Azərbaycan Respublikasının xalq deputatı öz səlahiyyəti dövründə, habelə səlahiyyəti qurtardıqdan sonra iki il ərzində Azərbaycan Respublikası Ali Sovetinin razılığı olmadan müəssisədə, idarədə və ya təşkilatda işdən azad edilə bilməz, kolxozdan, başqa kooperativdən, tədris müəssisəsindən xaric edilə bilməz və ya intizam tənbehi qaydasında azmaaşlı işə keçirilə bilməz.
Nizamnamələr və əsasnamələrlə tənzimlənən xidmətdəki hərbi qulluqçular və vətəndaşların digər kateqoriyaları sırasından olan Azərbaycan Respublikasının xalq deputatı öz razılığı olmadan müdiriyyətin və ya komandanlığın təşəbbüsü ilə xidmətdən azad edilə bilməz, vəzifəsi, rütbəsi aşağı salına bilməz, habelə onun iş yeri dəyişdirilə bilməz. Ona növbəti zabitlik rütbəsi və ya tutduğu vəzifəyə görə zabitlik rütbəsinə bərabər xüsusi rütbə verilməsi ləngidilə bilməz.
Deputat səlahiyyətini həyata keçirmək üçün istehsalat və ya xidmət vəzifələrindən azad edilmiş Azərbaycan Respublikasının xalq deputatına bu müddət qurtardıqdan sonra həmin müəssisədə, idarədə, təşkilatda əvvəlki iş (vəzifə), belə iş olmadıqda isə onun razılığı ilə başqa müəssisədə, idarədə, təşkilatda əvvəlkinə bərabər başqa iş (vəzifə) verilir.
Fəaliyyəti nizamnamələr və əsasnamələrlə tənzimlənən hərbi qulluqçular və digər qulluqçular sırasından olan, xidmət vəzifələrini yerinə yetirməkdən azad edilmiş Azərbaycan Respublikasının xalq deputatı həqiqi hərbi və ya digər xidmət yeri saxlanmaqla Azərbaycan Respublikasının Ali Sovetinə ezam edilir, Azərbaycan Respublikası Ali Sovetinin orqanlarında maaşlı iş müddəti qurtardıqdan sonra isə öz razılığı ilə əvvəllər tutduğu vəzifədə, ona bərabər və ya daha yüksək vəzifədə xidməti davam etdirmək üçün müvafiq nazirliklərin və baş idarələrin sərəncamına göndərilir.
Azərbaycan Respublikası xalq deputatının səlahiyyət müddəti ümumi və fasiləsiz iş, xidmət stajına, əvvəlki ixtisas üzrə iş stajına daxil edilir.
Azərbaycan Respublikası xalq deputatının tutduğu vəzifəyə təyin edilmək qaydasında işə götürülmüş işçi ilə müddətli əmək müqaviləsi bağlanır, deputat əvvəlki işinə qayıtdıqda bu müqavilə ləğv edilir.