20.1. Dövlət büdcəsinin icrası barədə aylıq hesabat hesabat ayından sonrakı ayın 25-dək tərtib olunur, müvafiq icra hakimiyyəti orqanlarına və Azərbaycan Respublikasının Hesablama Palatasına təqdim edilir. Hesabatda dövlət büdcəsinin icrası funksional və iqtisadi təsnifat əsasında ilin əvvəlindən artan yekunla əks etdirilir.
20.2. Dövlət büdcəsinin icrası barədə rüblük hesabat növbəti rübün birinci ayının sonunadək Azərbaycan Respublikasının Milli Məclisinə, müvafiq icra hakimiyyəti orqanlarına və Azərbaycan Respublikasının Hesablama Palatasına təqdim olunur. Hesabat mətbuatda dərc edilir. Rüblük hesabatda başqa göstəricilərlə yanaşı, gəlir və xərclərin icrasının həmin dövr üçün təsdiq olunmuş təyinatla müqayisəli təhlili verilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icrası təmin olunan gəlirlər üzrə bu Qanunun 18.3-cü maddəsinin ikinci cümləsində göstərilən məlumatlar da hesabata əlavə edilir.
20.2-1. Dövlət büdcəsinin icrası barədə illik hesabat, büdcə qaydasına uyğun hazırlanmış icmal büdcənin xərclərinə dair proqnoz və kassa icrasının göstəriciləri və müvafiq qanun layihəsi növbəti ilin aprel ayının 25-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanaraq müvafiq icra hakimiyyəti orqanına və Azərbaycan Respublikasının Hesablama Palatasına təqdim edilir.
20.2-2. Dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsi növbəti ilin may ayının 5-dək müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.
20.3. Dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsi təsdiq olunmaq üçün növbəti ilin may ayının 15-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunur. Hesabat özündə digər məlumatlarla yanaşı bütün dövlət borcları, il ərzində götürülən dövlət borcları, o cümlədən buraxılmış dövlət qiymətli kağızları və verilən dövlət zəmanətləri və dövlət büdcəsinin Ehtiyat Fondunun, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaitlərindən il ərzində istifadə, məqsədli büdcə fondlarının və yerli gəlirlərin vergi və digər ödəniş növləri üzrə icrası haqqında məlumatları da əks etdirir.
20.4. Dövlət büdcəsinin gəlirlərinin icrasını icrası barədə hesabat dövlət büdcəsinin gəlirlərini təmin edən orqanlar və dövlət xəzinədarlığı tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formalarda aylıq, rüblük və ilin əvvəlindən artan yekunla gəlirlərin təsnifatı üzrə təqdim edilmiş hesabatlar əsasında hazırlanır.
20.4-1. Müvafiq icra hakimiyyəti orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş forma və qaydada hesabatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət qurumlarına təqdim edir və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən dövlət qurumlarının dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxış imkanlarını təmin edir.
20.4-2. Dövlət qurumlarının dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxışının təmin edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
20.5. Azərbaycan Respublikası Hesablama Palatası “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət büdcəsinin icrası barədə illik hesabatlara və müvafiq qanun layihələrinə dair rəy verir.
20.6. Azərbaycan Respublikasının Milli Məclisi təqdim olunmuş sənədləri müzakirə edir və müvafiq hesabat ili üzrə dövlət büdcəsinin icrası barədə qanunu (aşağıdakı əsas göstəricilər daxil olmaqla) təsdiq edir:
20.6.1. müvafiq olaraq gəlir və xərclərin icrası üzrə ümumi məbləğ;
20.6.2. gəlirlərin mədaxil mənbələri üzrə icrasının məbləği;
20.6.3. manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsi nəticəsində yaranan qazanc və ya itki;
20.6.4. funksional təsnifata uyğun olaraq bölmə və köməkçi bölmə səviyyəsində xərclərin icrasının məbləği;
20.6.5. dövlət büdcəsinin kəsirinin (defisitin) və ya büdcə artıqlığının (profisitin) yuxarı həddinin məbləği;
20.6.6. cari il yanvarın 1-nə vahid xəzinə hesabının sərbəst qalığı.
20.6-1. Müvafiq hesabat ili üzrə dövlət büdcəsinin inzibati təsnifata uyğun olaraq xərclərinin icrasının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.
20.7. İcmal büdcənin icrası barədə rüblük və illik hesabatlar (büdcənin gəlirləri, xərcləri, dövlət borcunun məbləği, kreditlər və s. məlumatlar da daxil olmaqla) mətbuatda dərc edilir.