Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət normalaşdırılması sanitariya-gigiyena norma, qayda və normativlərinin, radiasiya təhlükəsizliyi qaydalarının, dövlət standartlarının, əməyin mühafizəsi, tikinti norma və qaydalarının radiasiya təhlükəsizliyi haqqında sərəncamverici, təlimat və başqa sənədlərin qəbul edilməsi ilə həyata keçirilir.
Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində sanitariya norma və qaydaları, gigiyena normativləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
İonlaşdırıcı şüa mənbələrindən istifadə edildikdə Azərbaycan Respublikası hüdudlarında şüalanmanın aşağıdakı əsas gigiyena normativləri müəyyənləşdirilir:
əhali üçün orta illik yol verilən doza 0,001 zivertə bərabərdir və ya insanın bütün həyatı dövründə (70 il) yol verilən doza 0,07 zivert (zv) qəbul olunur. Ardıcıl beş il ərzində orta illik yolverilən doza 0,001 zivertdən artıq olmamalıdır;
radiasiya qurğularında işləyənlər üçün yol verilən orta illik doza 0,02 zivertə və ya həyatının müəyyən fəaliyyəti dövründə (50 il) yol verilən doza 1 zivertə bərabər götürülür. Əgər ardıcıl beş il ərzində orta illik yol verilən doza 0,02 zivertdən böyük olmazsa, onda bu beş ilin ayrı-ayrı illərində orta illik yol verilən doza 0,05 zivertə çata bilər.
Bu Qanunla müəyyən olunmuş yol verilən şüalanma dozasının həddinə təbii radiasiya fonunun və ya texnogen təsirlə dəyişilmiş radiasiya fonunun yaratdığı dozalar, habelə vətəndaşların (xəstələrin) diaqnostika və müalicəsi zamanı rentgen-radioloji və digər mənbələrdən aldıqları dozalar daxil deyil. Şüalanma dozalarının qəbul olunmuş hədləri insan orqanizminin və onun ayrı-ayrı orqanlarının şüalanmaya məruz qalması zamanı yol verilə bilən dozaların müəyyənləşdirilməsi üçün ilkin hədlər kimi qəbul edilir.
Radiasiya qəzası şəraitində məhdud zaman intervalında sanitariya-gigiyena norma və qaydaları ilə müəyyənləşdirilmiş dozadan artıq dozalara da yol verilir.
Əhali şüalanmaya məruz qaldıqda bu maddədə müəyyənləşdirilmiş şüalanmanın əsas gigiyena normativləri (dozanın yol verilə bilən həddi) ölkənin müxtəlif əraziləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən konkret sanitariya-gigiyena və ekoloji şəraitin, əhalinin sağlamlıq vəziyyətini, ətraf mühitin başqa amillərinin insana təsir səviyyəsini nəzərə almaqla azaldılır.
Radioaktiv maddələr və digər ionlaşdırıcı şüa mənbələri ilə iş vaxtı radioaktiv şüalanmadan mühafizə üzrə texniki təhlükəsizlik haqqında təlimat qanunvericilikdə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Radiasiya təhlükəsizliyi məsələləri üzrə dövlət standartları, tikinti norma və qaydaları, əməyin mühafizəsi qaydaları, sərəncam, təlimat metodiki və digər sənədlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təsdiq edilir.