Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(5-144)-117/2026 16.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, müəyyənetdim: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 6024.31 manat maddi ziyan və məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində ödənilən 31 manat məbləğin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, tərəflər arasında rəsmi qaydada əmək müqaviləsi bağlanmış və bununla bağlı müvafiq bildiriş reyestrdə qeydiyyata alınmışdır. Tərəflər arasında olan hazırki mübahisə əmək münasibətlərindən irəli gələn mübahisədir. İddiaçı özü də hazırki iddia ərizəsində öz tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normalarına istinad etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); ailə münasibətlərindən irəli gələn mübahisələr; əmək münasibətlərindən irəli gələn mübahisələr; inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. İş materiallarından görünür ki, iddiaçının hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, cavabdehin qeydiyyat ünvanı isə Lənkəran rayonudur. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya təşkilatına müraciət etdiyini təsdiq edən sənədi işə əlavə etsə də, həmin sənədin məzmunundan görünür ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı isə aidiyyəti üzrə mübahisənin aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatına deyil, Bakı 11 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Həmin Qanunun 28.2-ci maddəsinə əsasən bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediasiya təşkilatı aparır. Həmin Qanunun 28.3-cü maddəsinə əsasən tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə Mediasiya Şurası tərəfindən həmin şəhər və ya rayon üzrə müəyyən edilən və (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Mediasiya təşkilatı mediatoru 3 (üç) iş günü ərzində təyin edir. Qeyd olunan hüquq normasının məzmunundan göründüyü kimi, tərəflər mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, məhkəməyə müraciət edəcək tərəf mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni ərazidə yerləşən mediasiya təşkilatına, qeyd olunan ərazidə mediasiya təşkilatı olmadıqda isə məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın məsafədə yerləşən mediasiya təşkilatına müraciət etməlidir. Hazırki iş üzrə tərəflər mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədiyindən və mübahisə aidiyyət baxımından cavabdehin yaşadığı yer üzrə Lənkəran Rayon Məhkəməsinə aid olmaqla həmin məhkəməyə verildiyindən iş üzrə mediasiya sessiyası da həmin rayonun mediasiya təşkilatı tərəfindən aparılmalı idi. Lakin iddiaçı bu qaydaya riayət etməyərək tərəflər arasında razılıq olmadığı halda, ərazi aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə aid mübahisə ilə əlaqədar mediasiya sessiyasını aparmaq səlahiyyəti olmayan mediasiya təşkilatına müraciət etmiş, bununla da mediasiya prosesində iştirakla bağlı qanunvericilikdə müəyyən edilmiş qaydaların tələbini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.2.4-1-ci maddələrinin məzmununa görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı əmək münasibətlərindən irəli gələn mübahisə ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl tərəflərin qanunamüvafiq qaydada ilkin mediasiya sessiyasında iştirak edilməsini təsdiq edən müvafiq sənədi ərizəsinə əlavə etmədiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda, iddiaçıya və onun nümayəndəsinə izah edilir ki, mediasiya prosesinin həyata keçirilməsi üçün tərəflər qarşılıqlı razılaşma əsasında bir və ya bir neçə mediator seçə, habelə, qarşılıqlı razılaşma olmadıqda mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatına müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçıya və onun nümayəndəsinə izah edilir ki, iddia ərizəsinin qaytarılması qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət edilməsinə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 150, 152, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, qəraraaldım: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(5-144)-117/2026
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-144)-117/2026
16.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver