Dövlət orqanları, ictimai təşkilatlar, vəzifəli şəxslər, habelə; vətəndaşlar Azərbaycan Respublikasının dövlət sərhədi rejiminə əməl etməli, sərhədboyu rejimin və Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində rejimin tələblərini yerinə yetirməlidirlər.
Dövlət orqanları, ictimai təşkilatlar və vəzifəli şəxslər Azərbaycan Respublikası dövlət sərhədinin qorunmasının hərbi siyasi və iqtisadi əhəmiyyətini vətəndaşlara izah etmək, sərhədboyu zonada, sərhədboyu zolaqda və Azərbaycan Respublikasının dövlət sərhədinə və ya Xəzər dənizinin sərhəd mühafizə orqanları tərəfindən qorunan sahilboyuna bitişik ərazidə, habelə Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində mütəşəkkilliyi və qaydanı qorumaq sahəsində daim iş aparmalıdırlar.
Azərbaycan Respublikasının dövlət sərhədini, sərhəd rejimini, sərhədboyu rejimi və ya dövlət sərhədindən buraxılış məntəqələrində rejimi pozmaqla törədilən hüquq pozuntuları ilə əlaqədar əməliyyat-axtarış fəaliyyətinin subyektləri tərəfindən həyata keçirilən xüsusi əməliyyatlar sərhəd mühafizə orqanları ilə razılaşdırılır.