8.1. Fondun Himayəçilik Şurası:
8.1.1. müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, Fondun təşkilati strukturunu təsdiq edir;
8.1.2. müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, Fondun illik büdcəsini və ona edilən dəyişiklikləri təsdiq edir;
8.1.3. müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, Fondun işçilərinin əməkhaqqının ödənilməsi formalarını və miqdarını təsdiq edir;
8.1.4. müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, Fondun qaydalarını təsdiq edir;
8.1.5. müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, kompensasiyaların ödənilməsi, habelə kompensasiya ödənişinin bu qanunla müəyyən edilmiş müddətə uzadılması barədə qərar qəbul edir;
8.1.6. Fondun fəaliyyəti, o cümlədən kompensasiyaların ödənilməsi barədə məlumatın elan verildiyi və dərc olunduğu media subyektlərini müəyyən edir;
8.1.7. borc vəsaitlərinin alınması barədə qərar qəbul edir;
8.1.8. müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, iştirakçı banklar tərəfindən əlavə haqların ödənilməsi barədə qərar qəbul edir;
8.1.9. bu qanunun 3.7-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, xarici bankın yerli filialı tərəfindən ödənilməli sığorta haqlarının miqdarını və ödəniş şərtlərini təsdiq edir;
8.1.10. müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, Fondun vəsaitinin yerləşdirilməsi üsullarını, istiqamətlərini və qaydalarını müəyyən edir;
8.1.11. Fondun fəaliyyəti haqqında hesabatın tərtib olunması qaydalarını təsdiq edir;
8.1.12. Fondun Daxili Audit Xidmətinin fəaliyyət qaydalarını müəyyən edir;
8.1.13. müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, Fondun kənar auditorunu təyin edir və audit yoxlamasının nəticələrini təsdiq edir;
8.1.14. Fondun icraçı direktorunun hesabatını dinləyir və təsdiq edir;
8.1.15. Fondun icraçı direktorunun və əməkdaşlarının fəaliyyəti ilə bağlı şikayətlərə baxır;
8.1.16. müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, Fondun uzunmüddətli borc qiymətli kağızlarının buraxılması haqqında qərar qəbul edir;
8.1.17. Fondun iştirakçı bankda müvəqqəti inzibatçı təyin edilməsi ilə əlaqədar Mərkəzi Bankın təklifinə baxır və onu qəbul etdikdə, Fondu təmsil edən şəxslərin namizədliyini irəli sürür;
8.1.18. müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, kompensasiyaların ödənilməsi üçün agent bankı seçir;
8.1.19. əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi haqqında təkliflər verir;
8.1.20. qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir;
8.1.21. bu qanunla Fondun və onun Himayəçilik Şurasının səlahiyyətlərinə aid olan digər məsələləri həll edir.
8.2. Himayəçilik Şurası Fondun fəaliyyəti ilə bağlı Fondun icraçı direktorunun səlahiyyətlərinə aid olmayan məsələlərə də baxa bilər.
8.3. Bu maddənin birinci bəndində nəzərdə tutulmuş səlahiyyətlər Himayəçilik Şurası tərəfindən Fondun icraçı direktoruna həvalə edilə bilməz.