Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-94)-1058/2026 18.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Şövkətli-X1, İddiaçı ASC-nin Cavabdeh qarşı overdraft borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı overdraft borcunun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 4938,42 manat əsas overdraft borcu və dövlət rüsumu olaraq ödənilmiş 69,39 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı ASC-yə məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar çərçivəsində mövcud texniki boşluqdan istifadə edərək kart hesabına bir neçə dəfə (dubl) geri qaytarılmış mədaxillərdən istifadə etmiş texniki overdraft borcu yaranmışdır (çıxarış əlavə edilir). Nəticədə cavabdeh banka maddi ziyan vurmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin 3.2-ci maddəsinə əsasən hesaba yanlış daxilolma olduqda, müştəri bu barədə 3 iş günü ərzində banka məlumat verməli və bankın həmin vəsaitin qaytarılması ilə bağlı tələbi daxil olduqda həmin məbləği banka geri qaytarmalıdır. Müştəri tərəfindən geri qaytarılmayan həmin vəsaitlər bank tərəfindən akseptsiz qaydada müştərinin hesabından silinə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 7.2.4-cü maddəsinə əsasən şəxs onun kart hesabına artıq və ya səhvən mədaxil edilmiş pul vəsaitlərindən istifadə edə bilməz və həmin məbləği dərhal banka qaytarmalıdır. Pulun qaytarılması barədə bank tərəfindən şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata qəbul edilmiş və cavabdehə bildiriş göndərilərək, bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmiş, cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan iş üzrə yekun qərar çıxarılmasını mümkün hesab edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2024-cü il tarixli Debet kart müqaaviləsindən görünür ki, İddiaçı ASC-də cavabdehə bank hesabı açılmış və onun əsasında borcalana debet kartı verilmişdir. Cavabdehin kart hesabından çıxarışdan görünür ki, cavabdehin istifadəsində olan İddiaçı ASC-yə məxsus debet kartına 9928,01 manat mədaxil olmuş, kartdan məxaric isə 14866,45 manat təşkil etmiş, nəticə etibarilə, 4938,42 manat overdraft borcu yaranmışdır. İddiaçı ASC tərəfindən cavabdehə göndərilmiş bildirişdən görünür ki, onun əsas overdraft borc məbləği 4938,42 manat borcu yaranmışdır. Cavabdehə banka olan bütün borc məbləğini ödəmək təklif olunmuş, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 954.1. Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. 954.2. Bank hesabda olan pul vəsaitinə dair müştərinin maneəsiz sərəncam vermək hüququna qarantiya verməklə, bu vəsaitdən istifadə edə bilər. 960.1. Bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. 960.2. Tərəflərin hesabın kreditləşdirilməsi ilə bağlı hüquq və vəzifələri borc və kredit haqqında qaydalarla müəyyənləşdirilir, bu şərtlə ki, bu Məcəllədə və ya bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. Əgər bu Məcəllə ilə və müqaviləilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxilolan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmənin mövqeyi: İş materialları ilə təsdiq olunur ki, cavabdehin istifadəsində olan İddiaçı ASC-yə məxsus debet kartından 14866,45 manat məxaric olduğu halda, karta 9928,01 manat mədaxil olmuş və nəticə etibarilə, 4938,42 manat overdraft borcu yaranmışdır. Cavabdeh həmin vəsaitin qaytarılması barədə xəbərdar edilsə də, banka olan borcunu qaytarmamışdır. Odur ki, kreditor 4938,42 manat əsas overdraft borcunu tələb etməkdə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 4938,42 manat əsas borc və 69,39 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Leyla Şövkətli-Mənsimli