7.1. Dövlət Reyestri müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.
7.2. Dövlət Reyestri dövlət dilində aparılır.
7.3. Dövlət Reyestrindəki məlumatlar, əsasən, Azərbaycan Respublikası vətəndaşlarının, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatı, eləcə də vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı barədə sənədləşdirilmiş informasiya əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən formalaşdırılır və daim təzələnir.
7.4. Dövlət Reyestri ilə informasiya mübadiləsinin təhlükəsiz aparılması məqsədilə onun və bu mübadilənin iştirakçısı olan informasiya sistemlərinin “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ekspertizası həyata keçirilir.
7.5. Zəruri informasiya Dövlət Reyestrinə xüsusi elektron şəbəkə vasitəsilə aşağıdakı qaydada hər gün real vaxt rejimində göndərilməli və onun aktuallığı təmin edilməlidir:
7.5.1. müvafiq icra hakimiyyəti orqanları tərəfindən - Azərbaycan Respublikası vətəndaşlarına və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqələrinin verilməsi, onların yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınması nəticəsində əldə olunan və bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş müvafiq məlumatlar - “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə;
7.5.1-1. müvafiq icra hakimiyyəti orqanı tərəfindən - Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə və ya qaçqın vəsiqələrinin verilməsi, habelə onların yaşayış yeri üzrə qeydiyyata alınması nəticəsində əldə olunan və bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş müvafiq məlumatlar - Vahid miqrasiya məlumat sistemi vasitəsilə;
7.5.2. müvafiq icra hakimiyyəti orqanları tərəfindən - vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı barədə məlumatlar - xüsusi elektron informasiya sistemi vasitəsilə.
7.6. Dövlət orqanları topladıqları və işlədikləri informasiya resurslarından istifadəni zəruri olan səviyyədə, həcmdə və vaxtda təmin etməlidirlər.
7.7. Dövlət Reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən Əsasnamə ilə müəyyən edilir.
7.8. Dövlət Reyestrinin formalaşdırılması, aparılması və istifadəsi aşağıdakı tələblərə uyğun həyata keçirilməlidir:
7.8.1. insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunması;
7.8.2. Dövlət Reyestrindəki sənədləşdirilmiş informasiyanın dəqiqliyi və tamlığı;
7.8.3. Dövlət Reyestrinə daxil olan sənədləşdirilmiş informasiyanın eyni şəklə salınması;
7.8.4. sənədləşdirilmiş informasiyanın təhlükəsizliyinin təmin olunması.
7.9. Dövlət Reyestrinin məlumatlarından şəxslərin qanuni mənafelərinin ziddinə istifadə edilə bilməz.