7.1. Təxirəsalınmaz hallarda xarici dövlətin vəsatətinə əsasən verilmə haqqında sorğu alınanadək, şəxsin axtarışı, tutulması və həbs edilməsi üçün Azərbaycan Respublikasının səlahiyyətli orqanı və müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada zəruri tədbirlər görülür. Vəsatətdə bu Qanunun 5.2.1 və 5.2.2-ci maddələrində nəzərdə tutulan sənədlərin mövcud olması və şəxsin verilməsi haqqında sorğunun təxirəsalınmadan təqdim ediləcəyi göstərilməlidir. Vəsatətdə həmçinin şəxsin verilməsinə əsas olan cinayət, onun törədilməsi vaxtı, yeri, verilməsi sorğu ediləcək şəxsin vətəndaşlığı və şəxsiyyəti haqqında məlumatlar əks etdirilməlidir.
7.2. Sorğu alınanadək şəxsin tutulması, həbsə alınması haqqında vəsatət teleqraf, poçt və ya yazılı şəkildə, təsdiq edilməsi mümkün olan başqa rabitə vasitələri, yaxud Kriminal polisin beynəlxalq təşkilatı (İnterpol) vasitəsi ilə təqdim edilə bilər.
7.3. Bu Qanunun 7.1-ci maddəsinə uyğun olaraq şəxsin tutulması, həbsə alınması və ya bundan imtinanın səbəbləri haqqında sorğu edən dövlətə təxirəsalınmadan məlumat verilir.
7.4. Sorğu edən xarici dövlət şəxsin həbsə alınması haqqında rəsmi məlumat aldığı vaxtdan ən geci 18 gün müddətində verilmə haqqında sorğu və ya bu Qanunun 5-ci maddəsində göstərilən sənədləri təqdim etmədikdə, bu Qanunun 7.1-ci maddəsində göstərilən qaydada həbs edilmiş şəxs azad olunur. Üzürlü səbəblər olduqda vəsatət verən xarici dövlətin xahişinə əsasən bu maddədə göstərilən müddət şəxsin həbsə alınması haqqında rəsmi məlumat alındığı vaxtdan 30 gündən artıq olmamaq şərti ilə uzadıla bilər.
7.5. Şəxsin azad olunması sorğu alındıqdan sonra onun yenidən həbs edilməsini istisna etmir.