11.1. Vətəndaşların, müəssisə, idarə və təşkilatların (bundan sonra "məlumat mülkiyyətçisi") mülkiyyətində olan məlumat dövlət sirrinə aid edilən məlumatlar siyahısında sadalanmış olduqda bu Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş qaydada dövlət sirrinə aid edilən məlumatlar barəsində sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanı həmin məlumatın məxfiləşdirilməsi haqqında qərar qəbul edə bilər. Göstərilən məlumat onun mülkiyyətçisinin və ya müvafiq dövlət hakimiyyəti orqanlarının təqdimatı əsasında məxfiləşdirilir.
11.2. Məlumatın məxfiləşdirilməsi ilə əlaqədar onun mülkiyyətçisinə dəyən ziyanın əvəzi məlumatın sərəncamına keçdiyi dövlət hakimiyyəti orqanı ilə məlumat mülkiyyətçisi arasında bağlanan müqavilədə müəyyənləşdirilmiş məbləğdə dövlət tərəfindən ödənilir. Müqavilədə məlumat mülkiyyətçisinin onu yaymayacağı haqqında öhdəliyi də nəzərdə tutulur. Məlumat mülkiyyətçisi müqaviləni imzalamaqdan imtina etdikdə ona dövlət sirri təşkil edən məlumatları icazəsiz yaymağa görə qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət barəsində xəbərdarlıq edilir.
11.3. Xarici təşkilatların və əcnəbilərin məlumat üzərində mülkiyyət hüququ məhdudlaşdırıla bilməz, bu şərtlə ki, həmin məlumatı onlar Azərbaycan Respublikasının qanunvericiliyini pozmadan əldə etmiş (hazırlamış) olsunlar.