18.1. Azərbaycan Respublikasının ərazisində digər dövlətə mənsub hava gəmisi aviasiya hadisəsinə və ya insidentinə məruz qaldıqda, araşdırma prosesində maraqlı tərəflərin səlahiyyətli nümayəndələri, o cümlədən həmin hava gəmisinin dizayn dövlətinin, istehsalçı dövlətin, istismarçı dövlətin və qeydiyyata alındığı dövlətin səlahiyyətli şəxsləri iştirak etmək hüququna malikdirlər.
18.2. Azərbaycan Respublikasına mənsub hava gəmisi digər dövlətin ərazisində aviasiya hadisəsinə və ya insidentinə məruz qalarsa, aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiya həmin aviasiya hadisəsinin və ya insidentinin araşdırılmasında Azərbaycan Respublikasının nümayəndələrinin iştirakının təmin edilməsi üçün aviasiya hadisəsinin baş verdiyi dövlətin müvafiq orqanına müraciət edir.
18.3. Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiya və aviasiya hadisələrinin və ya insidentlərinin araşdırılmasına maraqlı tərəflərin səlahiyyətli nümayəndələri müvafiq araşdırmaya mütəxəssisləri (o cümlədən xarici ekspertləri) cəlb etmək, araşdırmada əhəmiyyəti olan sənədləri (məlumatları) əldə etmək, habelə əsasnaməsi ilə müəyyən edilmiş digər səlahiyyətlərə malikdir.
18.4. Araşdırma üçün aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiya digər dövlətin aidiyyəti orqanlarına yardım üçün müraciət edə bilər.
18.5. Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiya öz fəaliyyətində müstəqildir və dövlət orqanlarının (qurumlarının), bələdiyyələrin, fiziki və hüquqi şəxslərin, habelə xarici dövlətlərin və beynəlxalq təşkilatların müvafiq qurumlarının onun fəaliyyətinə, o cümlədən aviasiya hadisələrinin və ya insidentlərinin araşdırılması və araşdırmanın nəticələrinə dair hesabatın tərtib edilməsinə müdaxiləsi qadağandır.
18.6. Uçuşların təhlükəsizliyinin təmin olunmasında mövcud və ya potensial nöqsanlar barədə məlumatların toplanmasını asanlaşdırmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) aviasiya hadisələri barədə məcburi və könüllü verilməli olan məlumatların vahid sistemini yaradır.
18.7. Mülki aviasiyada uçuşların təhlükəsizliyinə dair məlumatların toplanılması və işlənilməsi sistemlərində məlumatın qorunması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir.