Məhkəmə qərarları › İş №e-2(3-6)-4309/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-4309/2026

21.09.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-4309/2026 21.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-*(*-**)-****/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qərardadından iddiaçı İddiaçı İvanovna tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: İddiaçı İddiaçı İvanovanın cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1 qarşı “iddiaçının səhhətinə vurulmuş ziyana görə kompensasiya” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1 birgə və qarşılıqlı hüquqazidd hərəkətləri nəticəsində iddidaçıya vurulmuş mənəvi zərərə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1113-cü maddəsinə əsasən, cavabdehlərdən müştərək (solidar) qaydada iddiaçının xeyrinə 150000 manat məbləğində mənəvi zərər kompensasiyasının tutulmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-*(*-**)-****/**** saylı işi üzrə ##.##.2026ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 151.1, 152.1.5, 152.2, 152.3, 152.4; “ X2” qanunun 8.1.4, 9-cu maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı məhkəmə xərcinə daxil olan dövlət rüsumunu ödəməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir. İddiaçı iddia ərizəsində bu ödənişin dövlət rüsumundan azad olduğunu (əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barədə iddialar üzrə - iddiaçılar) qeyd etmişdir. Halbuki, ididaçı dövlət rüsumundan azad olunmasının əsası kimi əlillik və sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı iddialara aid olduğunu göstərsə də, iddia ərizəsinə əlilliyi və digər halları təsdiq edən sənədlər əlavə olunmamışdır. yuxarıda qeyd olunan xüsusatlara görə hazırkı iddia tələbləri üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad deyildir. Bundan başqa iddiaçı hazırki tələbini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1113-cü maddəsinə istinad etməklə versə də, iddia ərizəsinin əsaslandırılmasından görünür ki, hazırki tələbi şəxsiyyət hüquqlarının pozuntusundan irəli gələn mənəvi zərərlə bağlıdır. Belə ki, iddiaçı bundan əvvəl də eyni tələblə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Lakin iddiaçı həmin nöqsanları aradan qaldırmadan eyni iddia ərizəsi ilə ikinci dəfə məhkəməyə müraciət etmişdir. Apelyasiya şikayəti, etiraz, məhkəmənin mövqeyi: İddiaçı şikayət vermiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Solmaz Ədilova İmran qızının ##.##.2026-cı il tarixli, e-*(*-**)-****/**** saylı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, qərardadda məhkəmə Azərbaycan Respublikasının “X2” Qanununun 8.1.4-cü maddəsinə istinad edərək iddianın qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda dövlət rüsumunun 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində olduğunu göstərmişdir. Lakin hazırkı iş üzrə əsas məsələ iddianın qiymətinin müəyyən edilməsi deyil, İddiaçının həmin dövlət rüsumundan qanunla azad olub-olmamasıdır. İddia ərizəsində iddiaçı açıq şəkildə “X2” Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinə istinad etmiş və dövlət rüsumundan azad olmasının hüquqi əsasını göstərmişdir. Həmin normaya əsasən əlillik, səhhətə digər xəsarətlər yetirilməsi və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barədə iddialar üzrə iddiaçılar dövlət rüsumundan azaddırlar. İddiaçının hazırkı iddiasının hüquqi və faktiki əsası məhz onun səhhətinə vurulmuş ziyanın əvəzinin ödənilməsidir. Bu səbəbdən məhkəmənin məsələni yalnız “əlilliyin təsdiq olunması” prizmasından qiymətləndirməsi qanunun məzmununa uyğun deyildir. İddiaçı dövlət rüsumundan azad olmasını yalnız əlilliklə əsaslandırmamışdır. İddiaçının istinad etdiyi əsas hüquqi hal səhhətə digər xəsarətlərin yetirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsidir. Beləliklə, məhkəmə “X2” Qanunun 9.1.3-cü maddəsində nəzərdə tutulan müxtəlif hüquqi əsasları bir-birinə qarışdırmış və İddiaçının konkret olaraq istinad etdiyi “səhhətə digər xəsarətlər yetirilməsi” əsasına lazımi hüquqi qiymət verməmişdir. Qərardadın ən ciddi və hüquqi baxımdan ən mühüm nöqsanlarından biri məhkəmənin aşağıdakı nəticəsidir: “...iddia ərizəsinə əlilliyi və digər halları təsdiq edən sənədlər əlavə olunmamışdır.” Bu nəticə faktiki olaraq iş materialları ilə təkzib olunur. İddia ərizəsinə İddiaçının səhhətinə və sağlamlıq vəziyyətinə dair müvafiq tibbi sənədlər, o cümlədən ürək əməliyyatı ilə bağlı tibbi arayışlar, epikriz, ödəniş sənədləri, habelə ##.##.2023-cü il tarixli təcili tibbi yardım çağırışını təsdiq edən sənəd əlavə edilmişdir. Həmin sənədlər məhkəmənin elektron informasiya sistemində mövcuddur və iş materiallarının tərkib hissəsidir. Deməli, məhkəmə aktında sənədlərin təqdim edilmədiyinin göstərilməsi obyektiv olaraq iş materiallarının məzmununa uyğun gəlmir. Bu halda prinsipial sual yaranır: Əgər həmin sənədlər ümumiyyətlə araşdırılmamışdırsa, bu, iş materiallarının lazımi qaydada tədqiq edilmədiyini göstərir. Əgər sənədlər araşdırılmışdırsa, lakin buna baxmayaraq qərardadda onların təqdim edilmədiyi göstərilmişdirsə, onda məhkəmə aktında faktiki vəziyyətə açıq şəkildə uyğun olmayan məlumatın hansı əsasla göstərildiyi izah edilməlidir. Hər iki halda nəticə eynidir: məhkəmənin iddia ərizəsinin geri qaytarılmasına əsas kimi göstərdiyi fakt iş materialları ilə təsdiqlənmir. Bu, sadə texniki məsələ deyildir. Çünki məhz həmin fakt — sənədlərin guya təqdim edilməməsi — iddiaçının dövlət rüsumundan azad olmadığı barədə nəticənin əsasını təşkil etmiş və nəticədə iddia ərizəsinin geri qaytarılmasına səbəb olmuşdur. İddiaçı xüsusi olaraq qeyd edir ki, məhkəmə tərəfindən sənədlərin guya təqdim edilməməsi barədə analoji mövqe artıq əvvəlki, hazırkı işə aid olmayan digər məhkəmə icraatında da ifadə edilmişdir. Həmin iş üzrə də məhkəmə İddiaçının mənəvi zərərin ödənilməsi ilə bağlı tələbi üzrə müvafiq sənədlərin təqdim edilmədiyini göstərmiş və həmin qərardaddan İddiaçı tərəfindən şikayət verilmişdir. Buna baxmayaraq, hazırkı iş üzrə də məhkəmə elektron iş materiallarında faktiki mövcud olan sənədlərin təqdim edilmədiyini göstərmişdir. Belə təkrar xarakter daşıyan hal artıq sırf texniki səhv kimi qiymətləndirilə bilməz. Məhkəmə tərəfindən iş materiallarında mövcud olan sənədlərin təqdim edilmədiyinin göstərilməsi, xüsusilə də bu hal məhkəmə aktının nəticəsinə birbaşa təsir edirsə, ciddi prosessual əhəmiyyət daşıyır. ddiaçı məhkəmədən yalnız bir şeyi tələb edir: iş materiallarında olan sənədlərin həqiqətən mövcud olub-olmamasının yoxlanılması. Bu məsələ hüquqi mülahizə deyil, obyektiv olaraq elektron iş materiallarından müəyyən edilə bilən faktdır. Əgər sənədlər işdə varsa, onların “təqdim edilmədiyi” barədə nəticənin hüquqi qüvvəsi ola bilməz. Məhkəmə qərardadda iddiaçının hazırkı tələbini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1113-cü maddəsinə istinad etməklə verdiyini qeyd etmiş, lakin iddia ərizəsinin məzmunundan tələbin şəxsiyyət hüquqlarının pozulmasından irəli gələn mənəvi zərərlə bağlı olduğu nəticəsinə gəlmişdir. Bu nəticə də iddia ərizəsinin faktiki və hüquqi məzmununa uyğun deyildir. Hazırkı iddianın əsasını: iddiaçının səhhətinə yetirilmiş xəsarətlər; sağlamlığının uzunmüddətli və ciddi şəkildə pisləşməsi; tibbi sənədlərlə təsdiqlənən sağlamlıq nəticələri; təcili tibbi yardım göstərilməsi; ürək nahiyəsində cərrahi müdaxilənin keçirilməsi; müalicə və digər tibbi xərclər; cavabdehlərin hərəkətləri ilə sağlamlığa dəymiş zərər arasında səbəbnəticə əlaqəsi təşkil edir. İddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1111 və xüsusilə 1115-ci maddələrinə istinad edilmişdir. Deməli, iddianın əsas hüquqi konstruksiyası sağlamlığa vurulmuş ziyanın əvəzinin ödənilməsidir. İddia ərizəsində fiziki və mənəvi iztirabların göstərilməsi isə tələbin hüquqi təbiətini avtomatik olaraq mənəvi zərərin ödənilməsi tələbinə çevirmir. Bu hallar sağlamlığa vurulmuş zərərin xarakterinin, ağırlığının, davamlılığının və nəticələrinin müəyyən edilməsi üçün göstərilmişdir. Məhkəmə isə iddia ərizəsinin bütün məzmununu deyil, ayrı-ayrı ifadələri əsas götürərək iddianın hüquqi təbiətini dəyişdirmişdir. Bu isə məhkəmənin iddia tələbinin faktiki və hüquqi əsaslarını tam nəzərə almaması deməkdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsində tələbin faktiki əsası və hüquqi əsası ətraflı şəkildə göstərilmişdir. İddiaçının məqsədi sadəcə mənəvi iztirablara görə abstrakt kompensasiya əldə etmək deyil. Tələb sağlamlığa vurulmuş ziyanın nəticələrinin hüquqi baxımdan kompensasiya edilməsinə yönəlmişdir. Məhkəmə isə bu tələbi öz mülahizəsi ilə mənəvi zərərin ödənilməsi tələbi kimi qiymətləndirərək dövlət rüsumunun ödənilməsini tələb etmişdir. Belə yanaşma İddiaçının seçdiyi müdafiə üsulunun mahiyyətini dəyişdirir və “X2” Qanunun 9.1.3-cü maddəsinin tətbiqindən yayınmağa səbəb olur. Məhkəmənin vəzifəsi iddiaçının irəli sürdüyü tələbin faktiki və hüquqi əsaslarını müəyyən etməkdir; iddiaçının irəli sürmədiyi başqa hüquqi tələbi onun əvəzinə formalaşdırmaq deyildir. Məhkəmə həmçinin əvvəlki iş üzrə ##.##.2026-cı il tarixli e-*(*-**)-****/**** saylı qərardada istinad etmişdir. Lakin əvvəlki qərardadın mövcudluğu hazırkı iş üzrə məhkəməni qanunun tələblərinə uyğun müstəqil prosessual qiymətləndirmə aparmaq vəzifəsindən azad etmir. Əksinə, yeni verilmiş iddia ərizəsinə əlavə edilmiş sənədlərin faktiki mövcudluğu və onların məzmunu ayrıca yoxlanılmalı idi. İddia ərizəsinin əvvəl qaytarılmış olması yeni müraciətin avtomatik olaraq geri qaytarılması üçün əsas deyildir. MPM-in 152.4-cü maddəsinin özündən də görünür ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnu aradan qaldırmır. Bu səbəbdən hazırkı müraciət üzrə əsas məsələ əvvəlki qərardadın təkrar edilməsi deyil, hazırkı iddia ərizəsində göstərilən nöqsanın həqiqətən mövcud olub-olmamasının müəyyən edilməsidir. Məhkəmə aktının əsaslandırılması yalnız hüquq normalarının sadalanmasından ibarət ola bilməz. Məhkəmə tərəfindən istinad edilən faktlar iş materialları ilə uyğunluq təşkil etməlidir. Hazırkı işdə isə iddia ərizəsinin geri qaytarılmasının əsas səbəbi kimi sənədlərin təqdim edilməməsi göstərilmişdir. Lakin həmin sənədlər elektron iş materiallarında mövcuddur. Bu səbəbdən qərardadın həmin hissəsi məhkəmənin özündə mövcud olan materiallarla ziddiyyət təşkil edir. Belə ziddiyyət aradan qaldırılmadan qərardadın qanuni və əsaslı hesab edilməsi mümkün deyildir. İddiaçı hesab edir ki, məhkəmə aktında iş materiallarına zidd faktın göstərilməsi xüsusilə yolverilməzdir, çünki belə faktın əsasında vətəndaşın məhkəməyə çıxış hüququ faktiki olaraq məhdudlaşdırılmışdır. İddia ərizəsinin qaytarılması məhkəmə müdafiəsinin həyata keçirilməsinə mane olan ciddi prosessual nəticədir. Belə nəticə yalnız qanunda nəzərdə tutulmuş və faktiki olaraq mövcud olan nöqsan müəyyən edildikdə tətbiq edilə bilər. Sənədlərin faktiki olaraq iş materiallarında mövcud olduğu halda onların təqdim edilmədiyinin göstərilməsi isə belə nöqsanın mövcudluğunu təsdiq etmir. Əksinə, bu halda iddiaçının məhkəməyə müraciət hüququ yalnız məhkəmə tərəfindən iş materiallarının lazımi qaydada yoxlanılmaması nəticəsində məhdudlaşdırılmış olur. Bu isə məhkəmə müdafiəsinin səmərəliliyi və ədalətli məhkəmə araşdırmasının əsas prinsipləri ilə uzlaşmır. İddiaçı tərəfindən tələb olunan sənədlər məhkəməyə təqdim edilmiş və elektron iş materiallarında yerləşdirilmişdir. İddiaçı məhkəmənin həmin sənədləri görməməsinin və ya nəzərə almamasının nəticələrini öz üzərinə götürməyə məcbur edilə bilməz. Əgər sənəd elektron iş materiallarında mövcuddursa, həmin sənədin “təqdim edilmədiyi” barədə nəticə yalnız həmin materialın nəzərdən keçirilməməsi və ya ona lazımi diqqət yetirilməməsi nəticəsində yarana bilər. Məhkəmə fəaliyyətində belə bir yanaşma vətəndaşın deyil, prosessual qərarı qəbul edən orqanın üzərinə düşən yoxlama vəzifəsinin icrasına aid məsələdir. İddiaçıya mövcud sənədləri dəfələrlə təqdim etmək və ya məhkəmənin öz elektron sistemində yerləşdirilmiş sənədləri yenidən sübut etmək öhdəliyinin qoyulması əsassızdır. Yuxarıda göstərilənlərdən görünür ki: 1. İddiaçı “X2” Qanunun 9.1.3-cü maddəsində nəzərdə tutulan səhhətə vurulmuş ziyanın əvəzinin ödənilməsi barədə iddialar üzrə dövlət rüsumundan azad edilmə əsasına istinad etmişdir; 2. Məhkəmə həmin normanın “səhhətə digər xəsarətlər yetirilməsi” hissəsinə lazımi hüquqi qiymət verməmişdir; 3. Məhkəmə İddiaçının dövlət rüsumundan azad edilməsini əsassız olaraq əlilliyi təsdiq edən sənədlərin təqdim edilməsi ilə əlaqələndirmişdir;

4. İddia ərizəsinə İddiaçının səhhətinə dair tibbi sənədlər əlavə edilmişdir; 5. Həmin sənədlər elektron məhkəmə iş materiallarında mövcuddur; 6. Buna baxmayaraq, məhkəmə qərardadda həmin sənədlərin guya təqdim edilmədiyini göstərmişdir; 7. Məhkəmə iddianın hüquqi təbiətini də düzgün müəyyən etməmiş, sağlamlığa vurulmuş ziyanın əvəzinin ödənilməsi barədə tələbi əsasən mənəvi zərərin ödənilməsi tələbi kimi qiymətləndirmişdir; 8. Nəticədə məhkəmə dövlət rüsumunun ödənilməsi barədə əsassız nəticəyə gəlmiş və bu nəticəni iddia ərizəsinin geri qaytarılması üçün əsas kimi tətbiq etmişdir. Beləliklə, qərardad həm faktiki halların müəyyən edilməsi, həm də maddi və prosessual hüquq normalarının tətbiqi baxımından əsaslı deyildir. İddiaçı ayrıca hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin diqqətini birinci instansiya məhkəməsi tərəfindən dövlət rüsumundan azad edilmə üçün əsasların mövcudluğu məsələsi həll edilərkən Azərbaycan Respublikası MPMnin 82.4-cü maddəsinin hazırkı iş üçün mühüm əhəmiyyət kəsb edən müddəalarının nəzərə alınmamasına cəlb etmək zəruridir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən, əvvəllər baxılmış iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş hallar həmin şəxslərin iştirak etdiyi digər işə baxılarkən yenidən sübut edilmir. Beləliklə, müvafiq hallar artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdirsə, iddiaçı hər bir sonrakı mülki iş üzrə həmin halları yenidən sübut etməyə borclu deyildir və məhkəmə onların preyudisial əhəmiyyətini nəzərə almağa borcludur. Hazırkı işdə iddiaçı iddia ərizəsində mücərrəd ehtimallara deyil, onun sağlamlığına zərər vurulması və irəli sürülmüş tələbin hüquqi təbiəti ilə bilavasitə əlaqəli olan konkret hallara istinad etmişdir. Göstərilən halları təsdiq etmək üçün iddia ərizəsinə müvafiq məhkəmə aktları və digər materiallar əlavə edilmiş, həmin materiallar həmçinin elektron məhkəmə sistemində mövcuddur. Beləliklə, müvafiq hüquqi əhəmiyyətli hallar artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdirsə, birinci instansiya məhkəməsi iddia ərizəsinin qəbul edilməsi məsələsinə baxılması məqsədilə belə halların hər birinin İddiaçı tərəfindən yenidən sübut edilməli olduğu mövqeyindən çıxış edə bilməz. Xüsusilə qeyd edilməlidir ki, hazırkı mübahisə iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyünün həll edilməsi mərhələsindədir və mübahisənin mahiyyəti üzrə bütün sübutların yekun qiymətləndirilməsi mərhələsində deyildir. Bu səbəbdən birinci instansiya məhkəməsi ilk növbədə aşağıdakı məsələləri müəyyən etməli idi: 1. hansı halların qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə artıq müəyyən edildiyini; 2. həmin halların Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə uyğun olaraq preyudisial əhəmiyyət daşıyıb-daşımadığını; 3. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən hansılarının onun səhhətinin vəziyyətini və ona vurulmuş zərəri təsdiq etdiyini; 4. məhkəmənin iddianın geri qaytarılması üçün əsas kimi istinad etdiyi sənədlərin elektron məhkəmə işində mövcud olubolmadığını. Bunun əvəzinə, mübahisələndirilən qərardadda faktiki olaraq iddiaçının artıq məhkəməyə təqdim etdiyi və işin elektron materiallarında mövcud olan halları və sənədləri yenidən təsdiq etmək öhdəliyi onun üzərinə qoyulmuşdur. Belə yanaşma yalnız Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə deyil, həmçinin prosessual qənaət prinsipinin mahiyyətinə, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyinə və məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsinə ziddir. Xüsusi olaraq vurğulanmalıdır ki, MPM-nin 82.4-cü maddəsi hazırkı işdə formal deyil, birbaşa praktiki əhəmiyyət daşıyır. İddiaçının istinad etdiyi hallar artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdirsə, məhkəmə həmin halların preyudisial əhəmiyyətinə məhəl qoymamaq və faktiki olaraq iddiaçıdan artıq müəyyən edilmiş halları yenidən sübut etməyi tələb etmək hüququna malik deyildir. Bununla əlaqədar, birinci instansiya məhkəməsinin İddiaçının guya zəruri sənədləri və sübutları təqdim etməməsi barədə nəticəsi yalnız müvafiq sənədlərin elektron sistemdə faktiki mövcudluğu baxımından deyil, həmçinin Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla yoxlanılmalıdır. İddiaçı hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisial əhəmiyyətinə məhəl qoyulmaması, habelə mübahisələndirilən qərardadda faktiki olaraq işin elektron materiallarında mövcud olan sənədlərin olmadığının göstərilməsi birlikdə prosessual nöqsanların mövcudluğu barədə yanlış nəticəyə səbəb olmuş və bunun nəticəsində iddia ərizəsinin qanunsuz olaraq geri qaytarılması ilə nəticələnmişdir. Beləliklə, birinci instansiya məhkəməsi elektron iş materiallarının faktiki məzmunundan çıxış etməli, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə uyğun olaraq preyudisial halları nəzərə almalı və yalnız bundan sonra iddia ərizəsinin geri qaytarılması üçün qanunla nəzərdə tutulmuş əsasların mövcud olub-olmaması məsələsini həll etməli idi. cavabdeh2,cavabdeh3 və cavabdeh1nın digər şəxslərin köməyi ilə törətdikləri cinayətlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin120.2.9, 120.2.11, 126.2.1, 126.3.3, 134, 178.3.2, 182.3.3, 294.1, 312, 320, 326-ci maddələrinə uyğundur. İddiaçı ayrıca qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Solmaz Ədilova İmran qızının ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadı faktiki olaraq yalnız ##.##.2026-cı il tarixində “Elektron məhkəmə” informasiya sistemində iddiaçının elektron kabinetində yerləşdirilmişdir. Beləliklə, qərardadın qəbul edildiyi tarix ##.##.2026-cı il olsa da, iddiaçı həmin məhkəmə aktı ilə yalnız onun elektron məhkəmə sistemində yerləşdirildiyi və əlçatan olduğu ##.##.2026-cı il tarixində tanış olmaq imkanına malik olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən, qərardaddan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddət qanunla müəyyən edilmiş qaydada hesablanmalıdır. Bu baxımdan, hazırkı şikayət ##.##.2026-cı il tarixindən hesablanan qanunla müəyyən edilmiş 10 günlük müddət ərzində verilir və vaxtında təqdim edilmiş hesab olunmalıdır. İddiaçı xüsusilə vurğulayır ki, məhkəmə aktının yalnız ##.##.2026-cı il tarixində qəbul edilməsi ilə həmin aktın iddiaçı üçün faktiki olaraq əlçatan olması eyni tarix demək deyildir. İddiaçı üçün şikayət vermək hüququnun real və səmərəli həyata keçirilməsi məhkəmə aktının ona qanunla müəyyən edilmiş qaydada təqdim edilməsi və ya “Elektron məhkəmə” informasiya sistemində onun elektron kabinetində əlçatan olması ilə bağlıdır. Bu səbəbdən, şikayət müddətinin hesablanması zamanı qərardadın yalnız kağız üzərində qəbul edilmə tarixinin deyil, onun iddiaçı üçün elektron qaydada faktiki əlçatan olduğu ##.##.2026-cı il tarixinin nəzərə alınması zəruridir. Beləliklə, hazırkı şikayət prosessual müddət ötürülmədən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinin tələblərinə uyğun olaraq təqdim edilir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-*(*-**)-****/**** saylı işi üzrə ##.##.2026ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi: Mülki Prosessual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə əsasən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin məcəllənin tələblərinə əsasən: 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.5. Müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: X2” Azərbaycan Respublikasının qanununun 9-cu maddəsində məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin, məhkəmə əmri haqqında ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsinə, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsinə görə dövlət rüsumundan azad edilməsi və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri göstərilmişdir. Həmin Qanunun 8.1.4-cü maddəsinə əsasən qiymətləndirilən iddianın verilməsinə görə iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi dövlət rüsumu ödənilir. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarına əsasən: 9.3.1. Şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin ödənilməsi tələbləri üzrə dövlət rüsumunun məbləği tələbdən asılı olaraq fərqləndirilməlidir. 9.3.2. Belə ki, bu qərarın 4.5-ci bəndində (Şəxsiyyət hüquqlarının müdafiəsi üzrə tələblər bu qərarın 6.1-ci bəndində göstərilən üsulların tətbiqi barədə iddiaların irəli sürülməsini ehtiva edir.) göstərilən şəxsiyyət hüquqlarının müdafiəsi tələbləri qiymətləndirilməyən iddialara aid olduğundan, dövlət rüsumu “X2” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən ödənilməlidir. 9.3.3. Bundan fərqli olaraq, bu qərarın 4.6-cı (Şəxsiyyət hüquqlarının pozuntusundan yaranan zərərin kompensasiyası üzrə tələblər isə bu qərarın 6.2-ci bəndində göstərilən üsulların tətbiqi barədə iddiaların irəli sürülməsini ehtiva edir.) bəndində göstərilən şəxsiyyət hüquqlarının pozulmasından irəli gələn mənəvi təzminat tələbləri isə qiymətləndirilən iddialara aid olduğundan dövlət rüsumu “X2” Qanunun 8.1-ci maddəsinə əsasən ödənilməlidir. 9.3.4. Mənəvi təzminat tələbləri şəxsiyyət hüquqlarının müdafiəsi tələblərindən yaranan törəmə tələblər olduğundan, bu tələblər birlikdə qaldırıldıqda qiymətləndirilməyən iddialar üzrə nəzərdə tutulmuş dövlət rüsumundan az olmamaq şərti ilə, qiymətləndirilən iddia üzrə nəzərdə tutulmuş həddə dövlət rüsumu ödənilir. 9.3.5. İddiaçı mənəvi təzminatın ödənilməsi ilə bağlı bir neçə müstəqil tələb irəli sürdükdə, dövlət rüsumu Mülki Prosessual Məcəllənin 112.1.10-cu maddəsinə uyğun olaraq bütün tələblərin ümumi məbləği əsasında müəyyən edilməlidir. Qeyd edilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 24 (III), 80; “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385-398-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, formal və aidiyyəti olmayan mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Kollegiya hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilməlidir ki, iddiaçının çatışmazlıqları aradan qaldırmaqla müraciət hüquqları mövcud olduğu halda eyni formada (məzmun və əsaslarla) təkrar müraciət etməyi haqq hesab etməkdə prosessual yanlışlığa yol vermişdir. Qanunvericiliyin fərqli təfsir edilməsi (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir, habelə bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və digər şəxslərin bu hüquqdan sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. İddiaçının tələbləri şəxsiyyət hüquqlarının pozulmasından yaranan mənəvi zərərin ödənilməsi ilə bağlıdır. “X2” Azərbaycan Respublikasının Qanununun 9.1.3-cü maddəsinə əsasən əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şikayətin dəlillərinə dair qeyd edilməlidir ki, hətta cinayət təqibi üzrə araşdırılma getsə belə, iddianın cinayət əməllərindən irəli gəlməsini müəyyən edən qanuni qüvvəyə minmiş məhkəmə aktı təqdim edilməmişdir.Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinə əsasən: İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 395-403-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı İddiaçı İvanovnanın şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-*(*-**)-****/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar