Məhkəmə qərarları › İş №e-2-2(4-11)-339/2026

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(4-11)-339/2026

04.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(4-11)-339/2026 04.03.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı DİN BAŞ MÜHAFİZƏ İDARƏSİ XƏTAİ RAYON MÜHAFİZƏ İDARƏSİNİN Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat işi (açar sözlər:podrat müqaviləsi, xidmət müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı DİN BAŞ MÜHAFİZƏ İDARƏSİ XƏTAİ RAYON MÜHAFİZƏ İDARƏSİNİN Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İ. İşin mahiyyəti:

1. İddiaçı DİN BAŞ MÜHAFİZƏ İDARƏSİNİN XƏTAİ RAYON MÜHAFİZƏ İDARƏSİ iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh, fiziki şəxs Cavabdeh tərəfindən obyektə göstərilən mühafizə xidmətinə görə yaranmış 477,57 (dörd yüz yetmiş yeddi manat 57 qəpik) vəsaitin Xətai RMİ-nin hesabına ödənilməsinə və dövlət rüsumunun cavabdeh tərəfindən ödənilməsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh , fiziki şəxs Cavabdeh ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Xətai Rayon Mühafizə İdarəsi arasında bağlanmış 530 saylı müqaviləyə əsasən ünvan 1 ünvanda yerləşən "Natural aptek" xx.xx.2023-cü il tarixdən mühafizə olunur. Həmin müqavilənin 1.10-cu bəndinə əsasən mühafizə haqqı hər ayın 15-dək ödənilməli olduğu halda, uzun müddət ödəniş edilməmiş, nəticədə obyektə göstərilən mühafizə xidmətinə görə idarəyə 477,57 (dörd yüz yetmiş yeddi) manat 57 qəpik debitor borcu yaranmışdır. Borcun ödənilməsi məqsədilə fiziki şəxs Cavabdeh idarənin xx.xx.2025-ci il tarixli 3-13-17-6/777/2025 saylı pretenziya məktubu ünvanlanmış, lakin cavadeh tərəfindən həmin vəsait ödənilməmişdir.

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

4. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

5. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.

6. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

7. Cavabdehə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

8. Məhkəmə təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq, işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

İİ. Tədqiq olunan sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki halları

9. İş materiallarına əlavə edilmiş: - DİN BAŞ MÜHAFİZƏ İDARƏSİNİN XƏTAİ RAYON MÜHAFİZƏ İDARƏSİ ilə Cavabdeh arasında imzalanmış 26 dekabr 2023-cü il tarixli, 530 saylı əmlakın mühafizəsi haqqında müqavilədən görünür ki, Bu müqavilə müəyyən edilmiş tələbatlara uyğun gələn və «Mülkiyyətçi»nin əmlakının saxlandığı yerlərin (bundan sonra «Obyekt» adlanacaq) mühafizəsini nəzərdə tutur.Hansı sahənin, əmlakın hansı hissəsinin mühafizəyə verilməsi «Mülkiyyətçi», etibarlı qorunmanın təmin edilməsi məqsədilə «obyektin» hansı xidmət növü ilə mühafizə olunması, postların yerləşdirilməsi və normativ sənədlər əsasında siqnalizasiya sistemləri ilə təchizi «Mühafizə» tərəfindən müəyyənləşdirilir. «Obyekt»in mühafizəsi tərəflərin razılığı əsasında bütün gün ərzində və ya saatlarla həyata keçirilə bilər. Bütün bunlar har iki tərəfin iştirakı ilə hazırlanmış və təsdiq olunmuş ilkin müayinə aktı və qiymət cədvəli əsasında müəyyən edilir.Mühafizə olunan «obyekt»də buraxılış və daxili rejim «Mülkiyyətçi» tərəfindən müəyyənləşdirilərək, ikitərəfli təsdiq olunmuş təlimat əsasında «Mühafizə» tərəfindən həyata keçirilir. Etibarlı mühafizənin təmin olunması məqsədilə «obyekt»in kateqoriyasından aslı olaraq texniki möhkəmliklə əlaqədar profilaktiki (rübdə və yarımillikdə bir dəfə) və ya plandankənar (təbii fəlakət, oğurluq və digər hadisələr, həmçinin tikinti konstruksiyalarında dəyişiklik və təmir ilə əlaqədar) birgə müayinələr aparılaraq müvafiq akt tərtib edirlər. Məhkəmə orqanlarının qərarına əsasən oğurluq Mühafizə xidməti işçilərinin təqsirindən baş verərsə, onda dəymiş ziyan «Mühafizə» tərəfindən «Mülkiyyətçi»yə ödənilir. Bu zaman oğurlanmış əmlakın miqdarı müvafiq sənədlərlə təstiq olunmalı, ziyanın ödənilməsi zamanı qiymətli mal- materialların köhnəlməsi nəzərə alınmalı və oğurlanmış pul vəsaiti isə təyin olunmuş limitdən çox olmamaq şərti ilə ödənilməlidir. «Mülkiyyətçi» mülki iddia qaldırarsa mühafizə olunan «obyekt»də kənar şəxsərin yaxalanması zamanı dəymiş ziyan məhkəmə qərarlarına əsasən təqsirkar şəxs tərəfindən ödənilir. Oğurluq zamanı dəymiş ziyanın müəyyən edilməsi məqsədilə malmaterial qalığının çıxarılmasında «Mühafizə»niri səlahiyyətli nümayəndəsinin iştirakı təmin olunmazsa, onda dəymiş ziyana görə «Mühafizə» maddi məsuliyyət daşımır. Təbii fəlakət və digər fövqəladə hadisələr zamanı «Mülkiyyətçi»yə dəymiş ziyana görə «Mühafizə» maddi məsuliyyət daşımır. Pul və qiymətli əşyaların lazım olan yerdə saxlanmaması, müayinə aktlarında qeyd olunan tədbirlərin həyata keçirilməməsi, müqavilədə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsi, «Mühafizə»nin təqdiri olmadan baş vermiş yanğın hadisəsi və siqnalizasiya sistemlərinin «Mülkiyyətçi» tərəfindən qoşulmaması zamanı, həmçinin müvafiq sənədlərdən artıq saxlanan malmateriallara və mühafizəyə təhvil verməzdən əvvəl «Obyekt»də qalmış şəxs tərəfindən dəymiş ziyan ödənilmir. Mühafizə haqqı qiymət cədvəlinə əsasən «Mülkiyyətçi» tərəfindən hər ayın 1 5 dək Kapitalbank 1 saylı Nəsimi filialı banka keçirməklə və ya nəğd yolla ödənilir. «Mülkiyyətçi» mühafizə haqqını vaxtında ödəməzsə, onda hər gecikdirilən gün üçün müqavilə qiymətinin 0.1% qədər cərimə ödəməlidir. Azərbaycan Respublikasının Prezidentinin, Nazirlər Kabinetinin fərman, sərəncam və qərarlarına əsasən əmək haqlarının azalması və artması, həmçinin Mühafizə xidməti əməkdaşlarının saxlanma xərclərində olan dəyişikliklər ilə əlaqədar mühafizə haqqı azala və ya arta bilər. - Müqavilənin 2.2-ci bəndinə əsasən İlkin müayinə aktına və qiymət cədvəlinə əsasən müəyyən xidmət növü ilə «obyekt»in mühafizəsini təmin edir və təlimatlarda göstərilən tələbləri həyata keçirir. - Müqavilənin 4.1-ci bəndinə əsasən Müqavilə 1 (bir) il müddətinə bağlanılır və imzalandığı andan qüvvəyə minir. Müqavilə müddətinin bitməsinə bir ay qalmış tərəflər müqavilənin ləğv olunmasını tələb etmirsə, onda bu sənəd əvvəlki şərtlər əsasında 1 il müddətinə qədər uzadılmış sayılır. - Müqavilənin 4.2-ci bəndinə əsasən Tərəflərin qarşılıqlı razılığı və ya müqavilə şərtlərinin yerinə yelirilməməsi zamanı, müqavilə vaxtından əvvəl pozula bilər. Müqavilənin pozulmasını tələb edən tərəf digər tərəfi 1 ay qabaqdan xəbərdar etməlidir. - Müqavilə iddiaçının imzası və möhürü, cavabdehin isə imzası ilə təsdiq edilmişdir.

10. Əmlakın mühafizəsi haqqında müqaviləyə əlavə edilən Qiymət cədvəlindən görünür ki, aylıq xidmət haqqı ƏDV daxil 116,60 manat müəyyən edilir və Qiymət cədvəli iddiaçının imzası və möhürü, cavabdehin isə imzası ilə təsdiq edilmişdir.

11. 27.02.2026-cı il tarixli maliyyə arayışından görünür ki, iddiaçının hesablamalarına görə 2023-cü ilin dekabr ayından 2026-cı ilin yanvar ayı da daxil olmaqla qalıq borc 477,57 manat təşkil edir.

12. 11 dekabr 2025-ci il tarixli cavabdehə ünvanlanmış pretenziya məktubundan görünür ki, 595,97 manat borcun 10 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə müqavilənin birtərəfli qaydada ləğv ediləcəyi və məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

İİİ. Tətbiq edilən maddi hüquq normaları:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

14. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

15. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

16. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

17. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

19. Maddə 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.

20. Maddə 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir.

21. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

22. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

23. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

24. Maddə 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır.

25. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

26. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

27. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

28. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

29. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

30. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

31. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

32. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

33. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

34. Maddə 755. Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur.

35. Maddə 769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

İV. Tətbiq edilən prosessual hüquq normaları:

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

37. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

40. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

42. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

43. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

V. Məhkəmənin əsaslandırması:

44. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 26 dekabr 2023-cü il tarixdə 530 saylı əmlakın mühafizəsi haqqında xidmət müqaviləsi bağlanmışdır. İlk növbədə qeyd edim ki, Mülki Məcəllədə “xidmət müqaviləsi” adlı müqavilə növü nəzərdə tutulmasa da, onlar Mülki Məcəlləyə zidd olmayan müqavilələr bağlaya bilər və məzmununu müəyyənləşdirə bilərlər. Hansı ki, tərəflər arasında bağlanmış müqavilədə Mülki Məcəlləyə zidd olan hallar müəyyən edilməmişdir.

45. Tədqiq edilmiş sübutlardan (müqavilə, qiymət cədvəli və maliyyə arayışı) isə müəyyən edilir ki, iddiaçı göstərilən xidmətə görə ödənilməyən qalıq borcun 477,57 manat olduğunu iddia edir, cavabdeh isə iddiaya dair etiraz vermir.

46. Prosessual qanunvericiliyin tələbinə görə Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Hazırki mübahisədə isə tərəflər arasında bağlanmış müqavilənin şərtinə görə mülkiyyətçi mühafizə haqqını qiymət cədvəlinə əsasən hər ayın 15-dək ödəməlidir, müqavilə 1 il müddətinə bağlanılır və müddətin bitməsinə 1 ay qalmış tərəflər müqavilənin ləğv olunmasını tələb etmirsə müqavilə eyni müddətə uzadılmış hesab edilir. İddiaçı isə lazımi sübutları əlavə etməklə iddiasını əsaslandırmış, cavabdeh isə həmin halları mübahisələndirməmişdir.

47. Odur ki, iddiaçının tələbi əsaslı hesab edilməli və müqavilə üzrə yaranmış borca görə cavabdehdən iddiaçının xeyrinə 477.57 manat pul tutulmalıdır.

48. Bundan əlavə iddiaçı iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu ödəməkdən azad edildiyinə görə iddianın təmin edilmiş hissəsinə nisbətdə dövlət rüsumu cavabdehdən tutulmalıdır. 49.MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 50.Beləliklə, iddiaçı büdcə təşkilatı olduğundan və dövlət rüsumunu ödəməkdən azad edildiyindən, həmçinin iddia təmin olunduğundan hesab edirəm ki, 30 manat məbləğində dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Vİ. Nəticə:

51. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 477,57 (dörd yüz yetmiş yeddi manat əlli yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar