Qanunvericilik › Aviasiya haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 17

Maddə 17. Aviasiya hadisələri və insidentlərinin araşdırılmasının təşkili

Aviasiya haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

17.1. Hər bir aviasiya hadisəsi və ya insidentinin başvermə səbəbləri aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiya tərəfindən araşdırılır.

17.2. Aviasiya hadisələrinin və ya insidentlərinin araşdırılmasının əsas məqsədi bu hadisələrin və insidentlərin başvermə səbəblərinin müəyyən edilməsi və onların qarşısının alınması üçün preventiv tədbirlərin həyata keçirilməsidir.

17.3. Aviasiya hadisələrinin və ya insidentlərinin araşdırılması təqsirli şəxslərin müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi məqsədi daşımır.

17.4. Aviasiya hadisələrinin və ya insidentlərinin araşdırılması zamanı aidiyyəti şəxslərin adlarının, uçuş heyətinin səs yazılarının və həyata keçirilən uçuş əməliyyatının video yazılarının, o cümlədən aviasiya hadisəsinin araşdırılması ilə bağlı istənilən məlumatın məxfiliyinin qorunması və Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə əsasən aparılan cinayət təqibinə mane olmamaq şərtilə götürülmüş sübutedici sənədlərin, yazıların, komponentlərin ixtisaslaşmış ekspertizası aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiya tərəfindən aparılır.

17.5. Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın tərkibi və fəaliyyət qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

17.6. Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın nümayəndələrinin araşdırma zamanı heç bir məhdudiyyət qoyulmadan hadisə yerinə baxış keçirmək məqsədilə daxil olması və istənilən material, habelə sübutlara, o cümlədən uçuş əməliyyatı və hava hərəkəti xidmətinə dair qeydlərə əlçatanlığı təmin edilir və araşdırma aparan digər orqan və şəxslər tərəfindən buna hər hansı maneə yaradılmır.

17.7. Azərbaycan Respublikasının ərazisində baş vermiş aviasiya hadisələri və insidentləri barədə məlumatın aidiyyəti üzrə verilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir.

17.8. Pilotsuz uçuş aparatları ilə bağlı baş verən aviasiya insidentləri aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın müəyyən etdiyi hallarda araşdırılmır.

17.9. Aviasiya hadisəsini və ya insidentini araşdırmaq üçün aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiya və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli nümayəndələri hadisə yerinə gələnədək hava gəmisinin elementlərinin qorunması təmin edilir.

17.10. Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı olmadan aviasiya hadisəsinin və ya insidentinin baş verdiyi yerdə aşkar edilən hava gəmisinin hər hansı elementinin, yaxud onun daşıdığı əşyaların (yükün, baqajın) yığışdırılmasına və ya götürülməsinə yol verilmir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver