Məhkəmə qərarları › İş №e-2(3-6)-4128/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-4128/2026

09.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-4128/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh 200000 manatın, iddia üçün ödənilmiş 490 manat dövlət rüsumunun, müvəqqəti təminat tədbiri üçün ödənilmiş 49 manat dövlət rüsumunun iddiaçı İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilməmiş, qanuni qüvvəsini almışdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək, ərizə verilərkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "pul tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən Nəsimi Rayon Məhkəməsi üçün 491 manat (Qəbz №: 1349057507, Tarix: ##.##.2024) məbləğində dövlət rüsumu ödəmişdir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, qaçqınlar və məcburi köçkünlər məhkəmədə dövlət rüsumu ödəməkdən azaddırlar. İddiaçı məcburi köçkün statusu mövcuddur və bu barədə sənəd ərizəyə əlavə edilmişir. Göstərilənləri nəzərə alaraq, səhvən (artıq) ödənilmiş 491 manat məbləğində dövlət rüsumunun dövlət büdcəsindən İddiaçı geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2(006)- ****/**** nömrəli qərardadı ilə dövlət rüsumunun qaytarılması barədə ərizənin rədd edilməsi qərara alınmışdır. Iddiaçı İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli qərardadından şikayət verərək, məhkəmədən müvafiq qərardadın ləğv edilməsini, dövlət rüsumunun qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki: “...həmin qərardad maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş, iş üzrə faktiki hallar tam araşdırılmamış və nəticədə qanunsuz qərardad qəbul olunmuşdur. Belə ki, İddiaçı tərəfindən hazırkı iş üzrə məhkəmə prosesi zamanı aşağıdakı dövlət rüsumları ödənilmişdir: Nəsimi rayon Məhkəməsi üçün: 491 AZN (Qəbz №: 1349057507, Tarix: ##.##.2024). "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, qaçqınlar və məcburi köçkünlər məhkəmədə dövlət rüsumu ödəməkdən azaddırlar. İddiaçı məcburi köçkün statusu mövcuddur və bunu təsdiq edən müvafiq sənəd ərizəyə əlavə edilmişdi. Qeyd edilənlərə görə, Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, hazırkı iş üzrə məhkəmə prosesi zamanı iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qaytarılması barədə ərizə təmin edilməlidir. Nəsimi rayon məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsini pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təmin edilir. Məhkəmənin vəzifəsi yalnız prosessual formalara istinad etmək deyil, şəxsin maddi hüququnun mövcudluğunu müəyyən etməkdir. Hazırkı işdə məhkəmə yalnız iddia ərizəsinə əlavə olunmuş sənədləri əsas götürmüş, iddiaçının həqiqətən məcburi köçkün olmasını araşdırmamışdır. Belə formal yanaşma məhkəmə müdafiəsi hüququnun mahiyyətinə uyğun deyildir. Nəsimi rayon məhkəməsi "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 5.1.1-ci və 5.2-ci maddələrini düzgün tətbiq etməmişdir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 5.1.1-ci maddəsinə əsasən artıq ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən dövlət rüsumu qanunla nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Iddiaçı qanunla dövlət rüsumundan azad olunan şəxsdirsə, onun tərəfindən ödənilmiş dövlət rüsumunun dövlət büdcəsində saxlanılması qanunun məqsədinə ziddir. Qanunun məqsədi dövlət büdcəsinə qanunsuz daxil olmuş vəsaitin saxlanılması deyil, belə vəsaitin sahibinə qaytarılmasıdır. Əgər şəxs qanuna əsasən dövlət rüsumundan azaddırsa, onun dövlət rüsumunu ödəməsi hüquqi nəticə doğurmamalıdır. Nəsimi rayon Məhkəməsinin mövqeyinə görə isə şəxs bilmədən rüsum ödədikdə, sonradan həmin vəsaiti geri ala bilməz. Belə nəticə hüququn məqsədinə, ədalətlilik prinsipinə və qanun qarşısında bərabərlik prinsipinə ziddir. Məhkəmənin yanaşması nəticəsində qanuna əsasən dövlət rüsumu ödəməkdən azad olan şəxs faktiki olaraq həmin rüsumu geri almaq hüququndan məhrum edilmişdir. Bu isə qanunun məqsədinə, ədalətlilik və proporsionallıq prinsiplərinə ziddir. Belə formal yanaşma dövlət rüsumundan azad edilmə institutunu mənasız edir. Nəsimi rayon məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il ## #### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarının 1.1., 1.3., 2.1.1., 3.3.-cü bəndlərini pozmuşdur. Həmin Qaydaların 1.1-ci bəndinə əsasən, bu Qaydalar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması qaydalarını müəyyən edir. Həmin Qaydaların 1.3.- cü bəndinə əsasən, bu Qaydalarda “dövlət rüsumunu tutan orqan” dedikdə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada müəssisə, təşkilat və fiziki şəxslərə göstərdikləri xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumunu tutan dövlət orqanı nəzərdə tutulur. Həmin Qaydaların 2.1.1.-ci bəndinə əsasən, dövlət rüsumu qanunla müəyyən edilmiş miqdardan artıq ödənildikdə ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Həmin Qaydaların 3.3.-cü bəndinə əsasən, düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün 5 il ərzində iddia verilə bilər. Nəsimi rayon məhkəməsi AR Mülki Prosessual Məcəlləsinin 229.2.-ci maddəsini düzgün tətbiq etməmişdir. AzərbaycanRespublikası Mülki-Prosessual Məcəlləsinin 229.2-ci maddəsinə əsasən əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə məsələyə o zaman baxıla bilər ki, bu Məcəllənin 229.1-ci maddəsində nəzərdə tutulmuş hallar qətnamə və ya qərardad qanuni qüvvəyə minənədək aşkar olunsun. Əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə ərizə qətnamə və ya qərardad qanuni qüvvəyə minənədək məhkəməyə təqdim edilir. Nəsimi rayon məhkəməsi hesab etmişdir ki, əlavə qərardad yalnız qətnamə qanuni qüvvəyə minənədək çıxarıla bilər və buna görə də ərizə təmin edilə bilməz. Lakin məhkəmə nəzərə almamışdır ki, hazırkı müraciətin mahiyyəti əlavə qətnamə qəbul etdirmək deyil, qanunla dövlət rüsumundan azad edilmiş şəxs tərəfindən səhvən ödənilmiş dövlət rüsumunun geri qaytarılmasıdır. "Dövlət rüsumu haqqında" Qanun dövlət rüsumunun qaytarılması üçün ayrıca hüquqi əsas müəyyən etmişdir. Bu hüquq yalnız prosessual müddətin keçməsi səbəbindən aradan qalxmış hesab edilə bilməz. Əks yanaşma "Dövlət rüsumu haqqında" Qanunun tətbiq sahəsini faktiki olaraq məhdudlaşdırır. Nəsimi rayon Məhkəməsi AR MPM-in 14.1.-ci maddəsini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1.-ci maddəsinə əsasən, məhkəmə işin hallarını tam və hərtərəfli araşdırmalıdır. Belə ki, qərardadda göstərilmişdir ki, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən məcburi köçkün statusunu təsdiq edən sənəd təqdim edilməmişdir. Lakin məhkəmə yalnız bu prosessual halı əsas götürərək iddiaçının dövlət rüsumundan azad olunmaq hüququnun mövcudluğunu ümumiyyətlə araşdırmamışdır. Məhkəmə aşağıdakıları müəyyən etməmişdir: iddiaçının həqiqətən məcburi köçkün statusunun olub-olmamasını; həmin statusun dövlət reyestrlərində mövcud olub-olmamasını; sənədin sonradan təqdim edilməsinin mümkünlüyünü; dövlət rüsumunun ödənilməsinin qanuni əsasının olubolmamasını. Beləliklə, iş üzrə hüquqi əhəmiyyət kəsb edən halları araşdırmaq vəzifəsini yerinə yetirməmişdir”. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e- *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 5.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.1. bu Qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə; 5.2. Bu Qanunun 5.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.1. qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmin Məcəllənin 125-ci maddəsinə əsasən məhkəmə xərcləri ilə əlaqədar məsələlər üzrə qərardaddan şikayət verilməsi. Məhkəmə xərcləri ilə əlaqədar qərardadlardan şikayət verilə bilər Həmin Məcəllənin 229.1-ci maddəsinə əsasən iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər: 229.1.3. məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə. Həmin Məcəllənin 229.2-ci maddəsinə əsasən əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə məsələyə o zaman baxıla bilər ki, bu Məcəllənin 229.1-ci maddəsində nəzərdə tutulmuş hallar qətnamə və ya qərardad qanuni qüvvəyə minənədək aşkar olunsun. Əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə ərizə qətnamə və ya qərardad qanuni qüvvəyə minənədək məhkəməyə təqdim edilir. Əlavə qətnamə və ya əlavə qərardad məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. Işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi işə baxmağa mane olmur. Əlavə qətnamə və ya əlavə qərardad ərizə məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində qəbul olunur. Əlavə qətnamə və ya əlavə qərardadın çıxarılması qətnamə və ya qərardadın qanuni qüvvəyə minməsini təxirə salmır. Ilk növbədə qeyd edilməlidir ki, dövlət rüsumunun qaytarılması institutu qanunla dövlət rüsumu ödəməkdən azad edilmiş şəxsdən tutulmuş və ya qanunvericiliklə müəyyən edilmiş miqdardan artıq ödənilmiş vəsaitin dövlət büdcəsində saxlanılmasının qarşısını almağa xidmət edir. Məcburi köçkün statusuna malik şəxslər dövlət rüsumunu ödəməkdən azad olduğundan belə şəxs tərəfindən dövlət rüsumunun ödənilməsi həmin vəsaitin geri qaytarılmasını tələb etmək hüququ yarada bilər. Iş materiallarından görünür ki, iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdə cavabdehə qarşı 200.000 manat pul tələbi ilə məhkəməyə müraciət edərkən 490,26 manat dövlət rüsumu ödəmişdir. Iddia ərizəsinə əlavə edilmiş sənədlər sırasında isə iddiaçının məcburi köçkün statusunu təsdiq edən sənəd olmamış, işə baxıldığı müddətdə də həmin status barədə məlumat məhkəməyə təqdim edilməmişdir. Buna görə məhkəmə iddiaçının dövlət rüsumunu ödəməkdən azad olması məsələsini işə baxılarkən müəyyən etmək və qətnamədə ödənilmiş dövlət rüsumunun qaytarılması barədə nəticəyə gəlmək malik olmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, həmin qətnamədən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Hazırkı ərizə isə iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə mindikdən iki ildən artıq müddət sonra verilmiş və mahiyyət etibarilə qətnamədə həll edilməmiş məhkəmə xərcləri məsələsinin sonradan həmin iş üzrə həll edilməsinə yönəlmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.1.3-cü maddəsi məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilmədikdə əlavə qətnamə və ya əlavə qərardadın çıxarılmasını mümkün hesab edir. Lakin həmin Məcəllənin 229.2-ci maddəsi belə ərizənin qətnamə qanuni qüvvəyə minənədək təqdim edilməsini tələb edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman iddiaçı tərəfindən dövlət rüsumunu ödəməkdən azad olunmasına əsas verən sənəd və ya məcburi köçkün statusunun mövcud olması barədə arayış iddia ərizəsinə əlavə olunmadığından, həmçinin iş üzrə yekun məhkəmə aktı artıq qanuni qüvvəyə mindiyindən və dövlət rüsumunun qaytarılması barədə əlavə qərardadın çıxarılması üçün qanunla müəyyən edilmiş müddət (qərar qanuni qüvvəyə minənədək) ötürüldüyündən ödənilmiş dövlət rüsumunun qaytarılması barədə hazırkı ərizə təmin oluna bilməz. Kollegiya şikayətin dəlilinə münasibətdə qeyd edir ki, şikayətdə hazırkı müraciətin əlavə qərardadın çıxarılması barədə ərizə deyil, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114-cü maddəsinə əsaslanan müstəqil müraciət olduğu göstərilmişdir. Lakin həmin Məcəllənin 114.2-ci maddəsi dövlət rüsumunun qaytarılması barədə məhkəmə qərardadının qəbul edilməsini nəzərdə tutsa da, qanuni qüvvəyə minmiş qətnamə ilə başa çatmış iş üzrə məhkəmə xərcləri məsələsinin istənilən müddətdə yenidən həll edilməsinə imkan vermir. Əks yanaşma əlavə qətnamə və əlavə qərardadın çıxarılması üçün həmin Məcəllənin 229.2-ci maddəsində müəyyən edilmiş prosessual müddəti əhəmiyyətsiz edərdi. Beləliklə, kollegiya hesab edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ərizə müddət keçdikdən sonra verildiyindən dövlət rüsumunun qaytarılması məsələsinin artıq başa çatmış iş çərçivəsində əlavə qərardad çıxarılması yolu ilə həll edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar