Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-914/2026 28.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından İddiaçı “Uğur İndustry” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: alqı-satqı müqaviləsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər X1 məruzəsi ilə, Təranə Nəriman qızı Mahmudova və X2 ibarət tərkibdə, İddiaçı “Uğur İndustry” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi İşin halları:
1. “xxxx” MMC (“Uğur İndustry” MMC-nin əvvəlki adı) (satıcı), ilə cavabdeh1 (alıcı) arasında ##.##.2020-ci il tarixli, *** saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, müqaviləyə * saylı əlavə olan spesifikasiya aktında adları qeyd olunan malları “satıcı” satmağı, “alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür
2. Hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuş ##.##.2026-ci il tarixli üzləşmə aktından görünür ki, cavabdeh1 9.840,70 manat məbləğində borcunun olması halını qəbul etmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
3. İddiaçı “Uğur İndustry” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh1 yaranmış 9.840,70 manat əsas borcun və dövlət rüsumu kimi ödənilmiş 118,41 manat pul vəsaitinin tutularaq “Uğur İndustry” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh1 ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ##.##.2020-ci il tarixli, *** saylı inşaat materiallarının alqısatqısı müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqaviləyə * saylı Əlavə olan Spesifikasiya aktında adları qeyd olunan malları “Satıcı” satmağı, “Alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. ##.##.2025-ci il tarixdə “xxxx” MMC-nin adı dəyişdirilərək “Uğur İndustry” Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılmışdır. Müqaviləyə uyğun olaraq cavabdehin sifarişi ilə müəyyən olunan mallar vaxtında və tam şəkildə ona təhvil verilmişdir. Alqı-satqı münasibətlərinin yekununda müştərinin qalıq debitor borcunun müəyyənləşdirilməsi məqsədilə cavabdeh1 və iddiaçının səlahiyyətli nümayəndələrinin iştirakı ilə “üzləşdirmə aktı” tərtib edilmişdir. ##.##.2026-cı il tarixli “üzləşdirmə aktı”na əsasən, cavabdeh1 “UĞUR İNDUSTRY” MMC-yə 9840,70 manat məbləğində qalıq borcunun olduğunu etiraf edərək, tərəflərin imzası ilə təsdiqlənmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilmişdir. ##.##.2020-ci il tarixli, alqı-satqı müqaviləsi üzrə 9.840 manat, 70 qəpik məbləğində pulun cavabdeh1 tutularaq “Uğur İndustry” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 118 manat 40 qəpik məbləğində pulun cavabdeh1 tutularaq “Uğur İndustry” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Məhkəmə qeyd edib ki, alqı-satqı müqaviləsi üzrə malların alıcıya təhvil verilməsi sübutetmə vəzifəsi satıcı olan “Uğur İndustry” MMC-nin üzərinə düşür. İş materiallarına əlavə olunmuş, hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuş ##.##.2026-ci il tarixli üzləşmə aktından görünüb ki, cavabdeh1 9.840,70 manat məbləğində borcunun olması halını qəbul etmişdir. İddiaçı da, cavabdehin ödənilməmiş 9.840,70 manat məbləğində borcunun ödənilməsini tələb edir. Məhkəmə qeyd edib ki, cavabdeh iddiaya münasibət (etiraz) bildirməmiş, malların dəyərinin ödənildiyini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edib ki, iddia 9.840,70 manat borcun tələb edilməsi hissəsində əsaslıdır. Bundan başqa məhkəmə hesab edib ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 118,4 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
7. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 600.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
8. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yalnız iddiaçının təqdim etdiyi sənədlərə istinad etmiş, cavabdehin ödəniş etməsi və ödənişlərin hansı səbəbdən dayandırılması hallarını araşdırmamışdır. İş üzrə cavabdeh müqavilə bağlandığı vaxtdan öhdəliklərini yerinə yetirmiş, aylıq ödənişləri mütəmadi şəkildə mobil bankçılıq vasitəsilə həyata keçirmişdir. Bu ödənişləri təsdiq edən elektron qəbzlər və bank əməliyyatları mövcuddur. Şirkətin adının dəyişdirilməsi nəticəsində ödəniş mümkün olmamışdır. İş materiallarından görünür ki, müqavilə "xxxx" MMC ilə bağlanmış, sonradan həmin hüquqi şəxsin adı "xxxx" MMC olaraq dəyişdirilmişdir. Lakin ad dəyişdirildikdən sonra cavabdehə yeni ödəniş rekvizitləri, yeni müştəri kodu, ödəniş təyinatı, yaxud digər zəruri məlumatlar təqdim edilməmişdir. Cavabdeh ödəniş etmək niyyətində olsa da, iddiaçının lazımi məlumatları təqdim etməməsi səbəbindən ödənişlərin davam etdirilməsi mümkün olmamışdır. Bu hal məhkəmə tərəfindən ümumiyyətlə araşdırılmamışdır. İddiaçı aşağıdakı halları sübut etməmişdir: malların tam həcmdə təhvil verilməsini; qalıq borcun necə hesablanmasını; ödənişlərin hansı tarixlərdə aparıldığını; hansı ödənişlərin nəzərə alındığını. Məhkəmə bu halları araşdırmadan yalnız iddiaçının izahatı əsasında qətnamə qəbul etmişdir. Məhkəmə əsas sübut kimi üzləşdirmə aktına istinad etmişdir. Lakin həmin akt ilkin mühasibat sənədi deyil və malların faktiki təhvil verilməsini təsdiq etmir. Məhkəmə qaimələri, elektron qaimələri, təhvil-təslim aktlarını və digər ilkin sənədləri araşdırmadan yalnız bu akta əsaslanmışdır. Bu isə sübutların obyektiv qiymətləndirilməsi prinsipinə ziddir. Birinci instansiya məhkəməsi cavabdehin faktiki ödənişlərini araşdırmamış, bank çıxarışlarını tələb etməmiş, iddiaçının təqdim etdiyi hesablamaların düzgünlüyünü yoxlamamışdır. Beləliklə, iş birtərəfli qaydada qiymətləndirilmişdir. Lakin qətnamədə ödənişlərin hansı səbəbdən nəzərə alınmaması, borcun hesablanma qaydası, təqdim olunmuş sənədlərin müqayisəli təhlili ümumiyyətlə göstərilməmişdir. Bu isə qətnamənin əsaslandırılmış məhkəmə aktı hesab edilməsinə imkan vermir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətinin əsas dəlili birinci instansiya məhkəməsinin işin hallarını tam araşdırmaması, sübutları birtərəfli qiymətləndirməsi təşkil edir. Lakin bu iddia həqiqətə uyğun deyil və cavabdehin öz prosessual vəzifələrini yerinə yetirməməsini örtbasdır10.etmək məqsədi daşıyır. İş materiallarında mövcud olan və birinci instansiya məhkəməsi tərəfindən əsaslı olaraq mühüm sübut kimi qiymətləndirilən ## ##### 2026-cı il tarixli Üzləşdirmə Aktı cavabdehin bütün dəlillərini təkzib edir. Həmin aktda cavabdeh1 “Uğur İndustry" MМС-уə 9.840,70 manat məbləğində borcunun olmasını şəxsən öz imzası ilə təsdiq etmişdir. Cavabdeh aktı imzalayarkən heç bir qeyd-şərt irəli sürməmiş, borcun məbləği ilə tam razılaşmışdır. İddiaçı müqaviləni, hüquqi varisliyi təsdiqedən sənədi və ən əsası, cavabdehin özünün imzaladığı borc etirafı sənədi olan üzləşdirmə aktını məhkəməyə təqdim etmişdir. Cavabdeh isə borcun olmaması və ya ödənilməsi faktını təsdiq edən bir dənə də olsun sübut (bank çıxarışı, ödəniş qəbzi, kassa mədaxil orderi və s.) təqdim etməmişdir. Apellyasiya şikayətində "mobil bankçılıq vasitəsilə ödənişlər etməsi" barədə deyilənlər yalnız sözdən ibarətdir və heç bir sənədlə təsdiqlənmir. Əgər belə ödənişlər həqiqətən mövcud idisə, cavabdeh niyə birinci instansiya məhkəməsinə və ya heç olmasa apellyasiya şikayətinə həmin elektron qəbzləri əlavə etməmişdir? Bu, cavabdehin qeyrisəmimi mövqeyini və məhkəməni yanıltmaq cəhdini göstərir. 2. Cavabdeh iddia edir ki, "xxxx" MMC-nin adının "Uğur İndustry" MMC olaraq dəyişdirilməsi səbəbindən ödəniş edə bilməmişdir. Bu dəlil hüquqi və məntiqi baxımdan tamamilə əsassızdır. Hüquqi şəxsin adının dəyişdirilməsi onun ləğvi və ya yenidən təşkili demək deyil. Bu, sadəcə nizamnaməyə edilmiş dəyişiklikdir. Hüquqi şəxsin VÖEN-i, bank rekvizitləri və digər vacib məlumatları dəyişməz qalır. Hüquqi şəxsin özü, onun hüquq və vəzifələri, o cümlədən debitorlarla olan münasibətləri tam həcmdə qüvvədə qalır. Cavabdeh fərdi sahibkar kimi fəaliyyət göstərir və kommersiya fəaliyyətinin əsaslarını bilməli, lazımi araşdırmanı apara bilməli idi. Əgər ödəniş etməkdə həqiqətən maraqlı olsaydı, cəmiyyət ilə əlaqə saxlayaraq rekvizitləri dəqiqləşdirə bilərdi. Lakin o, bunu etməmiş, əksinə, bu formal bəhanədən borcunu ödəməmək üçün suiistifadə etmişdir. Ən əsası, şirkətin adı ## ##### 2025-ci il tarixdə dəyişdirilmişdir. Lakin cavabdeh ## ##### 2026-cı il tarixdə, yəni ad dəyişikliyindən təxminən bir il sonra, yeni adlı “Uğur İndustry" MMC ilə Üzləşdirmə Aktını imzalamış və borcunu etiraf etmişdir. Bu fakt onun "ad dəyişikliyinə görə ödəniş edə bilməməsi" barədə dəlilini tamamilə alt-üst edir. Cavabdeh çəkişmə prinsipinin pozulduğunu və qətnamənin əsaslandırılmadığını iddia edir. Bu da həqiqətdən uzaqdır. Bakı Kommersiya Məhkəməsinin qətnaməsinin 3-cü bəndində aydın şəkildə göstərilir: "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır." Bu, o deməkdir ki, məhkəmə cavabdehə öz mövqeyini bildirmək, etirazlarını və sübutlarını təqdim etmək üçün qanunla müəyyən edilmiş imkanı yaratmışdır. Lakin cavabdeh bu hüququndan istifade etməmişdir. Məhkəmə tərəfin əvəzinə sübut toplaya bilməz. Çəkişmə prinsipi tərəflərə bərabər imkanların yaradılmasını nəzərdə tutur, tərəflərdən birinin passivliyini kompensasiya etməyi deyil.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
11. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də tərəflərin təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı şikayətə təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:
12. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
13. Mülki Prosessual Məcəllənin: -77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1 -ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
15. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətində göstərilən dəlilləri nəzərə alaraq, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin olunduğundan və cavabdeh apellyasiya şikayətində qətnaməni tam şəkildə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
18. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “xxxx” MMC (satıcı) (indiki adı “Uğur İndustry” MMC) ilə cavabdeh cavabdeh1 (alıcı) arasında ##.##.2020-ci il tarixli, *** saylı müqavilə bağlanmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək cavabdehə malları satmışdır. Cavabdeh cavabdeh1 isə təqdim olunmuş malların dəyərini ödəməmiş, nəticədə cavabdehin iddiaçıya 9840,70 manat məbləğində borcu yaranmışdır. Hazırda iddiaçı iddiasında 9840,70 manat məbləğində pulun ödənilməsini tələb edir.
19. Göründüyü kimi iddia tələbinin qanuni əsaslarını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 598.1-ci maddəsi təşkil edir.
20. Kollegiya qeyd edir ki, iddiaçı iddia etdiyi dəyərdə malların təqdim edilməsini sübuta yetirmək məqsədilə 9840,70 manat borcu əks etdirən tərəflərin imzası ilə təsdiq edilmiş təhvil-təslim və üzləşdirmə aktını (bir sənəddir) məhkəməyə təqdim etmişdir. Adıçəkilən sübutlar iddia olunan həcmdə malların təqdim edilməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli hesab edilir.
21. Cavabdehin arqumentlərinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh tərəfindən müqavilə üzrə ödənişlərin həyata keçirilməsini təsdiq edən hər hansı qəbz, bank hesabından çıxarış və ya digər mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Müqavilə tərəfinin adının dəyişdirilməsi ilə əlaqədar ödənişlərin həyata keçirilməsinin mümkün olmaması barədə dəlil isə cavabdehin iddiaçı qarşısında borc öhdəliyini aradan qaldıran hal kimi qiymətləndirilə bilməz.
22. Bununla yanaşı o da qeyd edilməlidir ki, iş materiallarında tərəflər arasında imzalanmış üzləşdirmə və təhvil-təslim aktı mövcuddur və həmin sənəddə tərəflərin qarşılıqlı hesablaşmaları və borc məbləği əks etdirilmişdir. Odur ki, cavabdehin borcun məbləğinin müəyyən edilmədiyi və malların təhvil verilməsinin sübuta yetirilmədiyi barədə dəlilləri də iş materialları ilə təkzib olunur.
23. Beləliklə, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
24. Məhkəmə kollegiyası apellyasiya icraatı ilə bağlı məhkəmə xərclərinə münasibətdə isə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
25. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət e t d i :
Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov