Məhkəmə qərarları › İş №e-2(3-9)-741/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-741/2026

15.09.2026 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-741/2026 15.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Tağızadə Lalə Kazım qızının katibliyi, İddiaçı və onun nümayəndəsi vəkil nümayəndə2, Cavabdeh və onun nümayəndəsi nümayəndə1 iştirakları ilə, Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borc qismində 56650 manat, vəkil xərci olan 300 manat və dövlət rüsumunun əvəzi olaraq 260 manat pulun Cavabdeh alınaraq ona verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sabirabad rayonu Muğan Gəncəli kənd sakini Cavabdeh həmin kənddə uşaq bağçasının müdiri kimi tanıyır. Aralarında yaranan səmimi münasibət zəminində cavabdeh ondan qızıl-zinət əşyaları alaraq satıb pulunu qaytaracağını bildirmişdir. O bu təkliflə razılaşmış və cavabdehə qızıl verməyə başlamışdır. Cavabdehin hazırda ona ümumilikdə 56650 manat məbləğdə borcu qalmışdır. Cavabdeh ##.##.2025-ci ildə ona yazılı iltizam vermişdir. Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək İddiaçı ilə Cavabdeh arasında şifahi formada bağlanmış nisyə alğı-satqı müqaviləsindən yaranmış 56650 manat borcun, iddianın qaldırılması ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi 260 manat və hüquqi yardım xərcinin əvəzi 300 manat, ümumilikdə 57210 manat məbləğdə pul vəsaitinin Cavabdeh tutulub İddiaçı ödənilməsi, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış ##.##.2025-ci il tarixli */**** saylı məhkəməxətşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən xərcin əvəzi 138 manatın Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında şifahi formada bağlanmış qızıl-zinət əşyalarının alğı-satqısı barədə müqaviləyə görə satılan qızılın ümumi dəyəri 56650 manat müəyyən edilmiş, cavabdehin iddiaçıya olan 56650 manat borcunun 2025-ci ilin iyun ayının 5-nə qədər ödəyəcəyi razılaşdırılmışdır. Məhkəmə iclasında işin araşdırılmış halları ilə və təqdim edilmiş sübutlarla müəyyən olunmuşdur ki, qızıl-zinət əşyalarının alğı-satqısı barədə müqaviləyə əsasən iddiaçı ümumi dəyəri 56650 manat təşkil edən qızıl-zinyət əşyalarını cavabdehə təhvil vermiş, sonuncu isə nisyə aldığı qızıl-zinət əşyalarının dəyərini ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməli olmuş, iddiaçı tələbinin əsası kimi ##.##.2025-ci il tarixli əlyazmaya istinad etmişdir. Cavabdeh iddiaya etiraz etsə də, tələbi qismən etiraf etmişdir. Lakin o, etirazında qeyd etdiyi - borcunun həqiqətən tələb olunan həcmdə deyil, daha az məbləğdə olduğunu, iddiaçının təqdim etdiyi əlyazmanın onun tərəfindən imzalamadığı kimi halların təsdiqinə dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçı tələbinin əsası kimi nisyə alğı-satqıdan yaranmış borcunun məhz 56650 manat olması faktına istinad edərək, iddia tələbinin əsası kimi istinad etdiyi həmin halın təsdiqinə dair cavabdehin imzası və yazısı ilə tərtib edilmiş əlyazmanı məhkəməyə təqdim etmiş və bununla da, istinad etdiyi həmin faktları sübut edə bilmişdir. Cavabdeh isə bu halı etirazında təkzib etsə də, məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə iddiaçının izahatını da cavabdeh tərəfindən imzalanmış əlyazmaya və bu əlyazmanın etibarlığını təsdiq edən ##.##.2025-ci il tarixli */**** saylı məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə və mülki işin digər hallarına uyğun gəldiyinə görə mötəbər hesab etmişdir. Cavabdeh apellyasiya şikayəti vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı ilə tanışlığı 2019-2020-ci illəri əhatə edir. İddiaçı əvvəllər evlərinə gəlib-getmiş və ailəvi dostluqları yaranmışdır. Hətta öz oğlunun qızıllarını da ondan almışdır. İddiaçı qızıl alverçisidir və özünün şəxsi mağazası da vardır. İddiaçı ona təklif etmişdir ki, qızıl alveri ilə məşğuldur və onun qızıllarını satsın. O da iddiaçıya köməklik göstərmiş və oradan heç bir qazancı olmamışdır. Hətta iddiaçı ona qızılları satmaq üçün pul da təklif etmişdir ki, o, götürməmişdir. İddiaçı ondan başqa da çox adama qızıl vermişdir. Mirsəkinə xanım da onu tanıyırdı və onu vasitəçi qoymuşdur. Həcər adlı şəxs onunla danışmış, Mirsəkinə isə qızılı gəlib götürmüşdür. Həcərlə Mirsəkinə anabala əlbir olub onları aldatmışlar və qızıllar “boynunda qalmışdır”. Bütün qızıl məmulatlarını özü götürmüşdür. İddiaçı tələbdə göstərilən 56650 manat dəyərində olan qızıl məmulatlarını onun əli ilə vermişdir. Həmin qızılları isə Mirsəkinəyə vermişdir. Bütün məsuliyyət Mirsəkinənin üzərindədir və bütün öhdəliyi o daşıyır. Alver 2019-cu ildən olmuşdur. Ən çox yığılan pullar 2020-ci ilə təsadüf edir. Alver isə 2023-cü ilə qədər olmuşdur. 2019-cu ildən 2023-cü ilə kimi 5665 manat məbləğdə pul yığılmışdır. 2023-cü ilə kimi Mirsəkinə vaxtaşırı gətirib puldan 1000 manat, 600 manat, 700 manat verirdi. Pul verilə-verilə 56650 manat qalmışdır. 2023-cü ildən isə pul verməyi Mirsəkinə dayandırmışdır. Mirsəkinə Nənəxanım qızıl vermədiyi üçün nisyə pulları qaytarmamışdır. Dəfələrlə bu qızılları kimin üçün, nə üçün götürdüyünü soruşmuşdur. O isə başqaları üçün götürdüyünü demişdir. Həcər və Mirsəkinə elə bildirmişlər ki, 2023-cü ildən bu günə kimi verəcəklər, lakin heç bir manat da ödəniş etməmişlər. Hətta Sabirabad * saylı X7 57000 manat məbləğdə borcu olmasını etiraf etmiş və aralarında ##.##.2026-cı il tarixdə barışıq sazişi bağlanmışdır. Öhdəlik olaraq hər ay 500 manat ödəməyi Mirsəkinə öz üzərinə götürmüşdür. Hətta şahid qismində Mirsəkinəni belə gətirə bilər ki, borc onun borcu deyil, Mirsəkinənin borcudur. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, qızılların alınıb verilməsində vasitəçi olmuşdur. İddiaçı qızılları həm ona, həm də kənd sakinlərinə vermişdir. İddiaçıdan qızılları qəbul edib digər şəxslərə çatdırsa da, qızılların bir hissəsini iddiaçı özü də digər şəxslərə vermişdir. İddiaçıdan 56650 manat dəyərində qızıl götürməmişdir. İddia olunan məbləğ həqiqəti əks etdirmir və şişirdilmişdir. İddiaçı iş yerinə gələrək, qorxu və təzyiq altında qəbzə imza atmasına səbəb olmuşdur. Hazırda uşaq bağçasının müdiri vəzifəsində çalışır. Cavabdeh nümayəndəsi nümayəndə1 məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdehin əridir və cavabdeh qızılların alınıb-satılması məsələsində öz bibisi ilə iddiaçı arasında vasitəçilik etmişdir. İddiaçı özü təklif etmişdir ki, kənddə qızıl almaq istəyən şəxslər olarsa, qızılları onlara satsın. Əvvəllər tərəflər arasında münasibətlər yaxşı olmuşdur. Hazırda işləmir. Qızılları alan şəxslər ödəniş etmədiklərindən yaranmış borc və mübahisə onların üzərində qalmışdır. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, adıçəkilən dəyərdə qızılları Mirxədicəyə vermişdir. Qızılları Mirxədicənin özünə şəxsən təhvil vermiş və ona dəfələrlə bildirmişdir ki, bibisinə və bibisi oğluna qızıl verməsin. Qızıl alan şəxslərin adlarını Mirxədicə ona bildirmiş, həmin şəxslərin adları tərəfindən dəftərində qeyd edilmişdir. İddiaçı nümayəndəsi vəkil nümayəndə2 məhkəmə iclasında izahat verərək bildirdi ki, iş materiallarına əlavə edilmiş Barışıq sazişindən cavabdeh tərəfindən iddia tələbinin etiraf edildiyi görünür. Barışıq sazişi cavabdehlə Qasımova Mirsəkinə arasında bağlanmış və sazişə əsasən 57000 manat məbləğdə borcu Mirsəkinə hər ay 500 manat olmaqla cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. Qasımova Mirsəkinə birinci instansiya məhkəməsində bu barədə şahid qismində dindirilmişdir. Cavabdeh tərəfindən imzalanmış əlyazmadan görünür ki, o, İddiaçı 56650 manat məbləğində qızıl götürdüyünü, satdığını və borclu qaldığını etiraf etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli */**** saylı məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, “X5 Həsənxanış........” sözləri ilə başlayıb “........ təziq göstərmədən yazdım” yazıları ilə bitən ##.##.2025-ci il tarixli qəbzdəki (kserosurəti mülki işin 7-ci vərəqindədir) əlyazmalar və imza - Cavabdeh tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Cavabdeh bibisidir. İddiaçı şəxsən tanımamışdır. O, Mirxədicədən qızılları götürüb satmışdır. Axrıncı alış-verişi 3-4 il əvvəl olub. Hazırda onun Mirxədicəyə borcu var. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinə münasibətdə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 324.1-324.3-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. MM-in 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. MM-in 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. MM-in 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; borclunun icranı gecikdirməsi sayılır. MM-in 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in hazırda qüvvədə olan 739.1-739.2-ci maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür; Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. MM-in 882-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düz tətbiq etmişdir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlər baxımından apellyasiya instansiyası məhkəməsi hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə tərkibi diqqətə çatdırmağı zəruri hesab edir ki, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də Dürüstlük qaydasıdır. Bir hüquqdan Dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan suiistifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Beləliklə, məhkəmə tərkibi iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinin iddianın rədd edilməsinə yönəlmiş bütün dəlilləri ayrı-ayrılıqda formal və əsassızdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bundan başqa, MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Eyvazov İlqar İlham oğlunun özünə aid edilməlidir. Məhkəmə tərkibi göstərilənlərə əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar