Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-972/2026 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh “X1” MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: icarə müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi, icarə haqqının tutulması) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, Abdullayev Elşən Uğur oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə iddiaçı Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh “X1” MMC-yə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları
1. İddiaçı Dövlət Əmlakının Idarə Edilməsi və X2 Şöbəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 29-cu km, 4 ünvanında yerləşən, “xxxx” ASC-yə məxsus əmlak kompleksinin yerləşdiyi 12.123,8 kv.m torpaq sahəsinin 10.803,8 kv.m hissəsi üzrə icarə müqaviləsinin bağlanması ilə bağlı məlumat verilmişdir. Çıxarışda həmin torpaq sahəsinin əmlakın dövlət reyestrində 002-00068739- 001 qeydiyyat nömrəsi ilə qeydə alındığı, məlumatın DƏIVDEŞ-in **** nömrəli, ##.##.2022-ci il tarixli xidməti məlumatına əsasən təqdim edildiyi, həmçinin “xxxx” ASC-nin ümumi yığıncağında əmlak kompleksinin bir hissəsinin “X1” MMC-yə satıldığı qeyd edilmişdir.
2. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə (Icarəyə verən) “X1”xxxx"Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi” barədə ##.##.2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyəverənin icarəyə verdiyi Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 29-cu km, 4 ünvanındakı əmlak kompleksinin yerləşdiyi 10803,8 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Müqavilənin: 2.2-ci bəndinə əsasən icarəçinin öhdəliklərindən biri də icarə haqqını vaxtında və tam həcmdə ödəməkdir. 3.1-ci bəndinə əsasən torpaq sahəsinin illik icarə haqqı məbləği 25.929,12 manat, aylıq icarə haqqı 2.160,76 manat müəyyən edilir. 3.2-ci bəndinə əsasən icarə haqqı üzrə aylıq ödəniş hər cari ayın 10-dan gec olmayaraq İddiaçı (VÖEN **********) Azərbaycan Respublikası Mərkəzi Bankının Əməliyyat Idarəsindəki AZ**NABZ******************** saylı hesabına (kod 501004, müxbir hesab AZ74NABZ01451700000000001944, VÖEN ***********, S.W.İ.F.T. NABZAZ2C) ödənilməlidir. 4.1-ci bəndinə əsasən, bu müqavilə ilə icarə müddəti ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək müəyyən edilir. 4.2-ci bəndinə əsasən, müqavilənin müddəti qurtardıqdan sonra icarəçi torpaq sahəsini istifadə etdiyini nəzərə alaraq, müqavilə nəzərdə tutulmuş eyni müddət üçün uzadılmış hesab edilir (icarəyəverənin etirazı olmadıqda). Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə, cavabdeh “X1” MMC-dən ## ###### 2022-ci il tarixli **** nömrəli icarə müqaviləsi üzrə ##.##.2024-cü il tarixədək olan müddət üçün yaranmış 28.089,88 manat məbləğində borcun tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.
4. ##.##.2024-cü il tarixli icraata başlamaq haqqında qərara əsasən həmin tarixdə Bakı şəhəri Qaradağ rayon Icra Şöbəsinin icra məmuru Bakı Kommersiya Məhkəməsinin e-2- *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli icra sənədi üzrə icraata başlamışdır.
5. “X1” MMC-nin sonuncu şəxsi hesab vərəqəsinə əsasən müəyyən edilir ki, “X1” MMC-nin ##.##.2024-cü il tarixdən ##.##.2026-cı il tarixinə (aylıq icarə haqqı 2.160,76 manat olmaqla) cəmi ödənilməli olan icarə haqqı borcu 54.541,75 manat təşkil edir. Qeyd: Sonuncu dəfə ##.##.2026-ci il tarixdə 28.274,15 manat ödəniş edilmişdir.
6. ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X1” MMC-yə dövlət mülkiyyətində olan torpaq sahəsinə görə icarə haqqının ödənilməsi haqqında xəbərdarlıq ünvanlanaraq bildirilmişdir ki, torpaq sahəsinin icarə haqqı üzrə borcunun 7 iş günü müddətində ödənilməsi təmin edilməyəcəyi təqdirdə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər həyata keçiriləcəkdir.
7. Iddiaçı əvvəllər cavabdehə qarşı məhkəmədə iddia qaldırmış və məhkəmə ## ###### 2022-ci il tarixli icarə müqaviləsi üzrə ##.##.2024-cü il tarixədək olan müddət üçün yaranmış 28.089,88 manat məbləğində borcun tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə qəbul etmiş və iş icraya yönəldilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
8. Iddiaçı Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddia ərizəsi ilə, daha sonra iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən ##.##.2022-ci il tarixli, **** nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə ##.##.2026-cı il tarixə yaranmış 54541.75 (əlli dörd min beş yüz qırx bir manat yetmiş beş qəpik) manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası Mərkəzi Bankının Əməliyyat Idarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ01451700000000001944 VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ ) köçürülməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış ##.##.2022-ci il tarixli, **** nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 29-cu km, 4 ünvanında yerləşən dövlət mülkiyyətində olan 10803.8 kv.m torpaq sahəsi “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyyələri vaxtında ödəmək icarəçinin vəzifəsinə daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə görə icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Bildiririk ki, bundan əvvəl hazırkı ##.##.2022-ci il tarixli, **** nömrəli icarə müqaviləsi üzrə yaranmış icarəhaqqı borcunun ödənilməsi ilə bağlı iddiaçı Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, ##.##.2024-cü il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir və Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə cavabdehdən ##.##.2024-cü il tarixə yaranmış 28089.88 (iyirmi səkkiz min səksən doqquz manat səksən səkkiz qəpik) manat məbləğində icarə haqqı borcu tutulmuşdur (qətnamə iddia ərizəsinə əlavə edilir). Hazırda müqavilə üzrə dövlət büdcəsinə ##.##.2024 - ##.##.2026-cı il dövr üzrə ödənilməli olan 47536.72 (qırx yeddi min beş yüz otuz altı manat yetmiş iki qəpik) manat icarə haqqı borcu mövcuddur. Cavabdehə ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilməsinə baxmayaraq, cavabdeh məktubu qəbul etməkdən və icarə haqqı borcunu ödəməkdən imtina etmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məhkəmə qərarlarından verilən şikayətlər və məhkəməyə verilən iddia ərizələri üçün ödənilən rüsumdan azad olunur.
10. ##.##.2026-cı il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Yahyayeva Günel izahat verərək bildirmişdir ki, cavabdehlə aralarında imzalanmış ##.##.2022-ci il tarixli, **** nömrəli icarə müqaviləsi hələ də qüvvədədir. Buna əsasən iddia tələbinin həcminin artırılmasına zərurət yaranmışdır. Bunu nəzərə alaraq, məhkəmə hazırlıq iclasının təxirə salınması xahiş olunur. Hazırkı iddia ərizəsindəki tələb ##.##.2026-cı il tarixinə qədər olan borc məbləğinə əsaslanır. Cavabdehin sonuncu ödənişi ##.##.2023-cü il tarixində 4321 manat olmaqla həyata keçirilib. Daha sonra məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Şalizadə Rasim iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, sonuncu dəfə 28.000 manata yaxın ödəniş edilib və ümumi borcdan silinmişdir, hazırda icarə obyekti cavabdehin istifadəsindədir.
11. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
13. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır:
- Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə cavabdeh “X1” MMC arasında bağlanmış hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə ##.##.2022-ci il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 29-cu km, 4 ünvanındakı əmlak kompleksinin yerləşdiyi 10803,8 kv.m torpaq sahəsi cavabdehin icarəsinə verilmişdir. Cavabdeh “X1” MMC torpaq sahəsinin icarəsində olduğu müddət üçün icarə haqqını ödəmək öhdəliyini lazımi qaydada icra etmədiyindən dövlət büdcəsinə icarə haqqı borcu yaranmışdır. Hal-hazırda cavabdeh “X1” MMC-nin ##.##.2022-ci il tarixli icarə müqaviləsi üzrə iddia tələbinin artırılması nəzərə alınmaqla, ##.##.2024-cü il tarixdən ##.##.2026-cı il tarixinə olan borcu 54.541,75 manat təşkil edir. - Məhkəmə mübahisəli hüquq münasibətində icarəyə verən qismində çıxış edən Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin icarəçi olan “X1” MMC-dən icarə haqqını ödəmək öhdəliyinin icra edilməsini tələb etmək hüququnun olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti icarə haqqı borcunun ödənilməsini tələb etməkdə haqlıdır. - Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdeh “X1” MMCdən ##.##.2022-ci il tarixli icarə müqaviləsi üzrə ##.##.2024-cü il tarixdən ##.##.2026-cı il tarixədək olan müddətdə yaranmış 54.541,75 manat məbləğində icarə haqqı borcu tutulmalıdır.
14. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1, 445.1, 700.1, 700.2, 706.1, 706.4-cü maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsi, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin 10-cu abzasına, .“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına, Azərbaycan Respublikası Prezidentinin ## ### 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş İddiaçı Əsasnaməsinin 3.0.11, 3.0.15, 4.0.18-ci yarımbəndinə istinad etmişdir.
15. Həmin qətnamədən cavabdeh apellyasiya verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, bildirmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmamış, icarəyə götürülmüş torpaq sahəsindən faktiki istifadə olunmasını təsdiq edən sübutlar olmadığı halda yalnız müqaviləyə və iddiaçının təqdim etdiyi hesablamaya əsaslanaraq icarə haqqını tutmuş, hesablamanın düzgünlüyünü yoxlamamışdır.
Apellyasiya şikayətinə qarşı etirazlar
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahatlar
17. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin işirakını təmin etməmişdirlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
19. Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır.
20. Qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir.
21. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
22. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
23. Maddə 324.5. Iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
24. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
26. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
27. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
28. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
29. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
30. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
31. Maddə 700.1. Icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
32. Maddə 700.2. Icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
33. Maddə 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər.
34. Maddə 706.4. Torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703-cü maddələri, habelə bu paraqrafın müddəaları tətbiq edilir.
Azərbaycan Respublikası Torpaq Məcəlləsi
35. Maddə 51. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə edilməsi nəzərdə tutulur. Icarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
38. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
45. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları və tərəflərin izahatları ilə birlikdə qiymətləndirərək hesab edir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticənin dəyişdirilməsi üçün əsas vermir.
46. Istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
47. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
48. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının ## ######## 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2018-ci il tarixli Qərarı).
49. Işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış ##.##.2022-ci il tarixli icarə müqaviləsinə əsasən 10.803,8 kv.m torpaq sahəsi cavabdehin müvəqqəti istifadəsinə verilmiş və cavabdeh icarə haqqını vaxtında və tam həcmdə ödəmək öhdəliyi götürmüşdür.
50. Beləliklə, tərəflər arasında münasibətlərin xarakterinə görə iddianın qanuni əsası kimi icarə münasibətləri ilə bağlı normalar nəzərdən keçirilə bilər. Bu baxımdan iddiaçı, icarə müqaviləsi üzrə ödənilməyən icarə haqqının məbləğini və icarəçinin öz öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyini sübut etməlidir; icarəçi isə iddiaçıya borcunun qalmadığını, eyni zamanda artıq ödənişlərinin olduğunu sübut etmək vəzifəsi daşıyır.
51. Qeyd olunmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir (§ 36-39).
52. Kollegiya apellyatorun torpaq sahəsindən faktiki istifadə edilməməsi barədə dəlilini əsaslı hesab etmir.
53. Belə ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 4.1 və 4.2-ci bəndlərinə əsasən, icarə müddəti ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək müəyyən edilmiş, müqavilənin müddəti qurtardıqdan sonra icarəçi torpaq sahəsini istifadə etdiyini nəzərə alaraq, müqavilə nəzərdə tutulmuş eyni müddət üçün uzadılmış hesab edilir (icarəyəverənin etirazı olmadıqda).
54. Iş materialları ilə müəyyən olunur ki, müqavilənin müddəti başa çatdıqdan sonra onun uzadılmasına tərəflərdən etiraz edilməmiş və müqavilə münasibətləri davam etmişdir.
55. Kollegiya qeyd edir ki, cavabdeh müqaviləyə xitam verildiyini, torpaq sahəsinin icarəyəverənə qaytarıldığını və ya icarə münasibətlərinin başqa əsasla başa çatdığını təsdiq edən sübut təqdim etməmişdir.
56. Əksinə, işin hallarından görünür ki, müqavilə üzrə davamlı ödənişlər həyata keçirmiş, sonuncu dəfə ##.##.2026-cı il tarixdə 28.274,15 manat ödəmişdir. Bu hallar cavabdehin müqavilədən irəli gələn icarə münasibətlərini və ödəniş öhdəliyini qəbul etdiyini göstərir.
57. Iş materiallarından görünür ki, ##.##.2022-ci il tarixli icarə müqaviləsinin 3.1-ci bəndinə əsasən torpaq sahəsinin illik icarə haqqı 25.929,12 manat, aylıq icarə haqqı isə 2.160,76 manat müəyyən edilmişdir. Iddiaçı hazırkı iş üzrə ##.##.2024-cü il tarixdən ##.##.2026-cı il tarixədək olan dövr üçün icarə haqqını müqavilədə müəyyən edilmiş aylıq 2.160,76 manat məbləğ əsasında hesablamış, həmin dövrdə cavabdeh tərəfindən həyata keçirilmiş ödənişləri borcdan çıxmaqla qalıq borcu 54.541,75 manat müəyyən etmişdir.
58. Cavabdeh isə hesablamada tətbiq edilmiş aylıq icarə haqqının müqavilə şərtlərinə uyğun olmadığını, nəzərə alınmamış ödənişlərinin mövcudluğunu və ya qalıq borcun başqa məbləğ təşkil etdiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən borcun hesablanmasının əsassız olması barədə apellyasiya şikayətinin dəlili qəbul edilə bilməz.
59. Beləliklə, apellyatorların apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
60. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun məbləği apellyatorların özlərinə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDI:
Cavabdeh “X1” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.