Qanunvericilik › Bank olmayan kredit təşkilatları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 20

Maddə 20. BOKT-də mühasibat uçotu və maliyyə hesabatı

Bank olmayan kredit təşkilatları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

20.1. BOKT illik maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən tərtib etməlidir. BOKT-nin mühasibat uçotunun aparılması qaydaları, o cümlədən illik maliyyə hesabatlarının forması və məzmunu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, Mərkəzi Bank tərəfindən müəyyən edilir.

20.2. BOKT maliyyə ilinin bitməsindən ən geci beş ay müddətində kənar auditor tərəfindən yoxlanılmış illik maliyyə hesabatlarını, ən geci altı ay müddətində isə kənar auditor tərəfindən yoxlanılmış birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə Mərkəzi Banka təqdim etməli, özünün rəsmi internet səhifəsində dərc etdirməli və bu barədə məlumatı Mərkəzi Banka təqdim etməlidir. İllik maliyyə hesabatları çap mediasında da dərc etdirilə bilər.

20.2-1. Mərkəzi Bank BOKT-də kənar auditin aparılmasına dair müvafiq sahə üzrə beynəlxalq təcrübəyə uyğun minimum tələblər müəyyən edir. Kənar auditor yoxlaması Mərkəzi Bankın tələblərinə uyğun olmadıqda, Mərkəzi Bank auditorun dəyişdirilməsini, habelə BOKT-nin özünün vəsaiti hesabına təkrar auditin aparılmasını tələb edir.

20.3. BOKT illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının surətini auditor rəyi ilə birlikdə hər hansı şəxsə onun müraciəti əsasında pulsuz təqdim etməlidir.

20.4. BOKT-nin mühasibat uçotu və maliyyə hesabatlılığı sahəsində fəaliyyətinə nəzarət bu Qanuna və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Mərkəzi Bank tərəfindən həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver