Məhkəmə qərarları › İş №e-2(3-6)-2526/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2526/2026

21.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2526/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh X2rşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: təhsil haqqı, akademik məzuniyyət, öhdəliyin icra olunmaması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlundan və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi, iddiaçı İddiaçı nümayəndəsi (vəkili) nümayəndə2, cavabdeh Cavabdeh X3 nümayəndəsi nümayəndə1 iştirakı ilə İddiaçı Cavabdeh X2rşı “pulun ödənilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 aprel 2026-cı il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Cavabdeh PHŞ (BDU) ilə İddiaçı arasında bağlanmış ##.##.2023-cü il tarixli ** nömrəli “xxxx ilə ödənişli əsaslarla təhsil alacaq təhsilalan arasında fərdi müqavilə”yə əsasən, BDU İddiaçı Rasim oğlunun hüquqşünaslıq ixtisası üzrə ödənişli əsaslarla ali təhsilli mütəxəssis kimi hazırlanmasını öhdəsinə götürür, İddiaçı Rasim oğlunu təhsil alması üçün bütün zəruri şəraitlə təmin edir, ona kitabxana, idman kompleksi, tibbi xidmət, habelə dövlət sifarişi ilə təhsilalanlar üçün müəyyən olunmuş digər hüquqlardan istifadə etmək imkanı yaradır.

2. Həmin müqavilənin 2.4.1-ci bəndinə əsasən, təhsil aldığı ilk tədris ili üçün həmin tədris ilinin başlanmasından əvvəl, sonrakı tədris illəri üçün isə növbəti tədris ilinin payız semestrinin imtahan sessiyası ərzində müvafiq icra orqanı tərəfindən təsdiq edilmiş məbləğdə 3600 manat təhsil haqqını BDU-nun hesabına keçirmək təhsilalanın öhdəliyi kimi müəyyən edilmişdir.

3. Müqavilənin 5.4-cü bəndinə əsasən, təhsilalan öz arzusu ilə başqa təhsil müəssisəsinə köçürüldükdə, müəyyən kateqoriyalı xəstəliklərə tutulduqda öz ərizəsi ilə xaric edildikdə təhsil almadığı semestr üçün ödədiyi məbləği geri qaytarılır.

4. “Təhsil haqqının ödənilməsi haqqında” ##.##.2026-cı il tarixli arayışa əsasən, xxxx hüquq fakültəsinin bakalavriat təhsil səviyyəsinin qiyabi təhsilalma forması, Azərbaycan bölməsi, “Hüquqşünaslıq” ixtisası üzrə ödənişli əsaslarla təhsil alan 1-ci kurs tələbəsi İddiaçı ##.##.2023cü il tarixdə 1800 manat məbləğində təhsil haqqı ödəmişdir.

5. Cavabdeh PHŞ-nin ##.##.2023-cü il tarixli əmrinə əsasən, bakalavriat səviyyəsinin qiyabi təhsilalma formasının hüquq fakültəsi, hüquqşünaslıq ixtisasının Azərbaycan bölməsi üzrə ödənişli əsaslarla təhsil alan İ kurs tələbəsi İddiaçı ailə vəziyyəti ilə əlaqədar olaraq 2023/2024-cü tədris ilinin payız semestrindən 2024/2025-ci tədris ilinin payız semestrinə qədər akademik məzuniyyət verilmişdir.

6. Cavabdeh PHŞ-nin ##.##.2024-cü il tarixli əmrinə əsasən, bakalavriat səviyyəsinin qiyabi təhsilalma formasının hüquq fakültəsi, hüquqşünaslıq ixtisasının Azərbaycan bölməsi üzrə ödənişli əsaslarla təhsil alan İ kurs tələbəsi İddiaçı ##.##.2023-cü il tarixli */**** nömrəli əmrlə ailə vəziyyəti ilə əlaqədar verilmiş akademik məzuniyyətin müddəti 2025/2026-cı tədris ilinin payız semestrinədək uzadılmışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

7. İddiaçı (iddiaçı) Cavabdeh X2 (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən 1800 manat təhsil haqqının və 38 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2023-cü ildə xxxxnin hüquq fakültəsinin qiyabi təhsil şöbəsinə daxil olmuş, həmin semestrdə yarımillik təhsil haqqı olan 1800 manatı ödəmiş, qəbul olunduğu andan bir gün belə təhsilə başlamadan akademik məzuniyyət götürmüşdür. Buna səbəb isə “X1”nun dəstəyi ilə X6 Akademiyasına təhsil almağa getməsi olmuşdur. Sonradan da xxxxndə təhsilini bərpa edə bilməmişdir. Həm anasının onkoloji xəstə olması, həm də atasının işləməməsi səbəbindən ödəmiş olduğu 1800 manatın geri qaytarılması barədə ərizə xxxxnə müraciət etsə də, bu günədək müsbət nəticə əldə edə bilməmişdir. Bu xidmətin baş tutmaması cavabdehin təqsiri ucbatından olmasa da, cavabdeh heç bir xidmət göstərmədiyi halda onun hesabına 1800 manat əsassız varlanmışdır.

9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə iddiaya etiraz edərək bildirmişdir ki, tələbə ödənişli şərtlərlə xxxxnə daxil olmaq üçün ödəniş etməlidir. Bu, müqavilədə 2.4.1-ci maddədə yazılıb. İllik ödəniş 3600 manat olduğu halda tələbəyə şərait yaradılıb ki, birinci yarım ilin ödənişi olan 1800 manatı ödəsin. xxxxnə ödənişli şərtlərlə qəbul olduqda pul ödənildikdən sonra tələbə adını qazanır. 3600 manatın hamısını ödəsə, müqavilədə olduğu kimi 5.4-cü bəndə əsaslanaraq ikinci yarım ilin pulu 1800 manat hissəsi qaytarılır. Akademik məzuniyyətdə olmaq pulun qaytarılmasına əsas deyil. Həmin məbləğ ilk dəfə daxil olarkən tələbə adını qazanması üçün tələb olunur. Növbəti illərdə tələbə ödənişləri iki hissəli olduqda payız semestrinin sonunadək, yəni yanvarın sonuna kimi ödəməlidir. Maliyyə şöbəsi təsdiq verdikdən sonra tələbə adını qazanır.

10. Birinci instansiya məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət olunmuşdur.

11. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, tərəflər arasında öhdəlik hüquq münasibəti yaranmışdır. İddiaçı və cavabdeh arasında bağlanmış ## ######## 2023cü il tarixli müqavilədən göründüyü kimi xxxx təhsil alanı hüquqşünaslıq ixtisası üzrə ödənişli əsaslarla ali təhsilli mütəxəssis kimi hazırlanmasını, təhsil alan isə təhsil aldığı ilk tədris ili üçün həmin tədris ili başlanmasından əvvəl, sonrakı tədris illəri üçün isə növbəti tədris ilinin payız semestrinin imtahan sessiyası ərzində 3600 manat təhsil haqqını BDU-nin hesabına köçürməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.4cü bəndinə əsasən tərəflər razılığa gəlmişlər ki, təhsilalan öz arzusu ilə, başqa təhsil müəssisəsinə köçürüldükdə, müəyyən kateqoriyalı xəstəliklərə tutulduqda təhsil almadığı semestr üçün ödədiyi məbləğ geri qaytarılır.

Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı ödənişli əsaslarla təhsil almaq üçün universitetə qəbul edilmiş və təhsil haqqının əvvəlcədən ödənilməsi onun təhsil prosesinə buraxılması üçün zəruri şərt olmuşdur. Müqavilənin 5.4-cü bəndinə əsasən təhsil almayan semestr üzrə ödənişin geri qaytarılması nəzərdə tutulsa da, iş materiallarından görünür ki, iddiaçı akademik məzuniyyət götürməklə təhsil hüququnu saxlamış, sonradan öz arzusu ilə universitetdən xaric olunaraq həmin hüquqdan könüllü imtina etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının müvafiq ixtisasa qəbul olunması ilə onun üçün tədris yerinin ayrılması təmin edilmiş və həmin yer digər potensial abituriyentlər üçün əlçatmaz olmuşdur. Müqavilədə təhsil haqqının ilk tədris ili üçün həmin tədris ili başlamazdan əvvəl ödənilməsi ilə bağlı müddəa da həmin məbləğin tələbənin tədris prosesinə buraxılmasının zəruri şərti olduğuna əsas verir. Bu baxımdan məhkəmə hesab edir ki, məhz ilk tədris ili üçün ödənilmiş məbləğ yalnız faktiki tədris xidmətinin göstərilməsi ilə deyil, həm də təhsil yerinin ayrılması və saxlanılması ilə bağlı öhdəlikləri əhatə edir. Odur ki, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

12. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 386.1-ci, 398.1-ci, 399.1-c, 427.3-cü, 442-ci, 443.1-ci, 448.1-ci, 448.2-ci maddələrinə, “xxxx” Azərbaycan Respublikası Qanununa, “Azərbaycan Respublikasının dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil haqqının ödənilməsi” Qaydalarına istinad etmişdir.

13. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını irəli sürmüşdür. Şikayətdə həmçinin qeyd edilmişdir ki, başqa təhsil müəssisəsinə köçürülmə ilə başqa təhsil müəssisinə qəbul alma arasında prinsipial və cavabdehin hər hansı hüquqlarını poza biləcək bir fərq yoxdur. Yəni köçürülməyə münasibətdə ödənişin qaytarılmasının nəzərdə tutulması, lakin başqa təhsil müəssisəsinə qəbul olmanın nəzərdə tutulmaması arasındakı ziddiyyət müqavilənin təfsiri ilə aradan qaldırılmalı idi. Müqaviləni bütövlükdə qiymətləndirdikdə ortaya çıxan mənzərə budur ki, iddiaçının başqa təhsil müəssisəsinə qəbul alaraq, cavabdehin xidmətlərindən istifadə etməməsi halında da ödəniş geri qaytarılmalı idi.

Apellyasiya şikayətinə qarşı etiraz

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahatlar

15. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir.

19. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

20. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

21. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

“xxxx” Azərbaycan Respublikası Qanunu

22. Maddə 14.8. Təhsil müəssisəsində təhsil dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir. Azərbaycan Respublikasında xüsusi təyinatlı təhsil (hərbi, dövlət təhlükəsizliyi və digər) müvafiq təhsil müəssisələrində, bu Qanunun tələbləri nəzərə alınmaqla, dövlət hesabına həyata keçirilir.

23. Maddə 26.1. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci və 26.5-3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir.

“Azərbaycan Respublikasının dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil haqqının ödənilməsi” Qaydaları

24. Maddə 3. Dövlət ali və orta ixtisas təhsili müəssisələrində ixtisasdan asılı olaraq təhsil haqqının məbləği mövcud qanunvericiliyə uyğun olaraq müəyyən edilir və aşağıdakı qaydada ödənilir: ödənişli əsaslarla təhsil alan tələbələr tərəfindən təhsil haqqı onların təhsil aldıqları müəssisələrin müvafiq xəzinə hesablarına banklar və onların filialları vasitəsilə köçürmə qaydasında ödənilir; müvafiq ali və orta ixtisas təhsili müəssisəsinin mühasibatlığı tərəfindən təhsil haqqının ödənilməsi üçün tələbələrə onların adlarını, atalarının adlarını və soyadlarını, təhsil aldığı müəssisənin və fakültənin adlarını, qrupun nömrəsini, habelə ödəniş məbləğini göstərməklə hesab-faktura verilir; təhsil haqqının ödənilməsi üçün tələbəyə verilən hesabfakturaya təhsil müəssisəsinin rektoru (direktoru) və baş mühasibi imza etdikdən sonra hesabfaktura müəyyən olunmuş qaydada xüsusi olaraq açılmış kitabda qeydiyyata alınır və alınması üçün həmin kitabda imza etdikdən sonra tələbəyə təqdim edilir; tələbə tərəfindən təhsil haqqının ödənilməsini təsdiq edən sənədin surəti məlumat üçün təhsil müəssisəsinin mühasibatlığına təqdim olunur.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 2017-ci il ## ###### tarixli */* nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar (tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuşdur)

25. Bənd 2.1. Tələbələrin ixtisasını və (və ya) təhsilalma formasını dəyişməsi, bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi birinci semestr başa çatdıqdan sonra həyata keçirilir. Xarici ölkə ali təhsil müəssisələrində qiyabi təhsil alan tələbələrin ölkənin ali təhsil müəssisələrinə köçürülməsi aparılmır.

26. Bənd 2.2. Tələbələrin bakalavriat səviyyəsində bir ali təhsil müəssisəsindən və ya (və) ixtisasdan digərinə köçürülməsi zamanı tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi (bundan sonra - DİM) tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.

27. Bənd 2.3. Ölkə daxilində bakalavriat səviyyəsində, əsas (baza ali) tibb təhsilində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsilalma formasını və ya ixtisasını dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın

28. Bənd 2.9. Bir ali təhsil müəssisəsindən və (və ya) ixtisasdan digərinə köçürülmək, eləcə də təhsilalma formasını dəyişmək istəyən tələbə aşağıdakı sənədləri əlavə etməklə Elm və Təhsil Nazirliyinə elektron ərizə ilə (www.transfer.edu.az) müraciət edir: 2.9.1. akademik arayış (akademik transkript) - tələbənin təhsil müddətində keçdiyi fənlər üzrə topladığı kreditləri (saatları) və qiymətləri (rəqəm və (və ya) hərflərlə) özündə əks etdirən (xaricdə təhsil alanlar üçün mövcud qaydada leqallaşdırılmış və Azərbaycan dilinə tərcümə olunmuş) sənəd. 2.9.2. ali təhsil müəssisəsinə qəbul olunarkən topladığı bal və ya DİM tərəfindən keçirilən imtahanlarda iştirak etməməsi haqqında sənəd (xaricdən köçürülənlər üçün); 2.9.3. köçürülmə səbəblərini təsdiq edən sənədlər; 2.9.4. beynəlxalq səviyyəli imtahanlarda (SAT, TOEFL, İELTS və s.) qazandıqları nəticələri təsdiq edən rəsmi sənədlər (xaricdən köçürülənlər və ya ölkə ali təhsil müəssisələrinə bu imtahanların nəticələri ilə qəbul olunanlar üçün); 2.9.5. təhsil haqqı borcunun olmaması; 2.9.6. xaricdə təhsil aldığı müddətdə gediş-gəlişi təsdiq edən rəsmi sənədlər (xaricdən köçürülənlər üçün).

29. Bənd 2.10. Bir ali təhsil müəssisəsindən və (və ya) ixtisasdan digərinə köçürülmək, eləcə də təhsilalma formasını dəyişmək istəyən tələbənin təqdim etdiyi sənədlər Elm və Təhsil Nazirliyində yoxlanılır, "Tələbə-məzun" dövlət elektron məlumat sistemi ilə tutuşdurulur, xaricdən köçürüldüyü halda tələbənin beynəlxalq imtahanlarda qazandıqları nəticələr, onun təhsil aldığı xarici ölkə ali təhsil müəssisəsinin həmin ölkədə akkreditə olunması, dünya reytinq cədvəllərindəki yeri və gediş-gəlişi təsdiq edən rəsmi sənədləri yoxlanılır, köçürülmə üçün əsasların olub-olmadığı müəyyənləşdirilir.

30. Bənd 2.11. Köçürülmə üçün əsas olmadığı hallarda Elm və Təhsil Nazirliyi tərəfindən ərizəçiyə köçürülməkdən imtina barədə cavab verilir. Köçürülmə ilə bağlı müsbət qərar qəbul olunduğu təqdirdə tələbənin təhsil aldığı ali təhsil müəssisəsinə akademik transkript blankının ayrılması barədə (bir ali təhsil müəssisəsindən digərinə köçürülənlər üçün), köçürülmək istədiyi ali təhsil müəssisəsinə isə köçürülməyə razılıq verilməsi barədə Elm və Təhsil Nazirliyi tərəfindən məktub göndərilir. Xarici ölkə ali təhsil müəssisəsindən köçürülmə ilə bağlı müsbət qərar qəbul olunduğu təqdirdə tələbənin köçürülmək istədiyi ali təhsil müəssisəsinə razılıq məktubu göndərilir.

31. Bənd 2.12. Ölkə daxilində köçürülən tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin rektoru Elm və Təhsil Nazirliyinin razılıq məktubunu aldıqdan sonra 5 (beş) iş günü müddətində tələbənin başqa ali təhsil müəssisəsinə köçürülməsi ilə bağlı xaric olunması haqqında əmr verir və akademik transkriptlə birlikdə tələbənin şəxsi işini onun köçürüldüyü ali təhsil müəssisəsinə göndərir. Şəxsi iş ali təhsil müəssisəsi tərəfindən tələbənin özünə və ya etibarnamə əsasında onun səlahiyyətli nümayəndəsinə verilə bilər.

32. Bənd 2.13. Tələbənin köçürüldüyü ali təhsil müəssisəsinin rektoru, Elm və Təhsil Nazirliyindən razılıq məktubu və tələbənin şəxsi işi daxil olduqdan sonra, 5 (beş) iş günü müddətində akademik transkriptlə köçürüldüyü ixtisasın tədris planındakı fənlər üzrə kreditləri müqayisə edir, uyğun olanları nəzərə alır və onun tələbə kontingentinə daxil edilməsi barədə əmr verir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

37. Maddə 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir.

38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

43. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

44. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

45. Qeyd olunmalıdır ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.

46. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının ## ######## 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2018-ci il tarixli Qərarı).

47. İddiaçı, cavabdeh Universitetdə bir gün belə təhsil almadan akademik məzuniyyət götürdüyünü, “X1”nun dəstəyi ilə X6 Akademiyasına təhsil almağa getdiyini, cavabdeh tərəfindən ona təhsil xidməti göstərilmədiyini, bu səbəblə də ödədiyi 1800 manat məbləğində təhsil haqqının ona geri qaytarılmasını tələb edir.

48. Cavabdeh isə iddiaya etiraz edərək, iddiaçının ödənişli əsaslarla təhsil müəssisəsinə daxil olduğunu, universitetə qəbul ola bilmək üçün ödənişin mütləq həyata keçirilməli olduğunu, növbəti illər üçün iddiaçı tərəfindən təhsil haqqı ödənildiyi, lakin təhsil alınmadığı halda həmin məbləğin qaytarılmasının mümkün olduğunu bildirir.

49. Kollegiya qeyd edir ki, təhsil haqqının tələbəyə geri qaytarılması üçün əsas olan şərtlər tərəflər arasında bağlanmış müqavilənin 5.4-cü bəndində təsbit olunmuşdur - həmin bəndə əsasən, təhsilalan öz arzusu ilə başqa təhsil müəssisəsinə köçürüldükdə, müəyyən kateqoriyalı xəstəliklərə tutulduqda öz ərizəsi ilə xaric edildikdə təhsil almadığı semestr üçün ödədiyi məbləği geri qaytarılır.

50. Hazırki iş üzrə isə, təhsil haqqının qaytarılmasına əsas verən hallar müəyyən olunmur; xüsusilə qeyd olunmalıdır ki, iddiaçının xarici ali təhsil müəssisəsindən qəbul alması ilə xxxxndən başqa təhsil müəssisəsinə köçürülməsi anlayışları eynilik təşkil etmir (§ 25-32).

51. İşin hallarından aydın olur ki, İddiaçı X6 Akademiyasında təhsil alması xxxxndən köçürülmə qaydasında baş tutmamışdır.

52. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı mülki iş üzrə qəbul etdiyi ## ##### 2026-cı il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Azad İmanov

Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar