazışmalar müqavilənin bağlanmasını və ya şərtlərinin dəyişdirilməsini deyil, müqavilə bağlandıqdan sonra tərəflərin faktiki davranışlarını, hansı işlərin görülməsini və nəticələrin sifarişçiyə təqdim edilməsini müəyyən etmək üçün qiymətləndirilir.

36. Yazışmalardan iddiaçının elektron poçt serverinin hazır olduğunu bildirdiyi və bununla bağlı texniki və maliyyə məlumatlarını cavabdeh tərəfə təqdim etdiyi görünür. “X1.” şirkətinin invoysları, internet platformasının idarəetmə panelindən çıxarışlar və tərəflərin yazışmaları birlikdə qiymətləndirildikdə, müqavilədə elektron poçt serverinin qurulması, 30 nəfərlik hostinqin təmin edilməsi və “finekspertiza.com” domeninin alınması üçün birlikdə 650 manat qiymətləndirilmiş işlərin faktiki həyata keçirildiyi və nəticəsinin cavabdehə təqdim edildiyi müəyyən olunur.

37. *** saylı Əlavə Razılaşmaya əsasən ümumi 8 150 manat müqavilə qiymətinin 50 faizi işlərin icrasına başlanmazdan əvvəl avans olaraq ödənilməli idi. Cavabdeh də məhz həmin şərtə istinad edərək bildirir ki, avansın ödənilməməsi onun işlərin icrasına başlanması barədə son qərar vermədiyini göstərir və iddiaçı müqavilədə nəzərdə tutulmuş işlərə öz təşəbbüsü ilə başlamışdır.

38. Kollegiya qeyd edir ki, əgər podratçı sifarişçinin işə başlanmasına dair iradəsi olmadan və onun məlumatı xaricində müqavilədə nəzərdə tutulmuş işləri öz təşəbbüsü ilə həyata keçirmiş olsaydı, yalnız podratçının həmin məqsədlə müəyyən xərc çəkməsi və ya fəaliyyət göstərməsi sifarişçi üçün görülmüş işin haqqını ödəmək öhdəliyi yaratmazdı. Buna görə hazırkı mübahisədə yalnız işlərin faktiki görülməsi deyil, həmin işlərin tərəflər arasındakı müqavilənin icrası çərçivəsində və sifarişçinin məlumatı və razılığı daxilində həyata keçirilibkeçirilməməsi də müəyyən edilməlidir.

39. Iş materiallarında işlərin icrasına başlanması barədə ayrıca və birbaşa göstəriş mövcud olmasa da, tərəflər arasındakı elektron yazışmaların məzmunu və ardıcıllığı, habelə müqavilənin icrası zamanı tərəflərin sonrakı davranışları cavabdehin elektron poçt serverinin qurulması, domenin alınması və hostinqin təmin edilməsi üzrə işlərdən xəbərsiz olması və iddiaçının həmin işləri sırf öz təşəbbüsü ilə həyata keçirməsi barədə mövqeyini təsdiq etmir. Əksinə, həmin sübutların məcmusundan bu işlərin digər işlərdən fərqli olaraq təxirəsalınmadan icra edildiyi, cavabdeh tərəfin müqavilənin icrası üzrə əlaqəni həyata keçirən əməkdaşının bu prosesdə iştirak etdiyi və görülmüş işlərin nəticəsinin cavabdeh tərəfə təqdim olunduğu müəyyən edilir.

40. Beləliklə, kollegiya 650 manat dəyərində elektron poçt serverinin qurulması, domenin alınması və hostinqin təmin edilməsi üzrə işlərin cavabdehin məlumatı və faktiki razılığı xaricində, iddiaçının birtərəfli təşəbbüsü ilə həyata keçirildiyi barədə etirazı əsaslı hesab etmir. Bu nəticə müqavilədə nəzərdə tutulmuş avans şərtinin ümumiyyətlə qüvvədən düşməsi və ya bütün işlər üzrə icra ardıcıllığının dəyişdirilməsi demək deyil; yalnız qeyd edilən konkret işlərin avans ödənilməzdən əvvəl tərəflərin faktiki davranışlarına uyğun olaraq icra edildiyini göstərir.

41. Mülki Məcəllənin 441.2-ci maddəsinə əsasən əvvəlki icra öhdəsinə düşən tərəf öz öhdəliyini yerinə yetirmədikdə qarşılıqlı icra öhdəsinə düşən tərəf öz icrasını dayandıra və ya ondan imtina edə bilər. Buna görə avansın ödənilməməsi iddiaçıya işlərin icrasına başlamamaq və ya onları dayandırmaq hüququ versə də, həmin norma avans ödənilmədən tərəflərin faktiki razılığı ilə müəyyən işlərin icra edilməsini qadağan etmir.

42. Hazırkı halda iddiaçı həmin hüquqdan elektron poçt serverinin qurulması, domenin alınması və hostinqin təmin edilməsi üzrə işlərə münasibətdə istifadə etməmiş, müqavilədə ayrıca 650 manat qiymətləndirilmiş nəticəni faktiki yaratmış və cavabdehə təqdim etmişdir. Buna görə cavabdeh özünün əvvəlcədən ödəniş öhdəliyini yerinə yetirməməsinə istinad etməklə həmin işlərin müqavilə çərçivəsində icra edilmədiyini və ya nəticəsinin əvəzsiz qalmalı olduğunu əsaslandıra bilməz.

43. Bununla yanaşı, iş materiallarından görünür ki, iddiaçı müqavilə üzrə avansın ödənilməsini sonradan da tələb etmiş, lakin ödəniş həyata keçirilməmiş və cavabdeh tərəfdən ödəniş üçün vəsaitin olmadığı bildirilmişdir. Bundan sonra podratçı müqavilədə nəzərdə tutulmuş qalan işlərin icrasını davam etdirməmiş və müqavilənin sonrakı icrası faktiki olaraq dayanmışdır.

44. Cavabdehin müqavilə ilə üzərinə götürdüyü əvvəlcədən ödəniş öhdəliyini yerinə yetirməməsi Mülki Məcəllənin 442-ci maddəsi mənasında öhdəliyin icra edilməməsidir. Ali Məhkəmə Plenumunun yuxarıda qeyd edilən Qərarının 5.2 və 5.7-ci bəndlərində də podratçı tərəfindən müqaviləyə sifarişçinin hərəkətləri və ya hərəkətsizliyi ilə bağlı səbəbdən xitam verildikdə sifarişçinin davranışına MM-in 442-ci maddəsi baxımından qiymət verilməli olduğu və öhdəliyin pozulması müəyyən edildikdə podratçının yerinə yetirilmiş işin haqqını tələb edə biləcəyi izah edilmişdir.

45. Hazırkı işdə sifarişçinin öz təşəbbüsü ilə müqavilədən imtina etməsi deyil, onun avans ödənişi öhdəliyini yerinə yetirməməsi nəticəsində podratçının qalan işlərin icrasını davam etdirməməsi müəyyən edilir. Buna görə Mülki Məcəllənin 760.2-ci maddəsinə əsasən podratçı münasibətlərə xitam verilənədək faktiki yerinə yetirdiyi işlərin haqqını tələb edə bilər. Elektron poçt serverinin qurulması, domenin alınması və hostinqin təmin edilməsi üzrə faktiki yerinə yetirilmiş işlərin müqavilə ilə ayrıca razılaşdırılmış qiyməti 650 manat olduğundan, MMin 753.1 və 760.2-ci maddələrinə əsasən həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

46. Müqavilədə işlərin təhvilinin təhvil-təslim aktı ilə rəsmiləşdirilməsi nəzərdə tutulsa da, hazırkı tələb müqavilənin tam icrasından sonra yekun muzdun ödənilməsinə deyil, MMin 760.2-ci maddəsinə əsasən münasibətlərə vaxtından əvvəl xitam verilənədək faktiki yerinə yetirilmiş işlərin haqqına aiddir. Buna görə yekun təhvil-təslim aktının olmaması həmin tələbi özlüyündə istisna etmir; bununla belə, görülmüş işin və nəticənin sifarişçiyə təqdim edilməsinin mötəbər sübutlarla təsdiqi tələb olunur. Hazırkı işdə bu hallar tərəflərin elektron yazışmaları və “Hostinger” platformasının məlumatlarının məcmusu ilə təsdiqlənir.

47. Müqavilə üzrə nəzərdə tutulmuş digər işlərə münasibətdə isə eyni nəticəyə gəlmək mümkün deyildir. Iddiaçı brendinq işlərinin tam həcmdə başa çatdırıldığını, yeni veb-saytın hazırlanaraq yekun nəticəsinin cavabdehə təqdim edildiyini, eləcə də *** saylı Əlavə Razılaşmada nəzərdə tutulmuş qrafik dizayn işlərinin müqaviləyə uyğun həcmdə yerinə yetirildiyini təsdiq edən kifayət qədər mötəbər sübut təqdim etməmişdir.

48. Brendinq işləri ilə bağlı “Brendinq prosesini davam etdirin...” məzmunlu yazışma və ## ###### 2025-ci il tarixdə iki PDF faylı formasında loqo nümunələrinin göndərilməsi həmin istiqamətdə müəyyən işlərin görüldüyünü təsdiq etsə də, işlərin tamamlandığını, yekun nəticənin sifarişçiyə təqdim edildiyini və faktiki yerinə yetirilmiş hissənin dəyərini müəyyən etməyə imkan vermir.

49. ## ###### 2025-ci il tarixli 2 500 manat məbləğində elektron qaimə-faktura da həmin məbləğdə brendinq işinin yerinə yetirildiyini təsdiq etmir. Tərəflərin yazışmalarından həmin qaimənin görülmüş və təhvil verilmiş işlərin dəyərinin rəsmiləşdirilməsi üçün deyil, əvvəlcədən ödənişin həyata keçirilməsi məqsədilə “avans qaiməsi” kimi göndərildiyi müəyyən olunur.

50. Yeni veb-saytın hazırlanması ilə bağlı müqavilədə nəzərdə tutulan yekun nəticənin yaradıldığını və cavabdehə təqdim olunduğunu göstərən sübut da müəyyən edilmir. Eyni zamanda, *** saylı Əlavə Razılaşma üzrə ayrıca 650 manat qiymətləndirilmiş qrafik dizayn işləri ilə *** saylı Əlavə Razılaşma üzrə elektron poçt serverinin qurulması, domen və hostinq işləri fərqli müqavilə öhdəlikləridir; sonuncu işlərin icrasını təsdiq edən sübutlar qrafik dizayn işlərinin də yerinə yetirilməsi nəticəsinə gəlməyə əsas vermir.

51. Buna görə kollegiya birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi ilə bağlı mövqeyini əsaslı hesab etmir. Birinci instansiya məhkəməsi iddiaçının nümayəndəsinin izahatına, cavabdehin isə görülmüş işlərə irad bildirməməsinə və müqavilənin ləğvi barədə məlumat təqdim etməməsinə istinad etməklə iddianı 4 303,20 manat hissəsində təmin etmişdir.

52. Halbuki müqavilə üzrə işlərin yerinə yetirildiyini və pul tələbinin həmin icradan irəli gəldiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Cavabdehin işlərin görülmədiyini ayrıca sübut edə bilməməsi iddiaçının sübutetmə vəzifəsini əvəz etmir. Birinci instansiya məhkəməsi ayrı-ayrı işlərin icrasına dair sübutlarla müqavilə üzrə bütün işlərin yerinə yetirilməsini eyniləşdirməklə MPM-in 77.1 və 88-ci maddələrinin tələblərinə uyğun olmayan nəticəyə gəlmişdir.

53. Bundan başqa, birinci instansiya məhkəməsi iddia ərizəsində göstərilmiş 4 303,20 manat məbləğin tərkibini də nəzərə almamışdır. Iddiaçının öz hesablamasına görə həmin məbləğin 4 075 manatı müqavilə üzrə nəzərdə tutulmuş avansdan, 228,20 manatı isə ödənişin gecikdirilməsinə görə hesablanmış dəbbə pulundan ibarət olduğu halda, birinci instansiya məhkəməsi məbləğin hamısını əsas borc kimi tutmuşdur.

54. Iddiaçının 228,20 manat dəbbə pulu tələbinə münasibətdə kollegiya qeyd edir ki, müqavilənin 11.1-ci bəndində öhdəliklərin vaxtında yerinə yetirilməməsinə görə gecikmənin hər günü üçün ödənilməmiş məbləğin 0,1 faizi həcmində dəbbə pulu nəzərdə tutulmuşdur. MM-in 445.2.1, 445.3 və 462.1-ci maddələrinin mənasına görə dəbbə pulunun tutulması üçün konkret pul öhdəliyinin icra müddətinin çatdığı və həmin müddətdən sonra öhdəliyin icra edilmədiyi müəyyən olunmalıdır.

55. Hazırkı halda iddiaçı dəbbə pulunu 8 150 manat ümumi müqavilə qiymətinin 50 faizini təşkil edən 4 075 manat avansın ödənilməməsinə görə hesablamışdır. Lakin *** saylı Əlavə Razılaşmada həmin avansın ödənilməsi üçün konkret təqvim tarixi müəyyən edilməmiş, yalnız onun işlərin icrasına başlanmazdan əvvəl ödənilməsi nəzərdə tutulmuş, işlərin başlanmalı olduğu konkret tarix isə müqavilədə göstərilməmişdir.

56. Buna görə avansın podratçı tərəfindən bir neçə dəfə tələb edilməsi özlüyündə 4 075 manatlıq pul öhdəliyinin hansı tarixdən gecikdirilmiş borca çevrildiyini müəyyən etmir. MM-in 445.3-cü maddəsi baxımından xatırlatma yalnız icra müddəti çatdıqdan sonra edildikdə gecikmənin müəyyən olunmasına hüquqi təsir göstərir. Iş materialları isə müqavilədə nəzərdə tutulan bütün işlər üzrə avansın ödənilməli olduğu belə konkret tarixi müəyyən etməyə imkan vermir.

57. ## ###### 2025-ci il tarixli elektron qaimə-faktura da həmin boşluğu aradan qaldırmır. Qaimə 4 075 manat deyil, 2 500 manat məbləğində tərtib edilmiş və tərəflərin yazışmalarından onun artıq yerinə yetirilmiş işlərin dəyərinin rəsmiləşdirilməsi üçün deyil, gələcək icra məqsədilə avans ödənişinin həyata keçirilməsi üçün təqdim olunduğu müəyyən edilmişdir.

58. Kollegiyanın tutulmalı hesab etdiyi 650 manat isə iddiaçının dəbbə pulunu hesabladığı 4 075 manat avansdan fərqli faktiki və hüquqi əsasa malikdir. Həmin məbləğ müqavilənin icrası zamanı faktiki yerinə yetirildiyi sübuta yetirilmiş və müqavilə ilə ayrıca qiymətləndirilmiş işlərin dəyəridir. Iş materiallarından həmin 650 manatın hansı tarixdə ödənilməli olduğu və cavabdehin məhz bu məbləğin ödənilməsini hansı tarixdən gecikdirdiyi müəyyən olunmur.

59. Beləliklə, 4 075 manatlıq avans öhdəliyinin icra müddəti və MM-in 445-ci maddəsi mənasında gecikmənin başlanğıc anı müəyyən edilmədiyindən, 650 manatlıq faktiki görülmüş iş üzrə isə ayrıca gecikmə dövrü sübuta yetirilmədiyindən 228,20 manat dəbbə pulunun tutulması üçün hüquqi əsas yoxdur.

60. Cavabdehin dövlət rüsumunun bilavasitə iddiaçı hüquqi şəxs tərəfindən deyil, onun nümayəndəsi tərəfindən ödənilməsi səbəbindən iddia ərizəsinin baxılmamış saxlanılmalı olması barədə apellyasiya şikayətinin dəlili də əsaslı deyildir.

61. MPM-in 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsilə məhkəməyə iddia verə bilər. Nümayəndə vasitəsilə iddia vermək hüququ yalnız hazırlanmış ərizənin fiziki olaraq məhkəməyə təqdim edilməsini deyil, iddianın qaldırılması üçün zəruri olan və nümayəndənin səlahiyyətləri daxilində həyata keçirilən prosessual hərəkətlərin məcmusunu, o cümlədən iddianın hazırlanmasını, imzalanmasını və dövlət rüsumunun ödənilməsini də ehtiva edir.

62. Digər tərəfdən, MPM-in 150.1.2-ci maddəsi iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin əlavə edilməsini tələb edir, lakin dövlət rüsumunun mütləq iddiaçının öz bank hesabından və ya şəxsən onun tərəfindən ödənilməsi barədə şərt müəyyən etmir. Hazırkı işdə ödəniş sənədinin məhz bu iddianın verilməsi ilə əlaqədar dövlət rüsumunun ödənilməsini təsdiq etdiyi nəzərə alındıqda, rüsumun iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən ödənilməsi iddianın baxılmamış saxlanılması üçün əsas yaratmır.

63. Beləliklə, birinci instansiya məhkəməsi həm mübahisəyə tətbiq edilməli maddi hüquq normalarının müəyyən edilməsində səhvə yol vermiş, həm də iş üçün əhəmiyyətli halları işdə olan sübutlara uyğun müəyyən etməmişdir. Bu hallar MPM-in 385.1.1, 385.1.3, 386 və 389-cu maddələrinə əsasən qətnamənin ləğv edilməsi üçün əsas yaradır.

64. Qeyd olunanlara əsasən cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul olunmaqla iddia qismən təmin edilməli, cavabdehdən 650 manat tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.

65. Birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edildiyindən MPM-in 119.1, 119.5 və 119.6-cı maddələrinə əsasən məhkəmə xərcləri işin yekun nəticəsinə uyğun olaraq yenidən bölüşdürülməlidir.

66. Iş üzrə məhkəmə xərcləri iddianın və apellyasiya şikayətinin verilməsi üçün müvafiq olaraq iddiaçı və cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumlarından ibarətdir. Iddiaçının mübahisələndirilən 4 303,20 manatlıq pul tələbinin 650 manat hissəsi, yəni təqribən 15 faizi təmin edilmiş, qalan 85 faizi isə rədd edilmişdir. Buna görə iddiaçının birinci instansiya məhkəməsində ödədiyi 65 manat dövlət rüsumunun 15 faizinə uyğun hissəsi cavabdehə, cavabdehin apellyasiya şikayətinin verilməsi üçün ödədiyi 33 manat dövlət rüsumunun isə 85 faizinə uyğun hissəsi iddiaçıya aid edilməlidir.

67. Tərəflərin bir-birinə ödəməli olduqları məhkəmə xərcləri qarşılıqlı nəzərə alındıqda, cavabdehin apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumunun 18,30 manat hissəsi iddiaçıdan tutularaq cavabdehə ödənilməli, məhkəmə xərclərinin qalan hissəsi həmin xərci çəkmiş tərəfin özünə aid edilməlidir.

68. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterlidir və qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan azdır. MPM-in 402.1-ci maddəsinə əsasən bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

69. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i : Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-**/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-**/**** nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh Cavabdeh 650 (altı yüz əlli) manat məbləğində pul tutularaq iddiaçı İddiaçı ödənilsin. Iddia qalan hissədə təmin edilməsin. Iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun 18,30 manat (on səkkiz manat, otuz qəpik) hissəsi iddiaçı İddiaçı tutularaq cavabdeh Cavabdeh ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun qalan hissəsi cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar