Qanunvericilik › Əhalinin radiasiya təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 10

Maddə 10. İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyətin həyata keçirilməsi

Əhalinin radiasiya təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi-tədqiqat, təcrübi-konstruktor işləri, qurğuların tikilməsi, onlar üçün texnoloji avadanlığın layihələşdirilməsi və hazırlanması, radiasiya təhlükəsizliyi vasitələrinin, həmçinin radioaktiv maddələrin hasilatı, emalı (istehsalı), daşınması, nəqli, saxlanılması, istifadəsi, məhv edilməsi və basdırılması sahəsindəki işlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

Radioaktiv və ionlaşdırıcı şüalar verən maddələrin tullantılarının basdırılması ilə bağlı fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

Radioaktiv və ionlaşdırıcı şüalar verən maddələrin tullantılarının zərərsizləşdirilməsi (basdırılması), emalı müəssisələrinin, habelə bu məqsədlə qurğuların və poliqonların layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanır və həmin sənədin dövlət ekoloji ekspertizası aparılır.

Radioaktiv və ionlaşdırıcı şüalar verən maddələrin tullantılarının zərərsizləşdirilməsi (basdırılması), emalı sahəsində mövcud müəssisələr, habelə bu fəaliyyətlə bağlı digər obyektlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması tələb olunmur, lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla müvafiq dəyişikliklər edilir.

Radioaktiv və ionlaşdırıcı şüalar verən maddələrin tullantılarının zərərsizləşdirilməsi (basdırılması), emalı sahəsində mövcud müəssisələrin, habelə bu fəaliyyətlə bağlı digər obyektlərin fəaliyyəti zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır.

Radioaktiv və ionlaşdırıcı şüalar verən maddələrin tullantılarının zərərsizləşdirilməsi (basdırılması), emalı sahəsində müəssisələrə, habelə bu fəaliyyətlə bağlı digər obyektlərə dair ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) həyata keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin obyektlərlə bağlı transsərhəd təsirlərin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver