19.1. BOKT-nin maliyyə sabitliyini təmin etmək məqsədilə Mərkəzi Bank BOKT-nin fəaliyyətinə dair aşağıdakı prudensial normativləri və tələbləri müəyyən edə bilər:
19.1.1. bir borcalana və birgə borcalanlar qrupuna verilən kreditin maksimum miqdarı və kredit risklərinin idarə edilməsi qaydası;
19.1.2. aidiyyəti şəxslərə verilən kreditlərin maksimum məbləği və həmin şəxslərlə aparılan əməliyyatlara dair tələblər;
19.1.2-1. kapitalın minimum miqdarına və hesablanmasına dair tələblər;
19.1.3. BOKT-nin öhdəliklərinin onun kapitalına nisbətinə dair tələblər;
19.1.4. aktivlərin, balansarxası öhdəliklərin təsnifatından qiymətləndirilməsindən asılı olaraq mümkün zərərin ödənilməsi üçün xərclər hesabına yaradılan xüsusi ehtiyatlara aid tələblər.
19.2. Mərkəzi Bank BOKT-nin fəaliyyətinin tənzimlənməsi prosesində zərurət yarandıqca normativlərin hamısını və ya bir qismini tətbiq edə bilər.
19.3. BOKT öz fəaliyyəti dövründə kapitala dair tələblərə, habelə Mərkəzi Bank tərəfindən müəyyən edilən digər prudensial tələblərə riayət etməlidir.
19.4. Mərkəzi Bank tərəfindən müəyyən edilmiş yeni prudensial normativlər və tələblər, onlarda dəyişikliklər fəaliyyətdə olan BOKT-lərə rəsmən bildirildikdən sonra bir aydan tez olmayaraq, nizamnamə (şərikli) kapitalının (əmlakın) minimum miqdarına aid tələblərə dəyişikliklər isə BOKT-lərə rəsmən bildirildikdən sonra bir ildən tez olmayaraq qüvvəyə minir. Yeni prudensial normativlərin və tələblərin geriyə qüvvəsi yoxdur.